Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12425/2022 24.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “vergi borcunun tələb edilməsinin qadağan olunması” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «İddiaçı səlahiyyətlərinin de fakto olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mənimsənilməsini və buna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yaradılmış şəraiti nəzərə alaraq İddiaçındən vergi borcunun tələb edilməsinin qadağan olunması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 oktyabr 2003-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və öz öhdəliklərini vaxtında icra etmişdir. Lakin sonradan kommunal xidmətlərə görə borclarını ödəməkdən yayınan bəzi bina sakinləri birləşərək binanın idarə olunması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlı təşkilat təsis etmişlər. Hazırda binanın əvvəlki idarəedici təşkilatı ləğv olunmamış və eyni bina üzrə eyni vaxtda iki idarəedici təşkilat qeydiyyata alınmışdır. İddiaçı faktiki olaraq fəaliyyət göstərə bilmir və sakinlərdən kommunal xidmət haqlarını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti toplayır. Buna baxmayaraq cavabdeh tərəfindən İddiaçınə vergi borcu hesablanmışdır. Hesab edir ki, Binanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti idarə etdiyindən artıq İddiaçındən vergi öhdəliyinin tələb olunması qanunsuzdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra iş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərərək iddia ərizəsində cavabdeh kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi göstərilməsini və vergi borcunun hesablanmasına əsas olmuş qərarı təqdim etməklə iddia tələbinin həmin qərarın (nömrəsi və tarixi qeyd edilməli) mübahisələndirilməsi kimi dəyişdirilməsini təklif etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının iddia tələbi vergi borcunun tələb edilməsinin qadağan olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olsa da vergi ödəyicisi hansı vergi borcu üzrə həmin tələbi irəli sürdüyünü, hansı hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağa çalışdığını göstərməmişdir. İddiaçı iddia ərizəsində heç bir hüquqi əsas göstərmədən belə bir dəlil gətirmişdir ki, onun fəaliyyət göstərdiyi bina üzrə kommunal xidmət haqlarını idarəedici təşkilat kimi qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti toplayır və bu halda ona vergi hesablanmalı deyil. Ancaq İddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin konkret olaraq hansı hərəkətlərinin və ya hərəkətsizliyinin nəticəsində iddiaçının hansı hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğuna dair əsaslar gətirilməmiş və ya sübutlar təqdim edilməmişdir. Məhkəmənin mümkünlük iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı isə iştirak etməmişdir. Məhkəmənin mümkünlük iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu bildirmiş və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin Məcəlləsinin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3); Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. (4.2); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. (6.1); İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1); İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2); Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3); İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (16.6) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddia tələbi iddiaçı tərəfindən aydın ifadə edilməmiş, hüquqi cəhətdən əsaslandırılmamış, cavabdehin hansı hərəkətinin və ya qərarının onun qanunla qorunan hər hansı hüquqlarının və maraqlarının pozulmasına yol verdiyini göstərməmişdir. İddiaçı bu barədə məhkəməyə də hər hansı sübut təqdim etməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə yol verilmiş qeyri-müəyyənliklər aradan qaldırılmamışdır. Hazırki “vergi borcunun tələb edilməsinin cavabdehə qadağan olunması” barədə iddia tələbi üzrə cavabdehin hansı hərəkət və ya hərəkətsizliyi və ya qərarı nəticəsində iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına toxunan hansı hallara yol verməsi aydın deyil. Belə ki, iddia ərizəsinin məzmununa əsasən, iddiaçı onun barəsində müəyyən edilmiş vergi borcunun tələb edilməsinə etiraz etmiş, lakin, iddiaçı öz ərizəsində bu barədə cavabdehin hər hansı bir qərarına istinad etməmişdir. İddiaçı ona vergi borcunun hesablanmasına dair qərarı məhkəməyə təqdim etməmiş, ümumiyyətlə cavabdeh tərəfindən qəbul edilmiş hər hansı qərarı mübahisələndiribmübahisələndirməməsi barədə məhkəməyə məlumat verməmişdir. Bu barədə ona məhkəmə tərəfindən hüquqi yardım göstərilsə də, iddiaçı tələbini dəqiqləşdirməmiş və məhkəməyə tələbini əsasdlandıran hər hansı dəlil təqdim etməmişdir. Bu halda məhkəmə hesab edir ki, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən müvafiq şərtlər mövcud olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 32, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-12425/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12425/2022
24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver