Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12416/2023 18.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X8, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov (əvvəlki adı: Studentçeskaya) küçəsi, ev 66, 14 saylı mənzilin adına ilkin qeydiyyata alınmasına dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 66 ünvanında yerləşən 14 saylı mənzilin Bakı Şəhər İcra Hakimiyyəti MKTD-nin xx.xx.2023-cü il tarixli, 18/2 saylı sərəncamında göstərilən ölçülər üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında yaşayır. Qeyd edilən mənizil iddiaçının mərhum X6na (xx.xx.2006-cı ildə vəfat edib) Azərbaycan SSR Tikinti Nazirliyində işlədiyi müddətdə verilmişdir. Mənzilin sahəsi 46 kv.m olan və bütün kommunal xidmətlərə malik 3 otaqlı yaşayış sahəsindən ibarətdir. Mənzil Azərbaycan SSR Tikinti Nazirliyi Mənzil-Kommunal Kontoru tərəfindən xx.xx.1966-cı il tarixli müqavilə əsasında iddiaçının atasının ailəsi ilə birlikdə istifadəsinə verilmişdir. Azərbaycan SSR Tikinti Nazirliyi Mənzil-Kommunal Kontoru tərəfindən xx.xx.1966-cı il tarixli müqavilə “icarədar” adlandırılan mərhum atasının adındakı texniki səhv ilə bağlı (hüquqi faktın müəyyən edilməsi) Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmiş, nəticədə iddia tələbi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-556/2020 saylı qətnaməsi ilə təmin edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2023-cü il tarixli 18/2 NQ-İİ Sərəncamı ilə verilmiş Bakı şəhəri, ünvan 2 kirayəçi X10 ölümü ilə əlaqədar kirayə müqaviləsi ilə iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı yuxarıda qeyd edilən ünvanda artıq 45 (qırx beş) ildən artıq müddətdir ki, yaşasa da, bu günə kimi daşınmaz mülkiyyətə dair heç bir hüquqmüəyyənedici sənədi mövcud deyil. Bu səbəbdən cavabdehə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov (əvvəlki adı: Studentçeskaya) küçəsi, ev 66, 14 saylı mənzilin adına ilkin qeydiyyata alınması ilə bağlı müraciət olunsa da, cavabdeh müraciətə xx.xx.2023-ci il tarixində imtina cavabı vermişdir. İddiaçı hesab edir ki, cavabdehin qeyd edilən səbəblərdən müraciətinə imtina etməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 66 saylı evin, 14 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 66 saylı evin, 14 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 18/2 saylı sərəncamı xx.xx.2023-cü il tarixdə verilmişdir. İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzil 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşməklə faktiki sahəsi 62.8 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov (əvvəlki adı: Studentçeskaya) küçəsi, ev 66, 14 saylı mənzil üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. -Bakı şəhəri Şaumyan rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli, V-JQ 286405 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X6, anası X4r. -Elektron məhkəmə informasiya sisteminin şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən əldə edilmiş məlumatlara əsasən, ASAN 2 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 3 ünvanıdır. -xx.xx.1966-cı il tarixli müqavilənin surətindən görünür ki, Azərbaycan SSR Tikinti Nazirliyinin Mənzil-Kommunal Kontoru ilə gələcəkdə “İcarədar” adlandırılacaq X17 arasında kirayə müqaviləsi bağlanmış və ünvan 4 ünvanında yerləşən, sahəsi 46 kv.metr olan, 3 otaqlı yaşayış sahəsi iddiaçının atası X2 verilmişdir. Həmçinin müqavilədə qeyd edilmişdir ki, həmin bina Azərbaycan SSR Tikinti Nazirliyinin Mənzil-Kommunal Kontorunun balansındadır və xidməti sahədir (yataqxana). -AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 149 saylı qərarı ilə təsdiq edilmiş siyahıdan görünür ki, həmin siyahı üzrə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 266 nömrəli sərəncamına əsasən ünvan 5 ünvanında yerləşən yaşayış evi Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. -Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 190001 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. -Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 760770 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015ci il tarixdə vəfat etmişdir -Bakı Şəhər İcra Hakimiyyəti MKTD 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 12 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 228 №-li arayışın surətindən görünür ki, İddiaçı 3 nəfər ailə tərkibi ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 66 ünvanında yerləşən 14 saylı mənzildə yaşayır. Ailə tərkibi İddiaçı, X13 və X7 ibarətdir. -İddiaçı tərəfindən nümayəndəsi vasitəsilə verilmiş xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, iddiaçı Bakı şəhəri MKTD-yə müraicət edərək qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 66 ünvanında yerləşən 14 saylı mənzilin kirayə müqaviləsinin onun adına bağlanılmasına sərəncam verilməsini xahiş etmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli, 18/2 №-li Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 66 ünvanında yerləşən 14 saylı mənzilin kirayəçisi X16 ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Hazırda həmin mənzildə 1977-ci ildən qeydiyyata alınmış kirayəçinin qızı İddiaçı 3 nəfər ailə üzvü ilə (özü və 2 qardaşı) yaşayır. Yuxarıda göstərilənlər nəzərə alınaraq Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 66 saylı evin, yaşayış sahəsi 46,0 kv.metr olan 3 otaqlı, 14 saylı mənzilinin kirayə müqaviləsi 3 nəfər ailə üzvü ilə (özü və 2 qardaşı) İddiaçı adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. İddiaçının adına daimi kirayə müqaviləsinin bağlanması və şəxsi maliyyə hesabının açılması 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 12 saylı MKİS-inə tapşırılmışdır. -xx.xx.2023-cü il tarixli, 03 №-li Yaşayış sahəsinin kirayə müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 12 saylı MKİS-i ilə kirayəçi İddiaçı arasında Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 66 ünvanında yerləşən 14 saylı mənzilə dair daimi kirayə müqaviləsi bağlanılmışdır. -Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı MKTB tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 7 ünvanda yerləşən İddiaçı aid olan 14 saylı mənzil xidməti mənzil deyildir, dövlət mənzil fonduna daxildir. -1 saylı Xüsusi Təyinatlı MKTB-nin 12 saylı MKİS-i tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 66, 14 saylı mənzildə qonşuların təsdiq etdiyi, aktlaşdırılmış sənədə əsasən, faktiki yaşayan şəxslər: X15, İddiaçı, X5 ibarətdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, ünvan 3 ünvanında xx.xx.1964-cü il təvəllüdlü X15, xx.xx.1961-ci il təvəllüdlü X13, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə qeydiyyatdadırlar. -İddiaçının ailə üzvləri X15 və X13 tərəfindən cavabdehə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizələrin surətindən görünür ki, onlar ünvan 8 ünvanda yerləşən 14 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 3-cü maddəsində yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 6-cı maddəsinə əsasən, dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Həmin Qanunun 8-ci maddəsində göstərilir ki, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindiyi 2009-cu il oktyabrın 1-dək dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Məhkəmə hesab edir ki, iddiaçının iddiaolunan mənzilə dair təqdim etdiyi sənədlər qeyd olunan qanunun 8.0.11-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, işin halları ilə müəyyən edilir ki, Azərbaycan SSR Tikinti Nazirliyinin Mənzil- Kommunal kontoruna məxsus olmuş Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 66 ünvanında yerləşən keçmiş yataqxana binasından 14 nömrəli mənzil xx.xx.1966-cı il tarixdə bağlanmış kirayə müqaviləsi əsasında iddiaçının X6na ayrılmış və iddiaçı kirayəçinin ailə üzvü kimi həmin mənzildə yaşamış və hazırda istifadəsindədir. Qeyd olunan yataqxana AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 149 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 266 nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin aidiyyəti orqanlarının balansına verilmişdir. X1 ölümü ilə əlaqədar 14 saylı mənzilə dair adına bağlanmış kirayə müqaviləsi qızı –İddiaçı adına dəyişdirilərək onunla xx.xx.2023-cü il tarixli daimi kirayə müqaviləsi bağlanmışdır. Məhkəmə hesab edir ki, mənzilə dair bağlanmış müqavilə 01 oktyabr 2009cu il tarixdən sonra bağlanmış olsa da, iddiaçı uzun müddətdir qeyd olunan mənzildə qeydiyyatda olmaqla faktiki yaşayır, həmçinin mənzildə yaşayan iddiaçının ailə üzvləri mənzilin iddiaçının adına özəlləşdirilməsinə razıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 66 ünvanında yerləşən 14 saylı, 46 kv.metr sahədən ibarət mənzilə hüquqları 1 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığı təsdiq olunduğundan onunla qeyd olunan mənzilin balanssaxlayıcısı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış kirayə müqaviləsi bu münasibətlərin sadəcə rəsmiləşdirilməsi olmuşdur. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 66-da yerləşən 14 nömrəli mənzilə mülkiyyət hüquqları yaranmışdır. Cavabdehin digər dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədən göründüyü kimi, iddiaçı 14 saylı mənzilin faktiki ölçüləri üzrə deyil, Mənzil Kommunal Təsərrüfat Departamentinin xx.xx.2023-cü il tarixli, 18/2 nömrəli sərəncamında göstərilən ölçü, yəni 46 kv.metr sahə üzərində mülkiyyət hüququnun Dövlət reyestrində qeydə alınaraq mənzilə çıxarış və texniki pasportun verilməsini tələb edir. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, həm hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə, həm də keçmiş mənzil qanunvericiliyinin tələblərinə əsasən hazırkı tələb üzrə iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə mənzil hüququ vardır. Məhkəmə qeyd olunanları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının qeyd olunan mənzil üzərində mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” vardır. Bu baxımdan, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 66 ünvanında yerləşən 14 nömrəli mənzil üzərində mülkiyyət hüququnun Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli 18/2 №li Sərəncamında göstərilən ölçülər üzrə dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-12416/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12416/2023
18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver