Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1237/2020 31.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı 11 fevral 2019-cu il tarixli **********227400 nömrəli qərarın ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə icraatında cavabdeh tərəf “iş üzrə icraatın dayandırılması barədə” vəsatət təqdim etmişdir. Təqdimatda bildirilmişdir ki, vergi ödəyicisinin (İddiaçı) hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar aşkar olunduğundan, iş üzrə materiallar müvafiq tədbir görülməsi üçün VN yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilmiş və 22 ynvar 2019-cu il tarixli ********* nömrəli cinayət işi başlanmışdır. Qeyd olunan iş üzrə aparılan cinayət təqibinin hazırkı mübahisənin həllinə təsir etməsi halları mövcuddur və hesab olunur ki, həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür. İş üzrə icraatın dayandırılması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin “iş üzrə icraatın dayandırılması barədə” vəsatəti təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2019-cu il tarixli 1340 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu” təsdiq edilmiş və “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2011-ci il tarixli 1654 nömrəli Sərəncamı ləğv edilmişdir. 24 iyul 2019-cu il tarixli 1340 nömrəli Sərəncamda (yeni strukturda) Nazirliyin strukturuna daxil olan qurumların sırasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi də nəzərdə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 23 avqust 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəıməsinin 14 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 4 dekabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 23 avqust 2019-cu il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi, Gəncə şəhərində Gəncə İnzibati Məhkəməsi və Gəncə Kommersiya Məhkəməsi, Sumqayıt şəhərində Sumqayıt İnzibati Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsi, Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsi və Şirvan Kommersiya Məhkəməsi, Şəki şəhərində Şəki İnzibati Məhkəməsi və Şəki Kommersiya Məhkəməsi təşkil edilmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 3 mart 2020-ci il tarixli qərardadı ilə cavabdeh tərəfin apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qərardadı ləğv edilmiş və iş Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin sözügedən qərardadında məhkəmə kollegiyası vurğulamışdır ki, işin apellyasiya baxışı zamanı 21 fevral 2020-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə daxil olmuş ərizə ilə iddiaçı iddiadan imtina etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə işə mahiyyəti üzrə baxılmadığından və hazırkı mərhələdə də apellyasiya instansiyası məhkıməsi işə mahiyyəti üzrə baxmadığından, iddiaçının bu mərhələdə iddiadan imtina etməsinə münasibət bildirilə bilməz. İddiaçının iddiadan imtina etməsinin qanuna zidd olubolmamasının, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozubpozmamasının araşdırılması isə mahiyyəti üzrə baxan məhkəmənin səlahiyyətinə aid olduğundan, cavabdeh tərəfin “iş üzrə icraatın dayandırılması barədə” vəsatəti iddiadan imtina barədə ərizənin həlli nəticəsinə uyğun qiymətləndirilməlidir. Bunun üçün də iş Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil oldudan sonra iş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərin ünvanına bildiriş göndərilmişdir. Məhkəmə iclasına iddia tərəf gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 inzibati mübahisənin və təqdim olunmuş vəsatətin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırarq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. İş materiallarından görünür ki, işin apellyasiya baxışı zamanı 21 fevral 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin dəftərxanası vasitəsilə daxil olmuş ərizədə İddiaçı iddiadan imtina etdiyi bildirilmişdir. İPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İPM-in 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İPM-in 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 55-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1237/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1237/2020
31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver