Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1239/2025 13.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 13 iyul 1981-ci il tarixində Bakı Şəhər İcrayyə Komitəsi tərəfindən həyat yoldaşı mərhum X4 Lahıc bağları adlanan ərazidə müqavilə əsasında verilmiş 0,25 ha torpaq sahəsinin özəlləşdirilərək hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyini AR iqdisadiyyat Nazirliyi yanında ƏMDXDƏDK və Reyestr publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı həyat yoldaşı X5 xx.xx.2019-cu ildə rəhmətə gedib, onun qanun üzrə yeganə vərəsəsi odur, 13 iyul 1981-ci il tarixində bir tərəfdə Bakı Şəhər İcrayyə Komitəsinin "Bağlar Təsərrüfat İdarəsi"nin rəisi Vasiliyevin, digər tərəfdən isə X2 imzası ilə "Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün"27553 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtinə görə Bakı Şəhər İcrayyə Komitəsinin "Bağ sahələrinin verilməsi üzrə komisiyyasının" 1969-cu il tarixli qərarının 7 saylı protokoluna əsasən, Lahıc bağları adlanan ərazidə 43-cü növbədə olan X4 2257 nömrəli, 0,25 ha torpaq sahəsi icarəyə verilmişdir.X7 bu yorpaq sahəsi üzərində 26,07 kv metr olmaqla bir otaqlı yaşayış mənzili və köməkçi tikililər tikmişdir. O, 26 fevral 2024-cü il tarixində Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə Ərizə ilə müraciət edərək qeyd edilən torpaq sahəsinə baxış keçirilməsini və bu torpağın özəlləşdirilərək çıxarış alınmasında ona köməklik göstərilməsini xahiş etdi. Torpağa tez bir zamanda baxış keçirildi və ona xx.xx.2024-cü il tarixlı, 3-21-3-30/2-100xx-xx/2024, **********02 saylı imtina məktubu göndərildi. İmtinanın səbəbi kimi,"müqavilədə göstərilən bağ evinin bir hissəsinin şərti göstərilən torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən olunmuşdur. Həmçinin torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluk təşkil edir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi digər bağın, bir hissəsi isə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Bundan əlavə vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi haqqında notariat ofisinin məktubu təqdim edilməmişdir". O, ərazinin dörd bir tərəfdən (hətta kosmosdan) şəkillərini çəkdirərək təqdim edir. Bu şəkillərdən də görünür ki, ərazi 1981-ci ildə onlara verildiyi vəziyyətdədir. Hətta tikdiyi tikililər də köhnəlmiş vəziyyətdə olsa də oz yerlərindədirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixdə, ********** daxilolma nömrəli ərizə ilə İdarəyə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq xx.xx.2024-cü il tarixli, **********02 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr baza məlumatına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsinin bir hissəsi 2258 saylı bağ sahəsinin, 27 kv.m isə mülkiyyət hüququ ilə X1 (FİN: 5G4DPZK) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə ilə üstüstə düşür. Həmçinin torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Qeyd olunanlarla yanaşı 17553 saylı müqavilədə qeyd olunan tikilinin bir hissəsi şərti olaraq göstərilən torpaq sahəsindən kənarda yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 2256 saylı bağ sahəsi ilə üst-üstə düşən 25 kv.m çıxmaqla qalan 2475 kv.m ölçüdə 2257 nömrəli bağ torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia ərizəsinin etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Elektron məhkəmə sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 011444 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 572 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Vİİ-ЖГ seriyalı 413188 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X5 və X6 xx.xx.2000-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2000ci il tarixdə 520 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 12 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli 721 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı müraciəti, miras qoyanla qohumluq əlqəasini təsdiq edən sənəd (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt bardə təqdim edilmiş sənədlər əsasında xx.xx.2019-cu ildə ölmüş əri-X2 adına vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Həmin məcəllənin 1151-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquq və vəzifələri, ümumi mülkiyyətdən ölənə çatası pay, yaxud bu əmlakın dəyəri daxildir. Məlum olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Yeni qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışı təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Qeyd olunanlarla bağlı mərhum-X4 məxsus olan əmlaka dair mərhumun adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi və sorğunu təqdim etmiş şəxs vasitəsilə notariat ofisinə göndərilməsi xahiş olunur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********89 nömrəli məktubu ilə təqdim edilmiş müayinə aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi-0.25 ha, faktiki sahəsi 0.3465 ha olmaqla, 0.3465 ha olmaqla, 965 kv.m artıqdır. Bağ sahəsinin sərhədləri 3 tərəfdən şərtidir, cənub-qərb tərəfdən isə bir hissəsi qonşu hasarla ayrılıb digər hissəsi isə şərtidir. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Məhkəmə sorğusuan cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********63 nömrəli məktubunda göstərilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq(bağ) sahəsinin sərhədləri 3 tərəfdən şərtidir. Cənub-qərb tərəfdən bir hissəsi qonşu hasarla ayrılmışdır, digər hissəsi isə şərtidir. Faktiki sahəsi 0.3465 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin az bir hissəsi 2258 saylı bağın və bölünənlərinin ərazisinə düşür. Cüzi hissədə qonşu özəl sahə ilə üst-üstə düşür (**********73). Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********56 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən bağların sxematik xəritəsindən görünür ki, 2257 saylı bağ sahəsinin ətrafında 2255, 2256, 2258, 2260, 2119, 2120\. 2402 nömrəli bağ sahələri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********77 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -xx.xx.1969-cu il tarixli 953 saylı Kirayə müqaviləsinə əsasən Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində 0.25 ha torpaq sahəsini X2 istifadəsinə vermişdir. -xx.xx.1981-ci il tarixli 17553 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı Tresti Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 2257 saylı sahəsi 0.25 ha olan bağ sahəsini X2 istifadəsinə verir. -2467/2257 nömrəli bağın yerəşmə planına əsasən 2257 nömrəli bağ sahəsinin ətrafında 2466/2256, 2468/2258, 2324/2120 nömrəli bağ sahələri və yol yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********67 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, iddia olunana bağ sahəsinin qonşuluğunda- 2253,2254,2256 nömrəli bağ sahələri ilə yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-4420/2025 nömrəli məktubunda göstərilmişdir ki, torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi digər bağın, bir hissəsi isə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-12915/2025 nömrəli məktubunda göstərilmişdir ki, vahid elekton kadastr baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi (2258 saylı sahə) qeydiyyata alınmadığından dəqiq koordinatla döngə nöqtələrini təyin etmək mümkün olmamışdır. Həmin məktubla təqdim edilmiş ortofoto görüntüdən məlum olur ki, iddia olunan torpaq sahəsinin 25 kv.m hissəsi **********73reyestr nömrəli qonşu 2256 nömrəli bağ sahəsi ilə üst-üstə düşür. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********04 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -“Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən **********73 reyestr nömrəli sahəsi 0.2427 ha olan 2256 saylı bağ sahəsi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 1028 nömrəli reyestr kitabının 102293 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********67 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, iddia olunana bağ sahəsinin qonşuluğunda- 2253,2254,2256 və 2258 nömrəli bağ sahələri yerləşir. Cavabdeh Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********02 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin ümumi ərazinin bir hissəsi olduğu, həmçinin müqavilədə göstərilən bağ evinin bir hissəsinin şərti göstərilən torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən olunmuşdur. Həmçinin torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi digər bağın, bir hissəsi isə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür.Bundan əlavə, vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi haqqında notariat ofisinin məktubu təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində 0.25 ha 2257 saylı torpaq sahəsi xx.xx.1969-cu il tarixli 953 saylı ,xx.xx.1981-ci il tarixli 17553 nömrəli icarə müqavilələrinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı Tresti Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 0.25 ha olan bağ sahəsi X2 istifadəsinə verilmişdir. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Beləliklə, sonuncu dəfə mərhum X5 ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış İxx.xx.1981-ci il tarixli 17553 nömrəli icarə müqaviləsi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 0.25 ha 2257 saylı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı imtina və etirazının dəlilləri aşağıdakılardan ibarət olmuşdur: -elektron kadastr baza məlumatına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsinin bir hissəsi 2258 saylı bağ sahəsinin, 27 kv.m isə mülkiyyət hüququ ilə 2256 nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə ilə üst-üstə düşür. -torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. - 17553 saylı müqavilədə qeyd olunan tikilinin bir hissəsi şərti olaraq göstərilən torpaq sahəsindən kənarda yerləşir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin qeyd diln dəlillərini müraciətin təminindən imtinaya əsas hesav etmir. İlkin olaraq qeyd edilməlidir ki, cavabdeh torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini qeyd etsə də bu uyğunsuzluğun konkret nədən ibarət olmasını əsaslandırmamışdır. Belə ki, Ləhiş bağlar massivində 2257 nömrəli bağ sahəsinin arxiv qovluğundakı sənədlərdə bağ sahəsinin yerləşmə cizgisində ətrafında 2256, 2258, 2120 nömrəli bağ sahələrinin olduğu öz əksini tapmışdır. Eyni zamanda Ləhiş bağlar massivində bağların sxematik xəritəsində 2257 saylı bağ sahəsinin ətrafında 2255, 2256, 2258, 2260, 2119, 2120, 2402 nömrəli bağ sahələri öz əksini tapmışdır. Təqdim olunan ərazinin ortofotogörüntüsündə naturada 2257 nömrəli bağ sahəsi kimi iddia olunan sahənin ətrafında 2253, 2254, 2256, 2258 nömrəli bağ sahələrinin yerləşdiyi müəyyən olunur. Eyni zamanda bağın yerləşmə planında 2257 nömrəli bağ sahəsində A tikilisinin mövcud olduğu və hazırkı ortofotogörüntü və yerli müayinə aktında da faktiki sahədə A-1 mərtəbəli bağ evinin yerləşdiyi müəyyən olunur. Beləliklə, 2257 nömrəli bağ sahəsi bağ sahəsinin yerləşmə planı, sxematik xəritə və hazırkı yerləşmə vəziyyətinin ortofotgörüntüsünun müqayisəli təhlili faktiki 2257 nömrəli bağ kimi iddia olunan sahənin 2256 və 2258 nömrəli bağların arasında yerləşməklə bağların yerləşmə ardıcıllığına uyğun olduğu qənaətinə gəlməyə əsas verir. Cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinə zamanı sahənin ölçüsü, yerləşmə koordinatları müəyyən edilmiş, torpaq sahəsinin yerləşmə vəziyyəti (baş planı) tərtib edilmiş, sahənin ümumi olaraq 3465 kv.m olduğu, həmin hissədən iddiaçıya aid olan 2500 kv.m-dən əlavə 965 kv.m artıq hissə ölçülərək müəyyən edilmişdir. Başqa sözlə, hazırkı halda iddiaçının faktiki hasar daxilində 3465 kv.m torpaq sahəsi olsa da iddiaçı ona sənəd üzrə olan ölçüdə 2257 nömrəli bağ torpaq sahəsinə mülkiyyət hüququnu mübahisələndirir. Cavabdeh isə sənəd üzrə iddiaçıya aid hissəni və artıq qalan 965 kv.m hissənin yerləşməsini təqdim etmir, eyni zamanda bir tərəfdən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bir hissəsinin 2258 saylı bağ sahəsi ilə üst-üstə düşdüyünü qeyd etməklə, digər tərəfdən isə 2258 saylı sahə qeydiyyata alınmadığından iddia olunan 2257 saylı sahənin 2258 nömrəli sahə ilə üst-üstə düşdüyünü iddia etdiyi sahənin üst-üstə düşən hissədə ölçü, koordinat və ya artıq qalan 965 kv.m hissənin hansı tərəfdən 2258 nömrəli sahəyə uyğun gəldiyini göstərən baş planı təqdim etmir. Ümumi ərazinin bir hissəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşməsinə gəlincə məhkəmə araşdırması zamanı cavabdeh təqdim etdiyi sorğuya cavabda iddia olunan faktiki sahənin 25 kv.m hissəsinin **********73 reyestr nömrəli 2256 saylı bağ sahəsi ilə üst-üstə düşdüyü müəyyən edimiş, iddiaçı tərəf həmin hissədə iddia tələbinə azalma verərək tələbini reyestrdə qeydə alınmış əmlakla üst-üst düşməyən qalan hissədə dəqiqləşdirmişdir. Beləliklə, sənəd üzrə iddia olunan 2257 nömrəli bağ sahəsi sənəd üzrə 0.25 ha ölçüdə olmaqla hazırkı halda faktiki olaraq 2475 kv.m ölçüdə iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hüquqi əsas mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 2256 saylı bağ sahəsi ilə üst-üstə düşən 25 kv.m çıxmaqla qalan 2475 kv.m ölçüdə 2257 nömrəli bağ torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 2256 saylı bağ sahəsi ilə üstüstə düşən 25 kv.m çıxmaqla qalan 2475 kv.m ölçüdə 2257 nömrəli bağ torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1239/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1239/2025
13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver