Məhkəmə qərarları › İş №2-1(112)-1234/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1234/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1234/2023 01.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X4 Universiteti tərəfindən 29 dekabr 2017-ci il tarixində verilmiş 107704 ******* nömrəli diplomumun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəyinin cavabdeh orqan “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2014-cü ildə M.A.Şoloxov adına X2 Universitinə “hüquqşünaslıq” ixtisası üzrə qiyabi təhsil formasında magistratura pilləsinə qəbul olunmuşdur. Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli, 124 №-li əmri ilə X2 Universiteti ilə X4 Universiteti birləşdirilmişdir. Ona görə də o, 2015-ci ildə eyni ixtisas üzrə X4 Universitetinə köçürülmüşdür. Ailə vəziyyəti ilə əlaqədar olaraq xx.xx.2016-cı il tarixindən xx.xx.2017-ci il tarixindək akademik məzuniyyətdə olmuş, akademik məzuniyyətdən sonra X4 Universitetinə bərpa olunmuş və təhsilini davam etdirmişdir. Dövlət İmtahan Komissiyasının 16 dekabr 2017-ci il tarixli qərarı ilə mənə hüquqşünaslıq ixtisası üzrə “Magistr” dərəcəsi verilmişdir. İddiaçı X4 Universiteti tərəfindən 29 dekabr 2017-ci il tarixində verilmiş 107704 ******* nömrəli diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi xahişi ilə Təhsildə Keyfiyyət Təminat Agentliyə müraciət etmiş, Agentlik tərəfindən ona ünvanlanmış NA00004283 nömrəli, 25 aprel 2022-ci il tarixli məktub ilə guya iddiaçının tədris dilini bilmək səviyyəsinin qənaətbəxş olmadığı əsas gətirilərək yuxarıda qeyd olunmuş diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən verilmiş imtina qanunsuzdur. Ona görə də hesab edir ki, həmin imtina məhkəmə qərarı əsasında qanunsuz hesab edilməli, onun X4 Universiteti tərəfindən 29 dekabr 2017-ci il tarixində verilmiş 107704 ******* nömrəli diplomumun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh orqanın əməkdaşı tərəfindən aparılmış müsahibə zamanı iddiaçı həmin əməkdaş tərəfindən verilmiş sualları kifayət qədər aydın və sərbəst formada cavablandırmışdır. İddiaçı ilə aparılmış müsahibənin nəticəsinin qənaətbəxş olmaması kimi qiymətləndirilməsi ilə razı deyildir. Belə ki, hazırki halda Azərbaycan Respublikası qanunvericilik normaları arasında tədris dilini bilməsini özündə ehtiva edə bilən hər hansı bir standart mövcud deyildir. Digər tərəfdən müsahibədə iştirak edən şəxsin bu sahədə mütəxəssis-ekspert olması ilə bağlı da hər hansı bir sübut yoxdur. Hazırki halda mütəxəssisin cavabdeh orqanın əməkdaşı olması cavabdeh orqanın maraqlarına uyğun rəy verəcəyi də heç kimə sirr deyildir. Yuxarıda qeyd etdiyi kimi Rusiya Federasiyası Dövlət İmtahan Komissiyasının 16 dekabr 2017-ci il tarixli qərarı ilə ona hüquqşünaslıq ixtisası üzrə “Magistr” dərəcəsi verilmişdir. Bu qərar əsasında ona X4 Universiteti tərəfindən 29 dekabr 2017-ci il tarixində 107704 ******* nömrəli diplom verilmişdir. Diplom verilən zaman komissiya tərəfindən iddiaçının tədris proqramını mənimsəyib mənimsəmədiyi yoxlanılmış, yalnız bundan sonra ona “hüquqşunaslıq” ixtisası üzrə magistr dərəcəsi verilmişdir. Belə olduğu halda Təhsildə Keyfiyyət Təminat Agentliyi tərəfindən onun yenidən imtahan edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 3.7-ci bəndində göstərilən hallarla uzlaşmır və onların dairəsinə daxil deyil. Bu həm də “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” 2002-ci il sentyabrın 23-də Moskva şəhərində imzalanmış Sazişin tələblərinə ziddir. Belə ki, tədris olunan fənlərin hansı səviyyədə mənimsənilməsi məsələsinə qiymət verilməsi cavabdehin deyil, təhsil aldığı ölkədəki müvafiq təhsil müəssisəsinin (orada fəaliyyət göstərmiş dövlət imtahan komissiyasının) səlahiyyətlərinə aiddir. Mən bu mərhələni artıq həmin ölkədə başa vurmuşam. Lakin cavabdeh “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın müddəalarının Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsi olmasını nəzərə almamışdır. Cavabdeh orqanın əməkdaşları sırasında yalnız rus, ukrayn və gürcü dilini bilən mütəxəssislər vardır. Azərbaycan Respublikasında Qazaxıstan, Özbəkistan, Çin, Koreyada və bu kimi başqa dövlətlərdə təhsil alan bəlli sayda vətəndaş vardır ki, onların diplomları Azərbaycan Respublikası ərazisində tanınmış və həmin şəxslərə ekvivalentlik haqqında şəhadətnamə verilmişdir. Bu şəxslərin tədris dilinin bilməsi səviyyəsi ümumiyyətlə yoxlanılmamışdır. Beləliklə, işin faktiki hallarından məlum olur ki, o, 2014-cü ildə M.A.Şoloxov adına X2 Universitetinə “hüquqşünaslıq” ixtisası üzrə qiyabi təhsil formasında magistratura pilləsinə qəbul olmuşdur. Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli, 124 №-li əmri ilə X2 Universiteti ilə X4 Universiteti birləşdirilmişdir. Ona görə də o, 2015-ci ildə eyni ixtisas üzrə X4 Universitetinə köçürülmüşdür. Ailə vəziyyəti ilə əlaqədar olaraq xx.xx.2016-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək akademik məzuniyyətdə olmuş, akademik məzuniyyətdən sonra X4 Universitetinə bərpa olunmuş və təhsilimi davam etdirmişdir. Dövlət İmtahan Komissiyasının 16 dekabr 2017-ci il tarixli qərarı ilə mənə “hüquqşünaslıq” ixtisası üzrə magistr dərəcəsi verilmişdir. Mən X4 Universiteti tərəfindən 29 dekabr 2017-ci il tarixində verilmiş 107704 ******* nömrəli diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi xahişi ilə Təhsildə Keyfiyyət və Təminat Agentliyinə müraciət etmiş, Agentlik tərəfindən iddiaçıya ünvanlanmış NA00004283 nömrəli, 25 aprel 2022-ci il tarixli məktub ilə guya onun tədris dilini bilmək səviyyəsinin qənaətbəxş olmadığı əsas gətirilərək yuxarıda qeyd olunmuş diplomun Azərbaycan Respublikası ərazisində tanınmasından və ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Cavabdeh orqan tərəfindən verilmiş imtina Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə ziddir. İmtina qansuz hesab edilməli X4 Universiteti tərəfindən 29 dekabr 2017-ci il tarixində verilmiş 107704 ******* nömrəli diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh orqanın üzərinə məhkəmə qərarı əsasında qoyulmalıdır.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək (dəftərxana vasitəsilə) bildirilmişdir ki, iddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir: - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; - cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)-265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2- 1(102)- 251/2021 saylı iş üzrə xx.xx.2021 -ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun olaraq tanınır. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Sözügedən Qaydaların 3.2-ci bəndinə əsasən “ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: Ekspertiza-xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi;

1. xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsinə (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir) əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini, spesfik fənn üzrə araşdırma nəticələrini dərketməsini, problemi analizetmə və həll etmə qabiliyyətini, mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini, araşdırma aparma qabiliyyətini, ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini bilmə səviyyəsinin aşağı olması halı onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. İddiaçının əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə göstərilən 6-cı səviyyə üzrə deskriptorlarla uyğunsuzluq təşkil etməsi müəyyən edilmişdir. Belə ki, bakalavr dərəcəsinə malik şəxs fəaliyyət və ya təhsil sahəsi ilə bağlı fakt, nəzəriyyə, qayda və metodları təhlil etməyi, fəaliyyət və ya təhsil sahəsi ilə bağlı yeni problemləri aşkar etməyi və onların müxtəlif həll yollarını təhlil etməyi və qiymətləndirməyi, fəaliyyət və ya təhsil sahəsi ilə bağlı məsələləri Azərbaycan və ən azı bir xarici dildə şifahi və yazılı şəkildə izah etməyi, həmçinin peşəkar müzakirələrdə iştirak etməyi bacarmalıdır ki, bunun üçün də şəxsin əldə etdiyi kvalifikasiyaya dair produktiv nitq səviyyəsinə malik olması zəruridir. Qeyd edilən normalardan da göründüyü kimi, təhsilin məzmunu hər hansı birtəhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələbləri müəyyən edən bir anlayışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə dəfələrlə (2-1(102)- 449/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli, 2-1(102)- 667/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarlar) iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etmişdir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçının tələbində heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.

4. Cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”nin xx.xx.2022-ci il tarixli Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə qərarda qeyd olunmuşdur ki, ekspertiza zamanı ərizəçinin tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya"nın İİİ.1.2 maddəsinə əsasən, müraciətə baxılması zamanı tərəflər ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"na əsasən, ali təhsilin dövlət standartı özündə təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini ehtiva edir. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.43-cü maddəsinə görə təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır.

5. Hazırki iş üzrə məhkəmə qərardadına əsasən Bakı Dövlət Univeristetinin Filologiya fakültəsindən İddiaçı tədris (rus) dilinin bilmə səviyyəsinin Rusiya Federasiyası Moskva Dövlət Pedoqoji Universitetinin “hüquqşünaslıq” ixtisasının mənimsəməsi üçün yetərli olubolmaması barədə mütəxəssis rəyinin alınması qərara alınmışdır.

6. Bakı Dövlət Universitetinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, BDU-nun Filologiya fakültəsi rus və ya başqa dillərin tədrisi üzrə deyil, Azərbaycan dili və ədəbiyyatının tədrisi üzrə ixtisaslaşmışdır. Həm müəllim, həm də tələbə kontingentinin sayı baxımından da fakültədə Azərbaycan bölməsi üstünlük təşkil edir Digər tərəfdən həmin fakültədə Qərardadda qeyd edilən “Hüquqşünaslıq” ixtisası olmayıb, bu sahə üzrə mütəxəssis də yoxdur. Ona görə BDU hər hansı dil biliklərinin müəyyən edilməsi sahəsində ixtisaslaşmış müəssisə olmadığı üçün şəxsin müvafiq dil biliklərinin “Hüquqşünaslıq" ixtisasının mənimsənilməsi üçün kifayət olub-olmamasını müəyyən edərək mütəxəssis rəyi verilməsi imkan xaricindədir.

7. Hazırki iş üzrə məhkəmə qərardadına əsasən Bakı Slavyan Univeristetindən İddiaçı tədris (rus) dilinin bilmə səviyyəsinin Rusiya Federasiyası Moskva Dövlət Pedoqoji Universitetinin “hüquqşünaslıq” ixtisasının mənimsəməsi üçün yetərli olub-olmaması barədə mütəxəssis rəyinin alınması qərara alınmışdır.

8. Bakı Slavyan Universitetinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı Slavyan Universitetində uzun müddət rus dili üzrə linqvistik ekspertizalar aparılıb. 2022-ci il dekabr ayından Universitetdə qış-imtahan sessiyasının, fevral ayından isə tələbələrin pedoqoji təcrübələrinin başlanması səbəbindən linqvistik ekspertiza ilə bağlı işlər dayandırılmışdır.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən iddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

12. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.

13. Odur ki, hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.

14. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. İddiaçını X4 Universitetin tərəfindən 29 dekabr 2017-ci il tarixində verilmiş 107704 ******* nömrəli diplomun 16 dekabr 2017-ci il tarixli qərarı ilə hüquqşünaslıq ixtisası üzrə “Magistr” dərəcəsi verilmişdir.

17. İddiaçı qeyd olunan diplomun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə tədris dilinin (rus dili) qənaətbəxş olmaması səbəbilə imtina vermişdir.

18. İddiaçı qeyd olunan diplomun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması səbəbi ilə müraciətin təmin edilməsindən imtina etmişdir.

19. Məhkəmə iddia tələbinə qiymət verməzdən öncə, iddiaçının aldığı təhsillərin ölkə ərazisində tanınması üçün hansı əsasların olmasına münasibət bildirir. Təhsil hüququnun və həmin hüququn həyata keçirilməsi aşağdaki qanunvericilik normaları ilə tənzimlənir.

20. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. -27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; -29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; -44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

21. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

22. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.

23. Eyni zamanda, imtina verilən zaman qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır.

24. İmtina verilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

25. Göründüyü kimi normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar mövcud olmuşdur ki, hazırki iddia tələbi üzrə həmin əsasların olması müəyyən olunmur.

26. Qeyd edilənlərin məntiqi nəticəsidir ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda qeyd edilən əsasla imtina nəzərdə tutulmamışdır.

27. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçı ilə aparılmış müsahibənin video-müsahibə elektron daşıyıcıda (diskdə) məhkəməyə təqdim edilmiş, məhkəmə həmin diskə baxış keçirərkən iddiaçının mütəxəssis tərəfindən verilən bütün suallara tam, hərtərəfli və anlaşılan şəkildə cavab verdiyi halda cavabdeh qurumun qeyd edilən əsasla imtinası anlaşılan deyil. Cavabdeh tərəfindən tədris dilini bilmə səviyyəsinin qənaətbəxş hesab edilməsi meyarları məhkəməyə aydın şəkildə təqdim etməmişdir, odur ki, qeyd edilən əsasla imtinanı əsaslandırmamışdır.

28. Beləliklə, yuxarıda istinad olunan normalara görə və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomların qarşılıqlı tanınmasına dair beynəlxalq müavilə mövcud olduğundan iddiaçının diplomunun tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Cavabdehin imtinası yuxarıda istinad olunan normaların tələblərinə zidd olduğundan və iş üzrə müəyyən edilmiş hallara əsaslanmadığından iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

29. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı X4 Universiteti tərəfindən 29 dekabr 2017-ci il tarixində verilmiş 107704 ******* nömrəli diplomun Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar