Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12344/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək peniyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması öhdəliyinin cavahdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Tətinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 noyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1963-cü il təvəllüdlüdür və xx.xx.2007-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiyaya çıxdıqdan sonra əmək faəliyyətini davam etdirərək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı yığılmış və yığılmış pensiya kapitalı əsasında iddiaçının pensiyası bir neçə dəfə yenidən hesablanmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) müraciət edərək fərdi hesabın sığorta hissəsində yığılmış pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Onun müraciəti ilə bağlı cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-63501/2023 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi tətbiq edilərək iddiaçının pensiyası yığılmış pensiya kapitalına əsasən yenidən hesablanmış və 1.09.2023-cü il tarixdən etibarən 2795,47 manatdan 3614,79 manata artırılmışdır. İddiaçının əmək pensiyası indeksləşdirmələr və fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalına əsasən yenidən hesablanmalar da nəzərə alınmaqla xx.xx.2024-cü il tarixə qədər 4019,64 manat olmuşdur. 13 may 2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklər edilməsinə dair 530-VİQD nömrəli Qanun qəbul edilmiş, həmin Qanun 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmişdir. 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən (Keçid müddəaları), qeyd olunan 1.11-ci maddənin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi qeyd edilmişdir. Qanunda edilmiş bu dəyişiklikdən sonra cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi” haqqında məktub göndərilmişdir. Məktubda bildirilmişdir ki, “müraciətiniz əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyanız 1 sentyabr 2023-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 3614,79 manat məbləğində müəyyən edilmişdir. Həmçinin əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar hazırda əmək pensiyanızın aylıq məbləği 4019,64 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 6.1-ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, barənizdə inzibati icraat başlanıb. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən müraciətiniz əsasında 1 sentyabr 2023-cü il tarixində əmək pensiyanızın yenidən hesablanaraq 3229,24 manat (indeksləşdirilmələr nəzərə alınmaqda hazırda 3590,92 manat) məbləğində müəyyən edilməli olduğu halda, 3614,79 manat məbləğində müəyyən edildiyi aşkar olunub. Belə ki, Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş müddəasına əsasən Qanunun 9-cu maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixindən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yasa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Sizə xx.xx.2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyanız yenidən hesablanarkən, fərdi hesabınızın sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 136 aya (58992,72:136 ay (65 il-59 il 8 ay=64 ay+(144 ay-72 ay))) bölünməli olduğu halda, 72 aya bölünüb. Nəticədə, sizə ümumilikdə 3685,80 manat artıq pul vəsaiti ödənilib. Göstərilənlərlə əlaqədar, əmək pensiyanızın cari aydan etibarən qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 3590,92 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulub. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar mülahizələrinizin dinlənilməsi üçün 24 iyun 2024-cü il tarixinədək mülahizələrinizi və eyni zamanda sizə artıq ödənilmiş 3685,80 manat vəsaitin əmək pensiyanızdan tutulmasına dair yazılı razılığınızı təqdim etməyiniz xahiş olunur. Göstərilən müddət ərzində yazılı mülahizələrinizin təqdim edilməməsi barənizdə müvafiq inzibati aktın qəbul olunmasını istisna etmir”. Cavabdehin 3-17-1/3-7-7075/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış və pensiya məbləği 4019,64 manatdan 3590,92 manata azaldılmışdır. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazı və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə 3-17-1/3-7-7075/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın venidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəvvən edilmiş pensiva yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır, mülki aviasiyadan pensiyaya çıxıb. Pensiyaya çıxdıqdan sonra işləməyə davam edir. Hər növbəti altı ildən bir pensiyası yenidən hesablanır. Sonuncu müraciəti əsasında aparılmış yenidən hesablanma üzərindən bir neçə ay keçdikdən sonra 2024-cü ilin iyun ayında pensiya ödənişi həyata keçirilmədi və cavabdeh qurum tərəfindən 2024-cü ilin iyun ayında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əsasında yenidən hesablanmış pensiyanın məbləği azaldıldı. Buna əsas kimi cavabdeh qurum xx.xx.2022 tarixli 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsini rəhbər tutub. Halbuki cavabdeh qurum tərəfindən Qanunu səhv tətbiq edərək, pensiyaya çıxdıqdan sonra qazandığı kapitalı 72 aya bölməkdən imtina edir. Bununla qətiyyən razı deyil. Belə ki, işləyən pensiyaçı olduğu üçün sonuncu altı il əmək fəaliyyəti nəticəsində qazandığı sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, müraciəti əsasında pensiyanın yenidən hesablanması aparılmışdır və sığorta kapitalı 72 aya bölünməklə alınmış artım məbləği pensiyanın üzərinə əlavə edilmişdir. Daha sonra bir neçə ay keçdikdən sonra cari ilin iyun ayında həmin müraciətinə təkrarən öz təşəbbüsü ilə cavabdeh tərəfindən baxılmış, həmin vaxtkı müraciət əsasında keçirilmiş İnzibati icraat təzələnmişdir. Nəticədə cari ilin iyun ayında pensiyanın məbləğinin azaldılmışdır. Bununla bağlı inzibati akt qəbul edilməsi haqqında ona məktub göndərilmişdir və sonuncu altı il əmək fəaliyyəti nəticəsində qazandığı sığorta kapitalı əsasında pensiyasına daha az məbləğdə artım hesablanmışdır. Çünki sığorta kapitalı 72 aydan daha böyük rəqəmə bölünmüşdür. Əgər “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsində Qanunun 20-ci maddəsində göstərilən pensiyaçı kateqoriyasına aid olanlar barədəki "İstisna" (45.3), həmçinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxslər barədə də yazılmış olsaydı, o halda cavabdeh haqlı ola bilərdi. Lakin 45-ci maddədə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxslərin pensiyasının Qanunun 37.3.1-ci maddəsi əsasında yenidən hesablanması ilə bağlı və ya ümumiyyətlə yenidən hesablanması ilə bağlı hər hansı göstəriş yoxdur. Əgər onun barəsində xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinin tələblərinə əsasən, pensiyanın Qanunun 37.3.1-ci maddəsi ilə yenidən hesablanması aparılarkən "Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin ikinci cümləsində ifadə edilən qayda yəni, sığorta kapitalının 72 aydan daha böyük rəqəmə bölünməsi tətbiq edilməlidirsə, əgər həmin 2.2-ci maddə məhz o göstərişi ifadə edirsə, o halda nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi pensiya yenidən hesablananda gözlənilən pensiya ödənişi müddəti aylarının sayının (144 ayın) azaldılmasını nəzərdə tutur. 45-ci maddənin xx.xx.2022-dən qüvvəsini itirmiş ikinci cümləsi isə pensiyaya çıxdıqda gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmasını nəzərdə tutur. Cavabdeh qurum 37.3.1-ci maddəyə görə yenidən hesablanma apardıqda əvvəlcə gözlənilən pensiya ödənişi müddəti aylarının sayını pensiyaçının pensiyaya çıxdıqdan sonra işlədiyi ayların sayı qədər azaldır (maksimum 72 aydan çox olmamaq şərtilə), daha sonra 45-ci maddənin ikinci cümləsində nəzərdə tutulan pensiyaya çıxarkən aparılan hesablama qaydasını tətbiq edib həmin azaltdığı gözlənilən pensiya ödənişi müddəti aylarının sayını artırır (65 yaşa qədər olan müddət qədər). Başqa sözlə cavabdeh tərəfindən (144 ay - maksimum 72 ay) + (65 yaşa qədər olan ayların sayı) = alınan rəqəmə sığorta kapitalını bölürlər. Nəticədə alınan rəqəm sığorta kapitalının neçə aya bölünməsini dəqiq göstərir. Məsələn, 60 yaşlı işləyən pensiyaçının pensiyasının yenidən hesablanması zamanı əgər o pensiyaya çıxdıqdan sonra 6 il (6 il=72 ay) işləyibsə: (144 ay-72 ay=72 ay) (65 yaş-60 yaş=5 il=60 ay) 72+60=132 (sığorta kapitalı 132 aya bölünməlidir). Qeyd olunan hesablama cavabdeh tərəfindən aparılan hesablamadır. Onun razı olmadığı məqam 65 yaşa qədər olan ayların sayı qədər artırılma ilə bağlıdır. 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsində xx.xx.2022-dək, yəni 530-VİQD nömrəli Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyaları ilə bağlı göstəriş nəzərdə tutulur. Burada "qüvvəyə mindiyi günədək" ifadəsi müəyyən edir ki, məhz xx.xx.2022-dək olan zaman kəsiyi nəzərdə tutulur, həmin zamana baxanda isə görünür ki, yenidən hesablanma qaydası müəyyən edən 175 nömrəli Qaydalar var. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunda xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 17 nömrəli xx.xx.2017-ci il tarixli Qaydalar barədə heç nə yazılmayıb. 175 nömrəli xx.xx.2022-ci il tarixli Qaydalar yenidən hesablanmanın hüququnun yaranması tarixindən aparılmasını nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədən düşmüş ikinci cümləsi ümumiyyətlə yenidən hesablanma ilə bağlı hər hansı göstəriş nəzərdə tutmur. Baxmayaraq ki, “Əmək pensiyaları haqqında” Qanunun bununla bağlı hər hansı göstərişi olmayıb və yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin yenidən hesablanmada tətbiqini nəzərdə tutan, məhz 17 nömrəli, xx.xx.2017-ci il tarixli “Əmək pensiyalarının yenidən hesablanması” Qaydaları idi. Həmin Qaydalar xx.xx.2022-ci il tarixdən ümumiyyətlə ləğv edilib, xx.xx.2022-ci il tarixdən qüvvəsini itirib. xx.xx.2022-ci il tarixdən 175 nömrəli Əmək pensiyalarının yenidən hesablanması qaydaları qüvvəyə minib və həmin Qaydalarda 45-ci maddənin ikinci cümləsinin tətbiqi ilə bağlı, ümumiyyətlə 37.3.1-ci maddə əsasında yenidən hesablanma zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılması haqqında (65 yaşa qədər olan ayların sayı qədər) yəni ki, 45-ci maddənin ikinci cümləsinin tətbiqi haqqında heç bir göstəriş nəzərdə tutulmur. 17 nömrəli xx.xx.2017-ci il tarixli “Əmək pensiyalarının yenidən hesablanması Qaydaları”nda 48-ci, 49-cu misallarda 37.3.1-ci maddə əsasında yenidən hesablanma zamanı 45-ci maddənin ikinci cümləsinin tətbiqi nəzərdə tutulurdu. Baxmayaraq ki, 45-ci maddənin ikinci cümləsində yenidən hesablanma ilə bağlı göstəriş yoxdur. Lakin buna baxmayaraq 17 nömrəli Qaydalar 37.3.1-ci maddə əsasında yenidən hesablanma zamanı 45-ci maddənin ikinci cümləsinin tətbiq edilməsini müəyyən edirdi (48 və 49 nömrəli misallar vasitəsilə). Qısacası Qanunda olmayan göstərişi Qaydalarda tətbiq edirdilər (2017-2022 dövr ərzində bunu etmişdilər). 17 nömrəli Qaydalar 175 nömrəli Qaydaların qəbul edilməsi ilə qüvvəsini itirdi. Bu məhz xx.xx.2022-dək baş verib, xx.xx.2022-ci il tarixdən 175 nömrəli Qaydalar qüvvəyə minib, Nəticədə, xx.xx.2022-dək qüvvədə olan qanunvericiliyə görə pensiyanın yenidən hesablanması məsələsini tənzimləyən məhz 175 nömrəli Qaydalardır. 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinin göstərişinə əsasən xx.xx.2022-dək pensiyaya çıxanlara həmin tarixədək qüvvədə olan qanunvericilik tətbiq olunur. Baxmayaraq ki, yenidən hesablanma hüququ xx.xx.2022-dən sonra yaranıb, həmin tarixədək qüvvədə olan isə məhz 175 nömrəli Qaydalardır. Qeyd olunan bütün halları nəzərə alaraq, alınan məntiqi nəticə odur ki, xx.xx.2022-dən sonra pensiyanın yenidən hesablanma hüququ yaranmış şəxslərə xx.xx.2022-dək qüvvədə olan Qaydalar tətbiq edilməlidir. Həmin Qaydalar isə 175 nömrəli Qaydalardır. Çünki xx.xx.2022-dən etibarən 17 nömrəli Qaydalar ləğv edilib, pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsinin tətbiqini məhz həmin 17 nömrəli Qaydalar nəzərdə tuturdu. Həmin 17 nömrəli Qaydalar yenidən hesablanma zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmasını nəzərdə tuturdu (65 yaşa çatana qədər olan ayların sayı qədər). 45-ci maddənin ikinci cümləsində və 175 nömrəli Qaydalarda ümumiyyətlə yenidən hesablanma zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılması ilə bağlı hər hansı göstəriş yoxdur. Həmçinin 45-ci maddənin ikinci cümləsində yenidən hesablanma ilə bağlı ümumiyyətlə hər hansı söz yoxdur, həmin norma yenidən hesablanma ilə bağlı məsələləri tənzimləmir, pensiyaya çıxarkən aparılan hesablama qaydasını müəyyən edir. Qanunun 45-ci maddəsinin qüvvədən düşmüş ikinci cümləsində "pensiyaya çıxma yaşı" yazılıb, xx.xx.2022-ci il tarixdən ləğv edilmiş 17 nömrəli Qaydalarda 48-ci, 49-cu misallarda isə "pensiyanın yenidən hesablanma yaşı" əsas götürülməklə yenidən hesablanma aparılıb. Pensiyaya çıxma yaşı deyil. Həm 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinin tələblərinə, həm də bütün hüquq normalarının tələblərinə əməl etmək şərtilə görünən nəticə aşkardır, xx.xx.2022-dək kimin 6 il stajı tamam olubsa, onun barəsində 17 nömrəli Qaydalar tətbiq olunur və 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsində yenidən hesablanma qaydası olmasa da, həmin normanın 17 nömrəli Qaydalar vasitəsilə tətbiqi aparılır, xx.xx.2022-dən sonra kimin 6 il stajı tamam olubsa, onun barəsində 175 nömrəli Qaydalar tətbiq edilir və 45-ci maddənin ikinci cümləsinin tətbiqi istisna edilir. Çünki həmin 45-ci maddənin ikinci cümləsində yenidən hesablanma ilə bağlı hər hansı söz yoxdur. Çünki həmin cümlədə "pensiyaya çıxma yaşı" yazılıb pensiyanın yenidən hesablanma yaşı yazılmayıb, həmçinin hesablanma sözü yazılıb "yenidən hesablanma yazılmayıb". Həmçinin 37.3.1-ci maddə əsasında yenidən hesablanma aparılanda 17 nömrəli Qaydalarda məhz "pensiyanın yenidən hesablanma yaşı" əsasında riyazi əməliyyat aparıldığını aşkar görmək mümkündür. Həmçinin 175 nömrəli Qaydalarda 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsinin tətbiqini nəzərdə tutan hər hansı göstəriş yoxdur. Pensiyanın yenidən hesablanması hüququ 37.3.1-ci maddəyə görə xx.xx.2022-dən sonra yarandığı üçün 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsini barəsində tətbiq etmək qanunaziddir. İddiaçı iddia tələbinə əlavə əsaslandırma barədə yazılı ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında Qanunun 45-ci maddəsi pensiya təyin edilən zaman gözlənilən pensiya ödənişi müddəti aylarının sayını müəyyən edir. Həmin maddənin ikinci cümləsi qanuna xx.xx.2017-ci il tarixdən əlavə edilib və geriyə şamil edilmir. Ona xx.xx.2017-ci il tarixdən əvvəl pensiya təyin edilib. Buna görə də 45-ci maddənin ikinci cümləsi barəsində tətbiq edilə bilməz. O, xx.xx.2017-ci il tarixindən əvvəl yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxıb, bu o deməkdir ki, onun gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay təşkil edir. Qanunun 37.3.1-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 72 ay azaldılır. Nəticədə 6 il ərzində qazandığı sığorta kapitalının ödənilməsi üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 72 ay təşkil edir. Cavabdehin istinad etdiyi 45-ci maddənin ikinci cümləsi qanuna xx.xx.2017-ci il tarixindən əlavə edilib. xx.xx.2022-ci il tarixli 530- VİQD nömrəli Qanunun 2.2-ci maddəsi pensiyanın təyin edilmə tarixini əsas olaraq müəyyən etdiyi üçün, nəzərə almaq lazımdır ki, 45-ci maddənin ikinci cümləsi qanuna xx.xx.2017-ci il tarixdən etibarən əlavə edilib, geriyə şamil edilmir. xx.xx.2017-ci il tarixədək pensiya təyin olunanda sığorta kapitalının 50 faizini nəzərə alaraq hesablama aparılıb. xx.xx.2017-ci il tarixdən etibarən isə sığorta kapitalının 90 faizi nəzərə alınıb pensiya təyin edilib. Yəni kimin barəsində pensiya təyin edilən vaxt 45-ci maddənin ikinci cümləsi tətbiq edilibsə, onun sığorta kapitalının 90 faizi nəzərə alınıb, onunku isə cəmi 50 faizi nəzərə alınıb. Çünki o, xx.xx.2017-ci il tarixindən əvvəl pensiyaya çıxıb. xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli qanunun 2.2-ci maddəsi isə məhz pensiyanın təyin edildiyi tarixi nəzərdə tutaraq göstəriş müəyyən edib. Həmin maddədə yazılıb ki, əmək pensiyaları haqqında Qanunun 45-ci maddəsinin ikinci cümləsinin ləğv edilməsi barədə müddəa xx.xx.2022-ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına münasibətdə tətbiq edilmir. xx.xx.2022-ci il tarixədək isə pensiya qanunu dəfələrlə dəyişdirilib. Hesab edir ki, onun gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay olduğu üçün və yenidən hesablanma zamanı həmin 144 ay 72 ay azaldılmalı olduğuna görə əmək pensiyanın yenidən hesablanması zamanı sığorta kapitalı 72 aya bölünməlidir. Cavabdehin mövqeyinə görə 530-VİQD nömrəli qanun 45-ci maddənin ikinci cümləsinin tətbiqini yenidən hesablanma zamanı gələcək zamanda davam etdirir baxmayaraq ki, həmin norma ləğv edilib. xx.xx.2023-cü il tarixdən qüvvəvə minmiş 627 nömrəli qanun: 2.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il yanvarın 1-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq venidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Qısacası 627 nömrəli qanun 45-ci maddənin ikinci cümləsinin tətbiqini xx.xx.2023-dək olan venidən hesablanma hallarına keçmişə şamil etmir. xx.xx.2023-dək əmək pensiyasının sığorta hissəsinin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq venidən hesablanması halları xx.xx.2022-dək pensiya təyin olunan şəxslərin də pensiyasinin yenidən hesablanma hallarını özündə ehtiva edir. Çünki 20-ci maddənin kateqoriyasına aid olan hərbi və xüsusi rütbəli şəxslərə 9-cu maddəyə əsasən pensiya təyin edilib. Cavabdehin mövqeyinə görə 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsi həm hesablanma, həm də yenidən hesablanma hallarını tənzimləyir. 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsi ilə qüvvədə olan ikinci cümləsi eyni göstərişi nəzərdə tutursa, yəni 65 yaşa kimi olan ayların sayı qədər gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmasını nəzərdə tutursa, o halda, 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsi pensiya təyin edilmə halları üçün və yenidən hesablanma halları üçün qayda müəyyən edibsə, qüvvədə olan ikinci cümləsi isə yenidən hesablanma halları üçün qayda müəyyən edirsə, 20-ci maddənin kateqoriyasına aid olan hərbi və xüsusi rütbəli şəxslərə 9-cu maddəyə əsasən pensiya təyin edildiyinə görə, 530-VİQD nömrəli Qanun 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsinin (144 ayın artırılmasını) xx.xx.2022-dək pensiya təyin edilən şəxslərin barəsində yenidən hesablanma zamanı tətbiq edilməsini nəzərdə tutursa, 627 nömrəli qanun isə xx.xx.2023-dək 45-ci maddənin qüvvədə olan ikinci cümləsinin (144 ayın artırılmasını) yenidən hesablanma zamanı tətbiqini qadağan etdiyi üçün xx.xx.2022-dək pensiya təyin edilmiş şəxslərin 37.3.1-ci maddə əsasında yenidən hesablanma halları xx.xx.2023-dək 37.3.1-ci maddə əsasında yenidən hesablanma hallarının dairəsinə daxil olduğuna görə, 9-cu maddəyə əsasən pensiya təvin edilən şəxslər, hansılar ki. həm də 20-ci maddənin kateqoriyasına aiddir, onların barəsində 45-ci maddənin tətbiq edilməsinin əsasını cavabdeh izah etməlidir. O, Qanunun 20-ci maddəsində qeyd edilmiş şəxslərin kateqoriyasina aid deyil. Cavabdehin mövqeyinə görə 530-VİQD nömrəli Qanuna əsasən 45-ci maddənin ikinci cümləsi qüvvədən düşmüş olsa da, gələcək zamanda yaranmış yenidən hesablanma hüququ hallarında tətbiqi aparılmalıdırsa, madam ki həmin norma yenidən hesablanma hallarını da nəzərdə tutursa, o halda 627 nömrəli qanun hansı səbəbdən 45-ci maddənin qüvvədə olan ikinci cümləsinin xx.xx.2023-dək aparılmış yenidən hesablanma hallarına şamil edilmədiyinə dair göstəriş müəyyən edib? Cavabdehin mövqeyinə görə 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsi xx.xx.2022-dək pensiya təyin edilən şəxslərin pensiyasının 37.3.1-ci maddə əsasinda yenidən hesablanması zamani nəzərə alınmalıdır. Belə olan halda həmin pensiyaçının pensiyası yenidən hesablanarkən cavabdehin mövqeyinə görə, gözlənilən pensiya ödənişi müddəti aylarının sayı yenidən hesablanma yaşı ilə 65 yaş arasindaki fərq qədər artırılmalıdır. Lakin cavabdeh unudur ki, xx.xx.2023-dən etibarən qüvvəyə minmiş 627 nömrəli Qanunun keçid müddəalarında yazılıb ki, artırılmalı deyil. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il yanvarın 1-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində tələbinin əsasları kimi ona güzəştli şərtlərlə əmək pensiyası təyin edildikdən sonra pensiyanın yenidən hesablanması üçün tələb olunan 6 il iş stajının xx.xx.2022-ci il tarixdən sonra tamam olduğunu və “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasının ona tətbiq edilməməli olduğunu qeyd etmişdir. İddiaçının əmək pensiyası xx.xx.2023-cü il pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 3614,79 manat məbləğində müəyyən edilmişdir. İnzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdən əmək pensiyası yenidən hesablanaraq 3229.24 manat (xx.xx.2024-cü il tarixə indeksləşdirilməklə 3590.92 manat) məbləğində müəyyən edilməli olduğu halda, 3614,79 manat məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də, həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Qanunverici orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinin məntiqi davamı olaraq 05 noyabr 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Bundan əlavə, iddia tələbi həm də onunla əsaslandırılmışdır ki, Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsində pensiyanın “yenidən hesablanma” qaydası deyil, “hesablanma” qaydası müəyyən edilmişdir, yəni həmin müddəa pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar xx.xx.2022-ci il tarixədək qüvvədə olmamış, 2022-ci ilin aprel ayında ləğv edilmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.2022-ci il tarixli 175 nömrəli Qaydaların, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddələrinin düzgün tətbiq edilmədiyi qeyd edilmişdir. Bununla bağlı qeyd edirik ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göstərilənlərə əsasən vurğulayırıq ki, Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanma” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Həmçinin onu da xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinə dair 48-ci misalda Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsi tətbiq edilməklə hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Digər tərəfdən, Qanunun 45-ci maddəsinin adından da göründüyü kimi, maddə “Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti”nin tənzimlənməsi ilə əlaqədar olmaqla, həm əmək pensiyasının təyinatı, həm də pensiyanın yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddətinin hesablanması ilə bağlıdır. Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Odur ki, pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022-ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. İddiaçıya xx.xx.2022-ci il tarixdən əvvəl, yəni xx.xx.2007-ci il tarixdə pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 136 aya (58992,72:136 ay (65 il - 59 il 8 ay=234 ay+(144 ay-72 ay (6 il və daha çox işlədiyi üçün)) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüş və nəticədə iddiaçıya artıq pul vəsaiti ödənilmişdir. Göstərilənlərlə əlaqədar, iddiaçıya təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-7075/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında" qərarla qanunvericiliyin tələblərinə uyqun qaydada yenidən hesablanaraq, 3229.24 manat məbləğində müəyyən edilmişdir. İddiaçı cavabdehin yazılı etirazına qarşı yazılı mülahizə təqdim edilmişdir. Mülahizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təqdim edilmiş iddia tələbinə qarşı etirazda qeyd olunan dəlilləri əsassız, qanunaziddir. Cavabdehin etirazında yalnız bir dəlilə qarşı münasibət ifadə edilib. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin qüvvədən düşmüş ikinci cümləsində "yenidən hesablanma" sözünün olmamasını bildirən cavabdeh öz mülahizələrini həm 45-ci maddənin "adı" ilə müdafiə edib, həm də Qanunun 37.3.1-ci maddəsinin göstərişinə zidd olaraq cümlənin ümumi kontekstindən "hesablanma” sözünü çıxarıb. İlk əvvəl qeyd etmək lazımdır ki, hər hansı maddənin adı özü - özlüyündə maddi hüquq normasının göstərişi deyil, əks halda Qanunun 37.3.1-ci maddəsinin aid olduğu 37-ci maddənin adına baxılsa görərik ki, həmin maddənin adı "Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları" adlandığı halda həmin maddə yenidən hesablanma müddəalarının və digər maddənin adı ilə əlaqəli olmayan tənzimləmə mexanizmi nəzərdə tutur. Ona görə də, cavabdehin həmin istinadı tamamilə əsassızdır. Qanunun 37.3.1-ci maddəsinin həmin cümləsində qanunverici iki dəfə eyni cümlədə yenidən hesablanma sözündən istifadə edilə bilməzdi. Qanunun həmin normasına görə, pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Maddədə yazılıb ki, "yenidən hesablanır. Həmçinin cavabdeh nəzərə almır ki, həmin maddədə pensiyaya çıxma yaşı yox, pensiya təyin edilmə tarixi yox, məhz həmin tarixdən sonrakı dövr yazılıb. Cavabdeh tərəfindən etirazda həmçinin hər hansı hüquq normaları çərçivəsində olmayan öz mülahizələri ifadə edilib. Belə ki, qanunvericinin iradə sərbəstliyini tamamilə yalnış formada təqdim edərək, Qanunverici orqanın və Həmin Qanunun qüvvəyə minməsini və icrasını təmin edən hakimiyyət orqanlarının aydın yazılı formada ifadə etdiyi göstərişi görməzdən gəlir. Qanunun 45-ci maddəsində yalnız ikinci cümlə yox, həm də üçüncü cümlə var, Qanunverici lazım bilsəydi eynilə 45-ci maddənin üçüncü cümləsində olduğu kimi ikinci cümləsində də yenidən hesablama sözünü yazardı. Lakin Qanunverici məhz 45ci maddənin ikinci cümləsində “pensiyaya çıxma” yaşı yazıb. Həmçinin nəinki hər hansı bir söz, 45-ci maddənin ümumi konteksti də bir daha sübut edir ki, həmin maddə məhz pensiyanın təyin edilməsi hallarına münasibətdə tənzimləmə nəzərdə tutur. Cavabdeh 45ci maddənin "gözlənilən pensiya ödənişi müddəti aylarının sayı" adlanmasına istinad edərək bildirib ki, həmin maddədə bütün hallarda nəzərə alınmaqla riyazi yenidən hesablamalar aparılır. Lakin cavabdeh nəzərə almır ki, 45-ci maddənin ikinci cümləsi Qanuna xx.xx.2017-ci il tarixində əlavə olundu. Cavabdehin məntiqinə görə, xx.xx.2006 xx.xx.2017 dövr ərzində kimin pensiyası yenidən hesablanıbsa, onların barəsində gözlənilən pensiya ödənişi müddəti aylarının sayı tətbiq edilmirdi? Və ya xx.xx.2017xx.xx.2022-ci il dövr ərzində pensiyası yenidən hesablananlar Qanunda olmayan tənzimləməyə niyə məruz qalıb? Və ya xx.xx.2022-dən etibarən pensiyaya çıxanların hansı üstünlükləri var? Nazirlər Kabineti hansı səbəbə görə 175 nömrəli qaydaların nəinki adında, həm də məzmununda hesablanma və yenidən hesablanma sözlərindən istifadə edir? Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın onun pensiyasının yenidən hesablanması nəticəsində pensiya məbləğinin azalmasını və nəticədə subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı xx.xx.2007-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya təyin edildikdən sonra əmək fəaliyyətinə davam etmiş, fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalına əsasən iddiaçının əmək pensiyası bir neçə dəfə yenidən hesablanmışdır. Sonuncu dəfə iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edəək 6 il işlədiyinə görə, fərdi hesabın sığorta hissəsində yığılmış 58992,72 manat pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-63501/2023 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi tətbiq edilərək iddiaçının pensiyası yığılmış pensiya kapitalına əsasən yenidən hesablanmış və 1.09.2023-cü il tarixdən etibarən 2795,47 manatdan 3614,79 manata artırılmışdır. Bu zaman cavabdeh 58992,72 manat pensiya kapitalını 72-yə bölmüş, nəticədə pensiya məbləği 819,34 manat artım olmuşdur. Sonra həmin məbləğ indeksləşdirilərək pensiya məbləği 4019,64 manat çatdırılmışdır. Cavabdeh “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi” barədə iddiaçıya məktub göndərmiş və hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış və pensiya məbləği 4019,64 manatdan 3590,92 manata azaldılmışdır. Cavabdeh pensiyanın yenidən hesablanması barədə mövqeyini, iddia tələbinə qarşı verilən etirazda göstərilənlərə, yəni “Əmək pensiyaları haqqında” Qanununa 13 may 2022ci il tarixli 530-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə və həmin Qanunun keçid müddəalarına istinadla əsaslandırır. Cavabdeh hesab edir ki, iddiaçının pensiyası yenidən hesablanarkən səhvə yol verilmiş və “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi tətbiq edilməli olduğu, yəni pensiya kapitalı 136-ya bölünməli olduğu halda 72-yə bölünmüşdür. İddiaçı isə bununla razılaşmır, tələbini iddia ərizəsi, iddia ərizəsinə əlavə, cavabdehin etirazına qarşı verdiyi yazılı mülahizələrdə qeyd edilənlərə istinad edir və hesab edir ki, Həmin Qanunda olan dəyişiklik və keçid müddəaları ona tətbiq edilə bilməz. İddiaçı bildirir ki, Qanunun 45-ci maddənin ləğv edilmiş ikinci cümləsi ümumiyyətlə pensiyanın yenidən hesablanmasını deyil, pensiya təyin edilməsi hallarını tənzimləyir. İddiaçı həmçinin hesab edir ki, cavabdeh keçid müddəalarını səhv tətbiq edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisədən göründüyü kimi hazırkı işin mübahisəli halı iddiaçının yığılmış sığorta kapitalına əsasən pensiyasının yenidən hesablanması zamanı qanunvericiliyin tətbiqi ilə bağlıdır. Məhkəmə hesab edir ki, qanunvericilikdə istifadə olunan ifadələrə aydınlıq gətirilməlidir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğini nəzərdə tutur. Əmək pensiyasının sığorta hissəsi isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğini ehtiva edir. Əmək pensiyasının yığım hissəsi dedikdə, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.10, 1.0.12 və 1.0.13-cü maddələri). Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.14 və 45-ci maddəsinin birinci cümləsi). Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya kapitalını fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsait təşkil edir, hansı ki, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Qanunun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq;... Qanunun 6-cı maddəsinə əsasən sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları... Əsasnamənin 3-cü hissəsinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı pensiya təyin edildikdən sonra işləmiş və pensiya kapitalının formalaşdırılması üçün onun aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır. İddiaçıya pensiya təyin edildiyindən hazırkı halda sığorta hadisəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması hüququnun yaranması təşkil edir ki, istinad olunan normalara əsasən sığorta hadisəsi baş verdikdə şəxsin sığorta ödəməsini, yəni onun fərdi hesabında toplanan pensiya kapitalını almaq hüququ vardır. Hazırkı mübahisənin yaranmasına səbəb iddiaçının fərdi hesabını sığorta hissəsində yığılmış pensiya kapitalının hesablanması zamanı qanunvericiliyin tətbiqidinə yaranan fərqli mövqe ilə əlaqədardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunla qüvvəyə minmiş 29 iyun 2022-ci il tarixə qədər qüvvədə olan redaksiyası aşağıdakı kimi olmuşdur: Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (normanın birinci cümləsi). Buraya gözlənilən pensiya ödənişi müddəti, yəni 144 ay (12 il) daxildir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır (normanın ikinci cümləsi). Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır (normanın üçüncü cümləsi). 13 may 2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklər edilməsinə dair 530-VİQD nömrəli Qanun qəbul edilmiş (həmin Qanun 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş) və Qanunun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Qanunun 45-ci maddəsinə dəyişiklik edilməsi ilə bağlı 530-VİQD nömrəli Qanununun Keçid müddəalarının 2.2-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan 1.11-ci maddənin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Məhkəmə iddiaçının Qanunun 45-ci maddəsinin ikinci cümləsinin pensiyanın yenidən hesablanması hallarını deyil, təyin edilməsini tənzimləməsi ilə bağlı dəlili ilə razılşamır ona görə ki, Qanunun 45-ci maddəsinin ikinci cümləsinin məzmunundan göründüyü kimi, Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göründüyü kimi, normanın məzmununda “Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında” sözlərindən istifadə edilmişdir. Sığorta və yığım hissələrinə görə hesablanma isə, yenidən hesablanmanı da əhatə edir. Digər tərəfdən həmin normanın qüvvədən düşməsinə dair 530-VİQD nömrəli Qanunun Keçid müddəalarından göründüyü kimi, normanın ləğv edilməsinin, Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi açıq-aydın qeyd edilmişdir. Lakin məhkəmə hesab edir ki, cavabdeh Keçid müddəalarını hazırkı mübahisəyə səhv tətbiq etmişdir. Belə ki, cavabdeh iddiaçının xx.xx.2023-cü il tarixli müraciəti əsasında Qanunun 37.3.1-ci maddəsini tətbiq edərək iddiaçının pensiyasını yığılmış 58992,72 manat sığorta kapitalı əsasında yenidən hesablamış, bu zaman yığılmış pensiya kapitalını 72-yə bölərək 819,43 manatı pensiya məbləğinə əlavə etmişdir. Lakin sonradan Qanunun 45-ci maddəsində edilən yuxarıda qeyd edilən dəyişikliklə bağlı Qanunun Keçid müddəalarını tətbiq edərək inzibati icraat aparmış və qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarla iddiaçının pensiyasını yeni qaydada, Qanunun 45-ci maddəsinin ləğv edilmiş ikinci cümləsini tətbiq edərək gözlənilən pensiya ödənişi aylarının sayını artırmış, nəticədə pensiya məbləğində azalma baş vermişdir. Belə ki, cavabdeh Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma apararkən iddiaçının fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalını 136 aya (58992,72:136 ay (65 il-59 il 8 ay=64 ay+(144 ay-72 ay))) bölmüşdür. Məhkəmə qeyd edir ki, Keçid müddəasında qeyd edilmişdir ki, qeyd olunan 1.11-ci maddənin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Məhkəmə qeyd edir ki, hüquq normasının düzgün, dəqiq və eyni cür başa düşülməsi və tətbiq edilməsi üçün normanın hərfi mənası ilə yanaşı, mahiyyəti və qəbul edilmə məqsədi də aşkar olunmalıdır. Bu zaman qanunverici orqanın niyyəti təhrif edilməməlidir. Belə ki, normanın məzmununu və təyinatını obyektiv şəkildə aydınlaşdırmaq üçün onun qəbul edildiyi konkret şəraiti və qəbul edilməsini zəruri edən halları nəzərə almaq lazımdır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 40-cı maddəsində də qeyd olunduğu kimi, normayaratma prosesinin mərhələlərindən biri normativ hüquqi aktın layihəsinin hazırlanmasıdır. Normativ hüquqi aktın layihəsində həmin aktın qəbul olunması zərurəti əsaslandırılmalı, layihənin hazırlanma məqsədləri qeyd olunmalıdır. 5.04.2022-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinin İX sessiyası iclasında baş tutmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşunda həmin layihənin hazırlanma məqsədləri qeyd olunmuşdur. Həmin sessiyanın 87 nömrəli iclas protokolundan da məlum olur ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri M.Quliyev qeyd etmişdir ki, “...45-ci maddədə təklif olunan dəyişiklik nəticəsində bu qanunun 9-cu maddəsi üzrə güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərdən daha çox pensiya kapitalının tələb olunması aradan qaldırılacaqdır. Bu da həmin kateqoriyadan olan şəxslərin pensiyalarının orta məbləğinin 170 manat artmasına imkan yaradacaqdır”. “Azərbaycan Respublikası Milli X1 təsdiq edilməsi haqqında” Qanunun 18-ci maddəsinə əsasən qanun layihəsi ikinci oxunuşda maddə-maddə müzakirə edilir. İkinci oxunuşda qəbul edilmiş qanun layihəsi müzakirə zamanı müəyyənləşdirilmiş daxili ziddiyyətlərin aradan qaldırılması və redaktə edilmək üçün aparıcı komitəyə qaytarılır. Bu iş başa çatdıqdan sonra aparıcı komitə üçüncü oxunuş üçün hazırlanmış qanun layihəsini Milli Məclisin sədrinə göndərir. Milli Məclisin Sədri qanun layihəsinə üçüncü oxunuşda baxılmasını Milli Məclisin iclasının gündəliyinə salır. Sözügedən Qanun layihəsinin ikinci oxunuşu 5.05.2022-ci ildə keçirilmişdir. Həmin iclasın 91 nömrəli protokolundan aydın olur ki, Milli Məclisin deputatı E.Nəsirov qeyd etmişdir ki, “...Mənə çoxsaylı məktublar da gəlmişdi, insanlar açıq şəkildə qeyd edirdilər ki, təsəvvür edin, bizi 5 il tez pensiyaya çıxardırlar, sağ olsunlar, bu, çox əla. Amma indi gəlin pensiyanın hesablanma qaydasına baxaq. Adi vətəndaşlar əmək pensiyasına çıxarkən onların sığorta kapitalını 144-ə bölürlər. Ancaq erkən çıxdığımızdan 60 aya bərabər olan 144-ün üstünə gəlirlər, edir 204. Nəticədə deyir, götürüb bizim sığorta kapitalımızı 144-ə yox, 204-ə bölürlər. Nəticədə biz ikiqat itiririk, bunun harası güzəştli pensiya oldu? Biz, əksinə daha çox ziyan çəkmiş oluruq. Bu kimi hallar, təbii ki, bu qəbildən olan, bu kimi sahələrdə işləyən insanlarda geniş narazılıq doğururdu. Çox sevindirici haldır ki, artıq “Əmək pensiyaları haqqında” Qanunda edilmiş müvafiq düzəlişə görə bax, hesab edirəm ki, bu ədalətsiz yanaşma aradan qaldırılır. Artıq zərərli sahədə işləyən insanlar 5 il erkən pensiyaya çıxırlar və eyni zamanda, onların da pensiyasını hesablayarkən daha 204-ə bölmək yox, adi qayda ilə, yaşa görə pensiyaya çıxanlarla eyni yanaşma olur. Yəni bu, 144-ə bölməklə həyata keçirilir. Bu o deməkdir ki,144-ə bölünürsə, deməli söhbət 12 ildən gedir. 65 yaşdan da əmək pensiyasına çıxış reallaşırsa, deməli bizdə orta yaşama dövrü gəlib 77-yə çıxır. Hesab edirəm ki, bax, bu kateqoriyadan olan, zərərli sahələrdə, ağır iş şəraitində işləyən insanlara münasibətdə “Əmək pensiyası haqqında” Qanunda bu düzəlişin edilməsi olduqca təqdirəlayiq haldır. Mən də bu qəbildən olan, bu sahədə çalışan insanlar da öz təşəkkürlərini ifadə edirlər ki, vaxtı ilə olmuş bu cür ədalətsiz bir yanaşma indi haqlı olaraq aradan qaldırılıb”. Göründüyü kimi, Qanunun 45-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hesablama qaydası (gözlənilən pensiya ödənişi müddəti aylarının sayının güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılması), güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ tətbiq edilən şəxslərə münasibətdə məhdudiyyət nəzərdə tutduğundan qanunverici həmin normanın Qanundan çıxarılmasını məqsədəmüvafiq hesab etmişdir. Cavabdeh iddiaçının pensiyasını yenidən hesablayarkən (həm xx.xx.2023-cü il tarixli ərizəsi əsasında, xx.xx.2023-cü il tarixli qərarla), həmçinin özünün tətbiq etdiyi yenidən hesablamanı səhv hesab edərək yeni hesablama apararkən (İnzibati icraatın nəticəsində xx.xx.2024-cü il tarixli qərarla) Qanunun istinad edilən 45-ci normasının ikinci cümləsi qüvvədə deyildi, ləğv edilmişdi. Cavabdehin keçid müddəlarına istinad edərək, Keçid müddəalarında qeyd edilmiş normaların əks yanaşmasını, yəni həmin normanın ləğv edilənədək qüvvədə olan redaksiyasını həmin normanın qüvvəyə mindiyi günədək (xx.xx.2022) təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməli olduğunu bildirir. Məhkəmə cavabdehin bu mövqeyini əsassız hesab edərək qeyd edir ki, Keçid müddəalarında həmin normanın təsbit edilməsi onunla əlaqədardır ki, qeyd olunan dəyişiklik əmək pensiyaçılarının xeyrinə baş vermiş dəyişiklikdir. Lakin Qanuna edilmiş dəyişiklik, xx.xx.2022-ci il tarixdən qüvvəyə mindiyinə görə, həmin tarixdən sonra olacaq pensiya təyinatına və pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilər. Keçid müddəasına əsasən həmin dəyişiklik qüvvəyə minənənədək (xx.xx.2022) Qanunun əvvəlki redakasiyasına əsasən (yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılması tətbiq edilmiş şəxslər) əmək pensiyası təyin edilmiş və ya əmək pensiyası yenidən hesablanmış əmək pensiyaçıları həmin dəyişikliyə istinad edərək, pensiyanın yenidən hesablanması ilə bağlı cavabdehə müraciət edə bilməz. Keçid müddəalarındakı məhdudiyyətin tətbiqi zamanı qanunverici orqanın məqsədi və keçid müddəalarının mahiyyəti bundan ibarət olmuşdur. Lakin cavabdeh həmin keçid müddəalarındakı normaların əks yanaşmasını tətbiq edərək normanın artıq qüvvədən düşmüş ikinci cümləsinə istinad etmiş və iddiaçının pensiyasını yenidən hesablamışdır. Məhkəmə təkrar olaraq qeyd edir ki, Keçid müddəaları əmək pensiyaçıların həmin norma qüvvəyə minənədək pensiyası yenidən hesablanmış şəxslərin həmin normaya istinadən yenidən hesablama tələb etməsi ilə bağlı məhdudiyyəti nəzərdə tutur. Yəni fərz edək ki, cavabdeh iddiaçının pensiyasının yenidən hesablayarkən Qanunun 45-ci maddəsinin 2-ci cümləsini tətbiq edərək yığılmış pensiya kapitalını 72 aya deyil, həmin normaya görə gözlənilən pensiya ödənişi müddəti aylarının sayının güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artıraraq (136) aya bölərək pensiya təyin etdiyi halda, iddiaçı həmin normanın ləğvindən sonra cavabdehə müraciət edərək normanılm ləğv edildiyinə istinad edib, yığılmış pensiya kapitalını 72 aya bölməklə yenidən hesablama tələb edə bilməzdi. Keçid müddəlarındakı məhdudiyyət əmək pensiyaçılarına münasibətdə nəzərdə tutulmuşdur və cavabdehə həmin normalara istinad edib, ləğv olunmuş normanı tətbiq edərək əmək pensiyaçısının ziyanına olan pensiyanın yenidən hesablanmasını aparmaq hüququ vermir. Cavabdehin iddiaya qarşı yazılı etirazında həmçinin qeyd etmişdir ki, pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022-ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödəniş müddəti aylarının sayı artırılmalıdır. Cavabdehin yanaşmasından belə nəticə hasil olur ki, xx.xx.2022-ci il tarixə qədər pensiya təyin edilmiş və ya pensiyası yenidən hesablanmış şəxslərin pensiyası həmin tarixdən sonra yığılmış pensiya kapitalına əsasən yenidən hesablama aparılarkən Keçid müddəaların tətbiq edilməli və Qanunun 45-ci maddəsinin 2-ci cümləsi tətbiq edilərək həmin normada təsbit olunduğu kimi, pensiya ödənişi müddətinin aylarının sayı artırılmalıdır. Lakin cavabdehin bu yanaşması hüquq normasının səhv təfsir edilməsidir ki, bu cür yanaşma qanunverici orqan tərərəfindən Qanuna edilmiş dəyişikliyin mahiyyətini heçə endirmiş olar. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-7075/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı barəsində “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-12344/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12344/2024
07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver