Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1234/2025 24.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “mənzillə təmin olunması və ya mənzilin bank borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq iddiaçının mənzil-tikinti (mənzil) kooperativinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) hərbi qulluqçu kimi onun xidmət yerində mənzil haqqı ödənilmədiyi, fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcunu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilməsi təmin edilmədiyi üçün onun ailə üzvləri ilə birlikdə mənzillə (fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə) təmin olunması və ya hal-hazırda yaşadığı mənzilin bank borcunun ödənilməsi üçün müvafiq göstəriş verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək müraciətedənin və ailə üzvlərinin mənzillə təmin olunması üçün mənzil növbəsində qeydiyyata alınması və ya müraciətedənin və ailə üzvlərinin mənzillə (fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə) təmin olunması və ya hal-hazırda yaşadığı mənzilin bank borcunun ödənilməsi üçün müvafiq göstəriş verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanda yaşayır, Azərbaycan Respublikasının müharibə veteranıdır və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan zabitdir. İddiaçı cavabdehə müraciət edərək onun və ailə üzvlərinin mənzillə (fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə) təmin olunması və ya hal-hazırda yaşadığı mənzilin bank borcunun ödənilməsi üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. Lakin cavabdeh Bakı şəhəri Cavabdeh imtina cavabı vermişdir.İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir.Belə ki, iddiaçı 4 nəfər ailə üzvləri ilə birlikdə MİDA yaşayış kompleksindən 2018-ci ildə dövlət ipotekası ilə bank krediti vasitəsilə alınan mənzilin mülkiyyətçisidir. Həmin mənzilin ümumi sahəsi 55,90 kv metr təşkil edir. Mənzilin ümumi sahəsindən fərqli olaraq yaşayış üçün faydalı sahəsi adambaşına nəzərdə tutulmuş normadan azdır. İddiaçıya ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəməli olduğu halda bu tələbə riayət olunmamışdır, habelə İddiaçı mənzilə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Bakı şəhəri Cavabdeh iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, İddiaçı mənzil uçotuna götürülməsi barədə müraciətinə Mənzil Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən rayon icra hakimiyyəti tərəfindən imtina verilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.1.4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə, güzəştli mənzil növbəsinə götürülməsi və müvafiq kompensasiya ilə təmin edilməsi mümkün deyildir. İddiaçı tərəfindən təqdim edilmiş DƏDRX-nin arayışına əsasən o güzəştli şərtlərlə ipoteka ilə mənzil əldə etmişdir. Cavabdeh Bakı şəhər Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası öhdəliyin icrası haqqında iddia növündə olmaqla mümkünlük şərtlərinə cavab verir. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan zabit olduğundan qanunvericiliklə nəzərdə tutulmuş hərbi qulluçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququna əsasən cavabdeh Bakı şəhər Cavabdehnə müraciət etmiş, lakin imtina cavabı almışdır. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. Cavabdeh Bakı şəhər Cavabdeh hazırkı iddiaya cavab verməli olan inzibati orqandır. Belə ki, iddiaçı Bakı şəhəri Yasamal rayonunda yaşayış yeri üzrə qeydiyyatdadır. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İnzibati məhkəmə işinin materiallarında olan: Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, B8, bina 1, 25 saylı mənzilin iddiaçının mülkiyyətində olması əsası ilə iddiaçının güzəştli mənzil növbəsinə əlavə edilməsindən imtina edilmişdir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, ev 1, mənzil 25 (2 otaq, y/s 31,2 kv metr, ü/s 55,9 kv metr) iddiaçının mülkiyyətindədir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayşına əsasən iddiaçının arvadı X1 adına Azərbaycan Respublikasının ərazisində daşınmaz əmlak aşkar edilməmişdir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayşına əsasən iddiaçının qızı X2 adına Azərbaycan Respublikasının ərazisində daşınmaz əmlak aşkar edilməmişdir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayşına əsasən iddiaçının oğlu X3 adına Azərbaycan Respublikasının ərazisində daşınmaz əmlak aşkar edilməmişdir; İddiaçının hərbi biletinə əsasən İddiaçı xx.xx.2023-cü ildə yaşa görə hərbi xdmətdən ehtiyata buraxılmışdır; Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən iddiaçı, arvadı X5, uşaqları X6 və X7 Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, ev 1, mənzil 25-də qeydiyyatdadırlar. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən ehtiyatda olan mayor İddiaçı xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilə qədər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə, xx.xx.2010-cu ildən xx.xx.2024-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin 1426 ş/h nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0.2-ci maddəsinə (yaşa görə) əsasən ehtiyata tərxis olunmuşdur. xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Yasamal filialı iddiaçıya məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 49203,0 manat məbləğində illik 4 faiz dərəcəsi ilə 256 ay müddətinə ipoteka krediti vermişdir, kredit iddiaçıya ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın əldə edilməsi üçün verilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir; 48.2. qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.2. yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; 51.3. vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır:55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir: 12-ci maddə:
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. ...
5. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. Mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və başqa daimi mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilir: fasiləsiz 15 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 50 faiz miqdarında, 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 100 faiz miqdarında. Kooperativ mənzil haqqının və ya dövlət bankı kreditlərinin ödənilməsi sahəsində əvəzsiz maliyyə yardımı göstərilməsinin qaydası bu bənddə göstərilmiş və ya ehtiyata, yaxud istefaya buraxılmış hərbi qulluqçular sırasından mənzil-tikinti (mənzil) kooperativlərinin üzvü olan şəxslərə və fərdi ev tikənlərə də şamil edilir. 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara hüquq verilir ki, ehtiyata və ya istefaya buraxıldıqdan sonra yaşayacaqları yaşayış məntəqələrinin (əkər yaşayış məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşirsə) mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olsunlar. Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti. materialları almaqda kömək göstərməlidirlər.
6. Yaşına, xəstəliyə görə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş üstünlük hüququna malikdirlər.
7. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). ...
10. Hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər.
“Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında göstərilir: Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.
Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 147-ci bəndində göstərilir: Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. Hərbi xidməti qüsursuz keçmiş və Silahlı Qüvvələrin veteranı vəsiqəsini almış, habelə həqiqi hərbi xidmətdən yaşına, xəstəliyinə görə buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ehtiyatdan çağırılmış zabitlərdən başqa) üçün yaşayış sahəsinə görə güzəştli ödənc hüququ saxlanılır. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və zabitləri və onların ailə üzvlərinin xidmətə qədər tutduqları yaşayış sahələri həqiqi hərbi xidmət keçdikləri müddətdə onlar üçün saxlanılır. Onlar yaşayış sahəsi almaq üçün növbə siyahısından çıxarıla bilməz.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamədə göstərilir: 1.8. Yerli icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi (Naxçıvan Muxtar Respublikasında – Naxçıvan Muxtar Respublikasının büdcəsi) və mövcud qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
Məhkəmə tədqiq edilmiş sənədləri,işin faktiki hallarını yuxarıda sadalanan qanunvericilik normaları tətbiq edilməklə qiymətləndirərək hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyildir. İlkin olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır.
İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı yaşayış sahəsinə ehtiyacı olan ehtiyatda olan hərbçi kimi güzəştli mənzil növbəsinə götürülməsinə və ya mənzillə təmin olunmasına və ya hal-hazırda yaşadığı və mülkiyyətində olan mənzilə görə bank borcunun cavabdeh tərəfindən ödənilməsinə nail olmaqdır. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı həqiqətən də ehtiyatda olan hərbçidir, eyni zamanda ipoteka krediti ilə almış olsa belə xüsusi mülkiyyətində olan mənzil vardır və həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır. Həmin mənzilin alınması üçün iddiaçı "xxxx" ASC ilə bağladığı 21mida-18 nömrəli müqaviləyə əsasən 49203 manat məbləğini illik 4 % dərəcəsi ilə 256 ay müddətində ödəmək şərtilə ipoteka krediti kimi götürmüşdür, həmin müqaviləyə əsasən iddiaçının ödəməli olduğu əsas borc 49203 manat, faiz borcu 23927,57 manat təşkil edir və kreditin ödənilməsinin son tarixi xx.xx.2040-cı ildir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində mənzilin olması və həmin mənzili güzəştli şərtlərlə verilmiş ipoteka krediti ilə alması iddiaçının yaşayış sahəsinə ehtiyacı olan ehtiyatda olan hərbçi kimi güzəştli mənzil növbəsinə götürülməsini və mənzillə və ya torpaq sahəsi ilə cavabdeh tərəfindən təmin olunmasını istisna edir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.2-ci maddəsində yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota durmaq hüququ təsbit edilmişdir və qanunverici yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ dedikdə mülkiyyətində yaşayış sahəsi olan vətəndaşları nəzərdə tutmamışdır. Həmin Məcəllənin 55.1.4-cü maddəsinə əsasən isə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Göründüyü kimi qanunverici nəzərdə tutmuşdur ki, yaşayış sahəsini əldə etmək üçün güzəştli ipoteka krediti almış vətəndaşlar artıq yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılmalıdır, yəni həmin vətəndaşa artıq güzəştli şərtlərlə kredit verilməklə yaşayış sahəsi əldə etmək üçün dövlət tərəfindən şərait yaradıldığı üçün onlar yaşayış sahəsinə ehtiyacı olan, bunun da nəticəsində dövlət tərəfindən mənzillə təmin edilməsinə yardım edilməsinə ehtiyacı olan şəxs hesab edilmir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsində mənzili (yaşayış sahəsi) olmayan hərbçilərin ehtiyata buraxıldıqdan sonra hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi, mənzil kirayə haqqının ödənilməsi, fərdi yaşayış evinin inşa edilməsi üçün torpaq ayrılması kimi güzəştlər nəzərdə tutulmuşdur, iddiaçının isə mülkiyyətində mənzili olduğu üçün onun cavabdehə qarşı hərbi qulluqçu kimi mənzilə ehtiyacı olan şəxs kimi güzəştli mənzil növbəsinə götürülməsi tələbinin irəli sürməsinin hüquqi əsasları mövcud deyildir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən sahəsi “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında nəzərdə tutulmuş 16 kvadrat metrdən az olsa da qanunverici belə halı mülkiyyətində mənzili olan ehtiyatda olan hərbi qulluqçunun güzəştli mənzil növbəsinə götürülməsi və ya fərdi yaşayış evinin inşa edilməsi üçün torpaq ayrılması üçün əsas hesab etməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının hal-hazırda mənzil almaq üçün götürdüyü ipoteka kreditinin ödənilməsində cavabdeh tərəfindən əvəzsiz maliyyə yardımın göstərilməsini tələb etmək hüququ da mövcud deyildir, belə ki, iddiaçı həmin ipoteka müqaviləsini bağlayan zaman bu barədə cavabdehə məlumat verməmiş, bu məsələni cavabdehlə razılaşdırmamışdır. Habelə qanunverici mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və başqa daimi mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilməsini nəzərdə tutmuşdur ki, bu da heç bir halda cavabdeh tərəfindən həmin əvəzsiz maliyyə yardımı göstərilməli olması anlamına gəlmir, belə ki, iddiaçının xidmət yeri Cavabdeh deyil, Dövlət Sərhəd Xidməti olmuşdur.
«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: - 2.0.2.inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6.inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: - 68.1.məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı müraciətedənin və ailə üzvlərinin mənzillə təmin olunması üçün mənzil növbəsində qeydiyyata alınması və ya müraciətedənin və ailə üzvlərinin mənzillə (fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə) təmin olunması və ya hal-hazırda yaşadığı mənzilin bank borcunun ödənilməsi üçün müvafiq göstəriş verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 33, 34, 68, 69, 73, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Miminat Hacıbəyova