Məhkəmə qərarları › İş №2-1(112)-12374/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12374/2025

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12374/2025 05.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 qarşı “işsizlikdən sığorta ödənişinin təyin edilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı “işsizlikdən sığorta ödənişinin təyin edilməsi”nə dair iddiası üzrə inzibati işə 05 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-2/1-Q-18967/2025 nömrəli rəsmi məktubunda göstərilən imtina qərarının qanunsuz hesab edilməsi, ona ixtisar əsasında işsiz hesab edilməsi və işsizlikdən sığorta ödənişinin təyin edilməsi, işsizlikdən sığorta ödənişinin qanunda nəzərdə tutulmuş müddətə və məbləğdə geri ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 yanvar 2025-ci il tarixində ixtisara düşmüş və qanunvericiliyin tələblərinə uyğun olaraq 31 yanvar 2025-ci il tarixində Nərimanov rayon DOST mərkəzinə işsizlikdən sığorta ödənişinin təyin olunması üçün müraciət etmişdir. Orada şifahi şəkildə bildirilmişdir ki, onun adında kənd təsərrüfatına yararlı torpaq payı olduğuna görə ödəniş təyin edilə bilməz. Daha sonra 24 aprel 2025-ci il tarixində Abşeron rayon DOST mərkəzinə yazılı ərizə ilə müraciət etmişdir. Bu müraciətə cavab yalnız 17 iyun 2025-ci il tarixində verilib və cavabda yalnız "alt sistemdə məlumat uyğunsuzluğu" səbəbi qeyd olunub. Həmin cavabda konkret olaraq işsizlikdən sığorta ödənişinin hansı səbəbdən imtina edildiyi açıq şəkildə göstərilməyib. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (vəsatət) təqdim etmişdir. Vəsatətdə bildirmişdir ki, işsizlikdən sığorta ödənişi almaq hüququna əmək münasibətlərinə “İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla, yəni dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən, əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən xitam verilmiş, müəssisənin mülkiyyətçisi dəyişdikdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən, əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin ə) bəndinə əsasən, xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. İddiaçı “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) işsiz kimi qeydiyyatı olmadığı üçün ona işsizlikdən sığorta ödənişinin təyin edilməsi qanunamüvafiq hesab olunmamışdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia tələbi düzgün cavabdehə qarşı yönəldilmişdir (Bax: AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 1441/2022 saylı, xx.xx.2022-ci il tarixli və 2-1(102)- 688/2024 saylı, xx.xx.2024-ci il tarixli qərarları). İddianın əsaslılığı: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur. -"xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 269/k nömrəli əmri ilə "xxxx" QSC-nin Bakı Regional Mərkəzi, QTŞ və Siyirtmə qrupunun rəhbəri İddiaçı ilə xx.xx.2016cı ü tarixində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddənin ”b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işçilərin sayı ixtisar edildiyi üçün 30.01 2025-ci il tarixdən xitam verilmişdir. -ƏƏSMN yanında X5 Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. -Cavabdeh tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı MEİS-də işaxtaran və ya işsiz kimi qeydiyyatı mövcud deyildir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Beləliklə, iş materiallarında olan cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən 379,50 (üç yüz yetmiş doqquz manat 50 qəpik) manat məbləğində işsizlikdən sığorta ödənişi təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdən onun adına aktiv əmək müqaviləsi aşkar edilmiş və qeyd olunan tarixdən işsizlikdən sığorta ödənişinin ödənilməsi dayandırılmışdır. Şəxsin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmiş və o, yenidən işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı müraciət etmişdir. Onun işsizlikdən sığorta ödənişi almaq hüququnun təkrar araşdırılan zaman “İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən (sığorta ödənişi almış şəxsə bu Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə uyğun olaraq növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay, bu Qanunun 13.2.3-cü maddəsinə uyğun olaraq isə 24 ay sığorta stajı tələb olunur) ona sığorta ödənişinin təyin olunması qanunamüvafiq hesab olunmamışdır. İddiaçı hazırkı iddia tələbi ilə ona işsizlikdən sığorta ödənişinin ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsasını aşağıdaki qanunvericiliyin müddəaları təşkil edir. Belə ki, “İşsizlikdən sığorta haqqında” Qanunun: 1.1 Bu Qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. 1.2. Bu Qanuna uyğun olaraq sığorta ödənişi əmək münasibətlərinə bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş şəxslərə şamil edilir. 13.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən; 13.1.4. müəssisənin mülkiyyətçisi dəyişdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən; 13.1.5. əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən; 13.1.6. əvvəllər həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin ə) bəndinə əsasən. 18.0. Sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır: 18.0.1.“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi” Qaydasının: 1.1. Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.9-cu maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra – Agentlik) yerli qurumları tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. 1.2. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. 1.3. Həm əsas, həm də əlavə iş yerləri olan işçinin əmək münasibətlərinə müxtəlif zamanlarda xitam verildiyi halda, onun sığorta ödənişini almaq hüququ sonuncu iş yeri üzrə, eyni gündə xitam verildiyi halda isə əsas iş yeri üzrə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla əmək münasibətlərinə xitam verildiyi halda yaranır. 2.1. Sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması şərtləri və müddəti “İşsizlikdəın sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi ilə tənzimlənir. 3.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmaq hüququ olmayan şəxslərə sığorta ödənişi təyin edilmir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunundan: 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; 5.11. Aşağıdakı hallarda şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir: 5.11.1. bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə; İstinad olunan qanunvericiliyin və normativ hüquqi aklarından müddəalarından göründüyü kimi, işsizlikdən sığortanın əsas məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin paylaşdırılması prinsipi əsasında yeni maliyyələşmə mexanizmlərinin formalaşdırılması, sığorta olunan şəxslərin itirilmiş əməkhaqlarının müəyyən həddə qədər kompensasiya olunması, habelə işsizliyin yaranmasının qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin həyata keçirilməsi vasitəsilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinin təmin edilməsindən ibarətdir. Bununla yanaşı, qanunvericilikdə işsizlikdən sığorta ödənişini almaq hüququna malik olan şəxslərin dairəsi konkret və dəqiq şəkildə müəyyən edilmiş, həmin ödənişin təyin olunmasının şərtləri, verilməsinin dayandırılması və ya imtina olunması halları, eləcə də ümumilikdə hansı şəxslərin bu hüquqa malik olduqları normativ qaydada aydın şəkildə təsbit edilmişdir. Qeyd edilməlidir ki, şəxsin işsizlikdən sığorta ödənişi almaq hüququnun yaranması yalnız bir hüquqi faktla deyil, qanunvericilikdə nəzərdə tutulmuş bir neçə şərtin eyni vaxtda mövcudluğu ilə şərtlənir. Belə ki, bu hüququn yaranması üçün həm “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində, həm də “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində müəyyən edilmiş tələblərin məcmu şəkildə və eyni anda təmin olunması zəruridir. Qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətlərinə xitam verilmiş şəxslər (hazırkı iş üzrə iddiaçı kimi) müəyyən hallarda işsizlikdən sığorta ödənişini almaq hüququna malik ola bilərlər. Lakin qeyd olunan hüququn yaranması yalnız əmək münasibətlərinə həmin əsasla xitam verilməsi faktı ilə məhdudlaşmır. Bununla yanaşı, həmin şəxsin qanunvericiliklə müəyyən edilmiş digər şərtlərə də cavab verməsi, o cümlədən məşğul şəxs statusuna malik olmaması zəruridir. Bu baxımdan qeyd olunmalıdır ki, şəxsin “məşğul şəxs” hesab edilməsi onun işsizlikdən sığorta ödənişi almaq hüququnun yaranmasını istisna edən hüquqi hallardan biridir. Belə ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində “məşğul şəxs” anlayışı və həmin statusu müəyyən edən meyarlar konkret şəkildə müəyyən edilmişdir. Həmin normaya əsasən kənd təsərrüfatına yararlı torpaq payına malik olan şəxslər də məşğul şəxsə aid edilir. Yuxarıda göstərilənlərin ümumiləşdirilmiş hüquqi nəticəsi ondan ibarətdir ki, şəxsin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətlərinə xitam verilməsi faktı öz-özlüyündə ona avtomatik olaraq işsizlikdən sığorta ödənişi almaq hüququ yaratmır. Əgər həmin şəxs eyni zamanda kənd təsərrüfatına yararlı torpaq payına malikdirsə və bu səbəbdən qanunvericiliyin tələblərinə uyğun olaraq “məşğul şəxs” hesab edilirsə, belə halda onun işsiz statusu yaranmır, bu isə onun “işsiz kimi” qeydiyyata alınmasından imtina üçün əsas olur ki, nəticə etibarilə işsizlikdən sığorta ödənişinin təyin edilməsi hüquqi baxımdan istisna olunur. Beləliklə, iş üzrə mövcud materialları və tətbiq olunan qanunvericilik normaları əsasında Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın iddiaçıya işsizlikdən sığorta ödənişinin verilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmaqla hüquqi cəhətdən düzgün olmuşdur. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar