Məhkəmə qərarları › İş №2-1(112)-12442/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12442/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12442/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1992-cil tarixdən xx.xx.1996-cı il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı ona müharibə veteranı adının verilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – cavabeh) müraciət etmiş, Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçıya müharibə veteranı adı verməkdən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...təqdim olunmuş sənədlərə əsasən N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və xidmət dövründə ezamiyyətləriniz xidməti olduğuna (döyüş tapşırığının icrası ilə bağlı olub-olmaması barədə məlumat olmadığına) görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, o, 1992-1994-cü illərdə N nömrəli hərbi hissədən daima ezamiyyətdə olmuşdur. Həmin dövrlərdə müharibə gedən ərazilərdə döyüşlərdə iştirak etmiş. Hərbi hissələrin səhlənkarlığına görə məsuliyyət daşımamalıdır. Onun müraciəti cavabdeh tərəfindən ətraflı araşdırılsaydı həqiqətən də, 1-ci Qarabağ müharibəsində iştirakın təsdiqini tapardı. Cavabdehin imtinasının əsassız hesab edir. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasınd hərbi xidmət keçərkən, yaxud döyüş nasında döyüş tapşırığının yerinəyetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: -Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. -Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, təqdim olunmuş sənədlərə əsasən iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və xidmət dövründə ezamiyyətləri xidməti (döyüş tapşırığının icrası iiə bağlı olub-olmaması barədə məlumat aşkar edilməmişdir) olmuşdur. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətlə bağlı hərəkətsizlik etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. … Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı xx.xx.1992-cil tarixdən xx.xx.1996-cı il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı ona müharibə veteranı adının verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciənin təmin etməkdən imtina etmişdir. İmtina əsası kimi cavabdeh ona istinad edir ki, iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında deyil və xidmət dövründə iddiaçının ezamiyyətləri xidmətidir (döyüş tapşırığının icrası ilə bağlı deyil. Məhkəmə cavabdehin hər iki imtina dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Qaradağ RHK-dan təcili hərbi xidmətə çağırılmış, 1974-cü il təvəllüdlü, İddiaçı Şahmar oğlu: N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 81 №-li əmrilə (əsas: §-4, sıra- 1, əmrdə atasının adı “Şahmar” yazılmışdır) xx.xx.1992-ci i! tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “sıravi” hərbi rütbəsi verilməklə “mexanik” vəzifəsinə təyin edilmişdir; N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 101 №-li əmrində (əsas: §-7, sıra-16; əmrdə adı və atasının adı tam yazılmamışdır) sıravi İddiaçı xx.xx.1992-ci il tarixli 101 №-li ərində (əsas: §-7, sıra – 16; əmrdə adı və atasının adı tam yazılmamışdır) sıravı İddiaçı xx.xx.1992-ci il tarixdən komendant tağımında “atıcı” vəzifəsinə təyin edilməsi barədə məlumat vardır; N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 5 №-li əmrində (əsas: §-4, səh-155, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır, ezamiyyətə göndərilmə səbəbi göstərilməmişdir) sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən Yevlax şəhərinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır; N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 11 №-li əmrində (əsas: §-1, səh-160, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır) sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən ezamiyyətdən qayıtması barədə məlumat vardır; N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 15 №-li əmrində (əsas: §-2, səh-164, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır, ezamiyyətə göndərilmə səbəbi göstərilməmişdir) sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən Yevlax şəhərinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır; N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 22 №-li əmrində (əsas: §-5, səh-171, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır) sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən ezamiyyətdən qayıtması barədə məlumat vardır; N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 31 №-li əmrində (əsas: §-2 səh-181, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır, ezamiyyətə göndərilmə səbəbi göstərilməmişdir) sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən Yevlax şəhərinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır; N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 67 №-li əmrində (əsas: §-3, qeyd: əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır) sıravi İddiaçı “atıcı” vəzifəsinə təyin edilməsi barədə məlumat vardır; N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 146 №-li əmrində (əsas: §-4, səh-60, əmrdə adı tam, atasının adı, ezamiyyətə göndərildiyi yer və səbəbi yazılmamış, vəzifəsi qeyd olunmamışdır) sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən ezamiyyətə göndərilməsi barədə məlumat vardır; N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 202 №-li əmrində (əsas: §-6, səh-27, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır, ezamiyyətə göndərilmə səbəbi göstərilməmişdir) sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Yevlax şəhərinə ezamiyyətə göndərilərək, qazan təminatından çıxarılması barədə məlumat vardır; N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 208 №-li əmrində (əsas: §-1, səh-34, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır) sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən qayıtmış hesab edilərək, xidməti vəzifəsinin icrasına başlaması barədə məlumat vardır; N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 316 №-li əmrində (əsas: §-3, səh-60, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır) sıravi İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatları bölgəsinə, N №-li hərbi hissəyə döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi barədə məlumat vardır; N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 3 №-li əmrində (əsas: §-3, səh-5, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır, ezamiyətdə olma səbəbi göstərilməmişdir) sıravi İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Gəncə şəhərində ezamiyyət müddətinin uzadılması və ərzaqla təmin edilməsi barədə məlumat vardır; N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 6 №-li əmrilə (əsas: §-1, səh- 8) Komendant tağımının atıcısı, sıravi İddiaçı qayıtmış hesab edilərək, xidməti vəzifəsinin icrasına başlamışdır; N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 24 №-li əmrində (əsas: səh.- 24, §3; qeyd: əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır, ezamiyyətə göndərilmə səbəbi göstərilməmişdir) sıravi İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994- cü il tarixədək Beyləqan rayonuna ezamiyyətə göndərilərək, ərzaqla təmin edilməsi barədə məlumat vardır; N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 32 №-li əmrində (əsas: §2; qeyd: əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır) sıravi İddiaçı Beyləqan rayonundakı ezamiyyət müddətinin xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək uzadılması barədə məlumat vardır; N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 35 №-li əmrində (əsas: §-5, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır, ezamiyyətdə olma səbəbi göstərilməmişdir) sıravi İddiaçı Beyləqan rayonundakı ezamiyyət müddətinin xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək uzadılması barədə məlumat vardır; N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 39 №-li əmrində (əsas: §-2, əmrdə adı tam, atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır) sıravi İddiaçı xx.xx.1994-cü il tarixdən ezamiyyətdən qayıtmış hesab edilərək, xidməti vəzifəsinin icrasına başlaması barədə məlumat vardır; N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 60 №-li əmrilə (əsas: §-6, əmrdə atasının adı “Şahmar” yazılmışdır) Komendant tağımının atıcısı, sıravi İddiaçı Şahmar oğlu xx.xx.1994-cü il tarixdən vəzifəsini təhvil vermiş hesab edilərək, "mexanik” vəzifəsinə təyin edilmişdir; N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 141 №-li əmrilə (əsas: §-4; əmrdə atasının adı “Şahmar” yazılmışdır) mexanik, sıravi İddiaçı Şahmar oğlu xx.xx.1994cü il tarixdən xx.xx.1994-cü il tarixədək növbəti məzuniyyətə göndərilərək, qazan təminatından çıxarılmışdır; N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 145 №-li əmrilə (əsas: §-4; əmrdə atasının adı “Şahmar” yazılmışdır) mexanik, sıravi İddiaçı Şahmar oğlu xx.xx.1994cü il tarixdən məzuniyyətdən qayıtmış hesab edilərək, xidməti vəzifəsinin icrasına başlamışdır; N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 165 №-li əmrilə (əsas: §-2; əmrdə atasının adı “Şahmar” yazılmışdır) sıravi İddiaçı Şahmar oğlu xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Yevlax rayonu döyüş əməliyyatları bölgəsinə göndərilərək, ərzaqla təmin edilmişdir; N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 173 №-li əmrində (əsas: §-1, əmrdə atasının adı yazılmamış, vəzifəsi qeyd olunmamışdır) sıravi İddiaçı xx.xx.1994-cü il tarixdən Yevlax rayonundan ezamiyyətdən qayıtmış hesab edilərək, qazan təminatına daxil edilməsi barədə məlumat vardır; Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununa müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli 194 №-li əmrinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 227 №-li əmrilə (əsas: §-2, səh-6, əmrdə atasının adı “Şahmar” yazılmışdır) aviasiya eskadrilyası aviasiya silahlan və desant-nəqliyyat avadanlığına xidmət qrupunun aviasiya mexaniki, sıravi İddiaçı Şahmar oğlu xx.xx.1996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Bakı şəhəri Qaradağ RHK-na göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1991 -ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Lakin N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsində qeydiyyatda olan 1974-cü il təvəllüdlü İddiaçı, keçmiş Qaradağ Rayonu Hərbi Komissarlığı xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Quvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissədə hərbi xidmət keçmiş və xx.xx.1996-cı tarixdə təxris edilmişdir. Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən məhkəmə sorğusna cavab olaraq icra edilmiş tələbnamədən görünür ki, iddiaçının məhkumluğu olmamışdır. Yuxarıda sadalanan normaların məzmununa əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə cavabdehin birinci imtina dəlili, yəni iddiaçının xidmət keçdiyi N № li hərbi hissəsinin döyüş əməliyyatlarında iştirak etməməsi ilə bağlı qeyd edir ki, həmin hərbi hissəsnin döyüş əməliyyaltarında iştirak etməməsi işin mübahisələndirilməyən halıdır. İşdən görünür ki, iddiaçı həmin hərbi hissədə müvafiq əmrlərlə digər hərbi hissələrə ezam edilmişdir. Məhkəmə cavabdehin digər imtina dəlili, yəni iddiaçının ezamlarının xidməti olması, döyüş tapşırığının icrası ilə bağlı olmaması ilə bağlı qeyd edir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 316 №-li əmrindən görünür ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatları bölgəsinə, N №-li hərbi hissəyə döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi barədə məlumat vardır. Həmçinin N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 165 №-li əmrindən görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Yevlax rayonu döyüş əməliyyatları bölgəsinə göndərilərək, ərzaqla təmin edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Həmçinin N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 101 №-li əmrində və xx.xx.1993-cü il tarixli 67 №-li əmrində (iddiaçının “atıcı” vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. Göründüyü kimi, iddiaçının vəzifəsi atıcı olmuş və o, döyüş bölgələrinə döyüş əməliyyaltarında iştirak etmək üçün ezam olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi müəyyən edildiyindən ona müharibə veteranı adı verilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adının verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdehin iddiaçıya müharibə veteranı adının verilməsindən imtinası “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun sayılmamalıdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olaraq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar