Məhkəmə qərarları › İş №2-1(112)-12327/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12327/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12327/2024 06.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamını, S.Əliyev adına südçülük-maldarlıq üzrə X4 X1 həmkarlar komitəsi və əmək kollektivi şuralarının birgə iclas protokolunu əsas tutan Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X4 X1 17 fevral 2000-ci il tarixli, 06 nömrəli əmri ilə Abşeron rayonu, Ramana qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və sahiblik və istifadəsinə verilmiş 0,10 ha torpaq sahəsinin adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılaraq buna dair çıxarış və texniki sənəd verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamını, S.Əliyev adına südçülük-maldarlıq üzrə X4 X1 həmkarlar komitəsi və əmək kollektivi şuralarının birgə islas protokolunu əsas tutan Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X4 X1 17 fevral 2000-ci il tarixli, 25 nömrəli əmri ilə fərdi ev tikmək üçün iddiaçıya həmin sovxozun ərazisində 0,10 hektar ölçüdə torpaq sahəsi ayrı ayrılmışdır. İddiaçı qanuni sahiblik hüquqları ilə məxsus olub faktiki istifadəsində olan həmin torpaq sahəsində ev tikmiş, sərhədlərini kubik daşı ilə hördürərək hasarlatdırmış və darvaza qoydurmuşdur. O, artıq 25 ildən çıxdur ki, orada ailə üzvlərilə birgə yaşayır. İddiaçı həmin torpaq sahəsini adına sənədləşdirmək üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı həmin torpaq sahəsi ilə bağlı cavabdehə müraciət etmişdir. Араrılan аrаşdırma zamanı həmin torpaq sahəsinin 720 kv.metr hissəsinin Ramana Südçülük sovxozunun Abşeron rayonunun istifadəsində saxlanılan və təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu, həmçinin 280 kv.metr hissəsinin isə Bakı şəhərinin inzibati ərazi vahidliyində yerləşdiyi aşkar edilmişdir. Həmçinin müraciətə əlavə edilmiş və 0,05 hektar torpaq sahəsinə dair tərtib edilmiş və müayinə olunan torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Sumqayıt İnzibati məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, hal-hazırda həmin torpaq sahəsi iddiaçının istifadəsindədir və hasarlanmışdır. Heç bir şəxsin həmin torpaq sahəsinə iddiası və tələbi yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə əsasən verilmiş xx.xx.2021-ci il tarixli imtina məktubu iddia ərizəsinə yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli sərəncamı ilə Ramana Südçülük sovxozunda yaşayan və işləyən, evi və torpaq sahəsi olmayan, mənzil sahəsinə ciddi ehtiyacı olan fəhlə və mütəxəssislərə vermək üçün hər ailəyə 0,10 hektar hesabı ilə 150 ailəyə 15 hektar həyətyanı, 4,8 hektar küçə və yollar altında, cəmi 19,8 hektar həyətyanı torpaq fondu ayrılması haqqında tərtib edilmiş ilkin sənədlər təsdiq edilmişdir. Sərəncamda dinc yerindən 3,9 hektar, örüş yerindən 8,3 hektar, kənd təsərrüfatına yararsız torpaqlardan 7,6 hektar ayrılması qərar alınmışdır. Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X4 X1 xx.xx.2000-ci il tarixli əmrində göstərilmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən, sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. S.Əliyev adına müəssisə həmkarlar komitəsi və əmək kollektivi şuralarının birgə iclas protokolu və İcra Hakimiyyətinin sərəncamını nəzərə alaraq iddiaçıya 0,1 hektar torpaq sahəsi ayrılması əmr edilmişdir. Cavabdehin 21.1.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, iddiaçının adına olan torpaq sahəsi Ramana südçülük sovxozunun Abşeron rayonunun istifadəsində saxlanılan, təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. İş materiallaırna iddiaçıya məxsus olan fərdi yaşayış evi və torpaq sahəsinin ortofoto görüntüsü əlavə edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X4 X1 xx.xx.2000-ci il tarixli əmri ilə iddiaçıya ayrılmıç 0,10 hektar torpaq sahəsinin 0,072 hektar hissəsi Ramana südçülük sovxozunun Abşeron rayonunun istifadəsində saxlanılan, təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu, həmçinin 0,028 hektar hissəsinin isə Bakı şəhərinin inzibati ərazi vahidliyində yerləşməsi müəyyən edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, elektron kadastr xəritəsinə əsasən sözügedən torpaq sahəsinin yaxın qonşuluğunda heç bir daşınmaz əmlak növü dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli məktubunda bildirlmişdir ki, təqdim oluna koordinatlarda yerləşən torpaq sahəsi elektron kadastr məlumat bazasında olan məlumatlara əsasın keyfiyyət göstəricisi (bonitet balı) 43 olmaqla kənd təsərrüfatı təyinatlı əkin yeridir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən, sözügedən torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanmaqla Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisinin hüdudları daxilində yerləşir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarınıın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarış və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndində yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış öz əksini tapmışdır. Göründüyü kimi Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli sərəncamı ilə Ramana Südçülük sovxozunda yaşayan və işləyən, evi və torpaq sahəsi olmayan, mənzil sahəsinə ciddi ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün dinc yerindən 3,9 hektar, örüş yerindən 8,3 hektar, kənd təsərrüfatına yararsız torpaqlardan 7,6 hektar ayrılması qərara alınmışdır. Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X4 X1 xx.xx.2000-ci il tarixli əmri ilə Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən iddiaçıya 0,1 hektar torpaq sahəsi ayrılması əmr edilmişdir. İddiaçıya torpaq sahəsi 2000-ci ildə ayrıldığı üçün mübahisəyə həmin dövrdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. xx.xx.1991-ci ildə qəbul edilmiş və hazırda qüvvədən düşmüş Azərbaycan Respublikasının Torpaq Məcəlləsində göstərilmişdir ki, kənd təsərrüfatı ehtiyacları üçün verilmiş və ya bu məqsədlər üçün nəzərdə tutulmuş torpaqlar kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır (52). Kənd təsərrüfatı təyinatlı torpaqlar aşağıdakılara verilir: 1) Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına—şəxsi yardımçı təsərrüfat, fərdi bağçılıq, bostançılıq, tərəvəzçilik və heyvandarlıq ilə məşğul olmaq üçün; 2) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına — kollektiv bağçılıq, bostançılıq və tərəvəzçilik üçün; 3) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, kolxozlara, sovxozlara, kəndli (fermer) təsərrüfatlarına, digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinə və təşkilatlarına — əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı üçün; 4) elmi-tədqiqat, tədris və digər kənd təsərrüfatı müəssisələrinə, kənd texniki peşə və ümumtəhsil məktəblərinə — tədqiqat, tədris məqsədləri, qabaqcıl təcrübənin yayılması və kənd təsərrüfatı ilə məşğul olmaq üçün; 5) qeyri-kənd təsərrüfatı müəssisələrinə, idarələrinə və təşkilatlarına, dini təşkilatlara — yardımçı kənd təsərrüfatı ilə məşğul olmaq üçün. Azərbaycan Respublikasının qanunvericiliyi ilə kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı ilə məşğul olmaq üçün başqa təşkilatlara da verilə bilər (53). Göründüyü kimi iddiaçıya torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi məqsədilə ayrılmışdır. Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli sərəncamında da məhz kənd təsərrüfatına yarasız torpaqların yaşayış sahəsinə ehtiyacı olan şəxslərə ev tikintisi məqsədi ilə ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və Qaydası”nda göstərilmişdir ki, Təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqlar aşağıdakı meyarlar əsasında müəyyən edilir: torpaqların radioaktiv və kimyəvi çirklənməyə məruz qaldığı üçün Torpaq Məcəlləsi ilə müəyyən olunmuş qaydada kənd təsərrüfatı dövriyyəsindən çıxarılaraq istifadə edilməməsi; torpaqların ekzogen geoloji proseslərə (sürüşmə, sel, aşınma, uçqun, tökülmə, eroziya, deflyasiya, eol, bataqlaşma, yarğan və s.) məruz qaldığı üçün Torpaq Məcəlləsi ilə müəyyən olunmuş qaydada təsərrüfat fəaliyyəti dövriyyəsindən çıxarılaraq istifadə edilməməsi; suvarılan torpaqların deqradasiyasına (şorlaşma, şorakətləşmə, eroziya, bataqlıqlaşma və s.) qarşı mübarizə məqsədilə torpaqların münbitliyinin artırılması istiqamətində həyata keçirilən meliorativ tədbirlərlə bağlı həmin torpaqlardan istifadə edilməməsi; torpaqların suvarma şəbəkəsi və suvarma suyu ilə təmin olunmadığından onların istifadə edilməməsi; Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin (minalardan təmizləmə yekunlaşanadək) istifadə edilməməsi; iqlim dəyişiklikləri və torpağın keyfiyyət və kəmiyyət göstəricilərinə təsir edən digər amillər nəticəsində torpaqların bitki örtüyünün deqradasiyası səbəbindən onlardan istifadə edilməməsi (2.2.). Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinat, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları”ndan görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsi keyfiyyət göstəricisinə (bonitet balına) əsasən 3-cü dərəcəli (aşağı keyfiyyətli) sayılan torpaq sahəsidir. Məhz bu səbəbdən həmin sahələr yaşayış evi tikintisi üçün vətəndaşlara ayrılmışdır. Eyni zamanda ərazinin ortofoto görüntüsündən müəyyən olunur ki, həmin ərazidə vətəndaşlar tərəfindən çoxsaylı fərdi yaşayış evləri inşa edilmiş və ərazi faktiki olaraq məskunlaşma zonasıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 40 saylı sahədə 1200 kv.metr torpaq sahəsi üzərində iddiaçı X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarış və plan-ölçü sənədlərinin verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X4 X1 17 fevral 2000-ci il tarixli, 06 nömrəli əmri ilə Abşeron rayonu, Ramana qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 hektar torpaq sahəsinin İddiaçı adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılaraq, buna dair çıxarış və texniki sənəd (plan ölçü) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar