Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12458/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1319 saylı sərəncamına əsasən Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsindən daimi istifadə hüquqlarının yaşayış məntəqəsi torpaqları olmaqla İddiaçı MMC-nin adına Dövlət Reyestrində qeydiyyata alınması öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı İddiaçı MMC cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Əzizbəyov ( Xəzər ) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994 tarixli, 1319 saylı sərəncamına əsasən, Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən 10 hektar torpaq sahəsindəki daimi istifadə hüququnun, yaşayış məntəqəsi torpaqları olmaqla, İddiaçı MMC-nin adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1319 saylı sərəncamına əsasən Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsindən daimi istifadə hüquqlarının yaşayış məntəqəsi torpaqları olmaqla İddiaçı MMC-nin adına Dövlət Reyestrində qeydiyyata alınması öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi”ni xahiş etmişdir.
3. Məhkəmənin 20 dekabr 2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
4. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək, Əmlak Məsələləri Dövlət Xidmətinin 3-cü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin 20 dekabr 2024-cü il tarixli Qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə cavabdehin vəsatəti təmin edilməmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1319 saylı sərəncamına əsasən, Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən 10 hektar torpaq sahəsi iddiaçının daimi istifadəsinə verilmişdir. Torpaq sahəsinin ətrafına daş hasar çəkilmiş və müəssisənin vəsaiti hesabına yararlı vəziyyətə gətirilmişdir. Torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarına aiddir. 2024-cü ilin fevral ayında hazırkı tələb ilə bağlı cavabdehə müraciət edilmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, təqdim edilmiş Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli sərəncamının nömrəsi “1319”, “Torpaqdan daimi istifadəyə dair JN-1200 (kod ********) nömrəli Dövlət Aktı”nda istinad edilən sərəncamın nömrəsi isə “1028” kimi qeyd edilmişdir. Eyni zamanda, torpaq sahəsinin sənəd üzrə sahəsi 10 ha qeyd edilsə də, faktiki 9.58 ha təşkil edir. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi“yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Sahənin qeydiyyatı barədə məlumat yoxdur. Təqdim edilmiş Dövlət Aktının elektron baza məlumatı yoxdur. Həmçinin müvafiq torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəuyğundur. Əlavə olaraq torpaq sahəsinə ********** nömrəli ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti daxil olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçınıın nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahat və çıxışını, dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər
Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2016-cı il tarixli, **********444800 nömrəli çıxarışından görünür ki, İddiaçı MMC ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2024-cü il tarixli, **********847200 nömrəli çıxarışından görünür ki, İddiaçı MMC ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının 1319 nömrəli, xx.xx.1994-cü il tarixli "xxxx" kiçik müəssisəsinə Şüvəlan qəsəbəsinin cənub hissəsində torpaq sahəsinin ayrılması barədə” Sərəncamına əsasən, "xxxx" kiçik müəssisəsində fəaliyyətlərini genişləndirmək məqsədi ilə Şüvəlan qəsəbəsinin cənub hissəsində 10 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Şüvəlan qəsəbəsində fəaliyyət göstərən "xxxx" k/m-nin istifadəsində olan torpaq sahəsinin sxemi və baş plandan çıxarış Əzizbəyov RİH Rayon Təsərrüfatı şöbəsi tərəfindən təsdiq edilmişdir. JN-1200 KOD 00306016 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair “ Dövlət Aktına əsasən, "xxxx" kiçik müəssisəsinə Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsinin cənub hissəsində Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1994-cü il tarixli, 1028 saylı Sərəncamı ilə cizgidə göstərilən sərhəd daxilində 10.00 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı və müəssisənin nizamnamədəki digər fəaliyyəti üçün verilib. "xxxx" kiçik müəssisəsinin təsisçisinin xx.xx.2004-cü il tarixli Qərarına əsasən "xxxx" kiçik müəssisəsinin bazasında onun hüquqi varisi olan İddiaçı MMC yaradılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanlandığı xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-14459/2024 **********59 nömrəli məktubuna əsasən bildirilmişdir ki, təqdim olunmuş sənədlərdə hüquqi şəxsin təşkilati-hüquqi formasında uyğunsuzluq mövcuddur. Belə ki, Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının 1319 nömrəli, xx.xx.1994-cü il tarixli Sərəncamı və torpaqdan daimi istifadə hüququna dair JN-1200 nömrəli Dövlət Aktında torpaq sahəsinin "xxxx" Kiçik Müəssisəsinə ayrıdlığı qeyd olunsa da, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2016-cı il tarixli çıxarışında, etibarnamə və ərizədə isə İddiaçı MMC kimi qeyd olunmuşdur. Odur ki, hüquqi şəxsin keçidlə bağlı əlaqələndirici sənəd təqdim edilməlidir. Bundan başqa, hüquqi şəxsin təsis sənədləri təqdim edilməmiş və ərizə hüquqi şəxsin möhürü ilə təsdiqlənməmişdir. xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, torpaq sahəsi mişar daşı ilə hasara alınıb, bir mərtəbəli gözətçi otağı mövcuddur.
İV. Məhkəmənin mövqeyi
10. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinə görə, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir; torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
11. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən:
Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur.
Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. (...)
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.
9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır.
Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər 1.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 1-1. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı - 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar - 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu - 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
11. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;”
14. İşin faktiki hallarına əsasən iddiaçıya Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının 1319 nömrəli, xx.xx.1994-cü il tarixli Sərəncamı və JN-1200 KOD 00306016 nömrəli dövlət aktı verilmişdir. Sözügedən inzibati akt hal-hazırda da qüvvədədir.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli sərəncamının nömrəsi “1319”, “Torpaqdan daimi istifadəyə dair JN-1200 (kod ********) nömrəli Dövlət Aktı”nda istinad edilən sərəncamın nömrəsi isə “1028” kimi qeyd edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, torpaq sahəsinin iddiaçıya ayrılması barədə yuxarıda göstərilən sərəncamın nömrəsinin dövlət aktında fərqli göstərilməsi, onun təqsiri nəticəsində olmamış və bu hal onların mülkiyyət hüquqlarının pozulmasına və digər hüquqi problemlərə səbəb olmamalıdır. Bundan əlavə, məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki,” ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. 16.Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Halbuki iddiaçının adına torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. 17.Odur ki, cavabdehin etirazında göstərilənləri məhkəmə iddianın təmin edilməməsi üçün əsas hesab etmir.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir
19. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
20. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1319 saylı sərəncamına əsasən Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsindən daimi istifadə hüquqlarının yaşayış məntəqəsi torpaqları olmaqla İddiaçı MMC-nin adına Dövlət Reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
21. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1319 saylı sərəncamına əsasən Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsindən daimi istifadə hüquqlarının yaşayış məntəqəsi torpaqları olmaqla İddiaçı MMC-nin adına Dövlət Reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova