Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12479/2023 25.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi tələbinə dair iddiası üzrə inzibati işə 25 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 5.07.1962-ci il təvəllüdlüdür. 1.09.1980-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində əyani formada təhsil almışdır (3 il, 3 ay, 29 gün). 1983-1984-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur (təhsil dövrü və əmək fəliyyətinə düşən dövrlər nəzərə alınmamaqla 1 il, 3 gün). ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: 2.02.1984-cü ildən 9.07.1997-ci ilə qədər Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində nəqliyyat donanmasının gəmisində matros, kapitanın 3-cü köməkçisi və kapitanın 2-ci köməkçisi işlərində işləmişdir (13 il, 5 ay, 7 gün). İddiaçının e-sosial portalından əldə edilmiş arayışlarından görünür ki, 2007-ci ildən fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuş və işəgötürən müəssisələr tərəfindən işçiyə aid məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...ümumi iş stajınız 25 ildən az (22 il 3 gün (2.02.1984-10.07 1997-ci il, 1.01.2006-xx.xx.2023-cü ii tarixləri arasındakı dövrlər) təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22853,97 manat təşkil edir. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır...”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu 5 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh onun müraciətini təmin etməkdən imtina edərkən onun ümumi iş stajının 25 ildən az olmasına (22 il 8 gün) və fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunverciliyə uyğun olaraq hesablanmış məbləğdən az təşkil etməsinə istinad etmişdir. İmtinanın birinci əsası ilə bağlı qeyd etmək lazımdır ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı 1.09.1980-ci ildən xx.xx.1983-cü ilə qədər Bakı Dəniz Yolları Məktəbində əyani formada təhsil almış, 2.02.1984-cü ildən 9.07.1997-ci ilə qədər Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində matros, kapitan köməkçisi vəzifələrində işləmişdir. Bundan əlavə şəxsin e-sosial portalından əldə edilmiş arayışlarından görünür ki, həmin şəxs 2007-ci ildən hazırkı vaxtadək fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuş və işəgötürən müəssisələr tərəfindən işçiyə aid məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Ödənilmiş məcburi dövlət sosial sığorta haqqları əsasında iddiaçının ümumi iş stajı 25 il tamam olur. Cavabdehin imtinasında qeyd edilən birinci halın heç bir hüquqi əsası mövcud deyil. İkinci hal ilə bağlı qeyd etmək lazımdır ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinin 1.01.2007-ci ildən xx.xx.2022-ci ilə qədər qüvvədə olmuş redaksiyasında fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti qeyd olunmuşdur. Lakin iddiaçının pensiya hüququnun yarandığı tarixdən həmin şərt qanunvericilikdən çıxarılmışdır. Bu əsasdan cavabdehin irəli sürdüyü ikinci imtina halı əsassız olmuşdur İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri imtina məktubu ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron kabinet vasitəsi ilə məktub göndərərək işə onun iştirakı olmadan baxılıb iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tədbiq edilən hüquq: İşin hallarına görə iddiaçı ona güzəştli şərtllə yaşa görə əmək pensiyasının təıyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının ümumi iş stajının 25 ildən az olmasını və pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsinə istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, hazırkı halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün: a) iddiaçı pensiya təyinatına imkan verən yaş həddinə çatması; b) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi bu imkan vermədikdə iddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) iddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması; İddiaçının pensiya yaşına çatması və güzəştli stajının olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin mübahisə etdiyi məsələ iddiaçının ümumi stajının 25 ildən az (22 il, 8 gün) olması və pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsidir. İddiaçının pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməməsi mübahisə doğurmur. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22853,97 manat təşkil edir. Lakin cavabdeh iddiaçının ümumi stajının 25 ildən az olması barədə düzgün nəticəyə gəlməmişdir. “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən stajı 22 il 8 gündür. Cavabdeh bu dövrü hesablayarkən iddiaçının təhsil dövrünü və hərbi xidmət illərini nəzərə almamışdır. İddiaçının təhsil müddəti 3 il, 3 ay 29 gün, hərbi xidmət dövrü 1 il 3 gün, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində işlədiyi müddət 13 il 05 ay 07 gün, 1.01.2006-cı ildən etibarən iddiaçının işlədiyi müddətlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqları üzrə: 2007-ci il üzrə noyabr dekabr ayları (2 ay), 2008-ci il üzrə yanvar, fevral mart aprel may iyun iyul avqust dekabr (9 ay), 2009-cu il üzrə yanvar fevral mart aprel may iyun iyul avqust sentyabr oktyabr noyabr dekabr (12 ay), 2010-cu il üzrə yanvar fevral mart aprel may iyun iyul avqust sentyabr oktyabr noyabr dekabr (12 ay), 2011-ci il üzrə yanvar fevral mart aprel may iyun iyul avqust sentyabr oktyabr noyabr dekabr (12 ay), 2012-ci il üzrə yanvar fevral mart aprel may iyun iyul avqust sentyabr oktyabr noyabr dekabr (12 ay), 2013-cü il üzrə yanvar fevral mart aprel may iyun iyul avqust sentyabr oktyabr noyabr dekabr (12 ay), 2014-cü il üzrə mart aprel may iyun iyul avqust (6 ay), 2017-ci il üzrə oktyabr noyabr dekabr (3 ay), 2018-ci il üzrə yanvar fevral mart aprel may iyun (6 ay), 2021-ci il üzrə iyul avqust sentyabr oktyabr noyabr dekabr (6 ay), 2022-ci il üzrə yanvar fevral mart aprel may iyun iyul (7 ay) nəzərə alınmaqla iddiaçının 60 yaşının tamam olduğu tarixdən, yəni 5.07.2022-ci ilə qədər şəxsin yuxarıda sadalanan əmək fəaliyyəti dövrü, təhsil dövrü və hərbi xidmət illəri nəzərə alınmaqla ümumi stajı 25 ildən çoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 5 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin olunması və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-12479/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12479/2023
25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver