Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12384/2025 02.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X23 İdris oğlunun sədrliyi, X21 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Şəms oğlunun və cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun ərazisində yerləşən 0,2434 ha torpaq sahəsinin mərhum X11 məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun xx.xx.1964-cü il tarixli qaytanlanmış torpaq kitabında 68-ci siyahıda qeyd edilməklə istifadə və sahibliyə verilmiş Sabunçu rayonu, Maştağa Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən 0,25 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun mərhum X11 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Bakı şəhəri Sabunçu rayonu, Maştağa Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində mərhum atası X11 0.25 ha torpaq sahəsi ayrılmışdır. Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun 04 fevral 1964-cü il tarixli qaytanlanmış torpaq kitabında 68-ci siyahıda atasının adı qeyd edilmişdir. İstifadəyə ayrılmış 0.25 ha torpaq sahəsinin sxemi tərtib edilmiş və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Qeyd edilən torpaq sahəsi 50 ildən artıq müddətdir ki, iddiaçının sahiblik və istifadəsindədir. Qanun üzrə atasının vərəsəsi iddiaçı olduğundan Maştağa Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən 0.25 ha torpaq sahəsinə dair hüququn ölmüş şəxs X11 məxsus olmasına dair çıxarışın (arayışın) İddiaçı verilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə torpaq sahəsinə dair bütün hüququ müəyyənedici səndələr əlavə edilməklə ərizə ilə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən müraciətin icrasında imtina edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, **********27 saylı imtinasında bildirmişdir ki, təqdim olunan sənədlər surətdir. Bundan başqa, Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun xx.xx.1964-cü il tarixli qaytanlanmış torpaq kitabına əsasən 68 saylı siyahıda hüquq sahibinə torpaq sahəsi ayrılan zaman Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən yerdə (naturada) sahənin hüdudları müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılması təmin edilməmişdir. Belə ki, təqdim edilmiş yerləşmə sxemi torpaq sahəsi ayrılan zaman sovxoz tərəfindən deyil, sonradan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinə dair digər şəxsin müraciəti daxil olmuşdur, digər şəxsin müraciəti ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-15278/2023 nömrəli məhkəmə işi mövcuddur və İdarə tərəf qismində cəlb edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Əlavə olaraq torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,25 ha, faktiki isə 0,2434 ha təşkil edir. Cavabdeh xx.xx.2025-ci il tarixli etirazında bildirmişdir ki, İddiaçı Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun 04 fevral 1964-cü il tarixli qaytanlanmış torpaq kitabında 68-ci siyahında qeyd edilməklə, istifadə və sahibliyinə verilmiş Sabunçu rayonu, Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun ərazisində yerləşən 0.25 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququna dair hüququn ölmüş şəxsə X11 məxsus olmasına dair çıxarışın (arayışın) İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə həvalə olunması barədə iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş, **********27 xaricolma nömrəli məktubla cavab verilmişdir. Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun xx.xx.1964-cü il tarixli qaytanlanmış torpaq kitabına əsasən 68 saylı siyahıda hüquq sahibinə torpaq sahəsi ayrılan zaman Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən yerdə (naturada) sahənin hüdudları müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılması təmin edilməmişdir. Belə ki, təqdim edilmiş yerləşmə sxemi torpaq sahəsi ayrılan zaman sovxoz tərəfindən deyil, sonradan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinə X3 müraciəti daxil olmuşdur. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zamanı göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi və sahənin faktiki ölçüsünün 0,2434 ha təşkil etdiyi müəyyən olmuşdur. Məlumat üçün, Bakı İnzibati Məhkəməsində 2-1(112)- 15278/2023 saylı iş üzrə iddiaçı X8, cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “yerləşmə sxeminin verilməsi” tələbinə dair iddia qaldırmış, iş üzrə İdarə tərəf qismində cəlb edilməmişdir. Etirazda qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması xahiş edilmişdir. Məhkəmənin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə X8 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmənin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun ərazisində yerləşən 0,2434 ha torpaq sahəsinin mərhum X11 məxsus olması barədə arayışın verilməsi” kimi icraata qəbul edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsinə ünvanlanmış 07 mart 2025-ci il tarixli, 134 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.1984-cü il tarixdə vəfat etmiş atası XX.XX.XXXX- cı il təvəllüdlü X9 qalmış miras ( Maştağa Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən torpaq sahəsinə) əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X10 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığından, «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş forma 37 arayışını, forma 1 arayışının və ya yeni çıxarışın və bu barədə müvafiq məlumatın, İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş olunur. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-İRA/2-790/25 nömrəli məktubda bildirilmişdir ki, Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun qaytanlanmış torpaq kitabında vətəndaşlara torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi verilmiş (68) siyahıda vətəndaş X10 adına 0-25 ha. şəxsi istifadəsində olan həyətyanı torpaq sahəsi ayrılmışdır. Cavabdehin məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 41233/2025 cavab məktubunda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,25 ha, faktiki isə 0,2434 ha təşkil edir. Təqdim edilmiş yerləşmə sxemi torpaq sahəsi ayrılan zaman sovxoz tərəfindən deyil, sonradan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinə dair təqdim edilmiş cizgidəki koordinatlarla faktiki sahənin koordinatları və yerləşməsi uyğun gəlsə də, cizgi səlahiyyətli orqan tərəfindən təstiqlənməyib. Göstərilən ərazinin bitişik hasar qonşuluğunda qeydiyyatdan keçən sahə barədə məlumat aşkar edilməmişdir. Həmçinin sözügedən sahənin hər hansı dövlət qeydiyyatından keçmiş torpaq sahəsi ilə üst-üstə düşməsi yoxdur. Əlavə olaraq bildiririk ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinə dair digər şəxsin müraciəti daxil olmuşdur, digər şəxsin müraciəti ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-15278/2023 №-li məhkəmə işi mövcuddur və İdarə tərəf qismində cəlb edilməmişdir. Bundan əlavə torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktını göndərmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-41233/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İdarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, şərti sərhədlərlə göstərilən torpaq sahəsi faktiki olaraq 600.0 kv.m təşkil edir. Sahə üzərində tikili yoxdur. Faktiki sahənin koordinatları təqdim olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi İdarənin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritədə göstərilən hissədə bağ nömrəsi əks olunmamışdır. Bundan başqa, göstərilən torpaq sahəsinin bir hissəsi (təqribi 175.0 kv.m) **********77 reyestr nömrəsi ilə "xxxx" MMC-nin istifadəsində olan sahə ilə, bir hissəsi isə X13 adına tərtib olunmuş plan-sxemin baza məlumatı ilə üst-üstə düşür. Eləcə də, torpaq sahəsi və onun ayrı-ayrı hissələrinə (FİN 4AF3PWH) X5, X2, X6, (FİN 445LH92) X4 və digərlərinin kollektiv müraciətləri olmuşdur. Sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Torpaq islahatları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Maddə 25. Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.7-ci maddəsinə görə 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun: 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun ərazisində yerləşən 0,2434 ha torpaq sahəsinin mərhum atası X11 məxsus olması barədə arayışın verilməsini tələb etməkdədir. Məhkəmə cavabdehin imtina əsasına münasibətdə bildirir ki, iddia predmetini təşkil edən torpaq sahəsinin iddiaçının mərhum atası X11 ayrılması arxiv arayışı ilə təsdiq edilmişdir. Belə ki, məhkəmə sorğusuna cavab olaraq Abşeron Rayon Dövlət Arxivi tərəfindən göndərilmiş arxiv arayışına əsasən 04 fevral 1964-cü il tarixli Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun qaytanlanmış torpaq kitabından torpaq sahəsi verilmiş (68) siyahıda X11 0,25 ha şəxsi istifadəsində olan həyətyanı torpaq sahəsi ayrılmışdır. Cavabdehin imtina əsaslarından digəri isə torpaq sahəsinə dair digər şəxsin müraciətinin olması, digər şəxsin müraciəti ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-15278/2023 nömrəli məhkəmə işinin mövcud olması və İdarənin tərəf qismində cəlb edilməməsidir. Məhkəmə tərəfindən iş üzrə araşdırma aparılaraq X8 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh mübahisəli torpaq sahəsinə X3 müraciəti olduğunu bildirsə də, Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş **********781 nömrəli ərizəyə əsasən X1 Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən 2500 kv.metr torpaq sahəsinin X15 adına rəsmiləşdirilməsinə və arayış (çıxarış) verilməsinə etiraz etməmiş, bununla bağlı hər hansı tələbi və iddiası olmamışdır. Göründüyü kimi, torpaq sahəsinin hər hansı şəxsə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi və ya mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı məhdudiyyətə səbəb ola biləcək təyinat uyğunsuzluğu məhkəmə araşdırması ilə müəyyən edilməmişdir. Bundan əlavə torpaq sahəsinin faktiki ölçüsünün sənədlərdə göstərilən ölçüdən az olması belə iddiaçının əleyhinə hüquqi nəticə doğurmur. Çünki iddiaçı yalnız ona qanuni əsaslarla ayrılmış və artıq mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinə münasibətdə torpaq sahəsinin arayış sənədinin verilməsini tələb edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinasını əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən 0,2434 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun mərhum X11 məxsus olması haqqında arayışın verilməsi vəzifəsi qoyulmalıdır. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı iddiası təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun ərazisində yerləşən 0,2434 ha torpaq sahəsinin mərhum X11 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X26
Məhkəmə qərarları › İş №2-1(112)-12384/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12384/2025
02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver