Məhkəmə qərarları › İş №2-1(112)-12361/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12361/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12361/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarının 1-ci bəndinə əsasən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılması, hazırlanması məqsədi ilə ezamiyyətdə olmuş hərbi qulluqçular cümləsini nəzərə alaraq ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidməti üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “Müharibə veteranı adı və vəsiqəsi” verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2013-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Səfərbərliyin Planlaşdırılması və Səfərbərlik hazırlığı şöbəsinin zabiti, xx.xx.2016-cı il tarixdə həmin şöbənin baş zabiti vəzifəsinə təyin olunmuşdur. xx.xx.2017-ci il tarixdə Səfərbərlik Baş İdarəsinin ehtiyatda olan hərbi vəzifəlilərin qeydiyyatı şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Ümumilikdə 30 il həqiqi hərbi xidmət keçməklə xx.xx.2024-cü il tarixdə “Polkovnik” hərbi rütbəsində xəstəliyilə əlaqədar ehtiyata buraxılmışdır. 01 aprel 2013-cü il tarixdən 30 aprel 2024-cü il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmətində müvafiq vəzifələrdə xidmət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1ci bölməsində qeyd olunub ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında hərbi qulluqçulara və mülkü şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilməlidir. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikasinda qismən səfərbərlik elan edilməsi haqqinda Azərbaycan Respublikasi Prezidentinin 28 sentyabr 2022-ci il tarixli sərəncaminın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin edilməsi tapşırığı verilmişdir. Qeyd olunan sərəncama əsəsən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısına qoyulan tapşırıqların operativ və dəqiqliklə yerinə yetirilməsi, döyüşən hərbi hissələrin ştatına uyğun olaraq hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə tam komplektləşdirilməsi məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 28 sentyabr 2020-ci il tarixli 154 nömrəli əmrinə əsasən N saylı hərbi hissəyə ezamiyyətə göndərilmişdir. 24 saat ərzində yüksək bacarıqla hərbi hissənin ştatına uyğun olaraq şəxsi heyət və hərbi-nəqliyyat vasitələri ilə tam komplektləşdirməsində həmçinin döyüşə hazırlanmasında hərbi hissə komandanlığına yaxından köməklik göstərmişdir. Əlavə olaraq 4 gün müddətində həbi hissə komandirinin verdiyi əmr və göstərişlərini yüksək səviyyədə, vaxtında yerinə yetirmiş və şəxsi heyətə öz hərbi bilik və bacarıqlarından (taktika və atəş hazırlığı) üzrə məşqlər keçmiş, 02 oktyabr 2020-ci il tarixdə öz xidməti yerinə qayıtmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarının 1-ci bəndinə əsasən 2020-ci il sentyabrın 27-dən noyabrın 10dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılması, hazırlanması məqsədi ilə ezamiyyətdə olmuş hərbi qulluqçular cümləsini nəzərə alaraq ona müharibə veteranı və vəsiqəsinin verilməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinə məktub ünvanlamışdır. Xidmətin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli N3-43-90/2-k8xx/xx/2024 cavab məktubunda Vətən müharibəsi ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin əməkdaşlarına “Müharibə veteranı” statusu verilməmişdir. Yalnız Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında bilavastə iştirak etmiş və ya döyüş əməliyyatlarının bütün təminat növü üzrə tapşırıqları yerinə yetirmiş, qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmış və sonradan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinə qəbul edilmiş əməkdaşlarına “Müharibə veteranı” statusu müvafiq komissiya tərəfindən verilmişdir məzmununda cavab yazılaraq yazılaraq cavablandırılmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, qanunvericiliyə əsasən iddiaçıya o halda müharibə veteranı adı və vəsiqəsi verilə bilər ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının işğal altında olmuş ərazilərində hərbi qulluqçu kimi döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş olsun. Lakin iddiaçının məkəməyə təqdim etdiyi Xdmətin xx.xx.2020-ci il tarixli, 241 nömrəli ezamiyyət vəsiqəsində onun Mingəçevir şəhərində yerləşən hərbi hissəyə ezam olunması göstərilmişdir. Yəni iddiaçı ezamiyyətə qanunvericilkdə göstərilən döyüş ərazilərinə deyil, döyüş getməyən Mingəçevir şəhərinə ezam olunmuşdur. Həmçinin bildirilmişdir ki, Xidmət 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək hərbi idarəetmə orqanlarının sifarişlərinə əsasən ordunu hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə təmin etmişdir. Bu isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını və hazırlanmasını həyata keçirməsi anlamı kimi qəbul edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Bu məqsədlə əvvəlcə cavabdeh inaibti orqana müraciət etmiş, məqsədinə nail ola bilmədikdən sonra cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 16 iyul 2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə aşağıdakı məzmunda cavab verilmişdir: “Vətən müharibəsi ilə əlaqədar vətəndaşlara “Müharibə veteranı” statusu “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin vs təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinir xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarına və "Vətən müharibəsi iştirakçılarının təltif edilməs haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3144 nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 127 nömrəli sərəncamına əsasən verilir. Belə ki, Vətən müharibəsi ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına (hərbi qulluqçularına və mülki şəxslərə) “Müharibə veteram” statusu verilməmişdir. Yalnız Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya döyüş əməliyyatlarının bütün təminat növləri (döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvipsixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur) üzrə tapşırıqları yerinə yetirmiş, qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmış və sonradan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qəbul edilmiş əməkdaşlarına “Müharibə veteranı” statusu müvafiq komissiya tərəfindən verilmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xidməti məktubdan görünür ki, sabiq əməkdaş İddiaçı Xidmət rəisinin şifahi göstərişinə əsasən xx.xx.2020-ci il tarixli 154 n/h nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək (5 gün) müddətinə Mingəçevir şəhəri N saylı hərbi hissəyə ezam olunmuşdur. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən imzalanaraq təsdiq edilmiş ezmiyyət vəsiqəsinin surətindən görünür ki, polkovnik-leytenant X6 xidməti zərurətlə əlaqədar 5 gün müddətinə xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissəyə ezam olunmuşdur. Əsas: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsinin xx.xx.2020-ci il tarixli, 154 nömrəli əmri. Məhkəmə gəldiyi qənaəti aşağıdakı qaydada əsaslandırır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra- Əsasnamə) 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 2-ci hissəsinin birinci abzasına əsasən, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Həmin Əsasnamənin 2-ci hissəsinin dördüncü abzasına əsasən, bu Əsasnamənin 1ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Əsasnamənin 2-ci bəndinə əlavə edilmiş qeydə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Beləliklə işin araşdırılan hallarına əsasən iddiaçının məqsədi AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 28 sentyabr 2020-ci il tarixli 154 nömrəli əmrinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissəyə ezam olunduğuna, ezamiyyəti dövründə həmin hərbi hissədə səfərbərliyə cəlb edilmiş ehtiyatda olan hərbi vəzifəlilərin döyüşə hazırlanmasında və hərbi hissənin hərbi-nəqliyyat vasitələri ilə tam komplektləşdirməsində hərbi hissə komandanlığına yaxından köməklik göstərdiyinə istinad edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti təmin edilmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə əvvəlcə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin doqquzuncu yarımbəndinin tələblərindən görünür ki, iddiaçıya o halda müharibə veteranı adı və vəsiqəsi verilə bilər ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş olsun və bu məlumatlar hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiqlənsin. Lakin hazırkı halda iddiaçı xx.xx.2020-ci il tarixli, 241 nömrəli ezamiyyət vəsiqəsi ilə qanunvericilikdə döyüş əməliyyatları zonası hesab edilməyən Mingəçevir şəhərində yerləşən hərbi hissəyə xidməti zərurətlə əlaqədar ezam olunmuş və 5 gün ərzində yalnız həmin hərbi hissədə xidmət etmişdir (bu hal mübahisəsizdir). Halbuki, qanunverici Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparılan əraziləri konkret göstərmiş və məhz 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərdə döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilməsini mümkün hesab etmişdir. Mingəçevir şəhəri döyüş əməliyyatları aparılan inzibati ərazi vahidlərinin sırasına aid edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçının ezam olunduğu hərbi hissə ərazi meyarları baxımından müvafiq qanunvericiliyin tələblərinə uyğun gəlmir. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin 10-cu yarımbəndində nəzərdə tutulan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş şəxslərin sırasına uyğun gəlməsi ilə bağlı dəlili ilə razılaşmayaraq hesab edir ki, işin mübahisəsiz hallarına görə Vətən müharibəsi dövründə iddiaçı Səfərbərlik Xidmətində Səfərbərlik Baş İdarəsinin ehtiyatda olan hərbi vəzifəlilərin qeydiyyatı şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Onun ezamiyyətinin məqsədi də xidməti vəzifəsinə uyğun olaraq səfərbərliyə cəlb edilmiş ehtiyatda olan hərbi vəzifəlilərin döyüşə hazırlanmasına köməklik göstərilməsi zərurəti ilə əlaqədar, təbii olaraq uzun müddət hərbi hazırlıq və hərbi vərdişlərdən kənarda qalmış şəxslərə müvafiq hazırlığın keçirilməsi, şəxsi heyətin komplektləşdirilməsi ilə bağlı olmuş və bu fəaliyyət, vurğulandığı kimi döyüşlərin aparıldığı zonadan kənarda- Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissədə həyata keçirilmişdir. Qeyd olunan işlərin iddiaçının bilavasitə əmək funksiyalarının icrası ilə bağlı olduğu nəzərə alındıqda isə Azərbaycan Respublikasının ərazi bötövlüyü uğrunda aparılan hər hansı konkret döyüş əməliyyatının hazırlanmasına deyil, şəxsi heyətin ümumi döyüş hazırlığının formalaşdırılmasına yönəlmiş fəaliyyət kimi qəbul edilməlidir. Başqa sözlə desək, iddiaçı vəzifə baxımından da ümumiyyətlə döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirən şəxs hesab olunmadığından qeyd olunan normanın nəzərdə tutduğu şəxslərin dairəsinə düşmür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyuş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının ezam olunduğu hərbi hissə ərazi meyarları baxımından döyüş əməliyyatlarının aparıldığı yer hesab olunmadığından, həmçinin ezamiyyəti dövründə iddiaçının həyata keçirdiyi fəaliyyət döyüş əməliyyatlarının planlaşdırılması, hazırlanması və ya idarə edilməsi ilə bağlı olmadığından cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi inzibati prosessual qanunvericiliyin tələbinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki işdə isə iddiaçı arzuladığı aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar