Məhkəmə qərarları › İş №2-1(112)-12400/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12400/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12400/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2175 saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatına əsasən ümumi ərazidə hasarlanma işləri düzgün aparılmadığı üçün göstərilən sahənin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə uyğun yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı, İdarənin arxivində mövcud olan xx.xx.2002-ci il tarixli, 15701 saylı bağın istifadəyə verilməsinə dair müqavilə istifadəçi tərəfindən imzalanmamışdır. Həmçinin eyni sənədlər əsasında digər vərəsənin torpaq sahəsinə dair müraciətində fərqli konfiqurasiyalı ərazi göstərilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2175 saylı bağ sahəsinin mərhum Aslan Valeh oğluna məxsus olması barədə arayışın iddiaşı İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı X1 inkişafı və istismarı Birliyinin xx.xx.2002-ci il tarixli 15701 nömrəli Müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2175 saylı bağ sahəsi Aslan Valeh oğluna ayrılmışdır. xx.xx.2007-ci il tarixdə Aslan Valeh oğlu vəfat etmişdir. İddiaçı müraciəti əsasında vəfat etmiş Aslan Valeh oğlunun adına Bakı şəhəri 39 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və onun vərəsələrinin dairəsi müəyyən edilmişdir. Cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və iddiaçının qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.16 ha torpaq sahəsi olan 2175 saylı bağ sahəsinin üzərində tikili ilə birlikdə icarəyə verilməsinə dair keçmiş X4 və İstismarı birliyi ilə Aslan Valeh oğlu arasında bağlanmış xx.xx.2002-ci il tarixli 15701 nömrəli müqavilə idarənin arxivində mövcuddur.. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, elektron kadastr məlumatına əsasən ümumi ərazidə hasarlanma işləri düzgün aparılmadığı üçün göstərilən sahənin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə uyğun yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı, İdarənin arxivində mövcud olan xx.xx.2002-ci il tarixli, 15701 saylı bağın istifadəyə verilməsinə dair müqavilə istifadəçi tərəfindən imzalanmamışdır. Həmçinin eyni sənədlər əsasında digər vərəsə X6 torpaq sahəsinə dair müraciətində fərqli konfiqurasiyalı ərazi göstərilmişdir.. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Aslan Valeh oğlunun X5 ünvanıanmış ərizədən görünür ki, o, Maştağa (Ləhiş) qəsəbəsində ona bağ sahəsinin ayrılmasını xahiş edir. - Bağ və binaların uzunmüddətli icarəyə verilməsi barədə xx.xx.1968-ci il tarixli, 15701 nömrəli müqavilədən görünür ki, Bakı şəhər İcrayyə komitəsinin X10 bağ massivində sahəsi 0.25 ha olan 2375 nömrəli bağ sahəsini Aslan Valeh oğlunun icarəsinə verilmiş, müqavilənin müddəti xx.xx.1974-cü il tarixədək müəyyən edilmişdir. - Bağ sahəsinin və tikintilərinin uzun müddətli icarəyə verilməsi barədə xx.xx.1974-cü il tarixli 15701 nömrəli müqavilədən görünür ki, Bağlar Təsərrüfatı İdarəsi Ləhiş bağ massivində sahəsi 0.16 ha olan 2175 nömrəli bağ sahəsini fevral 1984-cü ilədək Aslan Valeh oğlunun istifadəsinə vermişdir. - Aslan Valeh oğlu xx.xx.1984-cu il tarixdə Bakı Bağlar idarəsinə müraciət edərək, 2175 saylı bağın müqavilə müddətinin uzadılmasını xahiş etmişdir. - xx.xx.1985-ci il tarixli 15701 saylı müqavilədən görünür ki, 0,16 ha sahəsi olan 2175 saylı bağ sahəsinin Aslan Valeh oğlunun icarəsinə verilməsi müddəti xx.xx.1994-cü il tarixədək uzadılmışdır. - Aslan Valeh oğlunun xx.xx.2002-ci il tarixli ərizəsindən görünür ki, onun Ləhiş ərazisində 15701 saylı müqavilə ilə 2175 saylı bağ sahəsinin müqavilə müddəti qutarmışdır. O bağının müqavilə müdətinin artırılmasını xahiş etmişdir - Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin xx.xx.2002-ci il tarixli, 15701 saylı müqaviləsindən görünür ki, Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Sabunçu rayonunun Ləhiş ərazisində 0.16 ha torpaq sahəsi olan 2175 nömrəli bağı, müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla Aslan Valeh oğlunun icarəsinə vermiş, bağın istifadəyə verilməsi haqqında Müqavilə 10 il müddətinə bağlanmışdır. - 03.03.2003-cü il tarixli, 140527 nömrəli ölüm haqqında şəhadətnaməsi Aslan Valeh oğlunun xx.xx.2005-ci ildə -75 yaşında ölmüşdür. - Bakı şəhəri 39 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 203 nömrəli məktubundan görünür ki, Aslan Valeh oğlunun xx.xx.2005-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilmişdir. - 26.09.2023-cü il tarixli, ********** nömrəli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, Ləhiş bağ massivi 2175 saylı bağ sahəsini hüquq müəyyən edici sənəd üzrə sahəsi 0.16 ha, faktiki ssahəsi isə 0.1689 ha-dır (89 kv.m artıqdır). Bağ sahəsinin sərhədləri şimal tərəfdən 3 sıra mişar daş ilə hörülüb, şərq və cənub tərəfdən 1 sıra mişar daşı düzülüb, qərb tərəfdən isə şərtidir.Bağ sahəsində A-1 mərtəbəli yararsız bağ evi var.Bağ sahəsi arxiv cizgisinə uyğun gəlmir. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, atası Aslan Valeh oğluna ayrılmış 0,16 ha sahəsi olan 2175 saylı həmin bağ sahəsinə mülkiyyət hüququnun atasına məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən həmin bağ sahəsinin atasına verilməsi barədə müqaviləni təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 2175 saylı bağ sahəsinin iddiaçının atasına ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktubla 2175 saylı bağın Aslan Valeh oğluna arılmsı barədə 1968-ci ildən etibarən bağlanmış müqavilələri məhkəməyə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı təqdim etdiyi sənədlər mötəbər olmuşdur və bu sənədlər hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı valideyninə ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən arxivində mövcud olan xx.xx.2002-ci il tarixli, 15701 saylı bağın istifadəyə verilməsinə dair müqavilənin istifadəçi tərəfindən imzalanmamasına istinad etmişdir. Doğrudur, 2175 saylı bağın Aslan Valeh oğlunun istifadəsinə verilməsi ilə bağlı xx.xx.2002-ci il tarixli müqavilə onun tərəfindən imzalanmasa da, həmin tarixədək 2175 saylı bağın onun icarəsinə verilməsi barədə xx.xx.1974, xx.xx.1985-ci il tarixli müqavilələr hər iki tərəfin imzası ilə təsdiq edilmiş, bağ sahəsinin uzun müddət Aslan Valeh oğlunun istifadəsində olmuşdur. Məhkəmə Aslan Valeh oğluna bağ sahəsinin ayrılması barədə müqavilənin qüvvədə olmasını, həmin bağın A.Valeh oğluna təhvil verildiyini nəzərə alaraq hesab edir ki, cavabdehin bu dəlilli iddiadan imtina üçün əsas təşkil edə bilməz. Cavabdeh bundan əlavə, göstərilən sahənin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə uyğun yerləşməsini müəyyən etmək mümkün olmamasına və digər vərəsənin torpaq sahəsinə dair müraciətində fərqli konfiqurasiyalı ərazi göstərməsinə istinad etmişdir. Belə ki, cavabdehin xx.xx.2024-cü il tarixli, **********71 nömrəli məktubdan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sərhədləri şimal tərəfdən 3 sıra mişar daşı ilə hörülmüşdür, şərq və cənub tərəfdən 1 sıra mişar daşı düzülmüşdür, qərb tərəfdən isə şərtidir. Faktiki sahəsi 0.1689 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin dəqiq yerləşməsinə dair münasibət bildirmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, cavabdehin torpaq sahəsinin yerləşməsinin 2175 saylı bağ sahəsinə uyğun gəlməsini müəyyən edə bilməməsi iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün əsas deyildir. Çünki , Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.20-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Bundan əlavə, işdə olan bağ sahəsinin sxematk xətirəsi və ortofoto xəritəsindən çıxarışdan görünür ki, digər bağların yerləşməsi nəzərə alındıqda 2175 saylı bağ sahəsi onun sxematik xərtiədə göstərilən yerləşməsinə uyğun gəlir. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, ancaq formal əsaslara istinad edilərək şəxsin qanunla yaranan hüququnun qeydə alınmasından imtina edilməsi mövcud qanunvericiliyə uyğun hesab edilə bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsində olan bağ sahəsinə atası Aslan Valeh oğlunun yaranmış mülkiyyət hüququna dair arayış verilməsini tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,16 ha sahəsi olan 2175 saylı bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş Aslan Valeh oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar