Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12359/2023 17.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Birgə İddiaçı1 və İddiaçı2 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X1rşı “doğum akt qeydinin aparılması və şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixində iddiaçıların birgə nikahından anadan olan övladının doğumun qeydə alınması, soyad qrafasında “Özer”, ad qrafasında “Umut”, ata adı qrafasında “İddiaçı2”, doğum tarixi “xx.xx.2023-cü il”, doğulduğu yer “Azərbaycan Respublikası, Bakı şəhəri”, ata qrafasında “İddiaçı2”, ana qrafasında “İddiaçı1”, milliyəti “türk” kimi qeyd edilməklə doğum akt qeydinin aparılması və buna müvafiq doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikah 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 752 nömrəli nikah akt qeydi ilə rəsmiləşdirilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixində AZ-İİ № 571916 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Qeyd edilmişdir ki, birgə iddiaçıların nikahından 1-ci övladı xx.xx.2023-cü il tarixində dünyaya gəlmişdir. xx.xx.2023-cü il tarixində 34 həftəlik doğulmuş uşağa doğum haqqında şəhadətnamə almaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Doğum haqqında Tibbi Şəhadətnamə və digər sənədlər ilə müvafiq orqan olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinə xx.xx.2023-cü il tarixində müraciət etmişdirlər. Lakin 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il 3-16-5/7-Ö- 16xx-xx/2023 saylı cavaba əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən uşağa doğumun qeydə alınması və ata qrafasında “İddiaçı2”-nun qeyd edilməsindən imtina edilmiş, müvafiq imtina məktubuna əsasən, imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Özer X3 Cavid Səttar oğlu ilə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixində 3432 saylı nikah akt qeydi ilə qeydə alınmış nikahın pozulması ilə bağlı xx.xx.2022-ci il tarixində Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-4560/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahın pozulması qət edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixli, 678 saylı nikahın pozulması haqqında akt qeydi ilə nikah pozulmuş və iddiaçılara nikahın pozulması haqqında şəhadətnamə təqdim edilmişdir. Nikahın pozulması haqqında qətnamə xx.xx.2022-ci il tarixində çıxarılsa da, o, iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı1 keçmiş həyat yoldaşı ilə heç bir bağlılığı olmamış, xx.xx.2023-cü il tarixində doğulmuş uşağı həyat yoldaşı İddiaçı2 dünyaya gəlmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-4560/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi 2022-ci ilin oktyabr ayında qanuni qüvvəsini almışdır. Əgər uşaq normal doğuşla dünyaya gəlsəydi, o zaman 10 aydan sonra (avqustun 13-ü normal doğuş olacaqdı) doğular və beləliklə, avtomatik İddiaçı2 adına manəsiz uşağa doğum akt qeydi verilərdi. Buna baxmayaraq, 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi bu kimi faktları nəzərə almamış, uşağın normal doğuşla dünyaya gəlməsi halında nikah pozulmasından sonra 300 gün ərzində uşağın doğulması kimi bu halı qiymətləndirmiş, beləliklə, qanun pozuntusuna yol vermişdir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Doğum haqqında Tibbi Şəhadətnamədən də göründüyü kimi İddiaçı2 ata olaraq özünü təqdim etmiş, sözü gedən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Doğum haqqında Tibbi Şəhadətnamədə ata haqqında məlumatlarda İddiaçı2 dair qeydlər öz əksini tapmışdır. Beləliklə, bütün bu faktlar xx.xx.2023-cü il tarixində dünyaya gəlmiş uşağın doğumunu qeydə alınmasını, ata adının “Görkem Burak”, ata haqqqında məlumat bəndində valideyn kimi “İddiaçı2”-ın qeyd edilməsini şərtləndirir.
3. İddiaçı X8 (şəhadətnamədə qeyd olunmuş-Həsənzadə) X5 ilə Xətai rayonu Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, xx.xx.2022-ci il tarixində nikaha xitam verilmişdir.
4. Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixində nikah bağlanmışdır.
5. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən birgə iddiaçılar iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.
II. İddianın mümkünlüyü
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
7. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə: 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.10. atalığın etiraf olunması faktının.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Qərarı:
18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.
10. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: - Ailə-nikah münasibətlərindən irəli gələn tələblər;
11. İddiaçı ilə X5 arasındakı nikah qiyabi məhkəmə qətnaməsi əsasında pozulmuş və nikahın pozulması haqqında şəhadətnamə xx.xx.2022-ci il tarixdə verilmişdir. Doğum haqqında tibbi şəhadətnaməyə əsasən uşaq xx.xx.2023-cü il tarixdə doğulmuşdur. İddiaçı bildirir ki, uşaq 34 həftəlik doğulduğundan tələbi əsaslıdır.
12. Uşaq, nikahın pozulmasından sonra 300 gün ərzində doğulduğundan məhkəmə inzibati orqanın imtinasının qanunsuz hesab edilməsi qənaətinə gələ bilməz. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia ailə münasibətlərindən irəli gəldiyinə görə inzibati məhkəmə icraatında baxıla bilməz və iddiaçının arzuladığı məqsədə çatmaq üçün səmərəli hüquq müdafiə vasitəsi atalığın etiraf olunması faktının müəyyən edilməsinə dair ərizə ilə ümumi məhkəməyə müraciətdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmə tərəfindən dərhal iddiaçıya hüquqi yardım göstərilərək səmərəli hüquq müdafiə vasitəsi izah edilmişdir.
13. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
15. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva