Məhkəmə qərarları › İş №2-1(112)-1244/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1244/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1244/2024 06.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işə cəlb edilməklə “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işə cəlb edilməklə “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, “Göradil” bağlar massivində “269j” saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X5 bağlar sahəsindəki 75 nömrəli kooperativinin 44 nömrəli orderinə əsasən İddiaçı Bakı Şəhər İcraiyyə Komitəsinin 12 fevral 1993-cü il tarixli 230 saylı qərarına əsasən 0.12 ha torpaq sahəsi olan “269 j” nömrəli bağ ayrılıb. Bakı şəhəri, Binəqədi rayonu, “Göradil” bağlar massivində “269j” saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət edilmişdir. Cavabdehin **********77 3-21-3-30/2-11677/2023 nömrəli cavab məktubu ilə göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə və X3 (BTK) dair yerləşmə sxemində öz əksini tapmaması, göstərilən torpaq sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq olması, göstərilən ərazinin “269” saylı bağ sahəsi və indekslərinə aidiyyəti olmaması və digər şəxsin adına verilmiş kadastr planı ilə üst-üstə düşməsi əsasları ilə imtina məktubu verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir.

3. Məhkəmənin 2-1(112)-10135/2023 saylı 13 sentyabr 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi inzibati iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə və X3 (BTK) dair yerləşmə sxemində öz əksini tapmamışdır. Həmçinin, göstərilən torpaq sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən ərazinin “269” saylı bağ sahəsi və indekslərinə aidiyyəti yoxdur. Bundan əlavə, göstərilən torpaq sahəsi Fövqəladə Hallar Nazirliyinin adına verilmiş kadastr planı ilə üst-üstə düşür və göstərilən sahəyə dair İdarəyə digər şəxslərin müracitləri (X2 FİN:0YTD5WP, X6 və X8) qeydə alınmışdır. Eyni zamanda bildirirlər ki, eyni nömrəli bağ nömrəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlarla yanaşı, İdarənin mütəxəssisləri tərəfindən iddiaçı tərəfindən şərti göstərilən əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi Novxanı-Pirşağı yolunun kənarında yerləşir və iddiaçının məlumatına əsasən torpaq sahəsində bir hissəsi sökülmüş kürsü başqa şəxs tərəfindən inşa edilmiş və digər hasar qonşular tərəfindən inşa edilmişdir. Həmçinin sözügedən ərazi ilə bağlı Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-266/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, ünvan 2i ünvanında yerləşən 269 j saylı bağ sahəsi üzərində iddiaçı X6 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin 1 saylıl Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, 1 saylı Bakı Ərazi İdarəsindən aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməsi qərara alınmışdır. Qeyd olunan qərardan İdarə tərəfindən apellyasiya şikaytə verilmiş, məhkəmə tikintitexniki ekspertizası təyin edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3190/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı İdarəyə daxil olmuş, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Gəlməmələrinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə digər tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli **********77 3-21-3-30/2-11677/2023 nömrəli imtina məktubuna əsasən göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə və X1 (BTK) dair yerləşmə sxemində öz əksini tapmamışdır. Həmçinin göstərilən torpaq sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən ərazinin “269” saylı bağ sahəsi və indekslərinə aidiyyəti yoxdur. Bundan əlavə, göstərilən torpaq sahəsi digər şəxsin adına verilmiş kadastr planı ilə üst-üstə düşür. Qeyd olunanlarla yanaşı, sahəyə dair İdarəyə digər şəxslərin müraciətləri qeydə alınmışdır. Həmçinin, sözügedən ərazi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin icraatında 2-1(103)-3190/2022 nömrəli məhkəmə mübahisəsi mövcuddur, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır.

10. Məhkəmənin sorğusuna əsasında Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-52/2-4638/2023 nömrəli arxiv arayışına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 230 nömrəli sərəncamından çıxarışa əsasən Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1998-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli qətnaməsi əsasında İddiaçı Görədil BTK № 75-in tərkibində bağ sahəsi ayrılmışdır.

11. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli 3-48-2F/2-05524/2023 nömrəli məktuba əsasən, Bakı şəhər İcra Hakimiyyətinin arxiv fondu üzrə 1993-cü ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1993-cü il tarixli 230 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir.

12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3- 30/2-30170/2023 **********70 nömrəli məktubla təqdim edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 75 nömrəli BTK-ya aid sənədlərin və Göradil bağ massivində yerləşən 269 j saylı bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə həmin bağ sahəsinə dair iddiaçının adına verilmiş 44 nömrəli order əlavə edilmişdir. Orderə əsasən iddiaçıya 75 nömrəli BTK nəzdində 0.12 ha sahəsi olan “269j” nömrəli bağ sahəsi ayrılmışdır.

13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3- 30/2-38043/2023 **********43 nömrəli məktubla Fövqəladə Hallar Nazirliyinin adına verilmiş Torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surəti, həmin plan ölçünün verilməsinə əsas olmuş "xxxx" MMC tərəfindən təqdim edilmiş Ayrıc aktının (qeydiyyat kitabında xx.xx.2008-ci il tarixdə 08/140 saylı qeydiyyata alınmış) surəti məhkəməyə təqdim edilmişdir.

14. Məhkəmənin 2-1(112)-10135/2023 nömrəli xx.xx.2023-cü il tarixli iş üzrə “məhkəmə torpaqşünaslıq ekspertizasının təyin edilməsi barədə” qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 10/5723 nömrəli 16 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********77 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı tərəfindən 269 j saylı bağ sahəsi kimi şərti olaraq göstərilən torpaq sahəsi 1200.0 kv.m təşkil edir. Sözügedən 1200 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən izahlı sxem əlavə olunmuşdur. Göstərilən torpaq sahəsinin nömrəsi bağların sxematik xəritə və X3 (BTK) dair yerləşmə sxemində öz əksini tapmamışdır. Həmçinin göstərilən torpaq sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən ərazinin “269” saylı bağ sahəsi və indekslərinə aidiyyəti yoxdur. Bundan başqa, göstərilən torpaq sahəsi digər şəxsin adına verilmiş kadastr planı ilə üst-üstə düşür. Qeyd olunanlarla yanaşı, sahəyə dair İdarəyə digər şəxslərin müraciətləri qeydə alınmışdır. Həmçinin, sözügedən ərazi ilə bağlı məhkəmə mübahisəsi mövcuddur. Arxiv məlumatlarına əsasən eyni bağ nömrəsi digər şəxsin adına qeydiyyata alınıb.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq cavabdeh inzibati orqana müraciət edilmişdir. Cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

21. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 230 nömrəli sərəncamına əsasən Göradil bağlar sahəsində 89 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan “269j” nömrəli bağın ayrılması işin mübahisəsiz halıdır. Lakin, işin cavabdeh tərəfindən mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçının iddia etdiyi, cavabdehə göstərdiyi torpaq sahəsi faktiki yerləşmə vəziyyətinə görə uyğunsuzluq təşkil etməklə “269” saylı bağ sahəsi və indekslərinə heç bir aidiyyəti yoxdur və torpaq sahəsi digər şəxsin adına verilmiş torpaq sahəsinin kadastr planı ilə üstüstə düşür.

22. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması; (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3.) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi.

23. Göründüyü kimi, torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması cavabdehin vəzifələrinə aid edilmişdir.

24. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçının iddia etdiyi və cavabdehə göstərdiyi torpaq sahəsi faktiki yerləşmə vəziyyətinə görə uyğunsuzluq təşkil etməklə “269” saylı bağ sahəsi və indekslərinə heç bir aidiyyəti yoxdur.

25. Belə olan təqdirdə iddiaçının bağ sahəsinin yerləşmə yerinin sxematik xəritəyə uyğunlaşdırılaraq uyğunsuzluğun aradan qaldırılması halı da mümkün deyildir.

26. Həmçinin iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı tərəfindən faktiki göstərilən torpaq sahəsi mübahisəli sahə olmaqla yanaşı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin sanatoriyasının tikintisi üçün ayrılmış sahənin daxilində yerləşir.

27. Qeyd edilən mübahisəli halların hərtərəfli araşdırılması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizasının təyin edilməsi barədə Məhkəmənin 2-1(112)- 10135/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı qəbul edilmişdir.

28. Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 10/5723 nömrəli 16 sentyabr 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********77 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı tərəfindən 269 j saylı bağ sahəsi kimi şərti olaraq göstərilən torpaq sahəsi 1200.0 kv.m təşkil edir. Sözügedən 1200 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən izahlı sxem əlavə olunmuşdur. Göstərilən torpaq sahəsinin nömrəsi bağların sxematik xəritə və X3 (BTK) dair yerləşmə sxemində öz əksini tapmamışdır. Həmçinin göstərilən torpaq sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən ərazinin “269” saylı bağ sahəsi və indekslərinə aidiyyəti yoxdur. Bundan başqa, göstərilən torpaq sahəsi digər şəxsin adına verilmiş kadastr planı ilə üst-üstə düşür. Qeyd olunanlarla yanaşı, sahəyə dair İdarəyə digər şəxslərin müraciətləri qeydə alınmışdır. Həmçinin, sözügedən ərazi ilə bağlı məhkəmə mübahisəsi mövcuddur. Arxiv məlumatlarına əsasən eyni bağ nömrəsi digər şəxsin adına qeydiyyata alınıb.

29. Göründüyü kimi, iş üzrə təqdim edilmiş ekspert rəyinə əsasən iddiaçının iddia etdiyi torpaq sahəsinin Fövqəladə Hallar Nazirliyinin sanatoriyasının tikintisi üçün ayrılmış sahəyə düşməsi öz təsdiqini tapır.

30. Belə olan təqdirdə məhkəmə hesab edir ki, yerləşmə yeri sxematik xəritə ilə uyğunsuzluq təşkil edən və faktiki olaraq Fövqəladə Hallar Nazirliyinin sanatoriyasının tikintisi üçün ayrılmış sahənin kadastr planı ilə üst-üstə düşən bağ sahəsinə münasibətdə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 230 nömrəli sərəncamının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə uyğun olmasından söhbət gedə bilməz.

31. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən hazırki mübahisə ilə bağlı aparılmış inzibati icraat çərçivəsində işin faktiki hallarına düzgün qiymət verilərək maddi və prosessual hüquq normaları düzgün tətbiq edildiyindən, eləcə də, inzibati məhkəmə araşdırması zamanı iddiaçının tələbinin maddi hüquqi əsasının olması müəyyən edilmədiyindən tələb əsassız hesab edilməklə təmin edilməməlidir.

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzrəində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:

14. Sübut etmə vəzifəsi: ... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

35. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.20214-cü il tarixli, 10/5723 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır və iddiaçıdan 100 (yüz) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

38. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

39. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

40. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul İddiaçı Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar