Məhkəmə qərarları › İş №2-1(112)-12355/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12355/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12355/2025 23.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı öz arzusuna əsasən silahlı qüvvələrdən ehtiyata buraxılması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə daxil olmuş, 2011-ci il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmişdir. xx.xx.2013-cü il tarixdən isə zabit qismində həqiqi hərbi xidmətdədir. İddiaçı xx.xx.2024-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciət etmişdir. İddiaçının müraciəti cavabdeh tərəfindən cavablandırılmamışdır. İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2025-ci il tarixli raportuna əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə daxil olmuşdur. Təhsil müddətinin (6 ilin) 4 ilini mülki tələbə kimi oxumuşdur. 2011-ci il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmişdir. xx.xx.2013-cü ildən leytenant rütbəsini alıb, zabit kimi Silahlı Qüvvələrdə xidmət etmişdir. 29 iyun 2023-cü il tarixdə onun zabit kimi xidmətinin 10 ili başa çatır. Bununla bağlı 2 ay qabaqcadan qanunvericiliyə əsasən raportla yuxarı komandanlığa müraciət etmişdir. Həmin raportuna əsasən onunla əlaqədar (ehtiyata buraxılmağına hazırlıqla bağlı) müəyyən işlər görülməli, sənədlər göndərilməli, cavablar alınmalı idi. Raportunun icrası ilə əlaqədar aparılan işlər barədə onun özü də məlumatlandırılmalı idi. Belə ki, 10 ilinin tamamında onun ehtiyata buraxılmağı təxirəsalınmadan qanunvericiliyə uyğun olaraq həyata keçirilməlidir. Lakin əfsuslar olsun ki, raportunun verilməsinə və üzərindən xeyli müddət keçməyinə baxmayaraq onun ehtiyata buraxılmasıyla əlaqədar heç bir iş (tədbir) aparılmamışdır. O, 21 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə Müdafiə Nazirliyinin Baş X1 bölməsinin rəisinin adına raport yazaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ordu sıralarından həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportunun yazılmasının üzərindən xeyli müddət keçməsinə baxmayaraq hərbi hissə komandiri tərəfindən cavab yazılmamışdır. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağının gecikdirilməsini qanunsuz və əsassız hesab edir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı 01 iyul 2011-ci il tarixdən təhsilini Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində kursant kimi davam etdirmiş, 23 iyun 2013-cü il tarixdən Azərbaycan Ordusu sıralarında N nömrəli hərbi hissənin 5-ci taborunun qərargah bölüyünün tibb məntəqəsinin rəisi vəzifəsində leytenant hərbi rütbəsində xidmətə başlamış və rezidentura təhsilinə qədər ordu sıralarında zabit kimi xidmətdə olmuşdur. Bundan sonra İddiaçı 12 sentyabr 2014-cü il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və 07 yanvar 2019-cu il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən Müdafiə Nazirliyinin Baş X2 terapiya şöbəsinin Ordinatoru vəzifəsinə təyin edilərək xidmətini davam etdirmiş və hal-hazırki tarixədək xidmətim davam etdirir. İddiaçı iddia ərizəsində 2013-cü il tarixdən leytenant hərbi rütbəsində Azərbaycan Ordusunda xidmətə başladığını və 2023-ci il tarixdə onun 10 il zabit kimi xidməti olduğunu göstərək 22 aprel 2025-ci il tarixdə ehtiyata buraxılması üçün komandanlığa müraciət etməsini qeyd etmiş, lakin sonradan müraciətindən xeyli müddət keçməsinə baxmayaraq heç bir tədbir görülmədiyindən məhkəməyə müraciət etməsini göstərmişdir. Bildirilir ki, “Hərbi qulluqçuların statusu haqqında”, Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında 22 dekabr 2023-cü il tarixdə dəyişiklik edilmiş və 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş, belə ki həmin Qanununun 2.4.2-ci yarımbəndinə “Qeyd” hissəsi əlavə edilmiş və orada “Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir.” göstərilmişdir. Yəni İddiaçı 12 sentyabr 2014-cü il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və 07 yanvar 2019-cu il tarixdə təhsilini bitirmişdir, bu da onu göstərir ki, iddiaçı 4 il 3 ay 25 gün müddətində rezidentura təhsildə olmuş və onun 10 il zabit kimi Azərbaycan Ordusunda xidməti olmamış, belə ki, onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 7 il 9 ay təşkil edir və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciəti əsassızdır belə ki, onun 10 il zabit kimi Azərbaycan Ordusundan tərxis olunması hüququnu əldə etməmişdir. İddiaçı tərəfindən cavabdehin etirazına yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, cavabdeh tərəfindən qanunvericiliyə edilmiş dəyişikliklər və bu dəyişiklikliklərin guya iddiaçının vəziyyətində olan zabitlərə şamil edilməsi barədə yalnış məlumat verir. Belə ki, cavabdehin özü də etirazda iddiaçının xidmətinin 10 il tamam olmasını etiraf edir. Lakin sonra qanunvericilikdəki dəyişikliyə əsasən həmin müddətin ona münasibətdə 15 il hesablandığını qeyd edir. Guya onun hələ təqribən 5 il xidmət ili qalıb. Bu əsas da aşağıda qeyd edəcəklərinə əsasən absurd hesab edilməlidir... Qanunvericilikdə olan dəyişiklik 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmişdir. Həmin qanunvericilik onun 2014-cü il tarixdə rezidentura təhsilinə qəbul edildiyi müddətdən 10 il sonra qəbul edilmişdir. Qanunvericilikdə olan ağırlaşdırıcı hallarla bağlı dəyişikliyin əvvəlki müddətə şamil edilməsinin yolverilməzliyi barədə birbaşa Konstitusiyada xüsusi maddə və qeyd var. Həmin qanunvericilikdəki dəyişiklik, qanun qüvvəyə mindikdən sonra rezidentura təhsilinə başlayan şəxslərə şamil edilir. Bu barədə qanunvericilikdəki dəyişiklikdə qeyd edilib. Həmin dəyişiklikdə qanundakı dəyişikliyin əvvəlki dövrə şamil edilməsi barədə birbaşa qeyd olmadığından (olsaydı belə mübahisə və ziddiyyət yaratmış olardı) bu halın onun ənim kimi xidmətdə olan (əvvəlcədən rezidenturaya qəbul edilmiş) şəxslərə şamil edilmir. Hesab edir ki, cavabdehin etirazı əsassızdır. Belə ki, o, xidmətə daxil olduğu zaman, eləcə də rezidentura təhsilinə başladığı zaman qanunvericilikdə hazırki dəyişiklik edilməmiş və onun 10 il xidmət etmək vəzifə-öhdəliyi olmuşdur. O, isə hazırda 13 il hərbi xidmətdədir. Həmin 13 il müddətində 44 günlük Müharibədə də fəal iştirak etdiyini xüsusi qeyd etmək istəyir. Yəni Dövlətə vicdanla, qürurla 13 il xidmət etmişdir. İndi isə 10 illik müddətin başa çatması ilə əlaqədar ehtiyata buraxılmağını tələb edir. Bu onun hüququdur. Bu hüquq ona xidmətə başladığı dövrdə (həmçinin rezidenturaya başladığı və bitirdiyi dövrdə) qüvvədə olan qanunvericiliyə əsasən verilib. O, qanundakı dəyişikliyin olacağını qabaqcadan bilsəydi həyatında tamam başqa addımlar atmış olardı. Heç bəlkə hərbi zabit olmaqdan belə vaz keçərdi. Həyatını uyğun şəkildə dəyərləndirib planlaşdırardı. Onu da qeyd edir ki, o, rezidentura təhsili aldığı müddət ərzində faktiki olaraq hərbi xidmətdə qalmağa davam etmişdir. Həmin dövrdə Müdafiə Nazirliyinin tabeliyində olan tibb məntəqəsində həkim kimi xidmət etmiş, Hərbi Tibb Fakültəsində, fakültə üzrə növbətçi kimi fəaliyyət göstərmiş, üzərinə düşən tədrisdən kənar bütün xidməti öhdəliklərini və vəzifələrini yerinə yetirmişir. Bundan başqa cavabdehin iddia tələbinə etiraz ərizəsində guya onun rezidenturanı 2019cu il tarixdə bitirməyi qeyd edilib. Əslində neçənci ildə bitirməyinin tərxis olunmaq tələbilə əlaqəsi olmasa da, bildirmək istəyir ki, etirazlarında onun təhsil müddətini 1 il daha çox qeyd etmişdilər. Təhsil aldığı müddətdə ona növbəti hərbi rütbənin verilməsi də göstərir ki, bu dövr fəal hərbi xidmətlə paralel aparılıb və hüquqi baxımdan da xidmət stajının davamı olub. Yeni bu təhsil müddəti yalnız ad baxımından “təhsil dövrü” olub, faktiki olaraq isə hərbi xidmətinin ayrılmaz hissəsi kimi həyata keçib. Həmçinin, COVİD-19 pandemiyası dövründə, Azərbaycan Ordusunun səhiyyə heyətinə olan ehtiyacı nəzərə alınaraq, o, həmin dövrdə hərbi həkim kimi xidmətini şərəflə davam etdirmişdir. Xüsusilə qeyd edilməlidir ki, əksər hərbi həkimlərin rezidentura dövrü 44 günlük Vətən müharibəsi ilə üstüstə düşmüşdür. Həmin ərəfədə bir çox hərbi həkimlər təhsil aldıqları halda ezam edilərək döyüş bölgələrinə göndərilmiş və vətənpərvərliklə, şərəflə xidmətlərini davam etdirmişlər. Onun hərbi xidməti dövründə həm aprel 2016-cı il döyüşlərində, həm də 44 günlük Vətən Müharibəsində aktiv şəkildə hərbi xidmət etmişdir. Bu hallar da bir daha sübut edir ki, onun təhsil dövrü, xidmətin mahiyyət və məzmununa görə faktiki hərbi xidmətlə eyniləşdirilmişdir. Bu faktlar onu göstərir ki, onun rezidentura dövrü, forma və hüquqi mahiyyətinə görə, xidmət stajına tam bərabər tutulmalı olan dövrdür. Həmin vaxt qüvvədə olan ganunvericilik də bu yanaşmanı dəstəkləyir və 2024-cü ildən sonra gəbul edilmiş dəyişikliklərə əsaslanarag bu dövrün stajdan çıxılması hüquqa ziddir. Hesab edir ki, qanundakı dəyişikliklər ona şamil edilə bilməz. Ona aid olması da dəyişikliklərdə qeyd edilməyib. Konstitusiya - ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində bu hal ilə bağlı göstərişlər mövcuddur. Buna görə, yeni hüquq norması ilə bağlı tətbiq olunan şəxsin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz. Qazanılmış hüquqlara münasibətdə müəyyən edilmiş hal odur ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu hərəkətsizlik etdiyi üçün hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı 10 ildən artıq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmət edir və öz arzusuna əsasən ehtiyata buraxılmağı ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh isə iddiaçının müraciətini baxılmamış saxladığından hazırkı mübahisə yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: 41.0-cı maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ... 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; ... “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 18ci maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər; 22-ci maddəsinin ikinci bəndinə əsasən, müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 156-cı maddəsinə əsasən, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin: 6-cı maddəsinə əsasən, hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. Göründüyü kimi, yuxarıda qeyd edilmiş qanunvericilik aktları müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılması hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da, malik olur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu müvafiq komanda üzrə rəhbərliyinə təqdim etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciəti (raportu) üzrə inzibati icraat nəticəsində sonuncunun ehtiyata buraxılması və ya bundan imtina olunması məsələsi ilə bağlı rəsmi yazılı cavab verilməmişdir. Lakin cavabdeh məhkəməyə təqdim etdiyi etirazında öz rəsmi yazılı münasibətini bildirmiş, iddiaçının zabit kimi hərbi xidmətinin 10 il deyil, daha az olduğunu iddia edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh bu mövqeyini “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına 22 dekabr 2023-cü il tarixdə edilmiş və 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş dəyişikliklə əsaslandırmışdır. Belə ki həmin Qanunla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə “Qeyd” hissəsi əlavə edilmişdir. Həmin qeydə əsasən zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir. Məhkəmə cavabdehin etirazının bu dəlili ilə razılaşmır. Belə ki, Əsasnaməyə edilmiş həmin dəyişiklik 22 dekabr 2023-cü il tarixdə qəbul edilmiş və 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmişdir. Halbuki, iddiaçı Əsasnaməyə müvafiq məzmunda Qeyd hissəsi əlavə edilənədək rezidentura təhsilini başa vurmuş və həmin tarixədək qanunvericilikdə müəyyən olunmuş 10 illik xidmət müddətini tamamlamışdır. Bununla bağlı məhkəmə hesab edir ki, qanunvericilikdəki dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddia üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının öz arzusu ilə vəzifəsindən azad olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu (İPM-in 14.3-cü maddəsi), hərbi qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmaması, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinasının qanunazidd olması və iddiaçının hüquqlarını pozması (İPM-in 73.1-ci maddəsi) iş üzrə təsdiqini tapmışdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddia təmin edilməli, iddiaçının öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2025-ci il tarixli raportuna əsasən AR Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (“öz arzusu ilə”) ehtiyata buraxılması vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar