Məhkəmə qərarları › İş №2-1(112)-12397/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12397/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12397/2022 08.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Qanuni nümayəndə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəz Filialının baş mütəxəssisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müraciət etdiyi tarixdən, xx.xx.2022-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. xx.xx.1976-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. 2005-ci ilə qədər müxtəlif orqan və təşkilatlarda işləmişdir. Ümumilikdə 27 ildən çox sığorta stajı vardır. İddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin kifayət qədər əmək stajı və pensiya kapitalının olmasına baxmayaraq cavabdeh orqan tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur. Belə ki, cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cavab məktubunda göstərilmişdir ki, iddiaçının 24 il 6 ay sığorta stajı vardır. "xxxx" MMC-də xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək ödənişsiz məzuniyyətdə olduğu üçün həmin dövrlər staja hesablanmamışdır. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin iddiaçının təqdim etdiyi sənədlərə əsasən, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğu müəyyən edildiyindən həmin dövrlər onun sığorta stajına daxil edilməmiş, yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir....İddiaçının xx.xx.1957-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq); qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Lakin iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "Sənayetikintitəchizat” MMC-də işləməsinə dair qeyd mövcuddur. Lakin iş materiallarında olan İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 07 nömrəli məktubuna əlavə olunmuş əməkhaqqı cədvəllərindən görünür ki, iddiaçıya xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək əməkhaqqı hesablanmamışdır. Həmin faktı təsdiq edən digər məqam ondan ibarətdir ki, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən "xxxx" MMC-də mövcud sənədlər əsasında həmin dövrlər üzrə araşdırılma aparılmışdır. Monitorinq zamanı müəyyən olmuşdur ki, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuş, həmin dövrlər üzrə ona əməkhaqqı hesablanmamışdır. Bu barədə sözügedən müəssisədə xx.xx.2022-ci il tarixli monitorinq aktı tərtib edilmişdir. İstər “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil edilən əmək fəaliyyəti dövrləri içərisində, istərsə də hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən sosial sığorta stajı kimi nəzərə alınan dövrlərin sırasında ödənişsiz məzuniyyət dövrü təsbit olunmamışdır. Göründüyü kimi iddiaçının 01 04.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək faktiki əmək fəaliyyəti öz təsdiqini tapmamış, başqa sözlə həmin dövrlərdə faktiki əmək fəaliyyəti olmamış, ödənişsiz məzuniyyətdə olmuş və ona hər hansı ödəniş edilməmiş, əməkhaqqı almamışdır. Bu səbəbdən həmin dövrlər sığorta stajına daxil edilməmiş, ümumi sığorta stajı 24 il 6 ay təşkil etmişdir. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 22-1.1 -ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1 ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə ümumiyyətlə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci, 9.1-ci maddələri, MPM-in 153-cü və İPM-in 47-ci maddələrini əsas götürməklə iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdilər və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu, pensiya yaş həddinin kişilər üçün 65 yaş müəyyən edildiyi bildirilmişdir. Məktubda həmçinin aşağıdakılar qeyd olunmuşdur: Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən sığorta stajınız 24 il 6 ay təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçı "xxxx" MMC-də xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğundan həmin dövr onun sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları əsasən, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilməklə ona güzəştli şərtlərlə əmək pensiyanın təyin olunmasından imtina edilmişdir. - Nərimanov RPİ tərəfindən verilmiş, AZE seriyalı, 0******* №li şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1957-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. - xx.xx.1976-cı il tarixdən doldurulmağa başlamış iddiaçının 114 №li kolxozçunun əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1976-cı ilin dekabr ayından 1977-ci ilin dekabr ayınadək “Şən Həyat” kolxozunda kolxozçu işləmişdir. - xx.xx.1978-ci il tarixdən doldurulmağa başlanmış iddiaçının ИТ-İ № ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək “Azmorneftstroy” trestinin metal kontruksiyaları zavodunda 1-ci dərəcəli fəhlə, 1-ci və 2-ci dərəcəli yığıcı çilingər, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci ilə kimi 7 nömrəli Dövlət yastıq (texniki) zavodunda nəqliyyat sahəsində malyükləyən, xx.xx.1981-ci il tarixdən Azərbaycan SSR Logistika və Texniki Təchizat İdarəsində xx.xx.1991-ci il tarixədək baza fəhləsi, mexanizator vəzifələrində, xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Komplekt” firmasında mal-dövriyyə sahəsində 6-cı dərəcəli mexanizator, xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" MMM-də mal-dövriyyə sahəsində mexanizator vəzifəsində çalışmışdır. - "xxxx" MMC tərəfindən cavabdehin sorğusuna cavab olaraq ünvanladığı məlumatın təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" MMC-də işləmişdir. İşldiyi müddətdə İddiaçı 01 aprel 1999-cu il tarixdən 02 yanvar 2002-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. - "xxxx" MMC-nin xx.xx.1997-ci il tarixli 01-k saylı əmrin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı müəssisədə mal-dövriyyə sahəsinə mexanizator vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı ştat cədvəlin uyğun olaraq müəyyən edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2005-ci il tarixli 09 saylı əmrdən görünür ki, müəssisədə mexanizator ştatında işləyən İddiaçı xx.xx.2005-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. - Cavabdeh inzibati orqanın hüquq, nəzarət və monitorinq departamentinin araşdırma şöbəsi tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, sığorta stajını müəssisədə saxlanılan əmrlərin əmək haqqı ödənişi sənədləri qarşılıqlı araşdırma zamanı müəyyən edilmişdir ki, X2 xx.xx.1997-ci ildə "xxxx" MMC-yə işə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə işdən azad edilmişdir. İşlədiyi müddətdə İddiaçı xx.xx.1999cu il tarixdən xx.xx.2002-ci il tarixədək əmək haqqı hesablanmamış, öz hesabına ödənişsiz məzuniyyətdə olmuş, digər dövrlərdə fasiləsiz olaraq əmək haqqı hesablanmışdır. İşin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1957-cı il təvəllüdlü olmaqla, ona yaşa görə əmək pensiyasını müraciət etdiyi, yəni xx.xx.2022-ci il tarixdən təyin edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması işin mübahisəsiz halıdır. Cavabdehin mübahisə etdiyi hal iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Belə ki, cavabdehin dəlillərinə əsasən məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün və iddiaçı xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək, ümumilikdə 2 il 09 ay "xxxx" MMC-də ödənişsiz məzuniyyətdə olduğu üçün sözügedən dövrlərin İddiaçı sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. Məhkəmə cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. - 4.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası əmək pensiyasının növlərindən biri kimi müəyyən edilmişdir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iddia tələbi üzrə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Normaların tələblərindən göründüyü kimi, Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 111-ci maddəsinə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Əmək Məcəlləsinin 112-ci maddəsinə əsasən, işçilərin məzuniyyət hüququnun təmin edilmə növlərindən biri kimi ödənişsiz məzuniyyət təsbit edilmişdir. Həmin Məcəllənin 129-cu maddəsinə görə, ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir (129.1). İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər (129.2). Məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvəyə minmiş Əmək Məcəlləsinin 129-cu maddəsinin əvvəlki redaksiyası əsas götürülsə belə, ödənişsiz məzuniyyətin müddəti məhdudlaşdırılmamış, bu məzuniyyətin verilməsi işəgötürənlə işçinin arasındakı qarşılıqlı razılıq, kollektiv və əmək müqaviləsindəki hallarla şərtləndirilmişdir. Məhkəmə hesab edir ki, istinad olunan normaların tələbləri nəzərə alındıqda, hazırkı iddia tələbi üzrə iddiaçının 1999-cu ilin 1 aprel tarixdən başlayan ödənişsiz məzuniyyətinin ən çoxu 6 aylıq müddəti qanuna uyğun hesab edilə və həmin müddət iddiaçının pensiya təyin edilməsi üçün tələb olunan 25 illik sığorta stajının tamamlanması üçün kifayət edir (24 il 6 ay + 6 ay). Cavabdehin iddiaçıya müansibətdə əmək pensiyası hüququnun yaranmasının əsası kimi 1999-2002-ci illər arasındakı dövrdə əməkhaqqı almadığına görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtinin hazırkı halda təmin olunmadığı ilə bağlı dəlilinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının ilk növbədə əmək fəaliyyətinin 2002-ci il 1 yanvar tarixədək müddətinə həmin şərtin tətbiqi, həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə istisna edilir. Həmin normaya görə, Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 2002-ci il 1 yanvar tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 2002-ci il 1 yanvar tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin maddənin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Odur ki, məhkəmə işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrün dövlət tərəfindən mütləq sosial sığorta edilməli olmayan qənaətinə gəlməsi üçün əsas görmür və hesab edir ki, həmin dövr (işçinin ödənişsiz məzuniyyətdə olduğu dövr) işçinin sığorta stajına daxil edilməlidir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırki vəziyyətdə iddiaçının 25 il sığorta stajının olduğu müəyyən edildiyindən onun xx.xx.2022-ci il tarixində (65 yaş) yaşa görə pensiya hüququ yaranmışdır və pensiya kapitalına dair şərtin ödənilməsi tələb edilmir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr də nəzərə alınmaqla 25 il sığorta stajına malik olduğu müəyyən ediliyindən, ona yaşa görə əmək pensiyası təyinatından imtina edilməsi əmək qanunvericiliyinin müddəalarına, «İnzibati icraat haqqında» AR Qanununun 15, 17, 19 və 24-cü maddələrinin tələblərinə, o cümlədən “mütənasiblik prinsipi”nə zidd sayılmalı və iddiaçının hüqüqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçı X1, xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X1, xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar