Məhkəmə qərarları › İş №2-1(112)-12438/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12438/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12438/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi, eyni zamanda vəkili X1 (Ünvanı: Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, Kolxozçu küçəsi ev 33; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: 6 saylı Vəkil Bürosunun vəkili), cavabdehin nümayəndəsi X2 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçının mülkiyyətindəki torpaq sahəsində 193,27 kv.m olan yardımçı tikilinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının əsl İddiaçı ilə əvəz edilməsi qərara alınmışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı mülkiyyətindəki torpaq sahəsində 193,27 kv.m olan yardımçı tikilinin MA ******* nömrəli xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarışa əlavə edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş və ona imtina cavabı xx.xx.2021-ci il tarixdə verilmişdir. Məhkəmə prosessual qənaət prinsipi baxımından hazırkı iddianı mümkün hesab etmişdir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, 30 iyul 2011-ci il tarixdə İddiaçınə 2326.4 kv.m sahəyə çıxarış verilmişdir. Həmin çıxarışda müəssisəyə bitşik 193,27 kv.m olan yardımçı tikili əlavə edilməmişdir. Qeyd edilən tikili İddiaçı Müəssisənin mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmişdir. İddiaçı Müəssisəyə mülkiyyət hüququ ilə məxsus torpaq sahəsində inşa edilmiş yardımçı tikili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş çıxarışa əlavə olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir, lakin cavabdeh inzibati orqan onun müraciətini “qeyd edilən qeyriyaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir” səbəbi ilə təmin etməkdən imtina etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakı Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2000-ci il tarixli Şəhadətnaməyə əsasən İddiaçı kiçik müəssisəsi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllədə yerləşən Texniki idman klubunun istehsal sahəsinin yerləşdiyi torpaq sahəsi (3121,2 kv.m) qüvvədə olan qanunvericilik əsasında satın almışdır. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 776 nömrəli xx.xx.2001-ci il tarixli “Yasamal rayonu, Tblisi prospekti, 1054 saylı məhəllədə idman kompleksi tikintisinə icazə verilməsinə dair” Sərəncamına əsasən Yasamal Rayon İcra Hakimiyyətinin 29.11.01-ci il tarixli, 328/D-BŞ saylı razılıq məktubu, İddiaçı kiçik müəssisəsinin müraciəti, Azərbaycan Respublikası Dövlət Əmlakı Komitəsinin 17.07.97-ci il tarixli, 004755 saylı, xx.xx.2000-ci il tarixli, 000088 saylı şəhadətnamələri nəzərə alınaraq, Yasamal rayonu, Tbilisi prospektindəki 1054 saylı məhəllədə (sahəsi 0,31 ha) idman kompleksinin layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 776 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamı ilə idman kompleksinin tikintisinə dair ayrılmış torpaq sahəsinin cizgisi sərəncama əlavə edilmişdir. İş materiallarından görünür ki, “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktı”na əsasən ünvan 2 ünvanda yerləşən idman kompleksi istismara qəbul edilmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA ******* nömrəli xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 2326.4 kv.m olan qeyri-yaşayış binası və 0.31212 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının xx.xx.2011-ci il tarixli 11/3268 inventar nömrəli Texniki pasportunda mübahisə predmeti olan yardımçı tikili göstərilmişdir. Göründüyü kimi, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə qeyd edir ki, mübahisə predmeti olan yardımçı tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması, həmçinin həmin yardımçı tikilinin bitişik olduğu əsas tikilinin, yəni ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının layihələşdirilməsinə və tikintisinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə icazə verilməsi, qeyri-yaşayış binasının istismara qəbul edilməsi, qeyriyaşayış binasına dair tərtib edilmiş Texniki pasportda mübahisə predmeti olan yardımçı tikilinin göstərilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə qeyd edir ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasına dair tərtib edilmiş Texniki Pasportda mübahisə predmeti olan yardımçı tikili öz əksini tapsa da, həmin Texniki Pasport əsasında verilmiş MA ******* nömrəli xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarışda yardımçı tikili öz əksini tapmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmazəmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, mübahisə predmeti olan 193,27 kv.m yardımçı tikilinin bitişik olduğu əsas tikilinin və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması, həmin yardımçı tikilinin ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının xx.xx.2011-ci il tarixli 11/3268 inventar nömrəli Texniki pasportunda göstərilməsi, lakin MA ******* nömrəli xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarışa əlavə edilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, məhkəmə cavabdehin imtinasının iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli İddiaçı mülkiyyətindəki torpaq sahəsində 193,27 kv.m olan yardımçı tikilinin MA ******* nömrəli xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarışa əlavə edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətindəki torpaq sahəsində 193,27 kv.m olan yardımçı tikilinin MA ******* nömrəli xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarışa əlavə edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar