Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12477/2023 19.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “pensiyanın azaldılmasına dair inzibati aktın ləğv olunması və nəticələrinin aradan qaldırılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı əmək pensiyasının məbləğinin azaldılmasına səbəb olmuş inzibati aktın ləğv olunması və inzibati orqanın üzərinə həmin inzibati aktın 2023-cü il iyun ayından etibarən icrasının nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 31 mart 2017-ci il tarixdən sabiq dövlət qulluqçusu olaraq əmək pensiyaçısıdır. Cavabdeh 2023-cü ilin iyun ayında öz təşəbbüsü ilə onun əmək pensiyasını yenidən hesablayaraq, əmək pensiyasının məbləğinin 2418.20 manatdan 2267.87 manata endirilməsi barədə inzibati akt qəbul etmişdir. Bu inzibati akt qəbul edilərkən aşağıdakı prosessual və maddi hüquq normaları kobud surətdə pozulmuşdur. İlk növbədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 21.1 və 21.2-ci maddələrinin tələblərinə zidd olaraq inzibati orqan inzibati icraat barədə maraqlı şəxs olan ona heç bir məlumat verməmiş və işdə onun iştirakını təmin etməmişdir. Belə ki, əmək pensiyasının azaldılması barədə iyun ayında əmək pensiyasının ödənişi həyata keçirildiyi zaman xəbər tutmuş və yalnız bu barədə şikayətindən sonra inzibati aktın mətnini ona göndərmədən 12 iyun 2023-cü il tarixli və ona 23 iyun 2023-cü il tarixində çatdırılmış məktub ilə onun inzibati aktın qəbulunda iştirakının təmin edilməməsi “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21.3-cü maddəsinə istinad edilərək əsaslandırılmışdır. Halbuki, ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda maraqlı şəxsin dinlənilməsindən imtina edilməsini nəzərdə tutan bu hüquq norması heç bir halda onun pensiyasının azaldılması ilə bağlı inzibati aktın qəbul edilməsinə tətbiq edilməz. Cavabdeh öz məktubunda yalnız qeyd olunan hüquq normasına istinad etməklə kifayətlənərək inzibati aktın dərhal qəbul olunması zərurətinin nədən ibarət olduğunu dair heç bir izahat verməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli Fərmanı (№ 665) ilə təsdiq olunmuş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydalarının'' 4-cü bəndinə uyğun olaraq onun kimi 15 ildən yuxarı qulluq stajına malik olan dövlət qulluqçusunun aylıq vəzifə maaşına 30 faiz məbləğində qulluq stajına görə əlavə ödənilir. Beləliklə, 31 mart 2017-ci ildə ilk dəfə ona pensiya təyin olunarkən qulluq stajına görə əlavəsi cavabdehin qeyd etdiyi kimi 192,86 manat deyil, o vaxtkı vəzifə maaşının (890 manat) 30 faizini təşkil edən 267 manat məbləğində olmuşdur və ona təyin olunmuş pensiyanın məbləği cavabdehin məktubunda göstərdiyi kimi 1293.38 manat deyil 1352,69 manat olmuşdur. Eyni qaydada, növbəti illərdə vəzifə maaşının artması ilə əlaqədar pensiyasındakı artımları hesablayarkən cavabdeh qulluq stajına görə əlavənin məbləğini Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş yuxarıda qeyd olunan Qaydalara uyğun olaraq hesablamamış və bunun nəticəsində qanunvericiliyin tələblərinə zidd olaraq onun pensiyasının hazırkı məbləğinin 2418.20 manatdan 2267,87 manata azaldılması qənaətinə gəlmişdir. Mübahisələndirilən inzibati aktın qəbul edilməsi yuxarıda qeyd olunduğu kimi yalnız Azərbaycan Respublikası qanunvericiliyinin maddi və prosessual normalarının pozulmasına səbəb olmamış, eyni zamanda onun Avropa İnsan Hüquqları Konvensiyasına Əlavə 1 saylı Protokolun 1-ci maddəsi ilə təsbit edilmiş mülkiyyət hüququnun da pozulmasın səbəb olmuşdur. Belə ki, pensiyasının məbləğinin ölkədaxili qanunvericiliyə zidd olaraq azaldılması Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən onun mülkiyyətinə qanunsuz müdaxilə hesab edilməlidir. Maddi hüquq normalarının pozuntusuna gəlincə, pensiyasının yenidən hesablanması ilə bağlı 25 iyun 2023-cü il tarixli və ona 6 iyul 2023-cü ildə çaldırılmış məktubdan aydın olur ki, cavabdeh qulluq stajına görə əlavəni düzgün hesablamamış və bu da nəticədə pensiyasınnın azaldılmasına səbəb olmuşdur.
3. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Nəsimi rayon şöbəsi tərəfindən 31 mart 2017-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunduğu qeyd edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla aparılan araşdırma zamanı məlum olmuşdur ki, 31 mart 2017-ci il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 890,00 manat, qulluq stajına görə əlavə 192,86 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 133,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 300,36 manat olmaqla orta aylıq əmək haqqı 1616,72 manat təşkil edib. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 15 il 4 ay 7 gün qulluq stajına görə əmək pensiyası hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 51 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 980,00 manat, qulluq stajına görə əlavə 212,37 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 147,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 330,73 manat olmaqla orta aylıq əmək haqqı 1770,10 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada iddiaçının 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1616,72 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1770,10 manat) arasındakı fərq məbləğinin (153,38 manat) 51 faizi-78,22 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (1293,38 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1371,60 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1470,00 manat, qulluq stajına görə əlavə 318,55 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 220,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 496,10 manat olmaqla orta aylıq əmək haqqı 2605,15 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1770,10 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (2605,15 manat) arasındakı fərq məbləğinin (835,05 manat) 51 faizi-425,88 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (1371,60 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1797,48 manat məbləğində hesablanmalı olduğu halda, 1916,62 manat müəyyən edilməklə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 3693,34 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 2267,87 manat məbləğində hesablanmalı olduğu halda, 2418,20 manat müəyyən edilməklə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 751,65 manat artıq pul vəsaiti ödənilib. Əlavə olaraq, iddiaçıya xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2156,97 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 2299,94 manat ödənilib. Nəticədə həmin dövr üzrə iddiaçıya 142,97 manat artıq maddi yardım ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 4587,96 (3693,34+751,65+142,97) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. “İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. Eyni zamanda hesab edilir ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi G.İskəndərova iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
I. İddianın növü və mümkünlüyü
6. İddianın növü mübahisələndirməyə dair iddiadır.
7. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
8. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
9. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
10. İPM-nin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
11. İddia mümkündür.
II. Məhkəmənin mövqeyi
12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
13. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması zamanı pensiyaçının razılığı tələb olunmalıdır.
15. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
16. Digər tərəfdən şəxsin razılığı olmadığı təqdirdə inzibati orqanın öz təşəbbüsü ilə pensiyadan tutmaya dair hərəkətlərin aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Müvafiq tutulma pensiyaçının razılığı olmadığı təqdirdə məhkəmə qərarı əsasında həyata keçirilə bilər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmuş, cavabdeh xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 3693,34 manat, xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 751,65 manat və xx.xx.2022-xx.xx.2022ci il tarixləri arasındakı dövr ərzində 142,97 manat, ümumilikdə 4587,96 manat artıq pul vəsaitinin ödənilməsini müəyyən edərək həmin vəsaitin iddiaçının razılığı olmadan əmək pensiyasından tutulmuş, iddiaçının əmək pensiyasının məbləğinin 2418.20 manatdan 2267.87 manata azaldılmışdır. Həmin artıq ödəmənin tutulmasına iddiaçının müvafiq razılığının olduğu müəyyən edilmir. Pensiya təyin olunarkən iddiaçının təqsirli hərəkətlərinin olduğu cavabdeh tərəfindən iddia edilmir. İş materiallarına əlavə edilən sənədlərdən müəyyən olunur ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulmasına iddiaçının razılığı ifadə olunmamış, artıq alınmış pensiya məbləğinin iddiaçıdan cavabdehə qaytarılması barədə məhkəmə qərarı da mövcud deyil. Odur ki, həmin hərəkətlər qanunsuz hesab edilərək iddiaçının razılığı olmadan tutulmuş pensiya məbləği iddiaçıya geri qaytarılmalıdır.
17. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində əmək pensiyasından tutulmasına dair hərəkətlər qanunsuz hesab edilməli və nəticələri aradan qaldırılmalıdır.
18. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
19. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Əmək pensiyasının məbləğinin azaldılmasına səbəb olmuş inzibati aktın ləğv edilməsi və həmin inzibati aktın 2023-cü il iyun ayından etibarən icrasının nəticələrini aradan qaldırmaq öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva