Məhkəmə qərarları › İş №2-1(112)-1236/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1236/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1236/2024 29.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 17 fevral 2023-cü il tarixli AN-İ ******* №-li alqı-satqı müqaviləsinə əsasən X3 (satıcı) ünvan 1 ünvanına yerləşən, ümumi sahəsii 0,02 ha olan torpaq sahəsini İddiaçı (bundan sonra – iddiaçı) satmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən 0,02 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. İddiaçı həmin torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, “...tərəfinizdən təqdim edilmiş bölgü sxemi və sənəd üzrə yerləşməsi ilə faktiki sahənin yerləşməsində uyğunsuzluq mövcud olduğundan plan ölçünün tərtib edilməsi tərəfimizdən mümkün olmamışdır”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə dair plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda torpaq sahəsi Bakı şəhəri Suraxanı rayonu hövsan qəsəbəsində hasara alınmış və qonşularla heç bir mübahisəsi yoxdur. Həmin torpaq sahəsində ev tikmək məqsədi ilə torpağın plan-ölçüsünün əldə edilməsi üçün cavabdehə müraciət olunmuşdur. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətinin təmin olunmaması barədə cavab verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, tərəfindən mövcud torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə edilmiş və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Belə olan halda imtinanın verilməsi iddiaçının hüquqlarını kobud şəkildə pozur. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Tərəflərin iştirakı və izahatları: Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. . ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, 17 fevral 2023-cü il tarixli AN-İ ******* №-li alqı-satqı müqaviləsinə əsasən X3 (satıcı) ünvan 1 ünvanına yerləşən, ümumi sahəsi 0,02 ha olan torpaq sahəsini iddiaçıya satmışdır. İddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsinə dair plan ölçü sənədinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtina əsası kimi ona istinad edir ki, təqdim edilmiş bölgü sxemi və sənəd üzrə yerləşməsi ilə faktiki sahənin yerləşməsində uyğunsuzluq mövcud olduğundan plan ölçünün tərtib edilməsi mümkün olmamışdır. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 200,0 kv.m təşkil edir (üzərində tikili yoxdur). Torpaq sahəsi dörd tərəfdən mişar daşla düzülərək sərhədlənib. Faktiki göstərilən 200,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olundu. X Y

1. 422671.873 4471074.575

2. 422658.968 4471071.215

3. 422655.189 4471085.731

4. 422668.094 4471089.091

Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti olaraq göstərilən torpaq sahəsi sənəd üzrə olan 1200,0 kv.m torpaq sahəsinin hüdudlarından kənarda, qonşu torpaq sahəsində yerləşir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Məktəbli küçəsi 150 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsinə dair tərtib edilmiş bölgü sxemi ilə göstərilən torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi sənəd üzrə olan 1200,0 kv.m torpaq sahəsinin hüdudlarından kənarda, qonşu torpaq sahəsində yerləşir. Göstərilən sahə sənəd üzrə olan 1200,0 kv.m torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyindən digər qonşu sahələrlə yeni bölgünün aparılması mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq cavabdeh xx.xx.2023cü il tarixli məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatına əsasən İddiaçı sözügedən torpaq sahəsini X1 alqı-satqı əsasında almışdır. Şəhadətnaməyə əsasən tərtib edilmiş bölgü sxemi ilə göstərilən torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, iddiaçının göstərdiyi sahə sözügedən sahənin hüdudlarından kənarda, qonşu torpaq sahəsində yerləşir. İş materialllarından müəyyən edilir ki, Hazırda iddiaçının mülkiyyətində olan 200 kv.m torpaq sahəsinin də daxil olduğu, 0,12 ha torpaq sahəsi Suraxanı XDS İK-nın xx.xx.1990cı il tarixli, 05 saylı Qərarı ilə X4 və ailə üzvlərinə ayrılmış, JN-27187D, KOD 00600036 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Sonradan həmin 0,12 ha torpaq sahəsi, hərəsi 200 kv.metr olmaqla 6 nəfərə salıtmış, alıcılar torpağın bölgü sxemini tərtib edərək imzalamışlar. İddiaçı 200 kv.m torpaq sahəsini həmin altı nəfərdən biri olan X1 almışdır. Məhkəmə cavabdehdən Suraxanı XDS İK-nın xx.xx.1990-cı il tarixli, 05 saylı Qərarı ilə X4 və ailə üzvlərinə ayrılmış 0,12 ha torpaq sahəsinin, bölgü sxemə əsasən iddiaçının X1 aldığı torpaq sahəsinin və iddiaçının hazırda plan və ölçü tərtib edilməsi üçün göstərdiyi (iddia etdiyi) torpaq sahəsinin ortofoto görüntüsü tələb etmiş, eyni zamanda tərəflərin iştirakı ilə mübahisəli ünvanın yerində baxış keçirmişdir. Təqdim edilmiş ortofodan və yerində baxışdan müəyyən edilmişdir ki, iddiaçı hüquqmüəyyənedici sənədlər əsasən ona ayrılmış torpağa deyil, tamam başqa ərazidən göstərdiyi torpağa plan və ölçünün tərtib edilməsini xahiş edir. Belə olna halda müəyyən edilir ki, cavabdehin imtinası əsaslıdır. İddiaçı hazırkı iş üzrə alqı-satqı əsasında aldığı və torpaq sahəsinin yerləşməsi ilə bğalı tərtib edilmişı bğlgü sxemə uyğun olaraq, yəni 0,12 ha torpaq sahəsinin hududları daxilində ona düşən hissədə plan və ölçünün tərtib edilməsi ilə bağlı cavabdehə müraciət edə bilər. Həmin müraciətin nəticəsindən asılı olaraq tələbi təmin olunmadığı halda məhkəmədə yeni iddia verər. Hazırkı halda, iddiaçının göstərdiyi torpaq sahəsi hüquqmüəyyənedici sənədlər üzrə kənarda yerləşir, iddiaçının tələb etməli olduğu sahə ilə bağlı isə iddiaçının cavabdehə müraciəti və cavabdeh inzibati orqanın inzibati icraatı mövcud deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar