Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12397/2024 19.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin adı dəyişdirilərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “vergi ödəyicisi kimi uçota alınmanın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh vergi orqanının hərəkətlərinin qanunsuz hesab edilməsi və adına rəsmiləşdirilmiş ********** saylı VÖEN-in ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin 28 dekabr 2021-ci il tarixli F- 177 nömrəli və 22 avqust 2023-cü il tarixli 3-21/3-1 -F-131/2023 nömrəli əmrlərində dəyişiklik edilməsi haqqında 27 dekabr 2023-cü il tarixli 3-21/3-1 -F-187/2023 nömrəli Əmrin 1.2-ci bəndinə əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin adının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə dəyişdirildiyini nəzərə almışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən ünvanlanmış 07 noyabr 2023-cü il tarixli məktuba əsasən iddiaçının adına ********** saylı VÖEN-in tərtib edilərək fiziki şəxs kimi qeydiyyata alınmışdır. Həmin məktubda aşağıdakılar qeyd edilmişdir: “Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsində aparılmış auditin nəticələrinə əsasən adlarına avtomotonəqliyyat vasitələri qeydiyyata alınmış fiziki şəxslər barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumata əsasən vergi orqanı tərəfindən aparılmış təhlillər zamanı vergi orqanında qeydiyyatda olmadığınız müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, vergi qanunvericiliyinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Bununla bağlı Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə əsasən vergi uçotuna alınmanız təmin edilmişdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz”. İddiaçı qeyd edir ki, o, İddiaçı, hal-hazırda hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşqul olmur. Yuxarıda qeyd edilən məlumatlardan da aydın olur ki, onun tərəfindən vergi orqanına VÖEN-in alınması və vergi ödəyicisi kimi qeydiyyata alınması barədə müraciəti mövcud olmamışdır. Vergi orqanı tərəfindən ünvanlanmış məktubda onun qeydiyyata alınması və VÖEN nömrəsinin adına rəsmiləşdirilməsinin səbəbi isə qeyd edilməmişdir. Belə ki, iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti həyata keçirilmədiyindən və hər hansı bir vergi orqanına müraciət edilmədiyi üçün o, bu zamanadək vergi orqanının elektron kargüzarlıq internet portalına daxil olmamış və həmin VÖEN onun tərəfindən təhvil alınmamış və ya ona verilməmişdir. Bu səbəbdən hesab edir ki, cavabdeh vergi orqanının hərəkətləri qanunsuz hesab edilərək ona məlumatı olmadan verilmiş VÖEN ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh vergi orqanı tərəfindən iddiaya dair məhkəməyə təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, Azərbaycan Respublikasının Hesablama Palatasının Daxili işlər Nazirliyinin Baş X7 İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtomotonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər barəsində zəruri tədbirlərin görülməsi haqqında xx.xx.2023-cü il tarixli 2-3/2- 894 /2023 nömrəli (AVİS: xx.xx.2023-cü il tarixli **********718700 nömrəli) məktubu Dövlət Vergi Xidmətinə daxil olmuşdur. Hesablama Palatasının məktubunda Baş X7 İdarəsi tərəfindən təqdim edilmiş məlumatlara əsasən 10- 453 say intervalında avtomotonəqliyyat vasitəsinin qeydiyyata alındığı, siyahının araşdırılması zamanı 2681 fiziki şəxsdən 943 fiziki şəxsin vergi uçotunda olmadığı müəyyən edilmişdir. Qeyd olunan məlumatlar əsasında aparılmış araşdırma zamanı İddiaçı adında hal-hazırda 19 sayda avtonəqliyyat vasitəsinin qeydiyyatda olması ilə əlaqədar “Vergi ödəyicisinin uçota alınması barədə” bildirişxəbərdarlıq göndərilərək, 5 gün ərzində vergi uçotuna alınmaq üçün ərizənin təqdim olunması bildirilsə də, iddiaçı tərəfindən uçota alınmaq üçün müvafiq ərizə təqdim edilməmişdir. Bildirilir ki, Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Odur ki, İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin “Auditin nəticələrinə əsasən qanunamüvafiq tədbirlərin görülməsi barədə” göstəriş məktubuna əsasən, Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtomotonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər Vergi Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, İddiaçı (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə vergi orqanında uçota alınmış və ona vergi uçotuna alınması barədə xx.xx.2023-cü il tarixli **********913900 nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, iddiaçı X2 vergi orqanı tərəfindən uçota alınması tam qanunauyğun şəkildə həyata keçirilmişdir. Cavabdeh Vergi Məcəlləsinin 16.1.2, 13.2.37 maddələrinə, İPM-in 33, 35.1, 38.2-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfdən etiraza dair təqdim edilmiş mülahizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən ünvanlanmış 07 noyabr 2023-cü il tarixli məktuba əsasən İddiaçı adına ********** saylı VÖEN tərtib edilərək fiziki şəxs kimi qeydiyyata alınmışdır. Həmin məktuba əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsində aparılmış auditin nəticələrinə görə adlarına avtomotonəqliyyat vasitələri qeydiyyata alınmış fiziki şəxslər barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumata əsasən vergi orqanı tərəfindən aparılmış təhlillər zamanı İddiaçı vergi orqanında qeydiyyatda olmadığı müəyyən edildiyi və bununla bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə əsasən vergi uçotuna alınması qeyd edilmişdir. Qeyd edilir ki, İddiaçı hal-hazırda hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Yuxanda qeyd edilən məlumatlardan da aydın olur ki, İddiaçı tərəfindən vergi orqanına VÖEN-in alınması və vergi ödəyicisi kimi qeydiyyata alınması barədə heç bir müraciət mövcud olmamışdır. Vergi orqanı tərəfindən ünvanlanmış müvafiq məktubda qeydiyyata alınması və VÖEN nömrəsi İddiaçı adına rəsmiləşdirilməsinin səbəbi isə qeyd edilməmişdir. Belə ki, iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti həyata keçirilmədiyi və hər hansı bir vergi orqanına müraciət edilmədiyi üçün bu zamana kimi İddiaçı vergi orqanının elektron kargüzarlıq internet portalına daxil olmamış və həmin VÖEN təhvil alınmamış və ya şəxsə təqdim edilməmişdir. Bu səbəbdən cavabdeh vergi orqanının hərəkətlərinin qanunsuz hesab edilərək şəxsin məlumatı olmadan verilmiş VÖEN ləğv edilməlidir. Əlavə olaraq qeyd edilir ki, hər bir şəxs sahibkarlıq fəaliyyəti göstərmədən istədiyi miqdarda avtomobil ala bilər. Bu barədə hər hansı qanunvericilikdə məhdudiyyət qeyd edilməmişdir. Hər hansı bir şəxs mülkiyyətində olan və kommersiya fəaliyyəti ilə məşğul olmadığı əmlaka görə vergi uçotuna alına bilməz. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxsin VÖEN qeydiyyatına alınması tamamilə qanunsuz və əsassızdır. Belə ki, sahibkarlıq fəaliyyətinin mövcud olması üçün fiziki şəxs əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən gəlir əldə etmiş olmalıdır. Vergi orqanı sadəcə ehtimallara əsasən iddiaçını vergi uçotuna almışdır. Halbuki inzibati icraat qaydalarına və inzibati alınmasına hər hansı bir əsas vermir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxsin VÖEN qediyyatına alınması tamamilə qanunsuz və əsassızdır. Belə ki sahibkarlıq fəaliyyətinin mövcud olması üçün fiziki şəxs əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən gəlir əldə etmiş olmalıdır. Vergi orqanı, ilkin olaraq, İddiaçı adına VÖEN açan zaman onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını sübuta yetirməli idi. Bu kimi hallar isə müvafiq vergi orqanı tərəfindən sübuta yetirilməmişdir. Buradan da məlum olur ki, vergi orqanı “İnzibati İcraat haqqında” Qanunun və İnzibati Prosessual Məcəllənin prosessual tələblərini pozmuşdur. Bu hal əgər vergi orqanı tərəfindən sübuta yetirilsə idi, o zaman Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq İddiaçı adma VÖEN açıla bilərdi. Lakin bu kimi hallar AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş sənəddən məlum olduğu kimi mövcud olmamışdır. Nəticə olaraq, İddiaçı hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Bundan başqa, hər hansı bir şəxsin mülkiyyətində olan avtomobilə görə vergi uçotuna alınması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Qeyd etmək lazımdır ki, mövcud situasiya iddiaçının sahibkarlıq, kommersiya fəaliyyəti ilə məşğul olduğunu sübuta yetirə biləcək hallardan hesab olunmur. Əgər bu halı sübuta yetirəcək hər hansı sənəd mövcuddursa, həmin sənədlərin vergi orqanı tərəfindən məhkəməyə təqdim edilməsi xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat vermiş və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh vergi orqanının onun vergi uçotuna alınması barədə qərarını məhkəmə qaydasında mübahisələndirir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 70.3-cü maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İddianın mahiyyətinə gəlincə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh vergi orqanı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “AR Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsində aparılmış auditin nəticələrinə əsasən adlarına avtomotonəqliyyat vasitələri qeydiyyata alınmış fiziki şəxslər barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumata əsasən vergi orqanı tərəfindən aparılmış təhlillər zamanı vergi orqanında qeydiyyatda olmadığı müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, vergi qanunvericiliyinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Bununla bağlı Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə əsasən vergi uçotuna alınmanız təmin edilmişdir.” -İddiaçı tərəfindən vergi orqanına verilmiş 29 fevral 2024-cü il tarixli ərizədə bildirilmişdir ki, hal-hazırda onun mülkiyyətində 1ədədi minik avtomobili olmaqla, cəmi 17 ədəd nəqliyyat vasitəsi vardır. Ona məxsus 16 (on altı) ədəd yük avtomobilinin 14 ədədinin icarə müqaviləsi əsasında, 20 noyabr 2022-ci il tarixdən "xxxx" QSC-yə icarəyə verildiyi, hal-hazırda icarə müqaviləssinin qüvvədə olduğu, mülkiyyətində olan ** DL *** dövlət qeydiyyat nömrəli DAF TE47XS yük yəhərli dartıcı və ** OJ *** KAMAZ 53212 yük yanacaq çəni avtomobilləri isə, işlək vəziyyətdə olmadıqları üçün istifadə edilmədiyi, eyni zamnda 2023 il ərzində ona məxsus olmuş və sonradan özgəninkiləşdirilən(satılan) ** CC *** dövlət qeydiyyat nömrəli, Ford Custom minik və ** RC *** dövlət qeydiyyat nömrəli VAZ 21041 minik avtomobilləri şəxsi məqsədlər üçün(qeyri-sahibkarlıq fəaliyyəti üçün ) istifadə edildiyini bildirmişdir. Qeyd edilən 2(iki) ədəd minik avtomobili şəxsi məqsədlər üçün istifadə edildiyindən, onların satışından əldə edilən gəlirlər VM 102.1.7 maddəsinin tələblərinə görə gəlir vergisindən azad olduğu, ona görə də vergi uçotuna alınmağı ilə bağlı ərizə vermədiyini, icarə müqaviləsi əsasında yük avtomobillərinin icarəyə verilməsi üzrə faliyyətin isə VM-nin 99.3.3-cü maddəsinə əsasən qeyri-sahibkarlıq fəaliyyəti olduğundan, vergi uçotuna durmaq vəzifəsi yaranmadığını qeyd etmişdir. İddiaçı ona görə də fiziki şəxslərin gəlir vergisinə cəlb edilən vergi tutma obyekti olmadığı üçün, vergi orqanı tərəfindən onun vergi uçotuna alınmağında bağlı qəbul etdiyi qərarın qeyri-qanuni olduğunu qeyd edərək ləğv edilməsini xahiş etmişdir. İddiaçı icarə müqaviləsinin surətini ərizəyə əlavə etmişdir. -İddiaçının vergi ödəyicisi kimi uçota alınması üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi barədə cavabdeh vergi orqanına verilmiş sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubunda etirazda göstərilənlər bildirilmiş və ancaq DYP-nin təqdim etdiyi məlumat təqdim edilmişdir. Həmin məlumatdan görünür ki, İddiaçı adına 19 (on doqquz) ədəd nəqliyyat vasitəsi vardır. -İddiaçı tərəfindən təqdim edilmiş 20 noyabr 2022-ci icarə müqaviləsinin surətindən görünür ki, əlavədə adları qeyd olunan 14 ədəd avtomobil İddiaçı tərəfindən "xxxx" QSCyə icarəyə verilmişdir. Beləliklə işin faktiki hallarından görünür ki, cavabdeh vergi orqanı tərəfindən BDYPİdən daxil olmuş məlumat əsasında mülkiyyətində 19 sayda avtonəqliyyat vasitəsinin qeydiyyatda olmasına görə İddiaçı kommersiya fəaliyyəti ilə məşğul oldğu ehtimal olunan fiziki şəxs hesab edilərək xx.xx.2023-cü il tarixdə vergi orqanında uçota alınmışdır. Hazırda iddiaçı vergi orqanının qərarını mübahisələndirir. Məhkəmə aşağıda göstərilənlərə əsasən tələbin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsinə əsasən, «Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz». Həmin maddənin X hissəsinə əsasən, «Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər». Birbaşa qüvvədə olan həmin normalara əsasən, Konstitusiyanın 71-ci maddəsinin İX hissəsinin nəzərdə tutduğu şəxslərdən fərqli olaraq dövlət orqanları həmin orqanların vəzifəli şəxslərinin timsalında, yalnız o fəaliyyəti həyata keçirə və yalnız o hərəkətləri icra edə bilərlər ki (həm də müəyyən edilmiş qaydada və hüdudlarda), bunlar qanunda bilavasitə nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. -13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. -16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. -33.1-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. -33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. -33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir... ...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. -33.5-ci maddəsinə əsasən, bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Göründüyü kimi Vergi Məcəlləsinin 33.3-cü maddəsi sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsi vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq vergi orqanında vergi ödəyicisi kimi uçota alınmasını şərtləndirir. Lakin hazırkı işin hallarından iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması təsdiqini tapmamış, cavabdeh tərəfindən də bununla bağlı hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə ki, sahibkarlıq fəaliyyətinin mövcud olması üçün fiziki şəxs əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən gəlir əldə etmiş olmalıdır. Bununla belə, vergi orqanı şəxsi vergi ödəyicisi kimi məcburi vergi uçotuna alarkən məhz qeyd edilən fəaliyyətin mövcudluğunu müəyyən etmədən əsassız olaraq şəxsi vergi uçotuna qeydiyyata almışdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı mülkiyyətində olan nəqliyyat vasitələrini hüquqi şəxsə icarəyə vermişdir. Vergi Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir: 99.3.3. əmlakın icarəyə verilməsindən gəlir; Həmin Məcəllənin: -101.2-ci maddəsinə əsasən, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. -124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir. VM-in 124.1-ci maddəsinin tələbinə müvafiq olaraq qeyd olunur ki, iddiaçı qeyrisahibkarlıq fəaliyyətindən gəlir əldə edən şəxs kimi o halda vergi uçotuna alına bilərdi ki, əmlakını vergi uçotunda olmayan şəxsə icarəyə vermiş olsun. Lakin işin hallarından görünən odur ki, iddiaçı mülkiyyətində olan nəqliyyat vasitələrini "xxxx" QSC-yə icarəyə vermişdir ki, hüquqi şəxslər hər bir halda vergi uçotuna alınırlar. Həmçinin tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8-ci bəndindən görünür ki, tərəflərin razılığına əsasən “İcarəçi” hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda, iddiaçının qeyri-sahibkarlıq subyekti kimi də vergi uçotuna alınması zərurəti istisna edilir. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçının vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınması vergi qanunvericiliyinə zidd olduğundan iddia təmin edilməli, İddiaçı adına rəsmiləşdirilmiş ********** saylı VÖEN ləğv edilməlidir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən İddiaçı adına rəsmiləşdirilmiş ********** saylı VÖEN ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-12397/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12397/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver