Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1247/2021 18.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilə telefon xəttinin çəkilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Qusar rayonu, Ləgər kəndində yaşadığı mənzilə telefon xəttinin çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, müvəqqəti olaraq Qusar rayon, Aşağı Ləgər kəndində yaşayır. O, ikinci qrup hərbi əlildir, Prezident təqaüdçüsüdür. Onun daimi qeydiyyat yeri Laçın rayonudur. Dəfələrlə cavabdehə müraciət etmişdir ki, Qusar rayonu, Aşağı Ləgər kəndində yaşadığı mənzilə telefon xətti çəkilsin. Yaşadığı yerdə telefon xətti vardır. 30.06.2020-ci il tarixli məktubla cavabdeh ona əsassız olaraq imtina etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, iddia ərizəsində qeyd edilənlərdən fərqli olaraq, “Aztelekom" MMC telefon çəkilişindən imtina etməmiş, həmin ərazidə texniki imkan olmadığından iddiaçının evinə telefon çəkilişinin mümkün olmadığı bildirilmişdir. Bundan əlavə, iddiaçıya verilən cavabda texnikin imkan yaranan kimi onun evinə telefon çəkiləcəyi qeyd edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə məktub ünvanlayaraq işə onun iştirakı olmadn baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən İddiaçı ünvanlanmış 04.06.2019-cu il tarixli məktubda qeyd olunur: Sizin Rayon İcra Hakimiyyətinə ünvanladığınız ərizəyə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, Aşağı Ləgər kənd EATS-nin montaj və istifadə tutumu 320 nömrə təşkil edir. Yaşadığınız ərazidə mövcud olan daxili xətt şəbəkəsində boş cütlüklər və EATS-də boş nömrələrin olmadığı, eləcə də məsafənin çox olduğunu nəzərə alaraq stasionar telefonla və genişzolaqlı internet şəbəkəsi ilə təmin olunmağınız mümkün olmamışdır. Vətəndaşların telekommunikasiya xidmətləri ilə təchizat probleminin aradan qaldırılması məqsədilə gələcəkdə Telekommunikasiya qovşağının xidməti ərazisində TDM şəbəkəsinin NGN/İMS texnologiyaları ilə rekonstruksiyası layihəsi çərçivəsində Aşağı Ləgər kəndində yeni X2 Stansiyası (EATS) avadanlıqlarının quraşdırılması və xətt qurğularının tikintisi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 30.06.2020-ci il tarixli məktubda qeyd olunur: Sizin Azərbaycan Respublikası Naziriər Kabinetinə ünvanlanmış və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə daxil olmuş telefon çəkilişi barədə 07.06.2020-ci il tarixli elektron müraciətinizə aidiyyəti üzrə “Aztelekom" MMC-də baxılmışdır. Bildiririk ki, müraciətiniz Qusar TKQ-nin mütəxəssisləri tərəfindən araşdırılmış və məlum olmuşdur ki, yaşadığınız ərazidə telekommunikasiya xidmətlərinin təminatı ilə əlaqədar mövcud avadanlıqlarda texniki imkan məhdud olduğundan, hazırda müraciətinizin təmin edilməsi təəssüf ki, mümkün deyildir. Gələcəkdə texniki imkan yarandıqda ünvanınıza telefon çəkilişi müvafiq qaydalara uyğun təmin ediləcəkdir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının 12.12.2018-ci il tarixli 004 nömrəli qərarı ilə təsdiq edilmiş «Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası»nın: 1.2-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasında sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə şərtlərini, sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsi operatorları ilə abunəçiləri arasında qarşılıqlı münasibətləri tənzimləyir; 1.3-cü bəndinə əsasən xidmətdən istifadə etmək üçün abunəçilərin son telekommunikasiya avadanlığı şəbəkəyə qoşulur; 1.5-ci bəndinə əsasən son telekommunikasiya avadanlığı yaşayış evlərində, mənzillərdə və qeyri-yaşayış məntəqələrində qurulur; 2.1-ci bəndinə əsasən şəbəkəyə qoşulmaq üçün operatora poçtla və ya elektron formada müraciət edilə bilər. Operator müraciət edən şəxsə qoşulma üçün texniki imkan barədə 3 (üç) iş günündən gec olmayaraq məlumat verir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı müvəqqəti yaşadığı Qusar rayonu, Aşağı Ləgər kəndində yaşadığı mənzilə telefon xəttinin çəkilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin həmin ərazidə telekommunikasiya xidmətlərinin təminatı ilə əlaqədar mövcud avadanlıqlarda texniki imkan məhdud olduğundan telefon çəkilişi mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının yaşadığı ərazidə texniki imkan olmadığından telefon xəttinin çəkilməsi mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Ona görə də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1247/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1247/2021
18.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver