Məhkəmə qərarları › İş №2-1(112)-1234/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1234/2021

18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1234/2021 18.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Bakı şəhəri, N.İsmayılov küçəsi ev 187; ixtisası: ingilis dili müəlliməsi; iş yeri: işləmir) və onun nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə (Ünvan: Bakı şəhəri, Xətair rayonu, N.Tusi küçəsi, ev 2, mənzil 140; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 6 saylı vəkil bürosu, vəkil) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı “diplomun tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı 12 iyul 2019-cu il tarixdə Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən iddiaçıya verilmiş B19 № 127439 olan Bakalavr diplomunun Azərbaycan Respublikasının ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdeh Təhsil Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsi qərara alınmışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx xxxx 1995-ci il tarixdə Beyləqan rayonunda anadan olmuşdur. 2013-cü ildə Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetinə daxil olmuşdur. 2019-cu idə sözügedən universiteti bitirərək, “filologiya” hazırlıq istiqaməti üzrə bakalavr ali təhsil dərəcəsinə yiyələnmiş, ixtisaslaşma “Dil və ədəbiyyat (ingilis)”. V.N.Karazin adına Xarkov Milli Universitetini bitirməsi barədə ona 12 iyul 2019-cu il tarixdə B19 № 127439 olan Bakalavr diplomu verilmişdir. Ali təhsil haqqında diplomunun Azərbaycan Respublikasında tanınması və bu barədə şəhadətnamənin verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil Nazirliyi müraciət etmiş, lakin xx.xx.2020-ci il tarixdə ona imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı özünə məxsus diplomun ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. Nəzərinizə çatdırırıq ki, iddiaçının qiyabi təhsil aldığı tədris müddəti aşağıdakı kimidir: İ il - 6 gün, İİ il-7 gün, İİİ il - 6 gün, İV il -7 gün, V il-21 gün, Vİ il - 1 ay. Rəydə eyni zamanda qeyd olunur ki, qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Qeyd olunanlar əsasında iddiaçının adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 2019-cu il tarixli, B17 127439 nömrəli bakalavr diplomu üzrə ixtisasının ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Sözügedən Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə xx.xx.2019-cu il tarixdə B19 №127439 nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmişdir. Məktubda imtina belə əsaslandırılmışdır ki, İddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci bəndinə əsasən nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir. Həmin Əsasnamənin 8.28-ci bəndinə əsasən nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq xarici dövlətlərdə alınmış təhsil sənədlərinin nostrifikasiyası qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.3-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4-cü bəndinə əsasən isə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Sözügedən Qaydaların 2.4-cü bəndinə əsasən ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, 2.5-ci bəndinə əsasən isə, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda, təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa), xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə əsasən bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Həmin Sazişin 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Həmin Sazişin 6-cı maddəsinə əsasən bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər. «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 05 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Konvensiyanın 1-ci maddəsinə əsasən bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyi, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə əsasən imzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallaıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, Ukraynanın səlahiyyətli orqanı tərəfindən İddiaçı verilmiş B19 №127439 nömrəli diploma (təhsil sənədinə) “apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan imtinasını və etirazını iddiaçının qısa müddət ərzində müvafiq ölkədə olması ilə əsaslandırsa da, tələb olunan müddətin nə qədər olması və həmin müddətin qarşılığında iddiaçının qısa müddətdə müvafiq ölkədə olmasını əsaslandırmamış, həmçinin iddiaçının tədris yükünü yerinə yetirib-yetirməməsi barədə müvafiq ali təhsil müəssisəsinə sorğu verməmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmaması iş materialları ilə öz təsdiqini tapdığından, Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə B19 №127439 nömrəli diplom üzrə ixtisasın tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədilə, müvafiq Ekspert Komissiyası tərəfindən yenidən ekspertizadan keçirilməlidir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırması iş materialları ilə öz təsdiqini tapmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 28.1.1-ci maddəsinə əsasən iddiaçının ərizəsi inzibati icraatın başlanması üçün əsas kimi çıxış etmişdir. Həmin Qanunun 28.2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Həmin Qanunun 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən yuxarda qeyd olunan qanunvericiliyin normalarına uyğun tam və hərtərəfli inzibati icraat aparılmadığından, Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə verilmiş xx.xx.2019-cu il tarixli B19 №127439 nömrəli diplom üzrə ixtisasın tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədilə, inzibati icraat yenidən aparılmalıdır. İPM-in 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPMin 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilir. İddiaçı Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə verilmiş xx.xx.2019-cu il tarixli B19 №127439 nömrəli diplom üzrə ixtisasın tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədilə, inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar