Məhkəmə qərarları › İş №2-1(112)-12366/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12366/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12366/2022 25.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına qarşı “sərəncamın təqdim edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə qarşı “sərəncamın təqdim edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə müraciət edərək Əzizbəyov rayon İcra Hakimiyyətinin 230 №-li, xx.xx.1993-cü il tarixli Sərəncamın bir nüsxəsinin ona təqdim edilməsi xahiş etmişdir. Lakin cavabdeh Sərəncamın qeydiyyat kitabı ilə uyğunsuzluq təşkil etməsi əsası ilə sənədin surətini təqdim etməmişdir. Halbuki, həmin sənədlər cavabdehin arxivinə təhvil verilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək məhkəmədən cavabdehin təkcə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının olmasının nəzərə alınmasını və həmin İdarənin arxivində mövcud olan Əzizbəyov rayon İcra Hakimiyyətinin 08 iyun 1993-cü il tarixli Sərəncamın arxiv çıxarışının iddiaçıya təqdim edilməsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun:

1. Bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3.2. İnformasiya sahibinə müraciət edən hər kəs informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 3.0.1. informasiya dedikdə yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar başa düşülür. 3.0.5. informasiya sahibi dedikdə informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər başa düşülür. 3.0.6. informasiya sorğusu dedikdə informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət başa düşülür. 3.0.7. informasiya sorğusu verən dedikdə informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxs başa düşülür. 7.1. Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya hesab olunur. 7.2. İnformasiya sahibi sənədə malikdir, əgər: 7.2.1. informasiya sahibində mövcud olan sənəd digər informasiya sahibinə məxsus deyilsə; 7.2.2. digər informasiya sahibində mövcud olan sənəd informasiya sahibinə məxsusdursa. 9.1. Aşağıdakılar informasiya sahibləri sayılır: 9.1.1. dövlət orqanları və bələdiyyələr; 10.1. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. 13.1. Sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: 13.1.1. informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi; 13.1.2. sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı. 14.1. Sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər: 14.1.3. informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi; 18.1. İnformasiya sahibi informasiya sorğusunu daxil olduğu gün qeydə alır və bu Qanunun 12-ci maddəsində göstərilən reyestrə bu Qanunun 15.1-ci maddəsində sadalanan məlumatları daxil edir. 18.2. İnformasiya sorğusu aşağıdakı hallarda qeydə alınmır və ona yazılı cavab verilmir: 18.2.1. sorğu anonimdirsə; 18.2.2. sorğu şifahi formada verilmişsə. 21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; 21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; 21.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. 21.2. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: 21.2.1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; 21.2.2. bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə; 21.2.3. sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa; 21.2.4. sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə; 21.2.5. sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə. 27-1.Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir. “Milli Arxiv Fondu” haqqında Azərbaycan Respublikasının Qanunun: 1.Arxiv - arxiv sənədlərinin məcmusu, onların komplektləşdirilməsini, qeydiyyatını, mühafizəsini və istifadəsini həyata keçirən arxiv təşkilatları və ya idarələrin, müəssisələrin struktur bölmələri; Milli arxiv fondu - növündən, yarandığı və saxlandığı yerdən və mülkiyyət formasından asılı olmayaraq, xalqın maddi və mənəvi həyatını əks etdirən, tarixi, elmi, iqtisadi, siyasi, sosial və mədəni dəyəri olan, Azərbaycan xalqının mədəni irsinin ayrılmaz hissəsi hesab edilən sənədlərin məcmusu; Arxiv sənədlərinin daimi mühafizəsi - həmin sənədlərin arxivdə, muzeydə və kitabxanada müddətsiz mühafizəsi;

15. Azərbaycan Respublikasında arxiv işinin həyata keçirilməsi, Milli arxiv fondunun formalaşdırılması, mühafizəsi və istifadəsi məqsədi ilə dövlət arxiv xidməti yaradılır. Dövlət arxiv xidmətinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikasının dövlət arxivləri, dövlət arxivinin filialları və sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivləri daxildir. Dövlət arxiv xidməti təşkilatları Milli arxiv fonduna aid sənədlərin komplektləşdirilməsini, dövlət qeydiyyatını, mühafizəsini və istifadəsini həyata keçirirlər, habelə bu Qanuna uyğun olaraq hüquqi və fiziki şəxslərə ödənişli arxiv xidmətləri göstərirlər. Ödənişli arxiv xidmətlərinin siyahısını və onların göstərilməsinə görə xidmət haqlarının məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin: 3.1.10-ci yarımbəndinə əsasən müvafiq ərazidə arxiv işi üzrə dövlət idarəetməsini həyata keçirir, yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan orqanlarda və tabeliyində olan hüquqi şəxslərdə arxiv işini təşkil edir, o cümlədən sənədlərin mühafizəsini, müvəqqəti mühafizə müddətləri başa çatdıqdan sonra arxiv fondu sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq daimi dövlət mühafizəsinə təhvil verilməsi yerli icra hakimiyyətinin başçısının vəzifəsidir. Yuxarıda qeyd olunan Qanunun müddəalarının hazırkı iş üzrə tətbiqi zamanı müəyyən edilir ki, iddiaçı informasiya sorğusu ilə müraciət edən informasiya sorğusu verən şəxs cavabdeh informasiya sorğusu sahibi kimi çıxış edir. Tələb isə sənədləşdirilmiş informasiyanın verilməsi ilə bağlıdır. Belə ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək torpaq sahəsinin ayrılması barədə 230 №-li, xx.xx.1993-cü il tarixli Sərəncamın təqdim edilməsini arzulamış, lakin cavabdeh qeydiyyat kitabında uyğunsuzluğun olduğuna istinad edərək iddiaçının müraciətindən imtina etmişdir. Xüsusi ilə qeyd olunmalıdır ki, məhkəmə icraatı zamanı iddiaçı Sərəncamın əslini təqdim etmiş, həmin Sərəncama baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Əzizbəyov rayon İcra Hakimiyyətinin 230 №-li, xx.xx.1993-cü il tarixli Sərəncamı ilə torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmışdır. Cavabdeh inzibati orqan həmin Sərəncamın arxivdə saxlanılan nüsxəsini təqdim etməsə də, sorğuya cavab məktubunda Sərəncamın mövcudluğunu istisna etməmiş, əksinə Sərəncamın qeydiyyat kitabı ilə uyğunsuzluq təşkil etməsini bildirmişdir. Beləliklə iddia tələbinin qanuni olub-olmamasının müəyyən edilməsi adı çəkilən Sərəncamın qeydiyyat kitabı ilə uyğunsuzluq təşkil etməsi səbəbindən iddiaçıya surətinin təqdim edilməli olub-olmamasından asılıdır. Məhkəmə qeyd edilməsini zəruri hesab edir ki, informasiyanın təqdim edilməsini istisna edən hallar yuxarıda qeyd olunan Qanunun 2.4-1. 21.1 və 21.2-ci maddələri müəyyən edilmişdir ki, hazırki cavabdehin iddia etdiyi əsas (Sərəncamın qeydiyyat kitabı ilə uyğunsuzluq təşkil etməsi) sorğunun icrasından imtina əsası kimi çıxış etməsi adıçəkilən maddələrdə qeyd edilməmişdir. Beləliklə, öhdəliyin icrası haqqında iddia tələbi ilə bağlı iddianın təmin edilməsini istisna edən faktiki şərtin mövcudluğu cavabdeh tərəfindən sübut edilməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən sorğunun cavablandırılmasını istisna edən digər hallar da müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. Cavabdeh İdarənin arxivində mövcud olan Əzizbəyov rayon İcra Hakimiyyətinin 08 iyun 1993-cü il tarixli Sərəncamın arxiv çıxarışının iddiaçıya təqdim edilməsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına həvalə edilməsihəvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar