Məhkəmə qərarları › İş №2-1(112)-124/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-124/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-124/2023 22.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X17 Abıyevin sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil1, üçüncü şəxs X16 və onun vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı X24 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sərəncamın etibarsız hesab edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti başçısının X18 fərdi yaşayış evinin tikilməsi üçün Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsinin ayrılması barədə 29 iyun 2001-ci il tarixli 455 və 465 saylı sərəncamlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti başçısının X18 fərdi yaşayış evinin tikilməsi üçün Bakı şəhəri Suraxanı rayonu Qaracuxur qəsəbəsi Şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsinin ayrılması barədə 29 iyun 2001-ci il tarixli 455 saylı sərəncamın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Suraxanı rayon icra hakimiyyəti başçısının X12 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsinin ayrılması barədə 29 iyun 2001-ci il tarixli 465 (dörd yüz altmış beş) saylı sərəncamın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Suraxanı rayon icra hakimiyyəti başçısının X18 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsinin ayrılması barədə 29 iyun 2001-ci il tarixli 465 (dörd yüz altmış beş) saylı sərəncamın etibarsız hesab olunmaqla, ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə yenidən məhkəməyə İPMnin 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2021-ci il tarixli 465 saylı sərəncamının etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, ev 46, həmçinin evin yerləşdiyi 0,0729 ha torpaq sahəsi onun mülkiyyətindədir. Üçüncü şəxs X24 ona qarşı Suraxanı Rayon Məhkəməsində iddia qaldıraraq qanunsuz zəbt olunmuş torpaq sahəsinin geri qaytarılmasını tələb etmişdir. İddia tələbini onunla əsalandırmışdır ki, 29 iyun 2009-cu il tarixli Suraxanı rayon İcra hakimiyyəti başçısının 465 nömrəli sərəncamı ilə Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsi ona ayrılmışdır və həmin sərəncamla ona torpaq sahəsində yaşayış evinin tikintisinə icazə verilmişdir. Hətta ona ayrılmış torpaq sahəsinin sxemi olmadığı halda hesab edir ki, o, ona məxsus torpaq sahəsini zəbt etmişdir. Bu səbəbdən də məhkəmədən onun Suraxanı rayon, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılmasını tələb edir. Onun iddia ərizəsinə əlavə etdiyi Bakı şəhər Suraxanı rayon İcra hakimiyyəti başçısının 29 iyun 2001-ci il tarixli 455 saylı sərəncamından görünür ki, X3 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Suraxanı Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 2(010)-1632/2020 saylı iddianı təmin tədbiri barədə qərardadında da iş materiallarına əlavə edilmiş Suraxanı rayon İcra hakimiyyəti başçısının 455 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamına istinad etmişdir. Məhkəmə prosesində müəyyən edilmişdir ki, sərəncamın əsli olmadığından iddiaçı X22 rayon İcra hakimiyyəti başçısının 29 iyun 2001-ci il tarixli 455 nömrəli sərəncamın surətini Dövlət Arxivinin Bakı filialından almışdır. Bundan sonra vəkil sorğusu ilə Suraxanı rayon İcra hakimiyyətinin 455 saylı sərəncamının ona verilməsini istəmişdir. Dövlət Arxivinin Bakı filialının 207 saylı xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Suraxanı rayon İcra hakimiyyətinin arxiv fondu üzrə 2001-ci il tarixli 455 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin sərəncam xx.xx.2011-ci il tarixdə deyil, xx.xx.2001-ci il tarixli olmaqla, həmin sərəncamda X24 barəsində heç bir məlumat yoxdur. Həmçinin Suraxanı rayon İcra hakimiyyətinə də sözügedən sərəncamla bağlı sorğu verilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinin xx.xx.2020-ci il 1/396 saylı məktubunda RİH-nin sənədlərinin 2014-cü il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verildiyindən və sözügedən sərəncam barədə Suraxanı rayon İcra hakimiyyətində heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətin müsəb həllinin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Dövlət Arxivinin Bakı filialının Suraxanı Rayon Məhkəməsinə ünvanladığı 421 saylı xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Suraxanı RİHnin X3 yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması haqqında sərəncam xx.xx.2001-ci il tarixli 455 saylı deyil, xx.xx.2001-ci il tarixli 465 saylı sərəncam kimi Dövlət Arxivinin Bakı filialında mövcuddur və həmin sərəncamın surəti məhkəməyə təqdim edilmişdir. Göstərilən sənədin surəti onun nümayəndəsinə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. İş materiallarında Suraxanı rayon İcra hakimiyyəti başçısının 29 iyun 2001-ci il tarixli 455 və 465 nömrəli sərəncamları eyni tarixli ayrı-ayrı nömrəli olsa da məzmunca eynidir. Yəni, hər iki sərəncamda Suraxanı rayon İcra Hakimiyyəti Başçısı X3 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” Y/massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsi ayrılmışdır. Suraxanı rayon İcra hakimiyyəti başçısının 2001-ci il 29 iyun tarixində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayırmaq səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan və üçüncü şəxs tərəfindən iddaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. xx.xx.2023-cü il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasının cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Üçüncü şəxs və onun vəkili məhkəmə iclasında ayrı-ayrılıqda izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdilər. İddianın növü və mümkünlüyü İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İddia mümkündür. İşin halları İş materiallarında olan; Məhkəmənin müvafiq sorğularına əsasən; Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2020-ci il tarixli 650 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş; - Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinin başçısının “Suraxanı rayon İHB-nın 25 avqust 1993-cü il tarixli 2097 saylı sərəncamında dəyişiklik aparılması haqqında” 455 №li 27 iyun 2001-ci il tarixli sərəncamın təsdiq olunmuş surətində göstərilmişdir ki, Xırdalan qəsəbəsi 24 məhəllə ev 1, mənzil 64-də yaşayan vətəndaş X9 rayon icra hakimiyyətinə müraciət edərək, qarşılıqlı razılaşma əsasında vət. X7 ayrılmış torpaq sahəsinin 200 kv. m-ni ona ayrılmasına icazə verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, vər. S.Fərzəliyevə Suraxanı rayon İHB-nın 25 avqust 1993-cü il tarixli 2097 saylı sərəncamı ilə Əmircan qəsəbəsi 351 “a” №li evin qarşısında 600 kv. metr torpaq sahəsi ayrılmışdır. 3 №li İİTS-nin tərəfindən verilmiş 2 №li forma arayışına və məznil qanunvericiliyinə əsasən vətəndaş R.Əmiraslanovun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı var. Sərəncamla qeyd olunanlar nəzərə alınmaqla aşağıdakılar qərara alınmışdır: 1.Suraxanı rayon İHB-nın 25 avqust 1993-cü il tarixli 2097 saylı sərəncamında 1-ci və 2-ci bəndində dəyişiklik aparılsın və aşağıdakı kimi oxunsun: 1.1. X1 fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi 351 “a” nömrəli evin qarşısında 200 kv. metr torpaq sahəsi ayrılsın.

2. Vətəndaş R.Əmraslanova ayrılmış sahədə İH-ti Təsərrüfat şöbəsi ilə razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilsin.

3. Qalan 400 kv. metri vətəndaş X6 tərəfində saxlanılsın.

4. Sərəncamın qalan bəndləri dəyişiklik aparılmadan saxlanılsın. Sərəncamın surətinin Əmircan qəsəbə nümayəndəliyinə, 31 nömrəli P/B, Əmircan Bələdiyyəsinə göndərilməsi umumi şöbənin müdirinə tapşırılsın. - Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının “Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi, ev 9, mənzil 10-da yaşayan vət. X18 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” 465 №li 29 iyun 2001-ci il tarixli Sərəncamın təsdiq olunmuş surətində göstərilmişdir ki, vətəndaş H.Hüseynov rayon icra hakimiyyətinə müraciət edərək, fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Müəyyən edilmişdir ki, vət. H.Hüseynova 158 №li MTK tərəfindən verilmiş 2 №li forma arayışına və mənzil qanunvericiliyinə əsasən, onun yaşayış şəraitini normallaşdırmağa ehtiyacı var. Qeyd olunanlar, həmçinin Azərbaycan Respublikası Nazirlər Sovetinin 30.08.86-cı il tarixli 274 №-li, BŞİK-nin 27.01.89-cu il tarixli 13/713 №-li və BŞXDS-nin 20.10.89-cu il tarixli 11/412 №-li qərarlarına əsaslanaraq, aşağıdakılar qərara alınmışdır:

1. X3 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, “Q” y/massivində 285 №-li məktəbin arxa hissəsində 300 kv.m torpaq sahəsi ayrılsın.

2. Vət. H.Hüseynova ayrılmış sahədə İH-ti Təsərrüfat şöbəsi ilə razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********97 saylı xx.xx.2020-ci il məktubu ilə məhkəməyə təqdim olunmuş; - 208666 №-li 30 oktyabr 2003-cü il tarixli müqavilənin surətindən görünür ki, ünvan 3 ünvanında yaşayan X13 ilə ünvan 4 ünvanında yaşayan X25 arasında ünvan 3 ünvanında ümumi sahəsi 97,20 kv. metr, yaşayış sahəsi 28,8 kv. met olan 2 (iki) otaqlı evin (Tİ. Hİ. TİHQ-dan xx.xx.2003-cü il tarixli 62 saylı reys. Kit. 9368-ci səh. 30/9368 saylı qeydiyyat vəsiqəsinə əsasən X8 məxsus) X2 dair müqavilə bağlanmışdır. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Seriya FM 024829 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 2 (iki) otaqlı, yaşayış sahəsi 28,8, ümumi sahəsi 97,2 kv. metr olan 46 saylı ev X14 adına xüsusi mülkiyyət kimi xx.xx.2003-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 62 nömrəli reyestr kitabının 9368 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında 0,0729 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən ev 46 X14 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2010-cu il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 143 nömrəli reyestr kitabının 13066 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan; - X25 ilə X20 arasında bağlanmış AN-İ ******* №-li Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı X25 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 11/17228 nömrəli forma arayışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən, mülkiyyətində olan 0,0729 ha torpaq sahəsində olan yaşayış sahəsi 28,8 kv. metr, yardımçı sahəsi 23.5 kv. metr, ümumi sahəsi 52.3 kv.metr olan 2 (iki) otaqlı 46 saylı fərdi yaşayış evini alıcı X10 mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 6 ünvanında, 0,0729 ha mülkiyyətdə olan torpaq sahəsində yerləşən 46 saylı ev İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2013-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 143 nömrəli reyestr kitabının 13066 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1632/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadın surətindən görünür ki, X4 Taleh Tapdıq oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” yaşayış massivində, 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinin onun (iddiaçının) qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1641/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/1252 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 iyun 2021-ci il tarixli, **********80 nömrəli rəyinə əsasən, elektron kadastr bazasında mübahisələndirilən ərazidə üçüncü şəxs X15 adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə məlumatın aşkar edilmədiyi, eyni zamanda mübahisələndirilən ərazidə İddiaçı adına reyestr nömrəsi **********91-10301 olan çıxarışla verilmiş 0,0729 hektar torpaq sahəsinin qeydiyyatdan keçdiyi müəyyən olunur. Məhkəmənin 2-1(112)-5944/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin edilmiş əlavə tikninti-texniki ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6796 saylı ekspert rəyində göstərilmişdir ki: 1) Qərardadın 1-ci sualı üzrə - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********94 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı xüsusi mülkiyyətində olan 0,0729 ha torpaq sahəsinin (üzərində fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahə) şimal, şərq və qərb tərəfdən artırılmaqla faktiki sahəsinin 0,1470 ha təşkil etdiyi müəyyən olunmuşdur. 2) Mütəxəssis rəyinə əsasən, üçüncü şəxs X18 fərdi yaşayış evi tikmək üçün Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2001-ci il tarixli 465 nömrəli sərəncamına torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmədiyi üçün faktiki sahə ilə bağlı müqayisə aparmaq mümkün olmamışdır (Bundan əlavə 29 iyun 2001-ci il tarixli 465 nömrəli sərəncamın verilmə tarixi mövcud qanunvericiliyə uyğun deyil) 3) Mütəxəssis rəyinə əsasən , birinci sualın cavabında qeyd olunduğu kimi, faktiki sahənin şimal, qərb və şərq tərəfdən genişləndirilməklə faktiki olaraq 0,1470 ha təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmənin mövqeyi

Hazırda iddiaçı hüquqlarının pozulduğunu qeyd etməklə, üçüncü şəxsə fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında cavabdeh inzibati orqanın inzibati akt sayılan sərəncamının etibarsız hesab olunmasını tələb edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 10-cu maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - 25-ci maddəsinin 3-cü hissəsinin mənasına görə 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 25-ci maddələrinin tələblərinə görə 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evi üçün qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri geri qaytarıla bilməz və həmin sahələr vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə götürdüyü ölçüdə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən 01 yanvar 2001-ci il tarixdən cavabdeh inzibati orqan belə bir səlahiyyətə malik olmadığı halda, Suraxanı rayon icra hakimiyyəti başçısının 29 iyun 2001-ci il tarixli 465 saylı sərəncamı X18 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir mübahisələndirilən sərəncam Suraxanı rayon icra hakimiyyəti başçısı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (maddə 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş) tələbləri pozulmaqla qəbul edilmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı X18 fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2001-ci il tarixli 465 №li sərəncamı sərəncamının etibarsız hesab edilməsinə dair tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2001-ci il tarixli 465 №li sərəncamı etibarsız hesab edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar