Məhkəmə qərarları › İş №2-1(112)-124/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-124/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-124/2025 10.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotu Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotu Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə qarşı “cavabdehin inzibati şikayətin təmin edilməməsi haqqında 20 avqust 2021-ci il tarixli **********615700 nömrəli qərarının ləğv edilməsi, iddiaçıya hesablanmış vergi borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti həmin Xidmətin Bakı şəhəri X3 üzrə Baş İdarəsi ilə əvəz edilmiş və iddia dəyişdirilərək “cavabdehin 16 iyul 2019-cu il tarixli **********802900 nömrəli qərarının ləğv edilməsi” kimi qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3578/2023 saylı 14 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, həmin qərardadın ləğv edilməsi və işə yenidən baxılması üçün qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1858/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3578/2023 saylı 14 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********059200 saylı qərarının ləğv edilməsi” kimi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir "xxxx" MMC-də çalışır və 2017-ci ilin may ayı tarixində VÖEN açmağa məcbur olmuşdur. Səbəbi VÖEN-lə Bakı Baş Gömrük İdarəsinin şəxsi istifadə üçün öz adına gətirdiyi mebeli X4 Buraxılış Məntəqəsindən buraxılmaması olmuşdur. VÖEN açılandan sonra bu sahələr üzrə heç bir məlumatı olmadığından Əmək və Əhalinin Sosial Müdafiə Fondundan ona rüb üçün hesabat tələb edirdilər. Bu zənglərin təkrar olmaması üçün o, VÖEN-ni xx.xx.2017-ci il tarixində 5 il müddətinə dondurmuşdur. VÖEN-ni dondurmağına baxmayaraq, ona məxsus ********** saylı VÖEN-ə xx.xx.2018-ci il tarixdə "xxxx" MMC (VÖEN **********) adlı şirkət tərəfindən 117245.12 manat məbləğində elektron qaimə vurulmuşdur. E-qaimədə qeyd olunan malların ona satılması barədə tam məlumatsız və adı çəkilən şirkətlə onun arasında heç bir alqı-satqı müqaviləsi, təhvil-təslim aktı, ödənişin olunmasına dair bir dənə də olsun belə sənəd yoxdur. Hətta əlavə olaraq bildirilir ki, VÖEN-nin yenidən aktiv olması üçün o, vergi orqanına nə şifahi, nə də yazılı olaraq müraciət belə etməmişdir. Bu işə də onun razılığı olmayıb. Qaimənin vurulması barədə məlumatı 2018-ci ilin 2-ci rübündə telefonuna sms-in gəlməsi və Vergilər Departamentindəki əməkdaşın zəng etməsi olub. Əlavə olaraq bildirilir ki, onun həmin ərəfədə asan imzası olmayıb ki, E-qaiməni təsdiq etsin. Sonradan bilmişdir ki, 5 iş günü içində sistem avtomatik olaraq e-qaiməni təsdiq edir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar əsassızdır. Bu səbəbdən də ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotu Təşkili Baş İdarəsinin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün "muzdlu işçilərlə şəxsi ev təsərrüfatlarinin fəaliyyəti" olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı fərdi sahibkar tərəfindən aparılmış idxal əməliyyatları və əldə edilmiş elektron qaimə-faktura məlumatlarına əsasən 2018-ci ilin sonuna 122360,57 manat məbləğində mal qalığının müəyyən edilməsi, eyni zamanda 2018-ci ilin 4-cü rübü üzrə vergi orqanına sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********150900 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi bildirilmiş, lakin məktubda göstərilən uyğunsuzluq barədə əsaslandırılmış izahat, müvafiq dövr üzrə cari (dəqiqləşmiş) bəyannamə və zəruri sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2018-ci ilin 4-cü rübü üçün 4894,42 manat sadələşdirilmiş vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********802900 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Fərdi sahibkar tərəfindən vergi məbləğinin dəqiqləşdirilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə 2018-ci ilin 4-cü rübü üçün dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə 2018-ci ilin 4-cü rübü üçün təqdim edilmiş dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsinə 4894,42 manat əlavə vergi məbləği hesablanaraq, xx.xx.2021-ci il tarixli **********059200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanının qərardan inzibati qaydada xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021 -ci il tarixli **********616101 nömrəli) inzibati şikayət verilmiş və vergi orqanının 20 avqust 2021 -ci il tarixli **********615700 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməyərək, vergi orqanının xx.xx.2021-ci il tarixli **********059200 nömrəli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Belə ki, uçot-baza məlumatlarına əsasən aparılan araşdırma zamanı fərdi sahibkar tərəfindən xx.xx.2017-ci il tarixdə 5115,46 manat məbləğində malların idxal edildiyi, eyni zamanda xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-dən (VÖEN: **********) elektron qaimə-fakturalarla 117245,11 manat məbləğində malların alındığı lakin müvafiq dövrlər üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində dövriyyədə əks etdirilmədiyi müəyyən edilmişdir. Fərdi sahibkar tərəfindən xx.xx.2021-ci il tarixdə araşdırmaya təqdim edilmiş izahatında "xxxx" MMC tərəfindən verilən etibarnamə əsasında Cəmiyyət tərəfindən idxal edilən malların gömrük rəsmiləşdirilməsini, uyğun olaraq dövlət ödənişlərin etdiyini və bununla əlaqədar olaraq xidmət haqqı aldığını, eyni zamanda tərəfindən "xxxx" MMC-dən mal almadığını və təqdim olunan elektron qaimə-fakturaların ləğvi istiqamətində etdiyi cəhdlərin nəticəsiz olduğunu qeyd etmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq “Aztedaruk" MMC-yə xx.xx.2018-ci il tarixdə fərdi sahibkara təqdim edilmiş malların (yeməklərin hazırlanması üçün sobaların, aspiratorların və onların hissələrinin) miqdarı, məbləği, aparılmış ödəniş məbləğləri və formaları (nağd və ya nağdsız qaydada) barədə məlumatları və ilkin sənədlərin təsdiq edilmiş surətlərinin araşdırmaya təqdim edilməsi ilə bağlı məktub göndərilməsinə baxmayaraq, “Aztedaruk" MMC tərəfindən məktuba cavab verilməmişdir. Araşdırma ilə "xxxx" MMC tərəfindən təqdim edilmiş elektron qaiməfakturalarının ləğv olunmadığı, malların qaytarılması ilə bağlı məlumatlar müəyyən edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən yuxarıda qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Bildirilir ki, iddiaçının mübahisələndirdiyi, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********059200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar asan imza ilə imzalanmış, xx.xx.2021-ci il tarixdə saat 15:54:24-də vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 17:55:50-də oxunmuşdur. Əlavə olaraq vergi orqanının qeyd olunan predmet üzrə ilk qəbul etdiyi xx.xx.2019-cu il tarixli **********802900 nömrəli qərardan vergi ödəyicisi tərəfindən inzibati şikayət verildikdən sonra vergi orqanı tərəfindən qəbul edilmiş 20 avqust 2021-ci il tarixli **********615700 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarda da xx.xx.2021-ci il tarixli **********059200 nömrəli Qərarın qüvvədə saxlanıldığı qeyd edilmişdir. İddiaçı xx.xx.2017ci il tarixində qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət edərək “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlamışdır.Göstərilənlərə əsasən cavabdeh idda tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh inzibati orqanın nümayəndəsi iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir: - inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində; - şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Məhkəmə diqqətə çatdırır ki, hazırki iş üzrə mübahisələndirilən qərar elektron imza ilə təsdiq edilməmiş və elektron sənədin həqiqiliyinin yoxlanması imkanına malik olmamışdır. Mübahisələndirilən qərarın elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin bir-çox qərarlarında həmin mövqedən elektron kabinetə göndərilən qərarın çatdırılmamış hesab edilməsi barədə mövqe nümayiş etdirilmişdir. Belə ki, 2-1(102)-462/2021 saylı iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli; Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2159/20 saylı iş üzrə qəbul etdiyi 04 noyabr 2020-ci il tarixli qərarlarında oxşar mövqeyidən çıxış edilmişdir. Göründüyü kimi istər elektron kabinetə yerləşdirilən qərarın gücləndirilmiş elektron imza ilə təsdiq edilmədən göndərilməsi, istərsə də 49.4-cü maddənin tətbiq edilməli olmasına münasibətdə məhkəmə hesab edir ki, qərar iddiaçıya çatdırılmamış hesab edildiyindən müddətin bərpasından söhbət gedə bilməz. Belə ki, müddətin bərpası o zaman mümkündür ki, müddət ötürülmüş sayılsın. Hazırkı halda isə müddət ümumiyyətlə ötürülməmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Cavabdehin Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının 18 iyun 2021- ci il tarixdə təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: Sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsinə baxmayaraq, həmin bəyannamənin 1 nömrəli əlavəsi (fiziki şəxslər üçün) (Vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumat) təqdim edilməmişdir. Qarşılıqlı əlaqələrin təhlili nəticəsində hesabat dövrü ərzində (əldə etdiyiniz e-QF üzrə çəkdiyi xərclərin məbləğinin 117245.12 manat, muzdlu işlə əlaqədar ödədiyi xərclərin məbləğinin 0 manat, sosial sığorta haqqı üzrə xərclərinin məbləğinin 0.00 manat və daşınmaz əmlakın icarəsinə görə ödədiyi məbləğin 0 manat) cəmi xərcləri 117245.12 manat məbləğində müəyyən edilməsinə baxmayaraq təqdim etdiyi bəyannaməyə əsasən vergi tutulan dövriyyəni ilə ( 0.00 manat) çəkdiyi xərclər arasında 117245.12 manat uyğunsuzluq yaranmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********059200 nömrəli Qərarına əsasən Sadələşdirilmiş vergi növü üzrə 4-cü rüb 2018-ci il üçün iddiaçıya təqdim edilmiş bəyannamə, hesabat üzrə onun tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 0.00 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0.00 manat, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 4.894.42 manat hesablanmışdır. Qeyd olunan əlava vergi məbləğinin hesablanmasına əsas kimi “bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlamasının nəticəsi” göstərilmişdir. Həmin qərardan iddiaçının verdiyi inzibati şikayət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 20 avqust 2021-ci il tarixli **********615700 nömrəli qərarı ilə təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli **********059200 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçıya ünvanlanan “Vergi borcunun ödənilməyəcəyi təqdirdə tələbin icraya yönəldilməsi qaydasında icra strukturlarına müraciət ediləcəyi barədə” xəbərdarlıqdan görünür ki, iddiaçı onun xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş vergi borcu barədə xəbərdar olunmuşdur. Vergi ödəyicisinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən vergi öhdəlikləri barədə xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı vergi uçotunun ləğv edilməsi ərizəsi **********978300 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli, e-2-2(113)-3174/2025 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “elektron qaimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışlabağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində; 71-1.1.5. bu Məcəllənin 71-1.5.12-ci maddəsində nəzərdə tutulmuş halda–avansın alındığı gün. 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə; 71-1.5.2. malların qaytarılması barədə; 71-1.5.3. malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən verilən; 71-1.5.4. malların (işlərin, xidmətlərin) vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə; 71-1.5.5. agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) alıcısına (subagentə) təqdim edilən; 71-1.5.6. agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) vəkalət verənə (komitentə) qaytarılması barədə 71-1.5.7. malların emala, yaxud saxlamaya verilməsi barədə; 71-1.5.8. emal prosesi keçmiş, yaxud saxlamaya verilmiş malların qaytarılması barədə; 71-1.5.9. bu Məcəllənin 177.5-ci maddəsinə əsasən verilən; 71-1.5.10. aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə; 71-1.5.11. ixrac qeydi ilə satış barədə. 71-1.5.12. alınmış avans ödənişləri barədə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalarının: (hal-hazırda ləğv olunmuşdur) 1.2. Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 3.1. Vergi ödəyicisi alıcıya elektron qaimə-fakturanı elektron formatda təqdim edir. 3.2. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, İnternet Vergi İdarəsi vasitəsilə avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutu) ötürülür. 3.3. Vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir. 3.4. Vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron qutusu olmayan alıcıya elektron qaimə-faktura ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir. 3.5. Elektron qaimə-fakturada alıcının VÖEN-i səhv göstərildikdə, elektron qaiməfaktura ləğv edilir və bu barədə məlumat vergi ödəyicisinin e-qutusuna ötürülür, alıcının elektron qutusu olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. 3.6. Elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən sonra elektron qaimə-faktura üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır. Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydasının: 1.2.Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. 3.1 vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.5. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. 3.6. Vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır. “İnzibati icraat haqqında” Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlk növbədə qeyd olunur ki, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə digər sənədlər əsasında keçirilən yoxlama növüdür. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəysnnamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı tərəfindən vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair bildiriş göndərilir. Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzrlü əsas olmadan VM-də müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, VM-nin 67-ci maddəsinə müvafiq olaraq vergi hesablanır. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı cavabdeh vergi orqanı tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, **********059200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə nail olmağa çalışır. Həmin inzibati qərardan görünür ki, vergi orqanı 2018-ci ilin İV rübü üzrə iddiaçıya münasibətdə 4894,42 manat məbləğində sadələşdirilmiş vergi hesablamışdır. Bu hesablamanın əsası kimi kameral vergi yoxlaması nəticəsində müəyyən olunmuş idxal əməliyyatları, təqdim edilmiş elektron qaimə-faktura məlumatları, həmçinin 2018-ci ilin İV rübünə dair sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi göstərilmişdir. Bu hallar nəticəsində vergi orqanı vergi öhdəliklərindən yayınma halının mövcud olduğu qənaətinə gələrək fərq məbləğini iddiaçıya hesablamışdır. İddiaçı öz hüquqi mövqeyində bildirir ki, faktiki olaraq mallar mövcud olmamış, "xxxx" MMC ilə arasında heç bir müqavilə münasibətləri yaranmamış və bu səbəbdən elektron qaimə-fakturalar real əməliyyata əsaslanmamışdır. Məhkəmə iddiaçının bu dəlilinə münasibətdə bildirir ki, istər hüquq münasibətləri yarandığı dövrdə, istərsə də hazırda qüvvədə olan qanunvericiliyin müddəalarına görə elektron qaimə-faktura hüquqi baxımdan ilkin uçot sənədi olmaqla, tərtib edilərək vergi orqanına təqdim edilmiş sənəddir və mövcud olduğu müddətdə mübahisələndirilən əməliyyatın mövcudluğunu əks etdirən əsas sübut kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, elektron qaimə-fakturalar təsərrüfat subyektləri arasında bağlanmış əməliyyatların rəsmiləşdirilməsini təmin edən, vergi orqanında uçota alınan, hüquqi nəticələr doğuran sənəd hesab edilir. Əgər qarşı tərəf bu sənədlərin əsassız tərtib olunduğunu iddia edirsə, bu halda onların etibarsızlığına dair sübutetmə yükü iddiaçı üzərinə düşür. Belə olan halda, qaimələrin qüvvədə olduğu müddət ərzində onlar hüquqi nəticələr doğurur və bu sənədlərə əsasən vergi öhdəliyinin müəyyənləşdirilməsi qanunauyğun sayılır. İddiaçının "xxxx" MMC ilə yazılı müqaviləsinin olmaması, Mülki Məcəllənin 329.2-ci maddəsinin tələbləri nəzərə alındıqda, hüquqi münasibətin mövcud olmamasına dəlalət etmir. Hüquqi əqdlər həm yazılı, həm də şifahi formada bağlana bilər və bu halda əməliyyatın yazılı müqavilə ilə rəsmiləşdirilməməsi, həmin əməliyyatın baş vermədiyi anlamına gəlmir. Hüquqi mübahisədə tərəflərin sənəd dövriyyəsində yaranmış əməliyyatların məzmununa dair qeyri-müəyyənliklər qanuni qüvvəyə malik uçot sənədlərinin inkarı üçün kifayət deyil. Mövcud olan və qüvvədən düşməmiş elektron qaimə-fakturalar hüquqi baxımdan mübahisələndirilmədiyi halda, onlar əməliyyatın mövcudluğunu sübut edən sənəd kimi qəbul edilir. Məhkəmə bildirir ki, elektron qaimə-faktura mübahisələndirilmədikcə və ləğv edilmədikcə vergi öhdəliyinin hesablanması üçün əsas hüquqi sənəd kimi tanınır. Buna görə də, iddiaçının bu sənədlərin qüvvədə qalmasına baxmayaraq onları nəzərə almaması hüquqi nəticələrdən yayınmağa əsas vermir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli, e-2-2(113)-3174/2025 nömrəli qərardadında əks olunmuş hüquqi mövqe hazırki iş üzrə preyudisial xarakter daşımır. Belə ki, həmin məhkəmə qərardadında qeyd olunmuşdur ki, "xxxx" MMC tərəfindən İddiaçı elektron qaimənin göndərilməməsi özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun göndərilməməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir.” Məhkəməm bildirir ki, həmin qərardadda ifadə olunan mövqe yalnız konkret iş üzrə şərh kimi qiymətləndirilməli və hazırkı işin halları üçün hüquqi nəticə doğuran preyudisial əhəmiyyət kəsb etməməlidir. Belə ki, iddiaçı həmin məhkəmə qərardadını mübahisələndirməmişdir. Məhkəmə vurğulayır ki, bu qərardad digər birinci instansiya məhkəməsinə aiddir və o, digər məhkəmələr üçün hüquqi baxımdan bağlayıcı deyil. Məhkəmə hesab edir ki, elektron qaimə-fakturaların ləğvinə dair hər hansı hüquqi prosedur həyata keçirilmədiyindən və onlar hazırda qüvvədə olduğundan, həmin əməliyyatlara dair sadələşdirilmiş verginin hesablanması əsaslı olmuşdur. Bu səbəbdən də, cavabdeh tərəfindən qəbul edilmiş qərar əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. İPM-nin: 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan, təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar