Məhkəmə qərarları › İş №2-1(112)-12401/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12401/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12401/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı firmasının cavabdehlər “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Binəqədi Rayon İcra şöbəsi və Səbail Rayon İcra şöbəsinə qarşı “icra vərəqəsi üzrə icra işinin görülməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinin, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Binəqədi və Səbail Rayon İcra şöbəsinin vəzifəli şəxslərinin Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-383/2011 saylı xx.xx.2011-cı il tarixli qətnaməsini icra etməməklə hərəkətsizlikdə ehtiva olunan əməllərinin qanunsuz hesab edilməsi, cinayət faktları aşkar edildiyi halqa müvafiq hüquq mühafizə orqanına xüsusi qərardad göndərilməsi; cavabdehlərdən Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-383/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə İddiaçı firmasına 9.606.499 (doqquz milyon altı yüz altı min dörd yüz doxsan doqquz) manat məbləğində ziyanın 11 il ödənilməməsinə görə hər ilə azı 5 faiz olmaqla, 5.283.574,45 (beş milyon iki yüz səksən üç min beş yüz yetmiş dörd manat 45 qəpik) manat vaxtında ödənilməyən pul vəsaitinə görə faizin və və 2012-ci ildən ödənilməmiş həmin pul vəsaiti dəyərinə müvafiq olaraq 21 fevral 2015-ci il tarixli devolvasiya üçün 3.266.209,66 (üç milyon iki yüz altmış altı min iki yüz doqquz manat altmış altı qəpik) manat, 21 dekabr 2015-ci il tarixli devolvasiya üçün 4.803.249,50 (dörd milyon səkkiz yüz üç min iki yüz qırx doqquz manat əlli qəpik) manat olmaqla, cəmi 13.353.033,60 (on üç milyon üç yüz əlli üç min otuz üç manat altmış qəpik) manat indeksasiya fərqinin tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Heydər Əliyev adına X3 Mərdəkan dairəsi istiqamətində yolların tikintisi ilə əlaqədar firmanın mülkiyyətindəki tikililər heç bir xəbərdarlıq edilmədən və qanunamüvafiq dəyəri ödənilmədən podratçılar tərəfindən sökülərək şirkətə külli miqdarda ziyan vurulmuşdur. Bundan sonra şirkət tərəfindən məhkəməyə müraciət olunmuş, uzun sürən məhkəmə proseslərindən (o cümlədən 2 dəfə Azərbaycan Respublikası Ali Məhkəməsində araşdırıldıqdan) sonra iddia təmin edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-383/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyindən və "xxxx" ASC-dən müştərək qaydada maddi ziyana görə ümumilikdə 9.606.499 manat tutulub İddiaçı firmasına ödənilməlidir. Lakin 11 ildən artıq müddətdir ki, dövlətin adından qəbul edilərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmamışdır. İddiaçı tərəfindən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qətnamənin icrası barədə 15 noyabr 2022-ci il tarixli 0264811-UVB-108 nömrəli və 11 yanvar 2023-cü il tarixli 0264811-UVB-23 nömrəli şikayət məktubları ilə müraciət olunmuş və bizə cavab olaraq ********* nömrəli 30 dekabr 2022-ci il tarixli və 06 fevral 2023-cü il tarixli 11-1/2-9xx-xx/2023 nömrəli cavab məktubları ilə bildirilmişdir ki, müvafiq icra hakimiyyəti orqanından vəsait ayrılmasını gözləyirlər. Əsas təsisçisi dövlət olan publik hüquqi şəxs kimi hazırda fəaliyyət göstərən həmin cavabdehin müraciətə belə cavab verməsi və bunu bəhanə edərək məhkəmə qərarını icra etməməsi qanunsuz hesab edilməlidir. Vəsaitin çatışmazlığı bəhanəsi borcun ödənməməsinə əsas ola bilməz, hətta vəsait arilması üçün Maliyyə Nazirliyinə guya müraciət etməsi də əsassızdır. Belə ki, AR Maliyyə Nazirliyinə ünvanladığı 15 noyabr 2022-ci il tarixli şikayətə cavab olaraq Maliyyə Nazirliyinin 29 noyabr 2022-ci il tarixli cavab məktubunda “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi “Avtomobil yolları” X4 sərəncamçısı olması və həmin fondun Azərbaycan Respublikasının Prezidentinin 01 avqust 2022-ci il tarixli 3399 nömrə Sərəncamı ilə avtomobil yollarının çəkilməsi məqsədilə fiziki və hüquqi şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı kompensasiyaların tam ödənilməsi məqsədini daşıması göstərilmişdir. Bu o deməkdir ki, cavabdeh hətta büdcə fondundan ona ayrılmış vəsaitdən belə istifadə edərək borc məbləğini ödəyə bilərdi. Maliyyə Nazirliyinin qeyd olunan cavabında həmçinin bildirilmişdir ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi olmaqla AR Prezidentinin xx.xx.2017-ci il tarixli 1748 sayl Fərmanı ilə təsdiq edilmiş öz nizamnaməsinə əsasən dövlət orqanı və ya büdcə təşkilatı deyildir, fəaliyyətindən gəlir əldə edən müstəqil təsərrüfat subyektidir, sərbəst gəlirə malik olmaqla vəsaitləri üzərində özünün sərəncam vermək hüququ vardır, onun öhdəliklərinə görə dövlət qismində Maliyyə Nazirliyi məsuliyyət daşımır. Göründüyü kimi, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsi qeyd olunan hər iki mənbə hesabına öhdəliklərini icra edə bilərdi, lakin buna səlahiyyətli olan vəzifəli şəxsləri hərəkətsizlik göstərərək icranı təmin etməmişlər. Bundan başqa tərəfindən digər cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 15 noyabr 2022-ci il tarixli 0264811-uvb-109 nömrəli, 11 yanvar 2023-cü il tarixli 0264811-UVB-23 nömrəli və 09 mart 2023-cü il tarixli 0264811-UVB-23 nömrəli vəzifəli şəxslərinin məhkəmə qərarını icra etməməsi, səlahiyyətdən sui istifadə etməsi barədə 3 şikayət məktubu ünvanlanmasına baxmayaraq, həmin şikayətlərə baxılmasının Nazirliyin Apelyasiya Şurasının aidiyyatına olmaması ilə bağlı ardıcıl olaraq 28 noyabr 2022-ci il tarixli 1-8-17/12071-22 nömrəli, 25 yanvar 2023-cü il tarixli 3-27/2-561/2023 nömrəli, 29 mart 2023-cü il tarixli 3-27/2- 2604/2023 nömrəli absurd cavab məktubları verilmişdir. Belə ki, şikayət verilərkən qətnamənin icrasını təmin etməyən vəzifəli şəxsləri müəyyən edilib cəzalandırılması xahiş olunmasına baxmayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 2018-ci il 20 fevral tarixli 0020 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyininn Apellyasiya Şurası haqqında Əsasnamə”-nin 1.8.4-cü yarımbəndinə əsasən şikayətin predmeti üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin şikayətə Nazirliyin Apellyasiya Şurasında baxıla bilməməsi barədə absurd və qeyri-hüquqi cavab verilmişdir. Halbuki, şikayətdə qaldırılan məsələ məhkəmə qətnaməsi ilə müəyyən edilmiş mübahisəsiz tələbdir, hər hansı məbləğin miqdarı və ya araşdırması barədə deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin təqsirli şəxslər tərəfindən icra olumaması haqqında olunmuşdur. Göstərilənlərlə əlaqədar AR Maliyyə Nazirliyinə ünvanladığımız 15 noyabr 2022-ci il tarixli şikayətə cavab olaraq Maliyyə Nazirliyinin 29 noyabr 2022-ci il tarixli cavab məktubunda həmin nazirliyə aid hissədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi formalaşdırdığı öz büdcədənkənar vəsaitləri hesabına həmin məhkəmə qərarını icra edə bilər. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-383/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hüquqi sələfi olan AR Nəqliyyat Nazirliyinə Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 129 nömrəli qərarının 4-cü bəndinə əsasən həmin layihənin həyata keçirilməsi ilə əlaqədar avtomobil yolunun tikintisi altına düşən torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması məqsədilə xüsusilə külli miqdarda vəsait ayrılmış, lakin təyinatı üzrə istifadə edilməyərək təqsirkar vəzifəli şəxslər tərəfindən mənimsənilmişdir. Ədliyyə Nazirliyinə, Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinə və Ədliyyə Nazirliyinin Apellyasiya Şurasına qətnamənin icrası ilə bağlı tədbirlər görülməsi ilə əlaqədar 15 noyabr 2022-ci il tarixli 0264811-UVB- 106 nömrəli, 12 yanvar 203-cü il taridxli 0264811-UVB-23-23, 18 yanvar 2023-cü il tarixli 0264811-UVB-CK nömrəli, 09 mart 2023-cü tarixli 0264811-UVB-23 nömrəli şikayətlər göndərilməsinə baxmayaraq, şikayət və müraciətlərə baxılmamış, qanuni qüvvəyə minmiş məhkəmə, qətnaməsinin icrası üçün heç bir tədbir görülməmişdir. Halbuki, həmin qətnamənin icrasına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsi haqqında Əsasnamənin 7.1-ci maddəsinə əsasən İcra baş idarəsi məsuliyyət daşıyır və İdarənin və Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Nəvai Əlizadənin, şöbənin rəisi İlham Həsənovun hərəkətsizliyi nəticəsində külli miqdarda ziyan dəymişdir. Həmçinin cavab məktubunda yazılmışdır ki, borcluların vəsait əldə etməsini gözləyirlər. Halbuki, həmin qətnaməni borclu orqanlara münasibətdə icra etdirmək heç də çətin deyildir. Hər iki qurum hazırda fəaliyyət göstərir və hesablaşma hesablarında yetərincə vəsait mövcuddur. Yəni “İcra haqqında” Qanunun 43, 44, 45-ci maddələrinə, habelə “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın müddəalarına əməl olunsaydı, sözügedən qətnamə artıq icra olunmuşdu. Başqa sözlə, icra məmuru borclu təşkilatın banklardakı hesablaşma hesablarına inkasso sərəncamları tətbiq etməklə, əmlakı siyahıya alıb tutma yönəltməklə və s. üsullarla həmin məhkəmə qətnaməsinin real icrasına nail ola bilərdi. Əvəzində icraya cavabdeh vəzifəli şəxslər tərəfindən 11 ildə 2-3 dəfə formal məktub yazılmaqla kifayətlənilmiş, həmin məktubların cavabdehlərə çatdırılması barədə hər hansı poçt qəbzi icra işinə əlavə edilmədən şübhəli sövdələşmələr həyata keçirilmişdir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-383/2011 saylı xx.xx.2011-ci il taarixli qətnaməsinin icrası həvalə olunmuş vəzifəli şəxslərinin hərəkətsizliklə ehtiva olunan əməlləri qanunsuz hesab edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-383/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası İcra haqqında Qanunun 3-cü, 8.2-ci, 43-cü və 44-cü maddələrinin tələbləri ilə məcburi şəkildə icra olunmalıdır. Həmin qətnamədə qeyd olunan məbləğin 11 ildən artıq müddətdə ödənməməsinə görə İddiaçı firmasına ən azı illik 5 faiz miqdarında gecikdirmə haqqı ödənilməlidir. Sözügedən məbləğin ödənilməməsi nəticəsində şirkətə külli miqdarda ziyan dəymişdir və iddiaçı dövlətin adından qəbul edilərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ona ödənilməli puldan sərbəst vəsait kimi istifadə edə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-383/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə İddiaçı firmasının xeyrinə 9.606.499 (doqquz milyon altı yüz altı min dörd yüz doxsan doqquz) manat məbləğində ziyanın vaxtında ödənilməməsinə görə həmin kapitaldan istifadə edə bilməyib əldən çıxmış qazancını hesablayaraq ayrıca iddia vermək hüququnu özündə saxlayaraq, 11 il gecikdirməyə görə hər ilə azı 5 faiz olmaqla, 5.283.574,45 (beş milyon iki yüz səksən üç min beş yüz yetmiş dörd manat 45 qəpik) manat pulun müştərək şəkildə ödənilməlidir. Bundan başqa, 2012-ci ildən ödənilməmiş həmin pul vəsaiti dəyərinə müvafiq olaraq indeksasiya edilərək ödənilməlidir. Belə ki, Azərbaycan manatının 21 fevral 2015-ci il tarixdə 34 faiz, 21 dekabr 2015-ci il tarixdə isə 50 faiz devolvasiyası nəzərə alınmalıdır. Digər illər üçün indeksasiyanın hesablanmasını gələcəkdə iddia qaldırılarsa, məhkəmənin mülahizəsinə buraxaraq, hazırkı iddia ilə həmçinin 21 fevral 2015-ci il tarixli devolvasiya üçün 3.266.209,66 manat, 21 dekabr 2015-ci il tarixli devolvasiya üçün 4.803.249,50 manat olmaqla, cəmi 8.069.459,16 (səkkiz milyon altmış doqquz min dörd yüz əlli doqquz manat 50 qəpik) manat məbləğində indeksasiya zərərini vəzifəli şəxslərin qanunsuz əməllərindən doğan zərər olaraq tələb edirik. Tərəfindən bu barədə rəsmi pretenziya məktubları cavabdeh təşkilatlara 13 yanvar 2023-cü il tarixli məktublarla təqdim edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası həvalə edilən vəzifəli şəxslərin işə cinayətkarcasına səhlənkar və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi, vəzifə səlahiyyətlərindən suiistifadə edərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktının icrasına maneçilik törətmə İddiaçı firmasının əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm ziyan vurduğu üçün kompensasiya məbləği və indeksasiya olunmalı məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, qeyd edilən kompensasiya və indeksasiya olunmalı məbləğ cavabdehlərin hər birinin hərəkətsizliyindən nəticələndiyi üçün həmin ziyanın da ödənilməsi cavabdehlərin hamısına müştərək qaydada aid edilməlidir. Cavabdehlərin bu kimi əməlləri dövlət adından qəbul olunmuş qanuni məhkəmə qətnaməsinin icrasına maneələr yaradır və bu maneələr məhkəmə tərəfindən aradan qaldırılmalıdır. Belə ki, məhkəmə qərarlarının icra edilməməsi ədalət mühakiməsinə çatımı məhdudlaşdırır, qanunun əliliyinə xələl gətirmiş olur. İddia olunan tələblərlə bağlı cavabdehlərə 13 yanvar 2023-cü il tarixdə pretenziya qaydasında müraciət edilmiş, lakin cavabdehlərin heç biri buna rəsmi qaydada cavab belə verməmişlər və hesab edilir ki, hər üç cavabdehdən tələb olunan kompensasiya məbləğinin miqdarı müştərək qaydada tutulmalıdır.

3. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi N.İsmayılova iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onlarım iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. Məhkəmə aidiyyatı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun qərarları

5. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən: - Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; - Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.

6. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

7. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ... icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir...

III. İddianın mümkünlüyü

8. Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.

9. X5 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X5 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).

10. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)

11. İddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-383/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icra məmurunun hərəkətlərini mübahisələndirir. Həmin icra sənədi icra olunması üçün aidiyyəti üzrə Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra məmurunun hərəkətlərindən şikayətə aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılmalıdır.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

13. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

14. İddiaçıya müvafiq şikayətlə səlahiyyətli məhkəməyə (Binəqədi rayon Məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.

15. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiadakı cavabdehlərin əməkdaşları barədə xüsusi qərardad qəbul edilməsi tələbi vəsatət xarakterlidir. Odur ki, iddia mümkün sayılmadığından həmin vəsatətə münasibət bildirilməsi zərurəri yoxdur.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar