Məhkəmə qərarları › İş №2-1(112)-12369/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12369/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12369/2025 25.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən onun daxili işlər orqanlarında xidmətdən xaric olunması ilə bağlı Azərbaycan Respublikası daxili işlər nazirinin xx.xx.2022-ci il tarixli, Ə612-001-22 nömrəli əmrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, 2002-ci ildən DİO-da, 2019-cu ildən isə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdərisinə bilavasitə tabe olan Şimal bölgəsində regional şöbənin rəisi vəzifəsində xidmət etmişdir. Bu müddət ərzində dəfələrlə müxtəlif mükafatlara layiq görülmüşdür. Qüvvədə heç bir intizam tənbehi olmamışdır. Buna baxmayaraq ona ağır intizam tənbehi verilməsi ağlabatan deyildir. Belə ki, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»də «DİO-da xidmətdən xaric etmə» növündə intizam tənbehi ən ağır tənbeh sayılır. Həmin tənbehə qədər bir sıra intizam tənbehləri vardır ki, üzərində qüvvədə olan intizam tənbehi olmayan əməkdaşa həmin intizam tənbehlərindən biri verilə bilərdi. Azərbaycan Respublikası daxili işlər nazirinin xx.xx.2022-ci il tarixli, Ə612-001-22 nömrəli əmri ilə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Hazırda təqaüddədir. Həmin əmrin tərtib olunmasına əsas - ilkin olaraq DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən aparılmış, sonradan tam və hərtərəfli araşdırılması məqsədilə Daxili Təhqiqatlar İdarəsinə təqdim edilmiş arayış və nəticədə DİN-in Daxili Təhqiqatlar İdarəsinin həmin arayış əsasında tərtib etdiyi heç bir fakta əsaslanmayan, əsassız və qanunsuz rəyi olmuşdur. İddiaçı qeyd edir ki, onu həmin rəylə ümumiyyətlə tanış etməmişlər, dəfələrlə tələb etsə də, rəy ona göstərilməmiş, həmin rəylə razı olubolmaması haqqında imza etməmişdir. İddiaçının barəsində rəydə nə qeyd olunmuşdursa, məlumatı olmamışdır. Təqdim edilmiş arayışda və rəydə ona istinad edilən nöqsanlarla yoxlama aparılan müddətdə də razılaşmamışdır, indi də razılaşmır. Ona görə ki, yoxlama qeyri-obyektiv aparılmışdır. Belə ki, Azərbaycan Respublikası DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən aparılmış araşdırmanın yekunu ilə bağlı tərtib olunmuş arayışda qeyd olunmuşdur ki, Quba rayonu, Qırmızı qəsəbə sakini X5 xx.xx.2020-ci ildə etibarlılıq müddəti bitmiş AZE 08863940 nömrəli şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi barədə Quba «Asan xidmət» mərkəzindəki regional qrup tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş vəsatəti üzrə onun digər ölkə vətəndaşlığında olub-olmamasının yoxlanılması məqsədilə iddiaçının raportu əsasında aparılmış yoxlama nəticəsində həmin vətəndaşın Rusiya Federasiyası vətəndaşının pasportuna sahib olması müəyyən edildiyindən vəsatətin icrasından imtina edilmişdir. Arayışda əsassız olaraq qeyd edilmişdir ki, iddiaçı Baris Nisanova şəxsiyyət vəsiqəsinin verilməsində köməklik göstərilməsi barədə SHXÇDX-nin Quba rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1483 nömrəli məktubunu əsas götürərək onun Rusiya Federasiyasının vətəndaşı olması barədə məlumatlı olduğu halda bilərəkdən bu barədə rəhbərliyə məruzə etmədən Baris Nisanovun adına şəxsiyyət vəsiqəsinin fərdiləşdirilməsinə dair regional şöbənin inspektoru Aynur Şahbazovaya əsassız göstəriş vermiş və nəticədə həmin vətəndaşın adına xx.xx.2022-ci il tarixdə AA ******* nömrəli şəxsiyyət vəsiqəsi fərdiləşdirilərək ona təqdim edilmişdir. Arayışda həmçinin əsassız olaraq qeyd olunmuşdur ki, iddiaçı analoji nöqsanlara Rusiya Federasiyası vətəndaşları olan Quba rayonu, Qırmızı qəsəbə sakinləri X1, X2, X7, X6, Xudadatov (İlazarov) Boris İlazaroviçin, X3 şəxsiyyət vəsiqələrində və Bakı şəhər sakini X4 etibarlılılıq müddəti bitməmiş ümumvətəndaş pasportunun yenisi ilə əvəz olunmasında da yol vermişdir. Bundan başqa, arayışda onun vəzifə bölgüsü səlahiyyətlərimə aid olmayan «Müvafiq komissiyaların yaradılması barədə», «Xidməti avtomobillərin təhkim edilməsi barədə» əmrlər imzalamağım, «Regional şöbədə məxfıçilik rejiminin yoxlanması komissiyasının yaradılması barədə» vahid nüsxədə çap olunmuş əmri kiçik inspektor İntiqam Ağayev tərəfindən ESD sisteminə daxil edilməsi nöqsan kimi qeyd olunmuşdur. «Müvafiq komissiyaların yaradılması barədə», «Xidməti avtomobillərin təhkim edilməsi barədə» əmrləri imzalaması, «Regional şöbədə məxfiçilik rejiminin yoxlanması komissiyasının yaradılması barədə» vahid nüsxədə çap olunmuş əmrin ESD sisteminə daxil edilməsi ilə bağlı nöqsanları tam səmimi olaraq qəbul edir və bu münasibətləri tənzimləyən DİN-in aidiyyəti əmr və göstərişlərininin tələblərini lazımi qaydada bilmədiyindən və nəticədə tətbiqində səriştəsizliyə yol verdiyini etiraf edir. Bununla bağlı qeyd edir ki, dəfələrlə rəhbərlik etdiyi şöbədə onun rəis təyinatından əvvəl aidiyyəti qurumlar tərəfindən müxtəlif yoxlamalar aparılmış və heç bir nöqsanın olmaması müəyyən edilmişdir. Lakin, Rusiya Federasiyası pasportuna malik olan Quba rayon, Qırmızı qəsəbə sakinləri X1, X2, X7, X6, Xudadatov (İlazarov) Boris İlazaroviçin, X3 şəxsiyyət vəsiqələrinin və Bakı şəhər sakini X4 etibarlılılıq müddəti bitmiş ümumvətəndaş pasportunun yenisi ilə əvəz olunmasında etibarlılılıq müddəti bitməmiş sənədlərinin dəyişdirilməsində təqsirinin olmamasını, hər-hansı nöqsana yol vermədiyini qeyd edir. Belə ki, adları qeyd olunmuş şəxslərin hamısında Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmuşdur. Qüvvədə olan Təlimatın tələblərinə əsasən, onların xarici dövlətə mənsubiyyətini o vaxt yoxlanılmalı idi ki, 1) onlar ilk dəfə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etsinlər, 2) son 5 il ərzində daimi olaraq xaricdə yaşamış olsunlar, 3) xx.xx.2014-cü ildən sonra digər dövlətin vətəndaşlığını könüllü əldə etsinlər. Adları qeyd olunmuş vətəndaşların sənədləri DİN-in Baş Pasport və Miqrasiya İdarəsinin «ASAN Xidmət»in Quba regional Mərkəzinə ezam edilmiş polis əməkdaşları tərəfindən toplanmış, vətəndaşlara dövlət rüsumu köçürtdürülmüş və çap olunmasından ötrü rəhbərlik etdiyi şöbəyə göndərilmişdir. Sənədlərin qanuniliyinin və əsaslığmm yoxlanması iddiaçının səlahiyyətinə aid deyildir. Sonradan yuxanda adları qeyd olunmuş şəxslərə təqdim olunmuş şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportu DİN tərəfindən aktivləşdirilmiş və hazırda da vətəndaşlar həmin sənədlərdən adi qaydada istifadə edirlər. İddiaçı əsassız olaraq DİO-da xidmətdə azad olunmasını adlarını qeyd etdiyi şəxslərin onun aktivləşdirdiyi sənədlərdən istifadə etdiklərini bildiyi vaxt - yəni 2025-ci ilin mart ayında bilmişdir. Ona görə də, qeyd etdiyi məsələ ilə bağlı xx.xx.2025-ci il tarixdə rəsmi ərizə ilə müraciət edərək barəsində aparılmış xidməti yoxlamanının nəticələrinin ləğv olunmasına, yoxlamanın DİN-in Daxili Təhqiqatlar İdarəsi tərəfindən deyil, DİN-in Baş Təşkilat-İnspeksiya İdarəsi tərəfindən onun iştirakı ilə yenidən aparılmasına dair göstəriş verməsini cənab Nazirdən xahiş etmişdir. Lakin ərizəsi yenə araşdırılması üçün DİN-in Daxili Təhqiqatlar İdarəsinə göndərilmiş və həmin idarədən eyni cavab verilmişdir. Qanunsuz və əsassız yoxlama aparan Daxili Təhqiqatlar İdarəsi təbii ki, öz əsassız və qanunsuz rəyini müdafiə etmək məcburiyyətindədir. Yenidən xx.xx.2025-ci il tarixdə eyni məzmunlu ərizə ilə daxili işlər nazirinə müraciət edərək eyni xahişi etmişdir. Təkrarən iddiaçıya DİN-in Daxili Təhqiqatlar İdarəsindən xx.xx.2025-ci il tarixli, 3-13-22/2-R-32334/3-1/ məktubla cavab verilmişdir ki, qəbahətləri tam sübuta yetirildiyinə görə xidmətdən əsaslı xaric olunmuşdur. İddiaçı hesab edir ki, onun hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) təqdim edilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və tərəflərin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin mümkün sayılmasını, işə mahiyyəti üzrə baxılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğundan bu növ iddiaya iddia müddəti tətbiq olunur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini ötürmüşdür. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Hazırkı iş üzrə iddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilməsinə dair xx.xx.2022-ci il tarixli, 7612-001-22 nömrəli əmri mübahisələndirir. Odur ki, iddia mübahisələndirmə haqqında iddia olduğundan bu növ iddiaya iddia müddəti tətbiq olunur. Məhkəmə hesab edir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini ötürmüşdür. Belə ki, iş materiallarında olan: -AR DİN Daxili Təhqiqatları İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının daxili işlər orqanlarından xidmətdən xaric olunması və bununla bağlı müraciətinə cavab verilməməsi ilə bağlı əvvəlki eyniməzmunlu müraciəti əsasında araşdırma aparıldığı və nəticəsi haqqında xx.xx.2023-cü il tarixli, 3-13-22/2-R-98920/1/2023 nömrəli məktubla rəsmi cavab verildiyi bildirilmişdir. -Cavabdehin nümayəndəsi-vəkili tərəfindən təqdim edilmiş çıxarış sənədindən görünür ki, iddiaçı “Rəylə tanış oldum mənim barəmdə tərtib edilən rəylə razı deyiləm. DİN-nin xx.xx.2022-ci il tarixli 61m saylı tələbnamə mənim tərəfimdən pozulmayıb. Xidməti vəsiqəmi təhvil verdim 32996. xx.xx.2022-ci il Rüstəmov S” qeyd etmiş və iddiaçı bu qeydi imzası ilə təsdiq etmişdir. Göründüyü kimi iş materiallarında olan sənədlərlə iddiaçının mübahisələndirdiyi əmrdən ən geci xx.xx.2022-ci ildə məlumatlı olması təsdiqlənir. İddiaçı özü də məhkəmə iclası zamanı verdiyi izahatında əmrdən məlumatlı olmasını təkzib etməmişdir. Buna baxmayaraq, iddiaçı hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş və hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edən inzibati aktın qəbul edilməsindən təkzibedilməz şəkildə məlumatlı olduğu halda məhkəmədə təxminən 2 il 7 ay sonra, xx.xx.2025-ci il tarixdə iddia irəli sürmüşdür. İnzibati prosessual qanunvericilik isə şəxsə inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırmaq imkanı verir. Belə olan halda, iddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə həmçinin müddətin bərpası barədə ərizənin təqdim edilməsinin mümkünsüzlüyü ilə bağlı qeyd edir ki, İPM-in 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktın mövcudluğu iddiaçıya məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət olunmadığından, həmçinin iddia müddətinin ötürülməsindən bir ildən artıq vaxt keçdiyindən prosessual müddətin bərpasına dair iddiaçının ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Məhkəmə iddianın mümkün sayılmadığını nəzərə alaraq, iddiaçı tərəfindən təqdim edilmiş əlavə sübutların əldə edilməsi barədə vəsatətə münasibət bildirilməsinə zərurət görmür. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar