Məhkəmə qərarları › İş №2-1(112)-12407/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12407/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12407/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı məhkəmədə iddia qaldıraraq, onun 63 yaşı tamam olduğuna görə xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi və xx.xx.2023-cü il tarixdən yığılan pensiya ödənişlərin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına yaşa görə əmək pensiyasının təmin olunması üçün ərizə ilə müraciət etmişdir. Lakin müraciətinə xx.xx.2023-cü il tarixində cavabdeh orqan tərəfindən imtina verilmişdir. Hesab edir ki, imtina əsassız və qanunsuzdur. Belə ki, o, xx.xx.1996-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək 240 № “texniki işçi” vəzifəsində çalışmışdır. 1979-cu ildən 1993-cü ilin iyul ayına kimi, yəni rayonun işğalına qədər təsərrüfat hesablı profilaltik dezinfeksiya şöbəsində çalışmışdır. Bununla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Ağdam rayon Gigyena və Epidemilogiya mərkəzinin direktoru tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 11 nömrəli arayışı da cavabdeh orqana təqdim etmişdir. Lakin həmin aralıqda olan dövr əmək stajına daxil edilməmişdir. xx.xx.1983-cü il tarixindən xx.xx.1984ci il tarixinədək Azərbaycan SSR X3 Təhsili Komitəsində təhsil almışdır.

3. İddiaçının müraciətinə cavabdeh tərəfindən ünvanlanmış məktubda bildirilmişdir: “Təqdim etdiyiniz əmək kitabçanızın, diplomunuzun surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində olan məlumatlara əsasən sığorta stajınız (xx.xx.1083-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək əyani təhsil illəriniz nəzərə alınmaqla) 17 il 1 ay 24 gün təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-ci il tarixinədək 10 il 1 ay 24 gün sığorta stajınıza uyğun olaraq 9400,52 manat, xx.xx.2007-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 5099 manat olmaqla, ümumilikdə 14499,52 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildiririk ki, təqdim etdiyiniz arayışın surətinə əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrdə əmək haqqı alıb-almamağınızı müəyyənləşdirmək mümkün olmadığından həmin dövr sığorta stajına daxil edilməyib. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Bildiririk ki, sizə xx.xx.2017-ci il tarixindən yaşa görə sosial müavinət təyin edildiyi üçün (hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir) Qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər.”

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İş materiallarından aydın olur ki, iddiaçının mübahisəsiz sosial sığorta stajı 17 il 01 ay 24 gündür: diplomun surətinə əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək təhsil dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 10 il 1 ay 24 gün, xx.xx.2006-cı il tarixdən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2007-ci il tarixdən 01. 02.2022-ci il tarixədək pensiya kapitalı qeydə alınan 7 il əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla. İddiaçı 14499,52 manat (xx.xx.2006-cı il tarixədək olan 10 il 1 ay 24 gün sığorta stajına uyğun olaraq 9400,52 manat, xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 5099 manat) pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır. Qanununun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. İddiaçı xx.xx.2017-ci il tarixdən yaşa görə sosial müavinət təyin edildiyi üçün Qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Mübahisəli sosial sığorta stajı 14 il 06 ay 22 gündür: Səhiyyə Nazirliyi Ağdam Rayon Epidemiologiya Mərkəzinin xx.xx.2008-ci il tarixli 11 nömrəli arayışının surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrdə vətəndaşın əmək haqqı alıb-almamasını müəyyənləşdirmək mümkün olmadığından həmin dövrü sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Göründüyü kimi istər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Hazırki işlə əlaqədar müəssisənin MDSS üzrə hesabatları aşkarlanmadığından həmin illər sosial sığorta stajına daxil edilməmişdir.

5. Məhkəmənin sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Ağdam Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən xx.xx.20023-cü il tarixli məktubla bildirilmişdir ki, İddiaçı Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Dövlət Sosial Fondunun sosial ödənişlərinə qaldırdığı iddia ilə əlaqədar onun xx.xx.1960-cı təvəllüdlü, Ağdam rayon GEM - də təsərrüfat hesablı profilaktik dezinfeksiya şöbəsində xx.xx.1979-cu il tarixdən xx.xx.1993cü il tarixə kimi dezinfektor vəzifəsində işləmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək əmək haqqı aldığını bildirmişdir. 23 iyul 1993-cü il tarixdən Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq həmin şöbənin fəaliyyəti tam dayanmışdır. Həmin şöbə büdcə təşkilatı olmadığı üçün işğaldan qabaq dövrdə, təsərrüfat hesablı olduqları üçün təşkilatlarla dezinfeksiya, dezinseksiya, deratizasiya işləri ilə əlaqədar olaraq müqavilələr əsasında əmək haqqı almışdırlar. 23 iyul 1993-cü il tarixdən rayonun işğalı ilə əlaqədar bütün təşkilatlar işğal zonasında olduğu üçün həmin dezinfeksiya, dezinseksiya, deratizasiya işləri ilə əlaqədar müqavilələr olmadığı üçün həmin şöbənin bütün işçilərinə əmək haqqı verilməmişdir. Kadr sənədləri işğal zonasında qalmışdır.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə tələbin təmin olunmasını xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

9. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

13. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

14. İddiaçının pensiyasının təyin edilməsindən imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

15. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sosial sığorta stajı 17 il 01 ay 24 gündür: diplomun surətinə əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək təhsil dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 10 il 1 ay 24 gün; xx.xx.2006-cı il tarixdən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci il tarixədək pensiya kapitalı qeydə alınan 7 il əmək fəaliyyəti dövrləri.

21. Mübahisəli sosial sığorta stajı xx.xx.1979-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu təsərrüfat hesablı profilaltik dezinfeksiya şöbəsində işlədiyi dövrdür. Cavabdeh tərəfindən həmin dövrlər sığorta stajına daxil edilməmiş, səbəb kimi göstərilmişdir ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrdə vətəndaşın əmək haqqı alıb-almamasını müəyyənləşdirmək mümkün olmamışdır.

22. Bununla bağlı məhkəmə qeyd edir ki, 1993-cü ilin iyulda Ağdam rayonunun işğal edilməsi səbəbindən əmək kitabçası itirilmişdir, iddiaçıya yeni açılmış əmək kitabçasında Ağdam rayon Gigiyena və Epidemologiya Mərkəzinin xx.xx.2008-ci il tarixli, 11 nömrəli arayışına əsasən 1979-1993-cü illər üzrə iş stajını təsdiq edən ilkin qeydlər (1979-ildən 1993-cü il tarixədək təsərrüfat hesablı profilaktik dezinfeksiya şöbəsində dezinfektor vəzifəsində işləmişdir) aparılmışdır.

23. Bundan başqa məhkəmənin sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Ağdam Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən təqdim olunan məlumat ilə də aydın olmuşdur ki, 23 iyul 1993-cü il tarixdən Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq həmin şöbənin fəaliyyəti tam dayanmış, həmin şöbə büdcə təşkilatı olmadığı üçün işğaldan qabaq dövrdə, təsərrüfat hesablı olduqları üçün təşkilatlarla dezinfeksiya, dezinseksiya, deratizasiya işləri ilə əlaqədar olaraq müqavilələr əsasında əmək haqqı almışdırlar.

24. Cavabdeh həmçinin iddia yazılı etirazında qeyd etmişdir ki, İddiaçı 14499,52 manat (xx.xx.2006-cı il tarixədək olan 10 il 1 ay 24 gün sığorta stajına uyğun olaraq 9400,52 manat, xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 5099 manat) pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır.

25. Bununla bağlı məhkəmə qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. 22-1.5. 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22- 1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.

26. Məhkəmə müəyyən edir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, 63 yaşı var, əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı ən azı 25 ildir, xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabın sığorta hissəsində qeydə alınmış sığorta kapitalı isə (xx.xx.2007 - xx.xx.2022-ci il illər ödənmiş) 5099 manatdır.

27. Məhkəmə qeyd edir ki, mübahisəli dövr nəzərə alınmasa idi belə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunun 22-1.4-cü maddəsi həmin maddənin 22- 1.2.1-ci maddəsinin müddəaları iddiaçıya münasibətdə tətbiq olunmalı, iddiaçının 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il kimi nəzərə alınmalı idi.

28. 1 iyul 2022 – 30 iyun 2023 dövrü üçün qadınlar üzrə pensiya yaşı 63 yaşdır. Beləliklə iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2023-cü il tarixdə yaranmışdır.

29. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir. İddiaçının 63 yaşı tamam olduğuna görə xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2023-cü il tarixdən yığılan pensiya ödənişlərin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

30. İPM-in 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.

31. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 63 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2023-cü il tarixdən yığılan pensiya ödənişlərin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar