Məhkəmə qərarları › İş №2-1(112)-12400/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12400/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12400/2023 19.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (qanuni təmsilçisi) X5, Cavabdeh Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “borc bildirişinin etibarsız hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaçıya göndərilmiş borc bildirişinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021 tarixli YGB N6 **********6721, xx.xx.2021 tarixli HG**********0152 nömrəli faktura ilə TYF 616 və TYM 646 R kodlu malları respublikaya gətirmişdir. Fakturanın üzərində malın XİF MN kodu yarımçıq göstərildiyindən ( 85176200 - 8 rəqəmli) iddiaçı onları tamamlayıb ********** kimi göstərmişdir. Bu kod altında mallar 5 % gömrük rüsumuna düşür. İddiaçının ünvanına xx.xx.2023-cü il tarixdə Bakı Baş Gömrük İdarəsindən 1400/012/0xx/xx/00364 nömrəli gömrük borcunun ödənilməsinə dair bildiriş daxil olub ki, xx.xx.2021-ci il tarixdə **********6721 sorğu nömrəsi ilə daxil olmuş malların XİF MN üzrə kodu səhv bəyan edilib və nəticədə gömrük ödənişlərindən yayınma halı olub (rüsum 4252.69 AZN, ƏDV 765.48 AZN, dəbbə pulu 1831.63 AZN). İddiaçı Bakı Baş Gömrük İdarəsinə məktubla etirazı bildirmiş, yenidən laboratoriya yoxlanışı keçirməyi xahiş etmiş, lakin onlar 08 iyun 2023-cü il tarixli 1400/012/0xx/xx/005965 nömrəli məktublarda (məktublar iddiaçıya xx.xx.2023-cü il tarixdə çatıb) öz fikirlərində qaldıqlarını göstəriblər. İddiaçı hesab edir ki, malı “yaddaşlı proqramlaşdırılan kontroller” olduğundan 5 % rüsuma düşür. İddiaçı hətta malın XİF MN kodunu müəyyən etmək üçün İpək Yolu yük terminalında yerləşən gömrük laboratoriyasına müraciət etmişdir. Lakin onlar müraciəti qəbul etməmiş və səbəb olaraq bildirmişdirlər ki, yalnız gömrük orqanlarının sorğusunu araşdırırlar. İddiaçı hesab edir ki, Bakı Baş Gömrük İdarəsi əməkdaşları məsələnin obyektiv araşdırılması üçün heç bir addım atmaq istəmirlər.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, aparılmış yoxlama zamanı məlum olmuşdur ki, İddiaçı MMC-nin ünvanına 2021-ci ildə idxal olunana mallara tərtib edilmiş **********6721 sorğu nömrəli gömrük bəyannaməsində malın XİF MN üzrə kodu səhv bəyan edilməklə gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Bununla da dövlət büdcəsinə köçürülməli olan müvafiq gömrük ödənişlərindən yayınma halı baş vermişdir. Odur ki, yoxlamanın nəticələrinin aradan qaldırılması məqsədilə qeyd edilən gömrük bəyannaməsi üzrə 4252.69 AZN idxal rüsumu, 765.48 AZN əlavə dəyər vergisi və 1831.63 AZN dəbbə pulu olmaqla, ümumilikdə 6849.80 AZN məbləğində vəsaitin tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi xahiş olunur. Cavabdeh qeyd edir ki, Gömrük Məcəlləsinin 249.3 “Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur” maddəsinin tələblərinə müvafiq olaraq, qeyd edilən gömrük bəyannaməsi üzrə yaranmış gömrük borcunun ödənişləri iddiaçı tərəfindən həyata keçirilmədiyi təqdirdə, "xxxx" MMC-nin bank hesablarının dondurulması məqsədilə müvəkkil banklara icra sənədi kimi “Sərəncam” ünvanlanacaqdır.

4. İş materiallarında olan gömrük borcunun ödənilməsinə dair 1400-012/0xx-xx/003614 nömrəli Bildirişdə qeyd olunur ki, iddiaçının xx.xx.2023-cü il tarixinə təsnifatı aşağıda göstərilən ümumilikdə 6849.80 )altı min səkkiz yüz qırx doqquz manat, 80 qəpik) manat, o cümlədən: əlavə dəyər vergisi – 765,48 manat gömrük rüsumları üzrə – 4252,69 manat dəbbə pulu üzrə – 1831, 63 manat gömrük yığımları üzrə borcu vardır. Gömrük borclarının 5 (beş) gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunur. Cavabdeh iddiaçının nəzərinə çatdırır ki, gömrük borclarının vaxtında ödənilməməsinə görə qanunvericilikdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: Gömrük Məcələsinin 247.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməyən gömrük borcu məbləğinin 0,1 faizi məbləğində fazi hesablanır; Gömrük Məcəlləsinin 249.3-cü maddəsinə əsasən milli və ya xarici valyutada cari və ya digər hesablardan gömrük borclarının alınması üçün banklara icra (ödəniş) sənədi olan sərəncam verilir; Gömrük borcunun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədə iddia qaldırıla bilər; Gömrük borcunu ödəməkdən yayınma Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən inzibati və ya cinayət məsuliyyəti yaradır.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, **********6721 sorğu nömrəli gömrük bəyannaməsinə əlavə edilmiş HG**********0152 saylı invoys sənədində 34-cü, 35-ci, 36-cı, 37-ci və 39-cu pozisiyalarda qeyd edilmiş malların qarşısında XİFMN kodu Avropa Birliyinin harmonik və kombinə edilmiş sisteminə uyğun olaraq “85176200” kimi qeyd edilmişdir. Lakin İddiaçı MMC tərəfindən mallar gömrük orqanına bəyan edilərkən XİFMN kodunun sonuncu (10-cu rəqəm) rəqəmi, yəni Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasına aid hissəsi düzgün bəyan edilməmişdir. Belə ki, mallar Hager korporasiyasının intellektual idarəetmə sistemləri üçün nəzərdə tutulmuş, “ağıllı ev/məkan” həllərini təmin edən siqnal ötürücü/idarəedilməsi qurğusudur və gömrük bəyannaməsində həmin mallar “**********” XİFMN kodu altında deyil, XİFMN üzrə “**********” kodu kimi bəyan edilməli idi. Bununla əlaqədar olaraq, **********6721 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 4252,69 AZN idxal rüsumu, 765,48 AZN əlavə dəyər vergisi və 1831,62 AZN dəbbə pulu olmaqla, ümumilikdə 6849,80 AZN məbləğində vəsaitin tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunur.

6. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli X4 Dövlət Qeydiyyatı haqqında Şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2009-cu il tarixində Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmışdır.

7. Cavabdehin məhkəməyə təqdim etdiyi yazılı etirazda qeyd edilir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən cavabdehin gömrük rüsumlarının, alınması gömrük orqanlarına həvalə olunmuş vergilərin, gömrük yığımlarının hesablanması və ödənişinin düzgünlüyü yoxlanılmış, nəticədə **********6721 sorğu nömrəli gömrük bəyannaməsinə əlavə edilmiş HG**********0152 saylı invoys sənədində 34-cü. 35-ci, 36-cı, 37-ci və 39-cu pozisiyalarda qeyd edilmiş malların qarşısında XİFMN kodu Avropa Birliyinin harmonik və kombinə edilmiş sisteminə uyğun olaraq “85176200” kimi qeyd edildiyi müəyyən olunmuşdur. Belə ki, İddiaçı MMC tərəfindən mallar gömrük orqanına bəyan edilərkən, XİFMN kodunun sonuncu rəqəmi, yəni Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına aid hissəsi düzgün bəyan edilməmişdir. Belə ki, mallar Hager korporasiyasının intelektual idarəetmə sistemləri üçün nəzərdə tutulmuş, “ağıllı ev/məkan” həllərini təmin edən siqnal ötürücüsü/idarəedilməsi qurğusudur və gömrük bəyannaməsində həmin mallar “**********” XİFMN kodu altında deyil, XİFMN üzrə “**********” kodu kimi bəyan edilməli idi. Bununla əlaqədar olaraq, **********6721 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 4252.69AZN idxal rüsumu, 765.48 AZN əlavə dəyər vergisi və 1831.63 AZN dəbbə pulu olmaqla, ümumilikdə 6849.80 AZN məbləğində gömrük borcu hesablanmış və həmin vəsaitin tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi 1400-012/0xx-xx/003614 saylı bildiriş göndərilməklə iddiaçıdan tələb olunmuşdur. Qeyd edilən məsələ ilə əlaqədar istinadlar və dəlillər həm ÜGT-nin harmonik sistemə aid (http://www.wcoomd.org/en/topics/nomenclature.aspx) izahnaməsində, həm Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli. 500 nömrəli qərarının (https://eqanun.az/framework/37035) əlavəsinin ********** mal pozisıyasının izahında, həmçinin həmin avadanlıqların istehsalçısının rəsmi veb səhifəsində (https://download.haqer.com/llager.ru/files download/product information/Technikseite n/komplett/RU T4.01 T4.31.pdf), (https://www.haqer.com.tr/products/wirinq- accessories-and-buildinq-automation/buildinqautomation/knx-svstem-via-ets/ roomactuator/tvf646m/ 55363. htm) yerləşdirilmiş publikasiyalarda əks olunur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi iştirak etmişdir.

9. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

II. İddianın mümkünlüyü

11. “İnzibati icraat haqqında” Qanun 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;

12. İnzibati Prosessual Məcəllədən: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

13. Gömrük Məcəlləsindən: 92.2. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini aşağıdakı formalarda həyata keçirirlər: 92.2.1. malların və nəqliyyat vasitələrinin yoxlanılması; 92.2.2. şəxsi yoxlama; 92.2.3. gömrük məqsədləri üçün lazım olan məlumatların, elektron və ya kağız üzərində yazılı formalarda sənədlərin, o cümlədən Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarla (şəhadətnamələrlə), “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş, Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, sağlamlıq sertifikatı, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlərlə müşayiət olunmasının yoxlanılması; 92.2.4. gömrük auditi; 92.2.5. şəxslərin sorğu-sual edilməsi; 92.2.6. gömrük nəzarətindən keçməli olan mallara və nəqliyyat vasitələrinə, onların yerləşdiyi ərazilərə və binalara, müvəqqəti saxlanc və gömrük anbarlarında, sərbəst zonalarda yerləşən ərazilərə və binalara, həmçinin icrasına nəzarət gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər yerlərə gömrük baxışının keçirilməsi; 92.2.7. keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması. 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur.

14. Məhkəmə qeyd edir ki, cavabdeh qurum gömrük bəyannaməsi üzrə gömrük borcunun yarandığını bildirsə də, bununla bağlı hər hansı inzibati araşdırmanın aparıldığı, həmin araşdırmanın nəticəsi olaraq borcun tutulmasına dair qərar qəbul edildiyi müəyyən edilmir.

15. Belə ki, cavabdeh qurumun faktiki xarakterli hərəkətləri nəticəsində gömrük borcu hesablanmış, lakin həmin borcun tutulmasını təmin etmək məqsədilə hər hansı hərəkət həyata keçirilməmişdir (məsələn, bank hesablarının dondurulması barədə sərəncam verilməsi, mallarının ölkəyə idxal olunması zamanı hesablanmış gömrük borcunun tutulması və ya mallarının ölkəyə idxalına məhdudiyyət qoyulmasl kimi).

16. Məhkəmənin hazırki iş üzrə mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 396/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına uyğundur.

17. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkəti olmamış, bununla bağlı “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat” adlanan İV fəslində müəyyən edilmiş inzibati icraat başlanılmamış və keçirilməmişdir.

18. Belə ki, cavabdeh tərəfindən sözügedən məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, inzibati akt qəbul edilməmiş, iddiaçıya qarşı mübahisə edilən pul vəsaitinin tutulmasına yönəldilmiş hər hansı məcburedici hərəkətlər edilməmişdir.

19. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Belə ki, “mübahisə” inzibati orqan tərəfindən aparılan və faktiki olaraq iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı müdaxilə (hüquqi nəticə) yaratmayan hesablama ilə bağlıdır və gömrük orqanın gömrük borcunun hesablanması barədə müraciət pretenziya xarakterlidir. Pretenziyanın isə məhkəmə qaydasında mübahisələndirilməsi məhkəmə icraatının məqsədlərinə uyğun hesab edilə bilməz.

20. X9 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X8rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X7rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X2rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).

21. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı münasibətlər işığında hazırkı “mübahisə”nin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil. Belə ki, müvafiq hesablamaya dair məktub inzibati akt hesab olunsa belə, iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı (faktiki) müdaxilə mövcud deyil və özlüyündə hər hansı hüquqi nəticə yaratmır.

22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...

23. Azərbaycan Respublikası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

24. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

25. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar