Məhkəmə qərarları › İş №2-1(112)-1241/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1241/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1241/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı İsmayılov X5 və onun iddiaçının nümayəndəsi və vəkili X2 iştirakları ilə, iddiaçı İsmayılov X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsmayılov X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixdən etibarən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin bərpa edilməsinin cavabdehə həvalə ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “cavabdehin iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-4547/2024 nömrəli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının pensiyasının təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-4546/2024 saylı qərarlarının ləğv edilməsi, iddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın bərpa edilməsi və xx.xx.2024-cü il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı X1 Fondun Səbail rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və iddiaçı həmin tarixdən xx.xx.2024-cü il tarixə qədər dövr ərzində təyin olunmuş pensiyanı almışdır. xx.xx.2024-cü il tarixdə təqdim olunmuş 3-171/2-1-77400/2024 saylı məktubla ona həmin tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişi dayandırıldığı və pensiya sənədlərinin Fondun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına göndərildiyi bildirilmişdir. Qanunvericiliyin tələbinə uyğun, xx.xx.2008-ci il tarixdən mütəmadi olaraq pensiyanın yenidən hesablanması həyata keçirilmiş və və hər hansı səhv aşkar edilməmişdir. Məktubda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırılmasının əsas səbəbi olaraq iddiaçının güzəştli şərtlərlə iş stajının 10 ildən az olması, yəni 7 il 27 gün olması göstərilmişdir. Lakin nəzərə alınmamışdır ki, əmək kitabçasından göründüyü kimi xx.xx.1983-cü ildən başlayaraq xx.xx.2002-ci il tarixə qədərki dövr ərzində olan əmək stajı 14 il təşkil edir. Güzəştli şərtlərlə pensiyaya yaşı əmək stajının 12 il 6 ay olmasını tələb edir. İddiaçı hesab edir ki, xx.xx.2024-cü il tarixdən etibarən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılması qanunsuz və əsassızdır və bərpa edilməsi cavabdehə həvalə edilməsi barədə iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı iddiası tam əsassız və qanunazidd olduğuna görə rədd edilməlidir. Qeyd edilmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Cavabdeh “Əmək pensyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına, Qanunun 9.8-ci maddəsinə, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) neft-qaz və qaz kondensatının hasilatı bəndində (2) istinad edərək hesab etmişdir ki, araşdırma zamanı, vaxtilə iddiaçıya pensiya təyin olunarkən təqdim etdiyi “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin iddiaçıya dair xx.xx.2008-ci il tarixli 10 nömrəli arayışda xx.xx.1991-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində elektik avadanlıqları və elektrik təchizatı kirayə təmiri sexində rəis müavini vəzifəsində işlədiyi qeyd olunduğundan, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə aidiyyəti üzrə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq iddiaçının işlədiyi elektrik avadanlıqların təmiri və kirayə sexinin rəis müavini vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıları”nda nəzərdə tutulmadığı bildirilmişdir. Bundan başqa, iddiaçının xx.xx.1981-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi elektrik mühəndisi peşəsinin sözügedən Qərarla təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) neft-qaz və qaz kondensatının hasilatı bəndində (2) nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də, iddiaçının güzəştli iş stajı 10 ildən az (7 il 27 gün (xx.xx.1998-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2006-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Buna görə də, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 52 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən Fondun Səbail rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilib. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 8 aprel 2024-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməsi xahiş olunmuşdur. İddiaçı 1 aprel 2024-cü il tarixində Mərkəzi Filiala gəlmiş, aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilərək, ona pensiyasının qanunazidd hesablanması, bununla əlaqədar artıq ödənilmiş vəsaitin büdcəyə bərpası ilə bağlı ətraflı məlumat verilmiş, eləcə də onun mülahizələri dinlənilmişdir. Yekun olaraq Mərkəzi Filial tərəfindən iddiaçıya dair əmək pensiyasının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-4547/2024 nömrəli və əmək pensiyasının təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-4546/2024 nömrəli qərarlar qəbul edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -sənədlərdən görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. Azərbaycan Respublikası vətəndaşıdır. Müvafiq sorğu əsasında məhkəməyə təqdim edilmiş iddiaçının pensiya işinin materiallarından görünür ki: -AR DSMF-in Səbail rayon şöbəsinin xx.xx.2008-ci il tarixli, 22/098 nömrəli qərarı ilə İddiaçı xx.xx.2008-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. -XŞT üzrə Mərkəzi Filialın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli, **********6 saylı qərarı ilə iddiaçıya xx.xx.2008-ci ildən təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə istinad edilərək, yenidən hesablanmış və nəticədə 1348,29 manat müəyyən edilmişdir. -XŞT üzrə Mərkəzi Filialın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-15196/2023 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2008-ci ildən təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmış və 1637,93 manat müəyyən edilmişdir. -cavabdeh XŞT üzrə Mərkəzi Filialın 01 aprel 2024-cü il tarixli 3-17-1/3-3- 4547/2024 saylı qərarı ilə ƏPQ-nin 39.1-ci maddəsi tətbiq edilməklə iddiaçıya xx.xx.2008ci ildən təyin edilmiş əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Həmin qərarın 11-ci sətrindən görünür ki, xx.xx.2021-xx.xx.2024-cü illər arasında iddiaçıya 54842,47 manat artıq ödənilmiş pensiya məbləği hesablanmışdır. -cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 01 aprel 2024-cü il tarixli, 3-17-1/3-3-4546/20254 saylı qərarı ilə iddiaçıya əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Qanunun 21.2, 67.1 və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmişdir. -“Azneft” İB-nin N.Nərimanov adına NQÇİ tərəfindən DSMF-in XŞT üzrə Mərkəzi Filialının sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1998-ci ilədək N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin “Elektrik avadanlıqlarının kirayə təmir sexində” rəis müavini vəzifəsində işləmişdir. Onun işlədiyi “Elektrok avadanlıqların təmiri və kirayə sexinin rəis müavini” vəzifəsi AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır.” -SOCAR “Azneft” İB N.Nərimanov adına NQÇİ-nin rəisi və ilkin uçot və iqtisadi məlumatların işlənməsi xidmətinin rəsi müavini tərəfindən imzalanmış və müvafiq qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 70 nömrəli arayışda bildirilmişdir ki, “Arayış verilir X1, ondan ötrü ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) N.Nərimanov NQÇİ-də Elektrik avadanlıqlarının və elektrik təchizatı kirayə təmir sexinin rəis müavini vəzifəsində işləyib. xx.xx.1991-ci ildən xx.xx.1998-ci il tarixə kimi işlədiyi vəzifə üzrə sosial sığorta stajı 06 il 11 ay 10 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: elektrik avadanlıqlarının təmiri və texniki xidmət üzrə sahənin bütün istehsalat-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirmək; elektrik avadanlıqlarının düzgün istismarına və fasiləsiz işinə, təmir-plan qrafiklərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək; istehsalat obyektlərinin vaxtında saz elektrik avadanlıqları ilə komplektləşdirilməsini, quraşdırma-təmir işlərinin aparılmasını təşkil etmək; elektrik avadanlıq və qurğularının istismar tələblərinə uyğunluğu üzrə təhlilin aparılmasını təşkil etmək; quraşdırılmamış elektrik avadanlıqlarının və ehtiyat hissələrinin konservasiyası və saxlanılmasının düzgünlüyünə nəzarəti həyata keçirmək; elektrik avadanlıqları ilə əlaqədar qəzaların vaxtında təhqiq və ləğv edilməsini təmin etmək, onların qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;alətlərin və digər elektrik avadanlıqlarının düzgün istismarını təşkil və nəzarət etmək, istehlakçılar üzrə elektrik enerjisinin sərfinin uçotunu aparmaq, bu və digər vəzifə xüsusiyyətlərindən ibarət olmaqla olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10 bəndində /a yarımbəndində şifrə 1100000b-24125 uyğundur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bəndinin 2 b yarımbəndində müəyyən edilmiş “neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri” sahəsinin və vəzifəsinin xüsusiyyətləri ilə uyğundur.” İddiaçı hazırda ona 52 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və xx.xx.2024-cü il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. İstinad olunan “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar- 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “a” bəndinə əsasən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün iki element mövcud olmalıdır: xx.xx.1997-ci ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; xx.xx.1997-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. (AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə). İşin hallarına görə cavabdehin dəlilləri ondan ibarətdir ki, iddiaçıya pensiya təyin olunarkən təqdim etdiyi “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2008-ci il tarixli 10 nömrəli arayışda xx.xx.1991-xx.xx.1998-ci il tarixlərdə işlədiyi elektik avadanlıqları və elektrik təchizatı kirayə təmiri sexində rəis müavini vəzifəsinin güzəştli pensiya hüququ verən vəzifə olduğu göstərilsə də, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunan vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıları”nda nəzərdə tutulmadığı bildirilmişdir. Bundan başqa, iddiaçının xx.xx.1981-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi elektrik mühəndisi peşəsi sözügedən Qərarla təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) neft-qaz və qaz kondensatının hasilatı bəndində nəzərdə tutulmamışdır. Göstərilən əsaslardan çıxış edərək cavabdeh tərəfindən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2024-cü il tarixli qərarlarla dayandırılmış və ləğv edilmişdir. Məhkəmə cavabdehin bu qənaəti ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə araşdırması dövründə SOCAR “Azneft” İB N.Nərimanov adına NQÇİ-nin rəisi və ilkin uçot və iqtisadi məlumatların işlənməsi xidmətinin rəsi müavini tərəfindən imzalanmış və müvafiq qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 70 nömrəli arayışda bildirilmişdir ki, “Arayış verilir X1, ondan ötrü ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) N.Nərimanov NQÇİ-də Elektrik avadanlıqlarının və elektrik təchizatı kirayə təmir sexinin rəis müavini vəzifəsində işləyib. xx.xx.1991-ci ildən xx.xx.1998-ci il tarixə kimi işlədiyi vəzifə üzrə sosial sığorta stajı 06 il 11 ay 10 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: elektrik avadanlıqlarının təmiri və texniki xidmət üzrə sahənin bütün istehsalat-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirmək; elektrik avadanlıqlarının düzgün istismarına və fasiləsiz işinə, təmir-plan qrafiklərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək; istehsalat obyektlərinin vaxtında saz elektrik avadanlıqları ilə komplektləşdirilməsini, quraşdırma-təmir işlərinin aparılmasını təşkil etmək; elektrik avadanlıq və qurğularının istismar tələblərinə uyğunluğu üzrə təhlilin aparılmasını təşkil etmək; quraşdırılmamış elektrik avadanlıqlarının və ehtiyat hissələrinin konservasiyası və saxlanılmasının düzgünlüyünə nəzarəti həyata keçirmək; elektrik avadanlıqları ilə əlaqədar qəzaların vaxtında təhqiq və ləğv edilməsini təmin etmək, onların qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;alətlərin və digər elektrik avadanlıqlarının düzgün istismarını təşkil və nəzarət etmək, istehlakçılar üzrə elektrik enerjisinin sərfinin uçotunu aparmaq, bu və digər vəzifə xüsusiyyətlərindən ibarət olmaqla olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10 bəndində /a yarımbəndində şifrə 1100000b-24125 uyğundur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bəndinin 2 b yarımbəndində müəyyən edilmiş “neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri” sahəsinin və vəzifəsinin xüsusiyyətləri ilə uyğundur.” Göründüyü kimi müəssisə tərəfindən təsdiq olunmuşdur ki, iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1998-ci il tarixə kimi işlədiyi rəis müavini vəzifəsinin əmək funksiyaları AR NKnın müvafiq qərarı ilə təsdiq edilmiş vəzifələrə uyğundur. Məhkəmə hesab edir ki, bu hal, iddiaçının güzəştli pensiya hüququnun təmin olunması üçün tələb edilən iş stajına dair şərtin yerinə yetirildiyini göstərir. Həmçinin təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı tutarlı sübut təqdim olunmamışdır. Odur ki, həmin arayış mötəbər sübut kimi qəbul edilməlidir. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən (14 il 7 gün) çox təşkil edir. (7 il 27 gün (mübahisələndirilməyən) + 06 il 11 ay 10 gün (xx.xx.1991– xx.xx.1998)) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Məhkəmə həmçinin cavabdehin qəbul etdiyi qərarla ona görə razılaşmır ki, işin hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu halda, təxminən 16 il sonra, yəni xx.xx.2024-cü il tarixdə iddiaçının əmək pensiyasının ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Halbuki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi inzibati orqanın özü tərəfindən həyata keçirilmişdir. Başqa sözlə iddiaçının həmin məsələdə heç bir iştirakı və hər hansı bir mübahisəsi olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh bununla da iddiaçının etimad hüququnun qorunması prinsipinə əməl etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanunun 13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Sözügedən Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə materiallardan və işin araşdırılmış hallarından qeyd olunan qanunun 67.6-cı maddəsində maddələrində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, iddiaçının inzibati orqanlara olan etimadını nəzərə almamış və iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Analoji iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından (★★★) qeyd olunmuşdur ki: “50. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. 51. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. 52. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 24 avqust 2023-cü il tarixli “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” məktubda qeyd edilmişdir ki, iddiaçıya vaxtilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən qulluq stajına görə əlavənin yanlış olaraq artıq hesablandığı müəyyən edilmişdir. 53. Cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. 55. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. 56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. 58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.” Məhkəmə vahid məhkəmə təcrübəsini nəzərə almaqla hesab edir ki, iddiaçıya əmək pensiyasının təyin edildiyi vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv təyin etməyə səbəb olan hal kimi qəbul etdiyi məsələ elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, habelə məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, eləcə də iddiaçıya pensiya təyin edildikdən sonra onun əmək pensiyası bir neçə dəfə yenidən hesablandığından (xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli qərarlarla), qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-4547/2024 nömrəli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının pensiyasının təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-4546/2024 saylı qərarları ləğv edilməli, iddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın bərpa edilməsi və xx.xx.2024-cü il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-4547/2024 nömrəli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının pensiyasının təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-4546/2024 saylı qərarları ləğv edilsin. İddiaçı İsmayılov X7 52 yaşı tamam olduğu xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın bərpa edilməsi və xx.xx.2024-cü il tarixindən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar