Məhkəmə qərarları › İş №2-1(112)-12364/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12364/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12364/2022 22.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı “avtomobilin qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ.İşin halları İddiaçı (bundan sonra-İddiaçı) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinə ərizə ilə müraciət edərək "DAF XF 105.460 YÜK" markalı, 4BC97E tranzit nömrə nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi (bundan sonra – cavabdeh) xx.xx.2022-ci il tarixli, 016-101338-1222 saylı məktubla iddiaçının müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd olunan "DAF XF 105.460 YÜK" markalı, 4BC97E tranzit nömrə nişanlı nəqliyyat vasitəsinin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması səbəbindən məsələnin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X2 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “DAF XF 105460” yük markalı, 4BC97E tranzit nömrə qeydiyyat nişanlı, yəhər-dartıcı tipli, XLRTE47MSOE7908752 şassi nömrəli, 2011-ci il buraxılışlı avtomobilin onun adına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması İddia ərizəsi bununla əsaslandırılmışdır ki, “DAF XF 105” yük markalı, 4BC97E tranzit nömrə qeydiyyat nişanlı, yəhər-dartıcı tipli, XLRTE47MSOE7908752 şassi nömrəli, 2011-ci il buraxılışlı avtomobili dövlət qeydiyyatına alınması üçün 07 iyun 2022-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə təqdim edilmiş və orada avtobilin texniki müayinəsi keçirilən zaman avtomobilin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması aşkar edilmiş və bu səbəbdən də qeydiyyat hərəkətləri aparılmamışdır. Qeyd edilən fakt üzrə toplanmış material araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan YNHDİ üzrə İstintaq və təhiqat şöbəsinə göndərilmiş və 21 iyun 2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin cavabdeh tərəfindən avtomobil qeydiyyata alınmamışdır. Cavabdehin bu imtinası qanunsuzdur və əsassızdır. Belə ki, həmin avtomobilin şassi nömrəsinin kustar üsullla hazırlanması iddiaçının iradəsindən asılı olan hal deyil və avtonəqliyyat vasitəsi həmin vəziyyətdə alınmış və bir cox dövlətlərin ərazisindən keçmişdir. Bundan əlavə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin 21 iyun 2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı sözügedən nəqliyyat vasitəsinin oğurlanması faktını da aradan qaldırır. Avtomobilin qeydiyyata alınmasına maneə yoxdur. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırkı mübahisə İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən avtomobil üzərində müvafiq qeydiyyat hərəkətlərinin aparılması ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, iş materiallarında olan **********7151 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli, 50211195 nömrəli invoysa əsasən "DAF XF 105.460” markalı, XLRTE47MS0E908752 şassi nömrəli, xx.xx.2011-ci il buraxılışlı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə Çexiyadan Azərbaycana idxal etmişdir. xx.xx.23788.22 nömrəli, xx.xx.2022-ci il tarixli texniki eyniləşdirmə şəhadətnaməsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya xidməti orqanı istehsalçısı DAF Trucks NV.Niderland, buraxılış ili 2011 olan, ekoloji sinif 5-ə uyğun gələn VİN: XLRTE47MS0E9908752 nömrəli avtonəqliyyat vasitəsini normativ sənədlərin tələblərinə uyğun hesab etmiş və bununla bağlı İddiaçı adına müvafiq texniki eyniləşdirmə şəhadətnaməsi vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixdə DGK Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən verilən **********7151 nömrəli vəsiqədən görünür ki, istehsalçısı Niderland olan, Çexiyadan gətirilmiş yəhərli-dartıcı “DAF XF105.460” markalı, XLRTE47MS0E908752 şassi nömrəli nəqliyyat vasitəsi İddiaçı adına rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin texniki müayinə aktından görünür ki, "DAF XF 105.460 YÜK" markalı, 4BC97E tranzit nömrə nişanlı nəqliyyat vasitəsinə baxış zamanı şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması aşkar olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/876a nömrəli tədqiqat haqqında arayışından görünür ki, “DAF XF105.460” markalı, 4BC97E tranzit nömrə nişanı olan avtomobilin şassı nömrəsi vurulması nəzərdə tutulan hissəsində istehsalçı zavod tərəfindən ilkin həkk edilmiş hərf və rəqəmlər olan hissənin korroziyaya uğraması nəticəsində şassi nömrəsini göstərən hərf və rəqəmlər oxunmaz hala düşmüşdür. Lakin həmin hissədə «08752» rəqəmlərin qismən oxunan siluetləri müşahidə edilir. Həmçinin həmin hissədə korroziyaya uğrayan şassi nömrəsi göstərən hərf və rəqəmlərin üzərində sonradan «X» simvolları həkk edilmişdir. Həmin hissədən təxminən 25 mm aşağı istiqamətdə həkk edilmiş «*XLRTE47MS0E908752*» hərf və rəqəmlər Avropa ittifaqı ölkəsinin nəqliyyat departamenti tərəfindən sonradan həkk edilmişdir. Avtomobilin zavod lövhəsi (birka) üzərində avtomobilin şassi nömrəsini «XLRTE47MS0E908752» və mühərrik nömrəsini «A064948» göstərən hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş «-A064948-» hərf və rəqəmlər zavod üsullu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, “DAF XF105.460” yük markalı, 4BC97E tranzit nömrə nişanlı avtomobilə dair toplanmış. HK/1-661 nömrəli materialda cinayət tərkibi olmadığından fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. İşdə olan cavabdehin xx.xx.2022-ci il tarixli, 016-139856-1222 nömrəli məktubundan görünür ki, "DAF FT XF105.460 YÜK" markalı XLRTE47MS0E908752 ban nömrəli 4BC97E qeydiyyat nişanlı nəqliyyat vasitəsinin axtarışda olması barədə DİN Baş X2 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. Hazırda iddiaçı həmin nəqliyyat vasitəsinin oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda olmadığını, cinayət işinin başlanmasının rədd edilməsini nəzərə alaraq onun cavabdeh tərəfindən qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. - V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. - XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi avtomobilin qeydiyyata alınmasından imtinaya əsas kimi nəqliyyat vasitəsinin ban nömrəsinin korroziyaya uğraması nəticəsində bəzi hərf və ya rəqəmlər oxunmaz halda olmasını əsas gətirmişdir. Halbuki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində qeyd edilən məsələ üzrə araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmişdir. Həmin məsələ ilə bağlı qəbul edilmiş qərarda göstərilmişdir ki, “...«DAF XF 105.460» yük markalı, 4BC97E tranzit nömrə nişanlı, yəhərli dartıcı tipli. XLRTE85MC0E796041 şassi nömrəli, 2007-ci il buraxılışlı uçot göstəriciləri üzrə BDYPİ Qİİ-in X1 Sistemi üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda yoxdur. «DAF XF 105.460» yük markalı, 4BC97E tranzit nömrə nişanlı, yəhərli dartıcı tipli, avtomobil 2011-ci il buraxılışlı olmaqla 11 ildir ki, istismardadır. ... Toplanmış material üzrə araşdırma aparılaraq bu nəticəyə gəlinmişdir ki. «DAF Xİ 105.460» yük markalı, 4BC97E tranzit nömrə nişanlı avtomobilin əsas və izlənilən detal göstəricisi olan şassi nömrəsinə müdaxilə edilmiş və şassi nömrəsinin hərf və rəqəmləri kustar üsulla həkk edilmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq avtomobilin ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni şassi nömrəsi üzrə kodlaşdırılma qüsurlu olur. Hansı ki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlığın, həmçinin avtomobilin istehsal edilməsi ili üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Avtomobilin növündən asılı olaraq ban və ya şassi nömrəsi istehsalçı zavod tərəfindən stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Göründüyü kimi «DAF XF 105.460» yük markalı, 4BC97E tranzit nömrə nişanlı avtomobilin əsas göstəricisi olan şassi nömrəsinə müdaxilə edilərək kustar üsulla həkk edilmişdir. Araşdırma zamanı qeyd edilən avtomobilin, həmçinin avtomobilə quraşdırılmış ehtiyyat hissələrinin cinayət yolu ilə əldə edilməsinə dəlalət edən sübutlar aşkar edilməmişdir. Odur ki, toplanmış materialda cinayət tərkibi olmadığından qeyd edilən fakt üzrə cinayət işi başlanması rədd edilməlidir.” Göründüyü kimi avtomobilin hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır, korroziyaya uğramış hissəyə sonradan həkk olunan hərf və rəqəmlərin məhz Avropa ittifaqı ölkəsinin nəqliyyat departamenti tərəfindən vurulması təsdiq olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının əməlində hər hansı bir cinayət tərkibi aşkar olunmamış, mübahisəli avtomobilin oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda olmaması müəyyən edilmişdir, belə olan halda aydındır ki, həmin nəqliyyat vasitəsinin qeydiyyata alınmasından imtina üçün əsas mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “DAF XF 105460” yük markalı, 4BC97E tranzit nömrə nişanlı, yəhər-dartıcı tipli, XLRTE47MSOE7908752 şassi nömrəli, 2011-ci il buraxılışlı nəqliyyat vasitəsinin iddiaçının adına dğvlət qeydiyyatına alınması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “DAF XF 105460” yük markalı, 4BC97E tranzit nömrə nişanlı, yəhər-dartıcı tipli, XLRTE47MSOE7908752 şassi nömrəli, 2011-ci il buraxılışlı avtomobilin İddiaçı adına dövlət qeydiyyatına alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar