Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1236/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraja dair mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən 21,8 kv.m daş qaraja dair daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ barədə qeydiyyat aparılmasının (çıxarış verilməsinin) cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Onun istifadəsində ünvan 1 ünvanında yerləşən 21.8 kv.m daş qaraj vardır. Belə ki, notarial qaydada xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında həmin qarajı X5 almışdır və xx.xx.2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən texniki pasport verilmişdir. Həmin texniki pasportda daşınmaz əmlakın təsviri tam olaraq təsdiq olunmuşdur. Artıq həmin vaxtdan onun qaraja dair mülkiyyət hüququ yaranmış, lakin mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmamışdır. Hazırda hüquqlarını qeydə aldırmaq üçün cavabdeh orqana müraciət etmişdir, lakin hüquqlarının qeydə alınmasından imtina olunmuşdur. Halbuki, alqı-satqı müqaviləsi tərtib edilərkən dövlət orqanı tərəfindən Forma 1 adlı arayışa əsasən qaraj haqqında məlumatlar öz təsdiqini tapmışdır və heç bir həbs və məhdudiyyət qoyulmamışdır, iddiaçıya həmin qarajla bağlı texniki pasport cavabdeh orqan tərəfindən xx.xx.2014-cü il tarixdə verilmişdir. Lakin cavabdeh orqan əsassız olaraq imtina etmişdir. İmtina məktubunda göstərilən halların hamısı əsassızdır və iddiaçıya şamil oluna bilməz. Çünki, o, hazırda hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müraciət etmişdir, texniki pasportu vardır və ilkin sənədi alqı-satqı müqaviləsidir. Ümumiyyətlə, iddiaçı tam olaraq qanuni əsaslarla mülkiyyəti əldə etmişdir, alqı-satqı müqaviləsi notariat orqanında təsdiq olunmuş və texniki pasportu da cavabdeh təşkilat vermişdir. Həmçinin, imtina məktubunda göstərilir ki, 2013-cü ilin yanvarın 1-dən əvvəl inşa olunmuş tikililərə layihə və digər sənədlər lazımdır, halbuki, məktubun birinci vərəqində gösərilir ki, həmin qaraj 1976-cı ildə inşa olunmuş, Kirov rayon X4 İcraiyə Komitəsinin xx.xx.1976-cı il tarixli, 12 nömrəli fərması ilə qarajın tikintisinə icazə verilmişdir. Qaraj tikilən zaman SSRİ qanunları qüvvədə olmuş və icazəni də həmin vaxt olan icra qurumu vermişdir. Buna görə də, bütün sənədlər tam qaydasındadır, müqavilə, tikilən dövrün icazə sənədi, texniki pasport həmin qarajın mülkiyyət hüquqların qeydə alınması üçün əsasdır və daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun tələblərinə də uyğundur. Lakin hazırda əsassız olaraq hüquqların qeydə alınmasından imtina olunmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iddiaçının hüquqi marağının aydın olduğunu və bununla bağlı ilkin müraciətinin də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə edildiyini nəzərə alaraq iddia ərizəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin cavabdeh kimi göstərilməsini formal xəta hesab edir və cavabdeh qismində publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsini qəbul edərək tələbin dəqiqləşdirilməsinə zərurət görmür. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan qeyri-yaşayış binasının (qaraj) iddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci və ya 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən qarajdan 10 metr məsafədən yeraltı 319 mm-lik, 7 metr məsafədən 219 mm-lik orta təzyiqli qaz xətti keçir. xx.xx.2024-cü il tarixdə idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılması məqsədilə ünvanda olan zaman məlum olmuşdur ki, qarajın texniki pasportda eni 3 metr qeyd olunsa da, faktiki 3,9 metr təşkil edir. Qeyd olunanlarla yanaşı, texniki pasportda istinad və məsafələr qeyd edilmədiyindən qarajın sənəd üzrə yerləşməsini təyin etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçının müvafiq tələblə bağlı müraciəti təmin edilməmişdir. -Notarial qaydada təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X9 ünvan 4 ünvanında yerləşən 21,8 kv.m olan daş qarajı alıcı İddiaçı satmışdır. Müqavilənin 2-ci bəndində qeyd olunur ki, satılan daşınmaz əmlak Bakı şəhəri Tİ və MHQ İdarəsi tərəfindən xx.xx.1995-ci ildə tərtib edilib, xx.xx.2001-ci il tarixdə verilmiş (7/1224) texniki pasportuna əsasən satıcıya məxsus olmuşdur. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının müraciətinə verilmiş cavab məktubunda bildirilir ki, “..keçmiş Kirov rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1976-cı il tarixli, 12 nömrəli fərdi istifadə üçün qarajın quraşdırılmasına dair sahənin ayrılması ilə bağlı qərarı əsasında X8 müvəqqəti qarajın quraşdırılmasına icazə verilməsi qərara alınmışdır. X11 xx.xx.1995-ci il tarixli alqısatqı müqaviləsi əsasında müvafiq qarajı X2. X13 xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsi əsasında qarajı X1. Son olaraq texniki pasporta əsasən X7 məxsus olan qaraj 09.01,2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmış və sonuncunun adına qaraja dair texniki pasport tərtib edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən yoxlama-ölçü işləri aparılan zaman məlum olmuşdur ki, sözügedən qaraj qarajlar sırasında yerləşir. Qarajın daxili eninə ölçüsü arxiv texniki pasportunda 3,0 metr qeyd edilsə də, faktiki ölçüsü 3,9 metr təşkil edir. Elektron kadastr baza məlumatlarına əsasən arxiv texniki pasportunda dəqiq istinadlar və məsafələr qeyd edilmədiyi üçün qarajın sənədlə yerləşməsini təyin etmək mümkün olmamışdır. Göstərilən ərazidən 10 metr məsafədən yeraltı 319 mm-lik, 7 metr məsafədən 219 mm-lik orta təzyiqli qaz xətti keçir”. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli, 11/112 inventar nömrəli texniki pasportdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr., 6a saylı binanın həyətində yerləşən 1976-cı ildə tikilmiş qarajın faktiki sahəsi 18.0, tikintialtı sahəsi isə 21.8 m2-dən ibarətdir. -xx.xx.2001-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, X13 Bakı şəhəri Tİ və MHQ İdarəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş texniki pasporta və Forma 1 sənədinə əsasən Bakı şəhəri, 6-cı mkr., ev 6 a, mənzil 106-da yerləşən, ümumi sahəsi 21,8 kv.m olan daş qarajı X1. -xx.xx.1995-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, X11 Bakı şəhəri, Tİ və MHQİ tərəfindən 30/867 nömrəli, xx.xx.1995-ci il tarixdə verilmiş texniki pasporta əsasən Bakı şəhəri, 6-cı mikrorayon, 6a nömrəli evin həyətində yerləşən qarajı X2. - Kirov rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1976-cı il tarixli, 12 nömrəli fərdi istifadə üçün qarajın quraşdırılmasına dair sahənin ayrılması ilə bağlı qərarından görünür ki, X8 3x6 m ölçüdə müvəqqəti qarajın quraşdırılmasına icazə verilmişdir. Beləliklə, işin faktiki hallarından görünən odur ki, iddiaçı AN-İ ******* nömrəli qarajın alqı-satqısına dair notariat qaydasında təsdiq edilmiş xx.xx.2014-cü il tarixli müqaviləyə və həmin qaraja dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli, 11/112 inventar nömrəli texniki pasporta istinad edərək Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, 6a saylı binanın həyətində yerləşən sahəsi 21,8 kv.m olan qaraj üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və müvafiq çıxarışın verilməsini xahiş edir. Onun bu məqsədlə cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Cavabdehin imtina əsas imtina dəlili odur ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci və ya 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. Məhkəmə cavabdehin imtinasının qanunazidd olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qüvvədə olan qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. İstinad olunan Qanunun 8.0.9.2-ci maddəsində 2013-cü il yanvarın 1-dək inşa edilmiş tikililərə dair, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair isə 8.0.10.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər göstərilmişdir. Hazırkı halda isə iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, 6a saylı binanın həyətində yerləşən qaraj üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsini tələb etsə də, qüvvədə olan əmlak qanunverciliyinin tələblərinə uyğun olaraq həmin qeyri-yaşayış sahəsinin qeydiyyata alınması üçün qeyd olunan Qanunun 8.0.9.2-ci maddəsində nəzərdə tutulmuş sənədləri (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı), yaxud 8.0.10.1-ci maddəsindəki sənədləri (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə) nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının istinad etdiyi cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş texniki pasport qeyri-yaşayış binasının -qarajın texniki göstəricilərini əks etdirən sənəd olduğundan və həmin sənəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmadığından iddia olunan daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd sayıla bilməz. Məhkəmə iddiaçı ilə qarajın əvvəlki sahibi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə münasibətdə qeyd edir ki, qanunun 8.0.3-cü maddəsində nəzərdə tutulmuş sənəd (daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr) kimi hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin: -146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. -152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.4-ci maddəsinə əsasən, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. -648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Mülki qanunvericiliyin qeyd olunan normalarından göründüyü kimi daşınmaz əmlak üzrəində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan yaranır. Yalnız bundan sonra şəxs həmin əmlakın hüquqi müqəddəratını həll etmək imkanı əldə edir. Yəni daşınmaz əmlaka dair bağlanmış alqısatqı müqaviləsi artıq müvafiq reyestrdə qeydiyyata alınmış əmlak üzərində mövcud olan hüququn digər şəxsə (alıcıya) ötürülməsini nəzərdə tutur. Lakin hazırkı halda sözügedən qaraj sahəsi dövlət reyestrində qeydiyyata alınmış əmlak olmadığından onun alqısatqısına dair təqdim edilmiş müqavilə notarial qaydada təsdiq edilmiş olsa belə, daşınmaz əmlak barəsində hüquqverən sənəd kimi qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 21,8 kv.m daş qaraj üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri təqdim edə bilmədiyindən cavabdehin imtina əsası kimi istinad digər əsaslara ayrıca münasibət bildirilməsinə zərurət yoxdur. Çünki cavabdehin imtina əsasları digər hissələrdə əsassız olsa belə, hazırkı şərtlər altında iddia tələbinin təmini istisna olunur. İddiaçının tələbinin təmin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Odur ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1236/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1236/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver