Məhkəmə qərarları › İş №2-1(112)-12330/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12330/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12330/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə qarşı “nikah haqqında şəhadətnamənin bərpa edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü ildə Ermənistanın Kalinin Rayonunun Privolni kəndində X2 ilə aralarında olan nikah haqqında şəhadətnaməyə əsasən, ona yeni nikah haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardaı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “iddiaçının xx.xx.1984-cü ildə Ermənistanın Kalinin Rayonunun Privolni kəndində X2 ilə aralarında bağlanmış nikaha dair İİ-CL № 389043 saylı xx.xx.1984-cü il tarixli nikah haqqında şəhadətnamənin bərpa edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü ildə ermənistanın kalinin rayonunun privolni kəndində X2 ilə rəsmi hüquqi nikaha girmiş, bu barədə qeyd etdiyi ərazi orqanından ona nikah haqqında şəhadətnamə verilmişdir. 1988-ci ildə ermənistanın kalinin rayonunun privolni kəndindən qaçqın düşmüş və hazırda ünvan 2-da yaşayır, 4 övladı var, hazırda iki oğlu ilə birlikdə qeyd etdiyi ünvanda yaşayırlar. Həyat yoldaşı X2 xx.xx.2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. Hazırda ondan miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, M. Arif küçəsi, ev 6, 10 saylı mənzili vərəsə kimi öz adına keçirmək istəyir. Bununla əlaqədar ASAN xidmət Mərkəzinə müraciət etmiş, lakin nikah şəhadətnaməsində vurulmuş möhür pozulduğuna görə ASAN xidmət Mərkəzi bununla əlaqədar imtina etmişdir. İddiaçı qeydiyyatda olduğu ərazi üzrə Nərimanov rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək nikah haqqında akt qeydinin bərpa olunmasını xahiş etmiş, lakin şöbənin xx.xx.2023-cü il tarixli 54 saylı cavabı ilə ərizəsi təmin edilməmiş, nikah akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bundan sonra Nərimanov rayon Məhkəməsinə maraqlı şəxs qismində Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə müraciət etmiş, Nərimanov rayon məhkəməsinin 2(005)-2763/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Nərgiz Tağıyeva) ərizəsi üzrə mülki işin icraatına, işə məhkəmədə baxılmalı olmadığından xitam verilmiş və aidiyyəti üzrə inzibati orqana, ərizə təmin edilmədiyi halda isə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmənin qeyd etdiyi qərardadından sonra yenə də cavabdeh təşkilata şifahi qaydada müraciət etdi, lakin onlar məhkəməyə müraciət etməyini bildirdilər. Əlavə olaraq, cavabdeh təşkilatın xx.xx.2023-cü il tarixli imtina cavabından sonra Nərimanov rayon Məhkəməsinə müraciət etməyi ilə əlaqədar həmin cavabdan məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş və bunun üzürlü hesab edilməsini xahiş edir.

4. Cavabdeh 54 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş ’’Vətədaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Nikah аkt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.”

5. Cavabdeh Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə Nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

9. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

10. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

11. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

12. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

13. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

14. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Ermənistanda doğulmuşdur. Yaşayış yeri ünvan 2 ünvanıdır.

15. İİ-CL № 389043 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 25 sentyabr 1961-ci il təvəllüdlü X3 və xx xxxx 1965-ci il təvəllüdlü Əliyeva (Şavandayeva) Müşkünaz Məhərrəm qızı arasında xx.xx.1984-cü il tarixdə nikah bağlanmışdır. Şəhadətnamədə vurulmuş möhür pozulmuşdur.

16. AZ-İİ 200096 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

17. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim olunan ölüm haqqında akt qeydinin surətindən görünür ki, X3 oğlu xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə akt qeydi tərtib edilməklə AZ-İİ 200096 nömrəli xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Akt qeydində şəxsin doğulduğu yer Ermənistan, Kalinin, sonuncu yaşayış yeri Bakı, Nərimanov, M.Arif, ev 6, mənzil 10, ailə vəziyyəti isə evli kimi göstərilmişdir.

İV. Məhkəmənin mövqeyi

18. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.7-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur; 1.12-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir; 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər; 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir; 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər; 9.3. Təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti akt qeydini tərtib edən Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə tərtib edilmə tarixi və yerli barədə məlumatlar. 9.3-1. Təkrar şəhadətnamənin alınması üçün elektron qaydada müraciət daxil olduqda zəruri olan məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar informasiya sistemində aşkar olunmadıqda onları əks etdirən sənədlər qeydiyyat orqanlarına bilavasitə təqdim edilməlidir. 9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir; 9.9-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəa”ların preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

22. Hazırda iddiaçı ona məxsus olan möhürü silinmiş nikah haqqında şəhadətnamənin bərpa edilməsi öhdəliyinin qeydiyyat şöbəsinin üzərinə qoyulmasını xahiş edir.

23. Belə ki, iddiaçıya 20 fevral 1984-cü il tarixdə Ermənistan SSR, Kalininskiy, Privolnoye kənd sovetində 4 saylı akt qeydi tərtib olunmaqla onun xx.xx.1961-ci il təvəllüdlü X3 ilə nikah bağlaması haqqında İİ-CL 389043 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat orqanının rəhbərinin imzası mövcud olsa da, möhür oxunmur.

24. Qanunveriliyin tələbindən də göründüyü kimi vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə ərizəçinin adı, soyadı və atasının adı, ünvanı, təkrar tələb olunan şəhadətnamənin növü, vətəndaşlıq vəziyyəti akt qeydini tərtib edən Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə tərtib edilmə tarixi və yeri barədə məlumatlar əsasında verilir. İtirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

25. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş X1 ölüm haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1961-ci il tarixdə Ermənistanda doğulmuşdur, sonuncu yaşayış yeri ünvan 2, ailə vəziyyəti isə evli olmuş, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Eyni zamanda iddiaçının şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, İddiaçı xx.xx.1965-ci ildə Ermənistanda anadan olmuşdur, yaşayış yeri kimi ünvan 2 qeyd edilmişdir.

26. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətindən imtinası əsaslı sayıla bilməz, inzibati orqanın istinad etdiyi əsasla təkrar şəhadətnamənin verilməsindən imtina edilməsi halı qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar nikah haqqında şəhadətnamənin bərpası üçün kifayət edir.

27. Məhkəmə qeyd edir ki, iddiaçının şəxsiyyət vəsiqəsi və mərhum X1 ölüm haqqında şəhadətnamə və akt qeydində olan məlumatlar ilə onların nikah haqqında şəhadətnaməsində göstərilən məlumatlar uyğunluq təşkil edir. Cavabdeh tərəfindən həmin məlumatların doğrulunu təkzib edən, nikah haqqında şəhadətnamənin mötəbərsizliyini sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir.

28. Odur ki, nikah haqqında şəhadətnamədə möhürün silinməsi, onun hazırda oxunmayan vəziyyətdə olması iddiaçını nikah haqqında yeni şəhadətnamə almaq hüququndan məhrum edə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1984-cü ildə Ermənistanın Kalinin Rayonunun Privolni kəndində X2 ilə aralarında bağlanmış nikaha dair İİ-CL № 389043 saylı xx.xx.1984-cü il tarixli nikah haqqında şəhadətnamənin bərpa edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar