Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12391/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik müavinətin təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında'' Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş "Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik sosial müavinətin təyin edilərək ödənilməsi vəzifəsinin cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin K10D-1151/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 07 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs" qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmdən həm o, həm də müdafiəçisi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-231/2023 saylı, 23 may 2023-cü il tarixli hökmü ilə apellyasiya şikayəti tam, müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin olunmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmağına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməklə, məhkəmə iclası zalından dərhal həbsdən azad olunmuşdur. Həbs olunduğu (azadlıqdan məhrum edildiyi andan) 07 sentyabr 2021-ci il tarixdən etibarən birinci instansiya məhkəməsinin hökmü qəbul edildiyi tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında, birinci instansiya məhkəməsinin hökm qəbul edildikdən sonra isə cəzanın çəkilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində davam etmişdir. Bundan sonra birinci instansiya məhkəməsinin hökmündən müdafiəçisi və məhkum olaraq onun tərəfimdən verilmiş apellyasiya şikayətləri baxılması məqsədi ilə o, yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına etap olunmuşdur. Bundan sonra apellyasiya məhkəməsinin 23 may 2023-cü il tarixli bəraət hökmü ilə məhkəmə iclas zalından dərhal azadlığa buraxılmışdır. Bundan sonra, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş "Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik sosial müavinətin təyin edilərək ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzi vasitəsi ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının 3-171/2-Q-152528/2023 saylı, 08 iyul 2023-cüi il tarixli məktubu ilə ona cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik sosial müavinətin verilməsindən verilməsindən imtina olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli arayışına əsasən sizə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1 (103)-231/2023 saylı Hökmü ilə bəraət verilərək məhkəmə iclas zalından həbsdən azad olunmuşunuz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.38-ci maddəsinə əsasən qətimkan tədbiri — bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiridir. Həmin Məcəllənin 7.0.40-cı maddəsinə əsasən həbs — qətimkan tədbiri qismində bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbsdə saxlanılma yerində (istintaq təcridxanalarında) saxlanılmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, penitensiar müəssisədə cəza çəkməyinizlə bağlı qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Bu səbəbdən siz “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin müəyyən etdiyi şəxslər kateqoriyasına aid edilmirsiniz. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sizə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi.
II. İddianın mümkünlüyü
6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
8. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X2rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X3rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
9. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
10. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
11. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
12. Məhkəmə qeyd edir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikası vətəndaşlarına birdəfəlik müavinət ödənilir. Qanunun 6.1.7-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında, birinci instansiya məhkəməsinin hökm qəbul edildikdən sonra isə cəzanın çəkilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində davam etmiş, birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətlərinin baxılması məqsədi ilə yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap olunmuşdur.
13. Qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(103)-231/2023 nömrəli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilmiş, İddiaçı məhkəmə iclası zalından dərhal həbsdən azad edilmişdir.
14. İddiaçı barəsində penitensiar müəssisədə cəza çəkməsi ilə bağlı qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Odur ki, iddiaçı cəza çəkməkdən azad edilmiş şəxs olmadığından “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən birdəfəlik müavinət ödənilməsini tələb etmək hüququ yoxdur.
15. Odur ki, iddiaçı yuxarıda sadalanan şəxslər kateqoriyasına aid olmadığından iddianı qaldırmağa subyektiv hüququ yoxdur.
16. İddiaçı Cinayət Prosessual Məcəlləsinin 56.0.1-ci maddəsinə əsasən vurulmuş ziyanın ödənilməsi tələbi ilə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət edə bilər.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva