Məhkəmə qərarları › İş №2-1(112)-12327/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12327/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12327/2022 06.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X6 kаtibliyi, iddiaçı Alışarlı (Cəfərova) Qıztamam Məmməd qızının (Naxçıvan MR-da qeydiyyatdadır, ixtisası fizika müəlliməsi, işləmir) iştirakı ilə, iddiaçı Alışarlı (Cəfərova) Qıztamam Məmməd qızının cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı “Binəqədi rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 059-34991C saylı imtina məktubunun qanunsuz sayılaraq, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, X13 qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, ev 21C ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı “Binəqədi rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 059-34991C saylı imtina məktubunun qanunsuz sayılaraq, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, X13 qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, ev 21C ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 xx.xx.2021-ci il tarixdə X7 ilə rəsmi nikaha girməklə ailə qurmuş və həmin tarixdən Binəqədi rayonu, X13 qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, ev 21C ünvanında yaşayır. Sözügedən evin kommunal xətləri qaz, su, işıq abonent kimi həyat yoldaşıın qardaşı X5 adına qeyd olunmuşdur. Həyat yoldaşının yeddi nəfərlik ailə üzvləri 2008-ci il tarixdən sözügedən mənzilə qeydiyyatdadırlar və onlar 14 ildir ki, rəsmi olaraq kommunal xidmətlərə pul ödəyirlər. İddiaçı 2022-ci ilin iyul ayında yaşadığı evə pasport qeydiyyatına alınmağı üçün Binəqədi rayon Polis İdarəsinə məktubla müraciət etmiş, lakin sözügedən idarədən xx.xx.2022-ci il tarixdə 059-34991C saylı imtina məktubu almışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin 2.2.3-cü bəndinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AA4470331 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 059-34991C saylı məktubuna əsasən, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən Sizin, ünvan 3 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət edilməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə göstərilən ünvana tərəfimizdən qeydiyyata alınması qanuna müvafiq deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququ var. AZ-İİ 168381 nikah haqqında şəhadətnamənin surətinə əsasən X7 və İddiaçı arasında xx.xx.2021-ci il tarixdə nikah bağlamışdır. Bakı şəhəri, Binəqədi rayonu, X13 qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, ev 21C ünvanında qeydiyyatda olan X2 **********897 nömrəli xx.xx.2022-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsinə əsasən, o, qeydiyyatda olduğu ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı pasport qeydiyyatına düşməsinə etiraz etmədiyini bildirmişdir. Bakı şəhəri, Binəqədi rayonu, X13 qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, ev 21C ünvanında qeydiyyatda olan X3 **********896 nömrəli xx.xx.2022-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsinə əsasən, o, qeydiyyatda olduğu ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı pasport qeydiyyatına düşməsinə etiraz etmədiyini bildirmişdir. Bakı şəhəri, Binəqədi rayonu, X13 qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, ev 21C ünvanında qeydiyyatda olan X5 **********926 nömrəli xx.xx.2022-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsinə əsasən, o, qeydiyyatda olduğu ünvanda yerləşən yaşayış sahəsinə İddiaçı pasport qeydiyyatına düşməsinə etiraz etmədiyini bildirmişdir. Bakı şəhəri, Binəqədi rayonu, X13 qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, ev 21C ünvanında qeydiyyatda olan X4 **********99 nömrəli xx.xx.2022-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsinə əsasən, o, qeydiyyatda olduğu ünvanda yerləşən fərdiyaşayış evinə İddiaçı pasport qeydiyyatına düşməsinə etiraz etmədiyini bildirmişdir. X7, X8, X9, X11, X12 və X5 şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən, onlar Bakı şəhəri, Binəqədi rayonu, X13 qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, ev 21C ünvanında qeydiyyatdadırlar. Məhkəmə aşağıda göstərilənlərə görə iddiaçının iddiasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür . Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında hesab etmişdir ki, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi barədə qanunun tələbi mütləq yerinə yetirilməlidir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, iddiaçı həyat yoldaşı X7 və onun ailə üzvləri ilə birlikdə mübahisəli ünvanda, Bakı şəhəri, Binəqədi rayonu, X13 qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, ev 21C ünvanında yaşayır, X7 həmin ünvanda qeydiyyatda olsa da, iddiaçı həmin evə qeydiyyata düşə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nikahda olduğu, sözügedən ünvanda qeydiyyatda olan X7 ilə birlikdə yaşaması onun həmin evdə yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsasdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə uyğun olaraq, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 15.1-ci maddəsinə görə, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Sözügedən Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.. Sözügedən Məcəllənin 68.2-ci maddəsinəuyğun olaraq, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Binəqədi rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 059-34991C saylı imtina məktubunun qanunsuz sayılaraq, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, X13 qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, ev 21C ünvanına pasport qeydiyyatına alınması vəzifəsi cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsı İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 62, 68 – 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Binəqədi rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 059-34991C saylı imtina məktubu qanunsuz sayılsın, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X13 qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, ev 21C ünvanına pasport qeydiyyatına alınması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar