Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12430/2024 23.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “tutulmuş pensiya məbləğinin geri qaytarılması və tutulmaların qadağan edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyadan tutulmaların qaytarılması və bundan sonra tutulmaların qadağan edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.1-ci maddəsinə uyğun olaraq ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifədə 25 il qulluq stajına görə xx.xx.2021-ci il tarixdən ona pensiya təyin edilmiş və ədliyyə orqanlarında qulluq etməyinə xitam verilmişdir. 2024-cü ilin fevral ayında DSMF-nin Xüsusi Şərtlərlə Pensiya Təyinat üzrə Mərkəzi filialı tərəfindən mənə ödənilən pensiyanın təxminən 16000 artıq hesablandığı bildirilmiş, mart ayında pensiya ödənişi edilməmiş, aprel ayından pensiya məbləği azaldılmaqla ödənilməyə başlanmışdır. Hesab edir ki, qanunla qorunan hüquqları İdarə tərəfindən pozulmuşdur. Belə ki, əmək pensiyasının hesablanması və ödənilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş formada və qaydada idarəyə təqdim etmişdir. İdarəyə heç bir saxta sənəd, yanlış məlumat təqdim etməmişdir. Buna görə də idarənin qərarını əsassız hesab edir və buna qəti etiraz edir. Hesab edir ki, qanunla qorunan hüquqlarım İdarə tərəfindən pozulmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Lakin İdarə onun razılıq ərizəsi olmadan pensiyanın azaldılması və tutulması barədə birtərəfli göstəriş vermişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz verərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 26 yanvar 2021-ci il tarixindən ədliyyə orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 37.3.4-cü maddəsinə uyğun olaraq, əmək pensiyasına həmin Qanunun 20.1.14-cü maddəsinə əsasən ədliyyə orqanlarının sabiq əməkdaşı kimi qulluq stajına görə əlavələr təyin edilmiş şəxs dövlət qulluğunda qulluq keçdikdə onun pensiyasının qulluq stajına görə əlavə hissəsi 50 % həcmində, sığorta hissəsi isə tam həcmdə ödənilir. Qanunun 38.1-ci və 38.2-ci maddələrinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Tərəflərindən aparılan araşdırma nəticəsində, iddiaçının 1 aprel 2021-ci il tarixindən dövlət qulluğunda fəaliyyətə başladığı, bu barədə hər hansı məlumat vermədiyi aşkar edilib. Nəticədə pensiyasının qulluq stajına görə əlavə hissəsi 50 faiz həcmində ödənilməli olduğu halda, tam həcmdə ödənilib. Eyni zamanda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçıya vaxtilə təyin edilmiş ədliyyə orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyasının hesablanmasına yenidən baxılması haqqında inzibati icraata başlanıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün iddiaçıya 7 mart 2024-cü il tarixində məktub göndərilməklə 27 mart 2024-cü il tarixinədək Mərkəzi Filala gəlməyi xahiş olunub. Mülahizənin dinlənilməsi üçün iddiaçı 27 mart 2024-cü il tarixində gəlmiş və ona ədliyyə orqanlarının sabiq əməkdaş kimi yaşa görə əmək pensiyası ödənilməsinə baxmayaraq, dövlət qulluğu vəzifəsində qulluq keçdiyi halda bu barədə məlumat vermədiyi, nəticədə qanunvericiliyə zidd olaraq pensiyasının qulluq stajına görə əlavə hissəsinin tam həcmdə ödənilməsi barədə ətraflı məlumat verilmiş, daha sonra onun yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmiş və bu barədə birgə akt tərtib edilmişdir. Sonra isə tərəflərindən qanunvericiliyin tələblərinə uyğun qaydada əmək pensiyasının yenidən hesablanması haqqında inzibati akt qəbul edilib. Bununla əlaqədar olaraq, 28 mart 2024cü il tarixində iddiaçının əmək pensiyası qanunvericiliyə uyğunlaşdırılaraq 1799,55 manatdan 1240,66 manata azaldılıb, həmçinin ona ötən dövr üzrə 16024,87 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisələndirilməyən hallarına görə, iddiaçıya 26 yanvar 2021-ci il tarixindən ədliyyə orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib. İddiaçının aylıq pensiya məbləği 1799,55 manat olmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış və pensiya məbləği 1240,66 manat müəyyən edilmiş və idiaçıya 16024,87 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Cavabdeh yenidən hesablama barədə mövqeyini onunla əsaslandırmışdır ki, aparılan araşdırma nəticəsində, iddiaçının 1 aprel 2021-ci il tarixindən dövlət qulluğunda fəaliyyətə başladığı, bu barədə hər hansı məlumat vermədiyi aşkar edilib. Nəticədə pensiyasının qulluq stajına görə əlavə hissəsi 50 faiz həcmində ödənilməli olduğu halda, tam həcmdə ödənilib. İddiaçı cavabdehin yenidən hesablama barədə qərarını qəbul edir və mübahisələndirmir. İddiaçının hazırkı iddianı irəli sürməkdə hüquqi marağı, ona artıq ödənilmiş pensiya məbləğini tutulmaması, pensiyasından tutulmuş məbləğlərin ona gerio qaytarılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Hazırkı işdə iddiaçının ona artıq ödənilmiş pensiyanın tutulması barədə razılığının olmaması işin mübahisələndirilməyən halıdır. Belə olan halda cavabdeh orqan artıq ödənildiyi hesab etdiyi məbləği öz təşəbbüsü ilə deyil, yalnız məhkəmədə müvafiq iddia qaldırmaqla nail ola bilərdi. Lakin cavabdeh tərəfindən həmin tələbə riayət edilməmiş, razılıq olmamasına baxmayaraq məhkəmə qaydasında həll edilməli məsələ cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmiş, faktiki olaraq əvəzləşdirmə kimi pul məbləği tutulmuşdur. İddiaçıya məxsus kart hesabından çıxarışdan görünür ki, cavabdhe iddiaçının mart ayı üzrə pensiya məbləğini (1240,66 manat) ümumiyyətlə ödəməmiş (əvəzləşdirmiş), aprel, may, iyun və iyul ayları üzrə həy ay üçün pensiya məbləğindən 119.52 manat pul tutulmaları etmişdir. Nəticədə iddiaçının pensiyasından ümumilikdə 1718,74 manat pul tutulmuşdur. Qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona mütəmadi ödənilən pul vəsaitinin azaldılacağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu% Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Baxılan işdə etimad hüququnu istisna edən Qanunu 67-ci maddəsində sadalanan hər hansı hallar müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının əmək pensiyasını yenidən hesablaması qanunsuz olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı pensiyasından tutulmuş cəmi 1718,74 manat məbləğin ona qaytarılması və bundan sonra pensiyadan tutulmaların qadağan edilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-12430/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12430/2024
23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver