Məhkəmə qərarları › İş №2-1(112)-1244/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1244/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1244/2023 08.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı şəhər Baş Səhiyyə Mərkəzi 19 nömrəli şəhər poliklinikası üçüncü şəxs qismində cəlb olunmaqla “əlillik dərəcəsinin təyin edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra mətndə Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqan Dövlət Tibbi Sosial- Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 15 yaşından astma xəstəliyindən əziyyət çəkir və 2013-cü ildən bu səbəbdən 2-ci dərəcə əlildir. Həmin ildən etibarən əlilliyi fasiləsiz olaraq bir il müddətinə (2014 və 2015-ci illərdə), sonuncu dəfə isə 2016-cı ildə qanunvericiliyə uyğun olaraq 5 il müddətinə müəyyən olunmuş və 18 noyabr 2021-ci ildə əlilliyin müddəti bitmişdir. Əlilliyin müddəti bitdikdən sonra 19 nömrəli şəhər poliklinikası tərəfindən ona tibbi-sosial ekspert komissiyasına göndəriş verilmiş və cavabdeh orqan tərəfindən 04 may 2022-ci il tarixdə əlavə müalicəyə ehtiyacının olması səbəbi ilə əlilliyin təkrar qiymətləndirilməsindən imtina edilmişdir. Cavabdeh orqan tərəfindən verilmiş imtinanı hüquqlarının pozulması kimi qiymətləndirmişdir. Belə ki, astma xəstəsi olmağı Forma 88 arayışı, eləcə də digər bütün tibbi sənədləri ilə təsdiq olunur, özü 2012-ci ildən poliklinikada dispanser qeydiyyatındadır və dəfələrlə müayinədən keçib, müalicələr almışdır, lakin heç bir müsbət nəticə verməmişdir. Çətinliklə nəfəs alır, sinəsində daim xırıltı və xışıltılar hiss edir. Bu günə qədər 2014, 2015, 2016-cı illərdə maneəsiz şəkildə ona əlillik dərəcəsi təyin olunmasına baxmayaraq, son göndərişə imtina verilmişdir. Forma 88 arayışına əsasən xəstəliyinin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq əlilliyin növbəti müddətə təyin olunmasından imtina onun qanunla qorunan hüquqlarını pozmuş və hazırki vəziyyətinə mütənasib olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 26 may 2022-ci il tarixli qərardadı ilə Bakı şəhər Baş Səhiyyə Mərkəzi 19 nömrəli şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 19 saylı Şəhər Klinikasının xx.xx.2012-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3; X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü,.gedən astma; Diaqnozun mətni: Bronxial astma, infeksion allerqik forma.ağır qediş/ciyərin emfizeması.TÇ İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sistemıni; xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 19 saylı Şəhər Klinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3 X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47- Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45-Astma => J45 0-Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxıal astma, infeksıon allerqik forma, tez tez tutmalar ilə, ağır qedişlı Hormonal asıl vəziyyət. Asteno-nevrtoik vəziyyət. Ağ ciyərin emfizeması.TÇ İİ dər.; Meyar: 2 2 ikinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 19 saylı Şəhər Klinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni Bronxıal astma, infeksıon allergik forma, ağır gedışli. hormondan asılıq. Ağ ciyər emfizeması.TÇ İİ dər.; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X3: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma J45.0 - Allergık komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni Bronxial astma,ınfeksion allergik forma.ağır gedişli,hormondan asılıq.Ağ ciyər emfizeması TÇ İİ dər.; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə" səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Klinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X3: X Sinif-Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Astma. Bronxial astma qarışıq variant, ağır gedişli kəskinləşmə fazasında hormondan aslı tam nəzarətsiz. Qəbul etdiyi dərman salbutamol, seritit 50/250; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb ixtısaslaşdırılmış müalicəsi davam etdirilsin" səbəbi ilə imtina verilmişdir. İddiaçı Salamov X1 göndəriş əsasında imtina verilməsinin səbəbi “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb İxtisaslaşdırılmış müalicəsi davam etdirilsin” olmuşdur. Odur ki, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə müalicə olunduqdan sonra əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür. Üçüncü şəxs Bakı şəhər Baş Səhiyyə Mərkəzi 19 nömrəli şəhər poliklinikası tərəfindən məhkəməyə ünvanlanmış 07 №li xx.xx.2022-ci il tarixli iddia tələbinə dair yazılı münasibətdə göstərilmişdir ki, İddiaçı 2015-ci ildən 19 nömrəli şəhər poliklinikasında həkim Zemfira Kazımova tərəfindən dispanser qeydiyyata götürülmüşdür. Xəstəyə xx.xx.2016-cı il tarixində “Bronxial astma.İnfeksion allergik forma.Ağır gedişli.Ağciyər emfizeması.TÇ İİ dərəcə” diaqnozu ilə İİ qrup əlillik dərəcəsi təyin olunmuşdur. xx.xx.2021ci ildə əlillik müddəti bitdiyindən sənədlər yenidən hazırlanaraq Forma-088 tərtib edilmiş və TSEK-ə göndərilmişdir. xx.xx.2022-ci il tarixində verilən imtinanın səbəbi: “Əlavə müalicəyə ehtiyacın olması. İxtisaslaşdırılmış müalicəsi davam etdirilsin” göstərilmişdir. xx.xx.2023-cü il tarixdə üçüncü şəxs Bakı şəhər Baş Səhiyyə Mərkəzi 19 nömrəli şəhər poliklinikası yenidən iddia tələbinə dair yazılı münasibətini məhkəməyə təqdim edərək göstərmişdir ki, ünvan 2 ünvanında yaşayan İddiaçı xx.xx.2012-ci il tarixdən 19 nömrəli şəhər poliklinikasında “Bronxial əstma qarışıq forma,ağır gedişli kəskinləşmə fazasında,hormondan asılı tam nəzarətsiz” diaqnozu ilə dispanser qeydiyyatdadır. Xəstəliyi ilə əlaqədar olaraq “Bronxial astma qarışıq forma, ağır gedişli kəskinləşmə fazasında, hormondan asılı tam nəzarətsiz. Ağciyərlərin emfiziyası, Qarışıq tipli əhəmiyyətli vientilyasiya pozğunluğu. Genirəlizə olunmuş bronxobstruksiya. Xroniki respirator çatmazlıq.T.Ç İİ dərəcə. Essensial hipertenziya. Hipoertoniya xəstəliyi İİ dərəcə” diaqnozu ilə mütəmadi olaraq ambulator müalicələr qəbul etməkdədir. xx.xx.2022-ci il tarixdə göstərilən diaqnozla əlilliyin təkrar təyini üçün İddiaçı tibbi sənədləri {forma N 088) hazırlanaraq TSEK-ə göndərilmişdir. TSEK-dən cavab olaraq “Əlavə müalicəyə ehtiyacın olması. ixtisaslaşdırılmış müalicəsi davam etdirilsin” imtina səbəbi göstərilmişdir. İmtina səbəbini təmin etmək üçün İddiaçı stasionar müalicə təklif edilsə də o stasionar müalicədən imtina etmiş və mərkəzi VTEK tərəfindən yalnız xəstəliyin diaqnostik metodu olan spirometriyadan keçməsinin kifayət olduğu bildirilmişdir.İddiaçı tibbi sənədlərlə yenidən TSEK-ə göndərilmək növbəti stasionar müalicə olmadan mümkün olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İddiaçı xəstəliyə görə əlillik dərəcəsinin təyin edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın “məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan: AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İddiaçı aid aşağıdakı; - xx.xx.2012-ci il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, xx.xx.2012-ci il tarixdə ümumi xəstəliklə novbəti qiymətləndirmə tarixi xx.xx.2013-cü il olmaqla 1 il müddətinə ilkin təyinat aparılmışdır. X3:X sinif-Tənəffüs sistemi xəstəlikləri=>J40-J47-Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri=>J45-Astma=>45.0- Allergik komponentin üstünlüyü ilə gedən astma. Diaqnozun mətni; Bronxial astma, infeksion allerqik forma, ağır gedişli. Ağ ciyərin emfizeması.TÇ İİ dərəcə. Meyar; 2.2 İkinci dərəcə əlillik=>2.2.6.Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə. - xx.xx.2014-cü il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsi ilə xx.xx.2014-cü il tarixdə ümumi xəstəliklə novbəti qiymətləndirmə tarixi xx.xx.2015-ci il olmaqla 1 il müddətinə təkrar təyinat aparılmışdır. X3: X sinif-Tənəffüs sistemi xəstəlikləri=>J40-J47-Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri=>J45-Astma=>45.0- Allergik komponentin üstünlüyü ilə gedən astma. Diaqnozun mətni; Bronxial astma, infeksion allerqik forma, tez-tez tutulmalar ilə ağır gedişli. Hormonal asılı vəziyyət.Astenonevrotik vəziyyət. Ağ ciyərin emfizeması.TÇ İİ dərəcə. Meyar; 2.2 İkinci dərəcə əlillik=>2.2.6.Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə. - xx.xx.2015-ci il tarixli, xxxxxxx0003 akt №-li qiymətləndirmə nəticəsi ilə xx.xx.2015-ci il tarixdə ümumi xəstəliklə novbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il olmaqla 1 il müddətinə təkrar təyinat aparılmışdır. X3: X sinif-Tənəffüs sistemi xəstəlikləri=>J40-J47-Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri=>J45-Astma=>45.0- Allergik komponentin üstünlüyü ilə gedən astma. Diaqnozun mətni; Bronxial astma, infeksion allerqik forma, ağır gedişli. Hormondan asılılıq.. Ağ ciyərin emfizeması.TÇ İİ dərəcə. Meyar; 2.2 İkinci dərəcə əlillik=>2.2.6.Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə. - xx.xx.2016-ci il tarixli, xxxxxxx0004 akt №-li qiymətləndirmə nəticəsi ilə xx.xx.2016-ci il tarixdə ümumi xəstəliklə novbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il olmaqla 5 il müddətinə təkrar təyinat aparılmışdır. X3: X sinif-Tənəffüs sistemi xəstəlikləri=>J40-J47-Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri=>J45-Astma=>45.0- Allergik komponentin üstünlüyü ilə gedən astma. Diaqnozun mətni; Bronxial astma, infeksion allerqik forma, ağır gedişli. Hormondan asılılıq.. Ağ ciyərin emfizeması.TÇ İİ dərəcə. Meyar; 2.2 İkinci dərəcə əlillik=>2.2.6.Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən ümumi xəstəliklə (Diaqnoz: Bronxial astma, infeksionallergik forma, ağır gedişli, hormondan asılıq.Ağ ciyər emfizeması.TÇ İİ dər) ikinci dərəcə əlillik təyin olunmuşdur. İddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün 19 nömrəli şəhər poliklinikası tərəfindən göndərilmiş; xx.xx.2022-ci il tarixli 2750003AAGCE №li Forma 088 göndərişində Əsas Diaqnoz: J45-Astma Bronxial astma qarışıq, ağır gedişli kəskinləşmə fazasında hormondan aslı tam nəzarətsiz.Qəbul etdiyi dərman salbutamol, seritit 50/250; Ağırlaşma-J43- Emfizema Ağ ciyərlərin emfizeması.ETAXİ-nin xx.xx.2022-ci il tarixli 2951 nömrəli sipirometriyası.FVC-1.85;45%, FEV 1-1.33;51%, MMEF-1.35;49%, PEF- 2.75;37%, MEF75-0.74:60%, MEF50-1.68:48%Qarışıq tipli əhəmiyyətli ventiliyasiya pozğunluğu.Generalizə olunmuş bronxobstruksiya; J96.1-Xroniki respirator çatmamazlıq T.C İİ(iki) dərəcə: Yanaşı xəstəliklər; İ10-Essensial (birincili) hipertenziya Hipertoniya xəstəliyi İİ(iki) dərəcə. TSEK-ə göndərilməsi üçün əsasə-Əlillik müddətinin qurtarmasıyenidən baxmaq. İmtina edilmənin səbəbi:Əlavə müalicəyə ehtiyacın olması-Səbəb; İxtisaslaşdırılmış müalicəsi davam etdirilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 552/2022 saylı (ekspertizanın başlanma tarixi 27 oktyabr 2022-ci il, başa çatma tarixi 18 noyabr 2022-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, 1-3. M.X.Salamovun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Klinikasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli Forma 088 2750003AAGCE №-li göndərişdə qeyd edilmiş “Astma. Bronxial astma qarışıq variant, ağır gedişli kəskinləşmə fazasında hormondan aslı tam nəzarətsiz” diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, aparılmış müalicə tədbirləri diaqnoza uyğun olduğundan, xəstəlik qənaətbəxş proqnozla nəticələnmişdir. Şəxsin əlillik dərəcəsinin təyini ilə əlaqədar TSEK-də müayinələri zamanı müvəqqəti əmək qabiliyyətini itirməmiş hesab edilmiş, diaqnozla əlaqədaı hazırda onun əlavə reabilitasiya müalicəsinə zərurət yoxdur, lakin xəstəlik kəskinləşərsə, müvafiq ixtisas sahəsi üzrə həkimə müraciət edə bilər. Həmin diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyini üçün meyarların hər hansı birinə aid etməyə əsas vermədi. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X9 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. İşin araşdırılan hallarından da göründüyü kimi, iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün tibb müəssisəsi tərəfindən göndərilmiş göndərişə əsasən cavabdeh inzibati orqanın müvafiq Komissiyası tərəfindən aparılmış qiymətləndirmə nəticəsində əlillik dərəcəsinin təyinindən imtina edilmiş, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə iddiaçıya əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəydə də cavabdeh inzibati orqan tərəfindən müəyyən olunmuş nəticə bir daha təsdiqlənmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar