Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12371/2023 25.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN-lə fəaliyyət göstərən, əsas fəaliyyəti hazır metal konstruksiyalarının quraşdırılması və tikilməsi olan hüquqi şəxsdir. İddiaçı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağayaraq "xxxx" MMC-dən (VÖEN: **********) 11 elektron qaimə-faktura əsasında 882,23 ton metal list almışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – cavabdeh) tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 7.04.2023cü il tarixli, **********096500 nömrəli qərarına əsasən 2022-ci il dövr üçün kameral yoxlama nəticəsində əlavə hesablanmış mənfəət vergisi məbləği 349.285,76 manat təşkil etmişdir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2.06.2023-cü il tarixli, **********007600 nömrəli qərarına əsasən, 2023-cü ilin mart ayı üçün 314.357,19 manat əlavə dəyər vergisi hesablanmışdır. Dövlət Vergi Xidmətinin “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının 7.04.2023-cü il tarixli qərardan verdiyi xx.xx.2023-cü il tarixli şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh iddiaçı barədə çıxarılmış 7.04.2023-cü il tarixli, **********096500 nömrəli və 2.06.2023-cü il tarixli, **********007600 nömrəli qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə hesablanmış kameral vergi məbləğinin silinməsinə dair xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə müraciət edilməsinə baxmayaraq inzibati orqan tərəfindən heç bir tədbir görülməmiş, vergi məbləğləri azaldılmamışdır. Kameral barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq - hesablamalar qanunsuz olaraq iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-dən 882,23 ton çəkidə dəmir list almışdır. Müəssisəyə hesablanmış mənfəət vergisi və ƏDV-nin əsasında iddiaçının əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2023-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. Əlbəttə ki, iddiaçı tərəfindən "xxxx" MMC ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə iddiaçının məlumatı olmamışdır. Həmçinin həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi orqanına ünvanlanmış müraciətlər əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 22 iyun 2023-cü il tarixli JVb **********459800 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərar çıxarılmışdır. Qərarda da şikayətin təmin edilməməsinin əsasları kimi aparılmış əməliyyatların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"na uyğun olmaması göstərilmişdir. Halbuki "xxxx" MMC ilə əməliyyat apararkən "xxxx" MMC riskli vergi ödəyicisi siyahısında olmamışdır, həmçinin qərarda da göstərilir ki, "xxxx" MMC-də iddiaçı aldığı malların yalnız bir hissəsi mövcud olmamışdır. Bu özü göstərir ki, "xxxx" MMC real mal təqdim edən şirkətdir. Qərarın digər hissələrində də "xxxx" MMC-nin anbarının kiçik sahəsi olması və onların vergi orqanının araşdırmasında iştirak etməməsi əsas götürülmüşdür. 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Bu nöqteyi nəzərdən vergi orqanının iddiaçıya münasibətdə mənfəət vergisi və ƏDV hesablamasının aparılmasını ədalətsiz və qanunsuzdur. ƏDV hesablanması barədə qərardan isə müraciətlərinin heç birinə cavab verilməmişdir. Vergi orqanının qəbul etdiyi qərarı qanunsuz və əsassız hesab edirlər. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 1746428,8 manat məbləğində əmtəəsiz əməliyyatlar müəyyən edilmiş və qeyd olunan məbləğ 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Eyni zamanda, vergi ödəyicisi tərəfindən xx.xx.2020-xx.xx.2023cü illər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində "xxxx" MMC-dən əldə edilərək əvəzləşdirilmiş elektron qaimə-fakturaların vergi orqanının uçot baza məlumatlara əsasən riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşmalarla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” mənfəət vergisi bəyannaməsi üçün xx.xx.2023-cü il tarixli **********671400 nömrəli, əlavə dəyər vergisi bəyannaməsi üçün xx.xx.2023-cü il tarixli **********034400 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə vergi orqanına təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 349 285.76 manat vergi məbləği hesablanaraq 7.04.2023-cü il tarixli **********096500 nömrəli, 2023-ü ilin mart ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 314357.19 manat vergi məbləği hesablanaraq xx.xx.2023-cü il tarixli **********007600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********867900 nömrəli) inzibati Dövlət Vergi Xidmətinə müraciət etmiş, 2022-ci il üçün hesablanmış 2349285,76 manat mənfəət vergisinin azaldılmasını xahiş etmişdir. İddiaçının müvafiq şikayəti araşdırılaraq xx.xx.2023-cü il tarixli **********459800 nömrəli “İnzibati şikayətin təmin edilməməsi” barədə qərar qəbul edilmiş, müvafiq qərara əsasən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********096500 nömrəli Qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün hesablama metodu ilə təqdim edilən mənfəət vergisi bəyannaməsində 6008982,86 manat ümumi gəlirlər (çıxılmalardan sonra), 5860 610,68 manat ümumi gəlirdən çıxılan xərc (o cümlədən, 7 817,00 manat əmək haqqı, 1710,66 manat sosial sığorta haqları, 5 569 024,96 manat xammal və materiallar, 9 430,15 manat bank xidməti üzrə xərclər, 272 627,91 manat bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər) göstərilərək, 148 372,18 manat vergiyə cəlb edilən mənfəət olmaqla 29 674.44 manat mənfəət vergisi bəyan edilmişdir. Kameral vergi yoxlaması zamanı 2022-ci ilin mənfəət vergisi bəyannaməsində “Xərclər” bölməsinin “Xammal və materiallar” sətrində qeyd olunan 5 569 024,96 manat məbləğin 1746428,8 manat məbləğində olan hissəsi riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərindən əldə edilən elektron qaimə-fakturalar üzrə riskli əməliyyat olduğu üçün gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və 349285,76 manat mənfəət vergisi hesablanmışdır. Cəmiyyətin müraciəti ilə əlaqədar xx.xx.2023-cü il tarixli **********937600 nömrəli “Araşdırmada iştirak etmək haqqında” məktub göndərilərək Cəmiyyətin rəhbəri (və ya səlahiyyətli nümayəndəsi) xx.xx.2022-ci il tarixdə saat 15:00-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, məktubun xx.xx.2023-cü il tarixdə oxunmasına baxmayaraq, Cəmiyyətin rəhbəri (və ya səlahiyyətli nümayəndəsi) araşdırmada iştirak etməmiş, qeyd olunan hal aktla rəsmiləşdirilmişdir. Cəmiyyət tərəfindən 2022-ci il ərzində 6008982,84 manat (ƏDV-siz) məbləğində elektron qaiməfaktura təqdim etdiyi, 5841652,87 manat (ƏDV-siz) məbləğində elektron qaimə-faktura əldə etdiyi, idxal-ixrac əməliyyatları aparılmadığı, elektron alış aktı əsasında mallar alınmadığı müəyyən edilmişdir. Elektron qaimə-fakturaların araşdırılması zamanı Cəmiyyət tərəfindən 19 (on doqquz) sayda vergi ödəyicisinə icra edilmiş işlərə (bərpa, təmir bərpa, təmir, yenidən qurma) görə elektron qaimə-fakturalar təqdim edildiyi, 32 (otuz iki) sayda vergi ödəyicisindən ehtiyat hissələri, tikinti materialları, taxta, işçi geyim dəstləri, borular, dəmir listlər, o cümlədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 1990000,05 manat (ƏDV-siz) dəyərində 882,23 ton çəkidə dəmir list aldığı müəyyən edildi. Araşdırma zamanı iddiaçı tərəfindən xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə elektron qaimə fakturalar əsasında aldığı 1990000,05 manat (ƏDV-siz) dəyərində dəmir list materialının 1746428,8 manat hissəsinin "xxxx" MMC tərəfindən təsdiqedici sənədlərlə (elektron qaimə-faktura, yük gömrük bəyannaməsi,elektron alış aktı) alınmadığı (və ya aldığı miqdardan çox satdığı) müəyyən edilmişdir. Eyni zamanda vergi orqanı tərəfindən aparılan araşdırma zamanı "xxxx" MMC tərəfindən 9.12.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr aralığında 13931327,27 manat dəyərində metal boru, dəmir list, şveller və sair alınmasına baxmayaraq təqdim etdiyi malların dəyərinin 6279749,84 manat olduğu, adına qeydiyyatda olan 50,0 kv.m təsərrüfat subyektində keçirilmiş vergi nəzarəti tədbiri zamanı həmin ərazinin həyətyanı sahə olduğu, mal qalığının olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən aparılmış əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2023-cü il tarixli **********749400 nömrəli qərar qəbul edilmişdir. Aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixli, **********938300 nömrəli “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” müvafiq məktub göndərilərək Cəmiyyətin rəhbəri (və ya səlahiyyətli nümayəndəsi) xx.xx.2022-ci il tarixdə saat 15:00-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilməsinə baxmayaraq, Cəmiyyətin rəhbəri (və ya səlahiyyətli nümayəndəsi) inzibati araşdırmada iştirak etməmiş və tələb edilən müvafiq təsdiqedici sənədlər inzibati araşdırmaya təqdim edilməmişdir. Qeyd olunan hal aktla rəsmiləşdirilmişdir. Beləliklə, inzibati araşdırma zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron qaimə-faktura əsasında aldığı dəmir list materialının miqdarından çox satdığının müəyyən edildiyini, araşdırma zərurəti ilə əlaqədar araşdırmaya dəvət olunmasına, təsdiqedici sənədlərin tələb edilməsinə baxmayaraq "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsinin araşdırmada iştrakının təmin olunmadığını, tələb olunan sənədlərin təqdim edilmədiyini, araşdırma zamanı qeyd edilən vergi ödəyicisi tərəfindən Cəmiyyətə təqdim edilmiş həmin elektron qaimə fakturanın riskli əməliyyat olduğunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək həmin "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edildiyini, araşdırılan qarşılıqlı əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədi vergidənyayınma sxemi olmasını şərtləndirdiyini, bununla da vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlərin inzibati araşdırma dövründə müəyyən edilmədiyini nəzərə alaraq, Cəmiyyətin inzibati şikayəti təmin edilməmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********096500 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin vergi ödəyicisi xx.xx.2023-cü il tarixli **********007600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla bağlı xx.xx.2023-cü il tarixli **********588800 nömrəli məktub ilə Lokal Gəlirlər Baş idarəsinə müraciət etmiş və müraciəti xx.xx.2023-cü il tarixli **********440500 nömrəli məktub ilə cavablandırılmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qərarların mübahisələndirilməsi üçün xx.xx.2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. Belə ki, iddiaçı həmin qərarlardan Dövlət Vergi Xidmətinə şikayət vermiş, Xidmətin “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Eyni zamanda həmin qərarların iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə cavabdeh hər hansı bir sübut təqdim etməmişdir İPM, maddə 38.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə baxışının predmetini iddiaçının mübahisələndirdiyi cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 7.04.2023-cü il tarixli, **********096500 nömrəli və 2.06.2023-cü il tarixli, **********007600 nömrəli qərarlar təşkil edir. İddiaçı hər iki qərarı qanunsuz hesab edərək ləğv edilməsini xahiş edir. Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin faktiki hallarından göründüyü kimi, iddiaçının "xxxx" MMC ilə (11 elektron qaiməfaktura) apardığı əməliyyatlar cavabdeh tərəfindən riskli hesab olunmuş, elektron qaiməfakturalar üzrə ƏDV məbləğlərinin vergi ödəyicisi tərəfindən əvəzləşdirilməsi qəbul edilməmiş və vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilərək, hazırda mübahisələndirilən qərarlar qəbul edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci tarxli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-dən 882 ton dəmir list almışdır. Cavabdeh iddiaçı tərəfindən xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə elektron qaimə fakturalar əsasında aldığı 1990000,05 manat (ƏDV-siz) dəyərində dəmir list materialının 1746428,8 manat hissəsinin "xxxx" MMC tərəfindən təsdiqedici sənədlərlə (elektron qaimə-faktura, yük gömrük bəyannaməsi, elektron alış aktı) alınmadığı (və ya aldığı miqdardan çox satdığı) bildirərək "xxxx" MMC-ni riskli vergi ödəyicisi hesab etmişdir. Hal-hazırda iddiaçı tərəfindən mübahisələndirilən qərarların qanuniliyinin müəyyən edilməsi ilə bağlı yuxarıda adıçəkilən vergi ödəyicilərinin həmin əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyicisi olub-olmamasının aydınlaşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Normanın tələbindən göründüyü kimi, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 №-li Fərmanın 1.12-ci maddəsinə əsasən, həmin Məcəllənin 13.2.82-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur). Göründüyü kimi yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. İş materiallarından müəyyən edilir ki, "xxxx" MMC Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafıq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Bundan başqa, iddiaçının əməliyyat apardığı müəssisəsinin iddiaçıya satdığı malların saxlanılması üçün anbarın sahəsinin az olması, həmin həcmdə malların alınmaması və ya idxal edilməməsi iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə "xxxx" MMC-nin riskli vergi ödəyicisi olmayan müəssisə kimi aparmışdır. İddiaçı həmin müəssisənin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş (əməliyat aparılarkən elektron xəbardarlığın verilməməsi və riskli vergi ödəyicilərinin reystrinə daxil edilməməsi), müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Əməliyyatların müəssisənin riskli vergi ödəyicisi olmasından öncə aparılması işin mübahisəsiz halıdır. Qeyd edilənlərə əsasən də iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Göründüyü kimi vergi qanunvericiliyinə görə vergi ödəyicisinin gəlir və xərclərinə dair məbləğlər müvafiq qaydada sənədləşdirildikdən sonra həm mühasibatlıq, həm də vergi uçotunda əks oluna bilər. Ciddi hesabat bankları, müqavilələr, təhvil-təslim aktları və digər maliyyə sənədləri ilə təsdiq olunan gəlir və xərc məbləğləri vergi qanunvericiliyi tərəfindən qəbul olunur. Digər tərəfdən cavabdehin dəlilinə görə iddiaçının hazırkı mübahisə üzrə əməliyyat apardığı müəssisələr məhz iddiaçı ilə aparılan əməliyyatlar nəticəsində riskli vergi ödəyicisi hesab olunmuşdur. Beləliklə, cavabdehin iddiaçıya münasibətdə mübahisə olunan məzmunda hərəkətinin (fəaliyyətinin) hüquqi əsası olmamışdır, bu da qanunsuz və əsassız qərarların qəbul edilməsi ilə nəticələnmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin 7.04.2023-cü il tarixli, **********096500 nömrəli və 2.06.2023-cü il tarixli, **********007600 nömrəli qərarları ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barədə çıxarılmış 7.04.2023-cü il tarixli, **********096500 nömrəli və 2.06.2023-cü il tarixli, **********007600 nömrəli qərarlar ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-12371/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12371/2023
25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver