Məhkəmə qərarları › İş №2-1(112)-12467/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12467/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12467/2022 31.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon X6rşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Nəsimi rayon X9 (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.B.Hüseynzadə küçəsi, 83 saylı evdən X3, onun övladları X1 və X2 çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.B.Hüseynzadə küçəsi ünvanında yerləşən 83 saylı ev onun şəxsi mülkiyyətindədir. Həmin evdə X7, onun övladları X4 və X5 qeydiyyatdadırlar. Həmin qeydiyyatda olan şəxslərin şəxsi mülkiyyətində olan evdən çıxarılması barədə Bakı şəhəri Nəsimi Rayon X9 ərizə ilə müraciət etmiş, lakin müraciətlərinə bu günə kimi heç bir rəsmi cavab verilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı düzgün cavabdehə qarşı iddia qaldırmamışdır. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X8 paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin 1 (sahəsi 11.5 kv.m) otağını oğlu olan hədiyyə alan İddiaçı bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilin sahəsi 11.5 kv.metr olan 1 otağı iddiaçının paylı mülkiyyətindədir. İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin mənzildə qeydiyyatda olduğunu iddia etdiyi X3, onun övladları X1 və X2 həmin mənzildən çıxarılmasını xahiş edir və bu tələbinin yönəldiyi inzibati orqan kimi Bakı şəhəri Nəsimi rayon X12 göstərmişdir. Məhkəmə qeyd edir ki, birincisi, iddiaçının iddia ərizəsində göstərilən fiziki şəxslərin onun mülkiyyətində olan mənzildən çıxarılmasına dair tələbi iddia ərizəsində göstərilən inzibati orqana qarşı yönələ bilməz. Çünki həmin şəxslərin mənzildən çıxarılması cavabdeh kimi göstərilən orqanın səlahiyyətinə aid deyil və həmin tələbə münasibətdə də cavabdeh kimi polis idarəsinin müvafiq şöbəsi deyil, mübahisəli mənzildən çıxarılması tələb olunan şəxslər göstərilməlidir. Digər tərəfdən, iddia ərizəsindən görünür ki, iddiaçının hazırda hüquqi marağı mübahisəli mənzildə qeydiyyatda olan şəxslərin həmin mənzildən çıxarılması deyil, onların mübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına yönəlmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. Göründüyü kimi, qanunvericiliyə əsasən şəxsin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan çıxarılması müvafiq ərizə ilə müraciət edilən ünvanın Daxili İşlər Nazirliyinin ərazi polis idarələri tərəfindən həyata keçirilir. Belə olan halda aydındır ki, qeydiyyatdan çıxarılma barədə tələbə münasibətdə müvafiq polis idarəsinin müstəqil inzibati orqan olmayan şöbəsi deyil, həmin polis idarəsinin özü cavabdeh qismində çıxış edə bilər. Bundan başqa, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialara aiddir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə uyğun gələn tələbdir. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. Lakin iş materiallarından iddiaçının hazırkı tələblə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə müraciət etməsi müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının hazırkı tələbi iddianın mümkünlük şərtlərinə cavab vermir. Məsələ ilə bağlı məhkəmə tərəfindən İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilmiş, iddia tələbinin dəqiqləşdirilməsi, yanlış iddia növünün münasibi ilə əvəz olunması və natamam faktiki məlumatların tamamlanması ilə bağlı müddət verilməsinə baxmayaraq iddiaçı həmin müddət ərzində hər hansı bir tədbir görməmiş, habelə məhkəmə iclasında da iştirak etməmişdir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar