Məhkəmə qərarları › İş №2-1(112)-1241/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1241/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1241/2022 21.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X33 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu 24 avqust 2006-cı il təvəllüdlü X13 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. O, ailəsi ilə 50 ildən artıqdır ki, bu evdə yaşayır. Həmin ərazidə fərdi evlərin sənədləşmə prosesi yekunlaşmamışdır və bir çox evin mülkiyyət hüquqları rəsmi olaraq dövlət qeydiyyatına alınmamışdır. Lakin, həmin evlər özbaşına tikili sayılmır, dövlət tərəfindən uçota alınmış, evlərin nömrələri mövcud olmaqla dəqiq ünvanları vardır. Həmçinin, evin kommunal xərcləri onun tərəfindən ödənilir. O, 21 noyabr 2015-ci il tarixdə boşandıqdan sonra oğlu X20 onun himayəsinə verilmişdir. Oğlu 24 avqust 2006-cı il təvəllüdlü X20 doğulduğu vaxtdan bugünə qədər həmin evdə yaşayır. O da, haqlı olaraq uzun illərdir faktiki yaşadığı, qeydiyyatda olduğu və özünəməxsus olan həmin evdə oğlunu da, pasport qeydiyyatına almaq niyyətindədir. O, dəfələrlə polis orqanlarına müraciət edərək, qeydiyyat məsələsinin həll edilməsini xahiş etmişdir. Sonuncu dəfə bu barədə ərizə ilə cavabdeh Binəqədi rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin, cavabdeh orqan xx.xx.2021-ci il tarixli imtina məktubunda qeydiyyata almaq üçün mülkiyyət hüququnu təsdiq edən sənədləri tələb etmişdir və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. O, cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir, ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq, qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 059- 18525T nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin tələbərinə əsasən onun ünvan 2 ünvanına qyediyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə göstərilən ünvana tərəflərindən qeydiyyata alınması qanunamüvafiq deyildir. Məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququ vardır. İşdə olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısı Binəqədi qəsəbəsi üzrə Nümayəndəsi tərəfindən verilmş xx.xx.1972-ci il tarixli ev kitabının surətindən görünür ki, ünvan 3 ünvanda X16 1972-ci ildən, X24 xx.xx.1976-cı ildən, X17 2004-cü ildən, X21 2006-cı ildən, X22 xx.xx.2009-cu ildən, İddiaçı 1978-ci ildən X20 xx.xx.2006-cı ildən sözügedən ünvanda yaşamışlar. İşdə olan qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4969/2017 saylı, 10 mart 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X16 cavabdeh X9 qarşı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş materiallarında olan şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2, 21 saylı ev tam mülkiyyət hüquqi üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid iddiaçının adına pasort verilmiş, cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, həmin mənzildə yaşamır. Bu səbəbdən onun həmin hququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxmışdır. Məhkəmənin sözügedən qətnaməsinə əsasən iddia tələbi təmin edilərək cavabdeh X7 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2, 21 saylı evinə istifadə hüququnun olmaması müəyyən edilmiş, hazırki məhkəmə qətnaməsinin X7 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2, 21 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsas olması qərara alınmışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 avqust 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 949562 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 24 avqust 2006-cı ildə doğulmuş, ata qrafasında İddiaçı, ana qrafasında X18 qeyd olunmuşdur. İşdə olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 227887 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X18 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2015-ci ilin 11 ayının 21 günündə 448 nömrə ilə qeyd edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş **********444 nömrəli razılıq ərizəsinin surətindən görünür ki, X24 qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə X13 qeydiyyata düşməsinə etiraz etmir. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş Rusiya Federasiyası Nijeqorod vilayəti, Nijny Novqorod şəhəri notariusu tərəfindən təsdiq edilmiş ** AA ***9612 razılıq ərizəsinin surətindən görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan, Nijeqorod vilayəti, Kstovsk rayonu, Kstovo şəhəri, Pobeda prospekti, ev 7 A, mənzil 152 ünvanında olduğu yer üzrə qeydiyyatda olan vətəndaş X16, 24 avqust 2006-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı X13 Azərbaycan Respublikası, ünvan 6 ünvanında yerləşən yaşayış evində məskunlaşmasına, yaşamasına və yaşayış yeri üzrə qeydiyyata (daimi) alınmasına razılıq vermişdir. İşdə olan Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 634 nömrəli, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Tağıyev X19 qəsəbəsi, Zeynalov küçəsi, ev 21-də qeydiyyatdadır. İşdə olan 1 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, İddiaçı 23 noyabr 2010-cu il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Ondan başqa sözügedən ünvanda X4, X10, X3 və qeyriləri qeydiyyatdadırlar. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-387/2016 saylı, 06 yanvar 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X9 qarşı alimentin tutulması barədə iddiası qismən təmin olunaraq, cavabdeh X5 xx.xx.20066-cı il təvəllüdlü X13 yetkilik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul şəklində 108 (yüz səkkiz) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfidən **********71 nömrəli, xx.xx.2021-ci il tarixli “Qeyd olunan ünvana dair müvafiq məlumarların və sənədlərin surətlərinin verilməsi barədə” məktubun surətindən görünür ki, ünvan 3 ünvanı X2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İşdə olan notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinin surətindən görünür ki, X4, X10, X3 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə X14 qeydiyyata düşməsinə etiraz etmirlər. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 20 may 2021-ci il tarixli, 059-15825T nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı və onun ailə üzvləri ünvan 8 ünvanında uzun illərdir qeydiyyatda olmaqla yaşayırlar. İddiaçının oğlu 2006-cı il təvəllüdlü İddiaçı məhkəmə qətnaməsinə əsasən onun himayəsində olmaqla, iddiaçı ilə birgə yaşayır. Hazırda sözügedən ünvanda qeydiyyatda olan şəxslər notarial qaydada razılıq ərizələri təqdim edərək, X1 ünvana qeydiyyata düşməsinə etiraz etmədiklərini bildirirlər. Məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalı olduğundan, eləcə də, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaq olduğundan, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımadığından və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bildiyindən, iddiaçının yetkinlik yaşına çatmayan oğlunun ünvan 8 ünvanına qeydiyyata alınmasından imtina edilməsi nəticəsində, onun yaşayış yeri üzrə qeydiyyata alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Buna görə də, iddiaçı qeydiyyata alınmasından imtina edilməsindən məhkəməyə şikayət verməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X15 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X13 ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar