Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12379/2022 09.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsin müraciət edərək 1-ci və 2-ci Qarabağ döyüşlərində həkim kimi iştirak etdiyi üçün müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Beyləqan rayon Mərkəzi Xəstəxanasında dəri zöhrəvi həkimi işləmişdir. 1992, 1993 və 1994-cü illərdə müəyyən vaxtlar çərçivəsində həkim kimi Qarabağ döyüşlərində iştirak etmişdir. 2021-ci il ikinci Qarabağ, yəni X2 rayon Mərkəzi Xəstəxanası “Qospital” elan olunmuşdur. O, 44 günlük müharibə müddətində Qospitalda əsgərlərin sağlamlığı üçün döyüşmüş və xidmət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1188/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Mərkəzi arxivin xx.xx.2018-ci il tarixli, 4/2-19/2-4323 saylı arayışına əsasən hərbi xidməti barədə məlumat olmadığına görə (hərbi qulluqçu statusuna malik olmadığına görə) iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə X3 Ərazi Bölmələrini İdarəetmə Birliyi Beyləqan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş 10 saylı, xx.xx.2022-ci il tarixli Arayışa əsasən, oxx.xx.1953-cü il təvəllüdlü İddiaçı həqiqətən, Beyləqan MRX PHŞ-nin həkimi vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Beyləqan MRX PHŞ Hərbi Toplanışda iştirak etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, N saylı hərbi hissə komandirinin oktyabr-noyabr 1992-ci il və N nömrəli hərbi hissə komandirinin martfevral, avqust 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. N () nömrəsi hərbi hissənin pul paylama cədvəlləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2018-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin 06 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə “müharibə veteranı”, “silahlı qüvvələr veteranı” və “əmək veteranı” adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimata uyğun olaraq 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı və sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı vən vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sının qərarı əsasında verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə hərbi xidmət keçmədiyinə görə ona “müharibə veteranı” adı və vəsiqəsi verilməsi məsələsinə baxılması mümkün deyildir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışa əsasən, həmin şöbədə qeydiyyatda olmuş istefada olan baş-leytenant İddiaçı şəxsi işi və sənədlərində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi, hərbi hissə və ya xidmət yerini özbaşına tərk etməsi barədə heç bir məlumat aşkar edilməmişdir. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixdə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər ediiməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-İİİ QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin sonuncu yarımbəndinə uyğun olaraq, «1988-ci il fevralın 1-dən 1991 -ci il oktyabrın 9- dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin 1-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir». İddia tələbi əsassızdır. İddiaçı X1 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 9/2-4323 nömrəli arayışına əsasən hərbi xidməti barədə məlumat olmadığına (Hərbi qulluqçu statusuna malik olmayıb) görə ona ‘‘Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin Komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli Qərarına əsasən: “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmənin şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddiaçı tərəfindən imtina məhkəməyə təqdim edilmiş imtinada və cavabdeh tərəfindən təqdim edilən iddiaya yazılı etirazda müvafiq komissiyanın rəyinə əsasən, müharibə veteranı vəsiqəsinin verilməsindən imtina edildiyi bildirilmiş, bununla bağlı cavabdeh qurumun mövqeyi ifadə edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1ci hissəsinin ikinci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən məhkəmə tərəfindən həmin bəndin qeyd hissəsi nəzərə alınmaqla aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. 1-ci hala münasibətdə iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı barədə təsdiqedici sənədi yoxdur. 2-ci hala münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə iddiaçının hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğunun olub-olmaması məhz Daxili İşlər Nazirliyi və onun rayon polis idarə (şöbələri) tərəfindən təqdim edilən fərdi uçot məlumatları əsasında müəyyən edilməlidir. Məhkəmə sorğusuna verilən cavab əsasında iddiaçının məhkumluğunun olmadığı müəyyən edilir. Lakin məhkəmə qeyd edir ki, hər iki hal eyni zamanda mövcud olduğu təqdirdə iddiaçının müvafiq hüququ təmin oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd edir ki, inzibati icraatda və məhkəmə icraatında onun iddiaçının xidmətini və qanuni əsaslarla tərxis olunmasını təsdiqləyən nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim edilməmişdir. Hansı ki, mövcud qanunvericilik aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərlərin veteran adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Odur ki, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-12379/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12379/2022
09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver