Məhkəmə qərarları › İş №2-1(112)-1235/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1235/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1235/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X15 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X2, 3-cü şəxs X4 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər "xxxx" MTK və X6 işə cəlb edilməklə mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs "xxxx" MTK işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 955-ci məhəllə, 2-ci korpus, 3-cü blok, 10-cu mərtəbədə yerləşən, ümumi sahəsi 172.6 kv.m olan 4 otaqdan ibarət 170 saylı mənzilə dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi iləməhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 955-ci məhəllədə, 2-ci korpus, 3-cü blok, 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 172.6 kv.m olan 4 otaqdan ibarət 170 saylı mənzili əvvəlki payçısı (sahibi) X7 ilə 29.11.2016-cı il tarixdə notarial qaydada alğı-satqı müqaviləsi bağlayaraq, dəyərini (121000 manat) tam şəkildə ödəməklə almışdır. MTK-nın verdiyi maliyyə arayışından da, görünür ki, payçı olaraq tərəfindən mənzilin dəyəri tam şəkildə ödənilmiş və onun MTK-ya heç bir borcu yoxdur. Mənzilin mülkiyyətçisi və kooperativ üzvü olduğuna görə həmin mənzil üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın təqdim edilməsi üçün MTKnın ofisinə bir neçə dəfə şəxsən getməklə müraciət etsə də, həmçinin yazılı şəkildə müraciətinə baxmayaraq, ona heç bir səbəb göstərmədən protokoldan çıxarışı verməkdən imtina etmişlər. Daha sonra dəyərini tam ödəməklə aldığı mənzilinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi üçün sənədlərlə cavabdehə müraciət etmiş və təqdim etdiyi sənədlərin arasında protokoldan çıxarış olmadığına görə idarənin əməkdaşları tərəfindən sənədlərininin qəbul edilməsindən imtina edilmişdir. Nəticədə məcbur qalıb, mövcud sənədləri poçt vasitəsi ilə cavabdehə göndərmişdir. Ona ünvanlanmış 08.06.2020-ci il taixli, **********61 nömrəli cavab məktubunda inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8..0.6-cı maddəsinə istinad edərək tərəfindən “protokoldan çıxarış” təqdim edilmədiyinə görə ərizənin icrasından imtina etmişdir. Həmin imtina məktubu poçt vasitəsi ilə ona rəsmi qaydada 11.06.2020-ci il tarixdə təqdim edilmişdir. Hesab edir ki, cavabdhein imtinası qanunsuz və əsassızdır. Cavabdeh inzibati orqanın bu qanunsuz hərəkəti onun Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktları ilə təsbit edilən mənzil, mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1235/2021 saylı, 09.06.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. X1 tərəfindən məhkəmyə ərizə ilə müraciət edilərək, Bakı İnzibati Məhkəməsini 09.06.2021-ci il tarixli, 2-1(112)-1235/2021 saylı qərarının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi və iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1235/2021 saylı, 28.07.2021-ci il tarixli qərardadı ilə X4 ərizəsi təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1235/2021 saylı, 09.06.2021ci il tarixli qərarı ləğv edilmiş və işin icraatı təzələnərək, X6 iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş, iş üzrə məhkəmə hazırlıq iclası 28 sentyabr 2021-ci il tarixə təyin edilmişdir. İş üzrə 28.09.2021-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X6 mübahisəli mənzilin ilk öncə onun atasına ayrıldığını bildirərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və digər 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraqhesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı, mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 955-ci məhəllə, 2-ci korpus, 3-cü blok, 10-cu mərtəbədə yerləşən, ümumi sahəsi 172.6 kv.m olan 4 otaqdan ibarət 170 saylı mənzili, 12.10.2013-cü il tarixdə "xxxx" ilə X7 arasında bağlanmış müqaviləyə əsasən mənzilin payçısı X3 29.11.2016-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən əldə etmişdir. İş üzrə 3-cü şəxs X4 mərhum atası X8 isə sözügedən mənzili 15.01.2007-ci il tarixli, 104 nömrəli, "xxxx" MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən əldə etmişdir. İşin hallarından göründüyü kimi, hazırki iş üzrə mübahisə predmetini təşkil edən mənzil mübahisəlidir və mənzilə dair ilkin hüquqmüəyyənedici sənədlər X4 atası X5 məxsusdur. Göstərilən hallar isə, iddiaçının inzibati məhkəmə icraatı qaydasında mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu istisna edir. Odur ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ mövcud olmamaqla, iddia tələbi İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar