Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12474/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş **********789200 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini və iddiaçının xx.xx.2021-xx.xx.2021ci il ərzində göstərilən fərdi mikrosahibkar fəaliyyətinin kameral vergi yoxlamasını təzədən aparmaq və hesablamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) fərdi mikrosahibkar kimi qeydiyyata alınmışdır və bu günə kimi daimi fəaliyyət göstərmişdir. Fəaliyyət göstərdiyi dövrdə üzərinə düşən vergi öhdəliklərini vaxtında və tam olaraq həyata keçirirdi və nə vergi departamentinə, nə də sosial fonda heç bir borcun yaranmasına yol verməmişdir. On iki aylıq dövriyyəsi 200.000 (iki yüz min) manatı keçmədiyinə görə Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti kimi iddiaçı tərəfindən güzəştli mənfəət vergisi ödənilirdi. 2021-ci il üçün iddiaçının dövriyyəsi kassa metodu ilə hesablanaraq cəmi 210.272,71 (iki yüz on min iki yüz etmiş iki, 71) manat təşkil etmişdir, o cümlədən 168595,61 (yuz altmiş səkkiz min beş yüz doxsan beş, 61) manat 2021-ci ilin yanvar ayından 01 dekabr ayına kimi 11 ayın dövriyyəsi, 41677,10 (qırx bir min altı yuz yetmiş yeddi, 10) manat isə ƏDV-yə düşən dekabr ayın dövriyəsi. Belə olduğu halda, 2021-ci ilin 12 ayın dövriyyəsindən iddiaçının 11 ayın dövriyyəsinin mənfəət vergisi əvvəlki illərdə olduğu kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə müvafiq olaraq güzəştlə hesablanmalı idi. ƏDV-yə düşən isə dövriyyəsi 2021-ci ilin dekabr ayın dövriyyəsidir. 2021-ci ilin dekabr ayına kimi 11 ayın dövriyyəsindən, yəni 168595,61 manatdan 20371,55 manat təşkil edən xərclərin çıxmaqla 148224.06 (yüz qırx səkkiz iki yüz iyirmi dörd,06) manat məbləğindən güzəştə düşən məbləğ (75%) 111.168.05 (yüz on bir min yüz altmış səkkiz,05) manat təşkil etməlidir. Beləliklə, 2021-ci ilin ümumi dövriyyəsini təşkil edən 210.272,71 manat məbləğindən 20.371,55 manat xərclərin çıxmaqla, həmin məbləğdən güzəştə düşən 111.168.05 manat məbləği çıxarkən vergiyə cəlb olunan 78.733,11 manat məbləğdən iddiaçının gəlir vergisi 15.746,62 manat təşkil etməli idi. xx.xx.2022-ci ildən başlayaraq iddiaçı tərəfındən 17.485,46 azn məbləğdə ödənişlər aparılmışdır. Həmin ödənişlər də yuxarıda göstərilən iddiaçının 15.746,62 manat gəlir vergisi tam bağlamalı idi. Lakin cavabdeh tərəfindən aparılmış kameral vergi yoxlaması nəticəsində qəbul etdiyi **********789200 nömrəli, 03 iyul 2022-ci il tarixli qərarı ilə iddiaçıya 15.746.62 manat təşkil edən qəlir vergisinin əvəzinə 41.241,34 manat gəlir vergisi hesablanmışdır. Cavabdeh tərəfindən hesablanmış 41.241,34 manat gəlir vergisindən iddiaçı tərəfindən hesablanmış və bəyannamədə göstərilən 11.227,89 manat gəlir vergisini sildikdən sonra 30.013,45 manat məbləğində gəlir vergisini və 1753,86 manat penya borcu iddiaçının şəxsi hesab vərəqəsinə otuzdurulmuşdur. xx.xx.2022-ci ildən başlayaraq iddiaçı tərəfindən aparılan ödənişlərə baxmayaraq (cəmi 17.485,46 azn) cavabdeh isə iddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2023 tarixinə əsas borcdan qalıq borcu kimi 14.256,07 manat, penya məbləğini artırılaraq faiz üzrə qalıq borcu 8.084,48 manat borc kimi göstərir. Yəni hesablanmış penyalar azaldılması əvəzinə artırılır və iddiaçının borcu azalmır. Halbuki, iddiaçının 2021-ci il üzrə göstərilən sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir vergisinin cavabdeh tərəfindən düzgün hesablanması aparılsaydı iddiaçının şəxsi hesab vərəqəsində vergi borcu olmazdı, əksinə iddiaçının cavabdehə 13.000 manatdan çox artıq ödəmə üzə çıxardı. Beləliklə, cavabdeh tərəfindən AR Vergi Məcəlləsinin 102.1.30-cu maddəsini pozaraq iddiaçının əldə etdiyi gəliri səhv hesablayıb iddiaçıdan 41.241,34 manat gəlir vergisi tələbinin və düzgün hesablanmamış və bu səbəbdən əsassız verilən sərəncam nəticəsində iddiaçıya ziyan vurulmuşdur. İddiaçı faktiki olaraq 2022-cı ildən müflis olmuşdur. Bununla da iddiaçının sahibkarlıq fəaliyyətinə maneə törədilmişdir. 02 aprel 2022-ci il tarixli, **********000300 nömrəli xəbərdarlıq məktubla cavabdeh vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim etməsini iddiaçıdan tələb etmişdir. Həmin vaxt iddiaçı onkoloji xəstəliklə əlaqəli 24 mart 2022-ci il tarixdə əməliyyat və sonra da kimyaterapiya müalicədən keçirdi. Bu səbəbdən iddiaçı cavabdehə vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların ) təqdim etməsinə imkanı olmamışdır. İddiaçının fəaliyyətini və əldə etdiyi gəliri təzədən yoxlanılmasına, ƏDV ödəyişindən azad edilməsinə, xəstəliyini nəzərə alıb güzəşt edilməsinə və ya iddiaçının səhhətində olan problemlərini nəzərə alıb borcun hissə-hissə ödəməyə imkan yaradılmasına dair iddiaçının dəfələrlə etdiyi müraciətlər cavabdeh tərəfindən nəzərə alınmamış və iddiaçıya əlavə hesablanmış cərimə və penya ilə cavablandırılırdı, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-6566/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin tələbi ilə iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Bununla da xaricdə müalicə keçmək hüququndan onkoloji xəstə olan iddiaçı məhrum olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi vəsatətdə bildirmişdir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********789200 saylı qərar xx.xx.2022-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və onun tərəfindən xx.xx.2022-ci il tarixdə oxunmaqla qəbul edilmişdir. İddiaçı tərəfindən qeyd olunan qərarın mübahisələndirilməsinə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə (1 ildən də artıq müddət sonra) verilməklə, qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Vergi Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. İddia ərizəsindən də görünür ki, vergi ödəyicisi ona göndərilmiş xx.xx.2022-ci il tarixli **********000300 saylı uyğunsuzluq məktubundan, həmçinin, xx.xx.2022-ci il tarixli **********789200 saylı Qərardan məlumatlı olmuş, lakin Qərarı nə inzibati, nə də məhkəmə qaydasında mübahisələndirməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli **********789200 saylı qərarı xx.xx.2022-ci il tarixdə əldə etməsinə baxmayaraq, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Aşkar şəkildə görünür ki, iddianın verilməsi üzrə prosessual müddət ötürülmüşdür. Qeyd olunanları nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı verdiyi izahatında bildirdi ki, mübahisələndirdiyi qərardan 2022-ci ilin iyun ayından mılumatlıdır. Həmin vaxt xəstəliyi ilə müalicə alırdı deyə qərardan şikayət edə bilməmişdir. İşə mahiyyəti üzrə baxılmasını və tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında bildirdi ki, iddia müddətinin ötürülmədiyini hesab edir. Belə ki, iddiaçı xəstə olmuşdur, ona görə də bu məsələlərlə məşğul olmağa vaxtı yox idi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətə uyğun məzmunda izahat verərək iddianın qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İPM-in: -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğundan bu növ iddiaya iddia müddəti tətbiq olunur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini ötürmüşdür. İlk növbədə qeyd edilməlidir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə və iddia qaldırmaq müddətinə əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Vurğulanmalıdır ki, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Hazırkı halda iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********789200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsini tələb edir. İş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş “vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”dan görünür ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********789200 saylı qərar cavabdeh vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 10:10-da iddiaçının elektron poçt ünvanına göndərilmiş və sonuncu xx.xx.2022-ci il tarixdə artıq qərarın mövcudluğu barədə məlumatlanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda aşağıdakılar bildirilmişdir: “Yazıb sizdən xahiş edirəm ki, xx.xx.2022-ci il tarixə qədər olan 20045,37 manat borcun mərhələli şəkildə ödənilməsini təmin edəsiniz. Bu il müddətində səhhətimlə bağlı ciddi onkoloji problemlər yaşamışam. Əlavədə sizə həmin sənədləri təqdim edirəm. Bu vəziyyəti nəzərə alaraq vergi borcumu hissə-hissə ödəməyim üçün köməklik göstərməyinizi xahiş edirəm”. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6566/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin edilmiş və İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.3-cü maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır. 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı ilə vergi xidməti arasında “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanmışdır. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən, vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona təqdim edilmiş sayılır. Müqaviləyə uyğun olaraq mübahisələndirilən qərar iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə oxunmuşdur. Bundan başqa, Vergi Məcəlləsinin yuxarıda qeyd edilən müddəalarına əsasən, elektron qutuya yerləşdirilmiş sənəd 3 gündən sonra çatdırılmış hesab edilir. Beləliklə, iddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və cavabdeh tərəfindən onun barəsində tərtib edilmiş qərarın ləğv edilməsi üçün məhkəmədə iddia qaldırmaq müddətini üzrlü səbəb olmadan ötürmüşdür. Analoji mübahisə üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)- 60/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da eyni hüquqi mövqe nümayiş etdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi qərardan məlumatlı olmasını özü də təkzib etməmiş, həmçinin vurğulandığı kimi, bu fakt iş materialları ilə də təsdiq edilmişdir. Buna baxmayaraq iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş mübahisələndirilən qərarı ötən ilin iyun ayından məlumatlı olduğu halda qanunla nəzərdə tutulmuş müddət ərzində nə inzibati, nə də məhkəmə qaydasında mübahisələndirməmişdir. Belə ki, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********789200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar iddiaçı tərəfindən 1 il 1 ay, 11 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəmə qaydasında mübahisələndirilmişdir. Halbuki, İPM-in 38.1-ci maddəsi şəxsə inzibati aktı təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində mübahisələndirmək imkanı verir. Belə olan halda qeyd edilməlidir ki, məlumatlı olduğu halda iddiaçı tərəfindən ötürülən müddət ərzində mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. İş materillarına əlavə edilmiş tibbi sənədlərə münasibətdə bildirir ki, qeyd olunan sənədlərdən görünür ki, iddiaçının əməliyyatı və müalicəsi əsasən mübahisələndirdiyi əmrdən əvvəl aparılmışdır (2022-ci ilin mart ayı). Digər tərəfdən təqdim olunan sənədlərlə iddiaçının müalicəsinin uzun müddətli stasionar qaydada aparılması təsdiq olunmur. Müalicələr ambulator qaydada aparılmışdır ki, bu hal mübahisələndirilən əmr verildikdən sonrakı dövrdə iddiaçını şəxsən olmasa da, istər inzibati icraatda, istərsə də məhkəmədə nümayəndə vasitəsilə hüquqlarının müdafiəsi üçün müraciət etmək, təmsil olunmaq imkanından məhrum etməmişdi. Hansı ki, iş materiallarından göründüyü kimi, iddiaçı Bakı Kommersiya Məhkəməsində ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi üzrə keçirilmiş məhkəmə clasında şəxsən iştirak etmiş, habelə vergi borcunun hissəvi qaydada ödənilməsi ilə bağlı cavabdeh vergi orqanına ərizə ilə müraciət etmişdir. Bu baxımdan da iddiaçının qeyd edilən dəlili əsaslı sayıla bilməz. Məhkəmə qeyd edir ki, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı müddətin bərpası barədə ərizənin təqdim edilməsinin mümkünsüzlüyü ilə bağlı da aşağıdakıların xüsusi olaraq vurğulanmasını zəruri hesab edir. Belə ki, İPM-in 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür ki, bunun üçün də qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə yanaşı, mübahisələndirdiyi inzibati aktın mövcudluğundan xəbərdar olduğu vaxtdan 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir ki, bu hal hazırkı mübahisə üzrə onun müddətin bərpası barədə ərizə ilə də məhkəməyə müraciət etmək hüququnu itirdiyini göstərir. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın mövcudluğu iddiaçıya ən geci xx.xx.2022-ci il tarixdən məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət edilmədiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-12474/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12474/2023
26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver