Məhkəmə qərarları › İş №2-1(112)-1248/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1248/2025

14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1248/2025 14.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, İQ-18/5 nömrəli qərarının ləğv edilməsi, qaçqın statusu verilməsi haqqında vəsatətin təmin edilməsi və ona qaçqın vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o və əri Johnson Meher (xx.xx.2024-cü il tarixdə vəfat etmiş) 10 yanvar 2024-cü il tarixdə, “Qaçqın statusu verilməsi haqqında” vəsatətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək vətəndaşı olduğu Pakistan İslam Respublikasında ailəsinin həyat təhlükəsizliyinin təminatına inamsız olduğunu bildirmişlər və göstərmişlər ki, xristianlarla yaxınlıq etdiyinə görə Pakistanda söz sahibi olan molla rejimi bütün ailəni təqibə məruz qoymuşdur. Pakistanın bir neçə şəhərinə getsələr də, təqibdən yaxa qurtara bilməmişlər. Pakistan polisi isə dini rejimə münasibətdə hər-hansı müqavimət göstərə bilmir və aşkar surətdə şifahi olaraq təhlükəsizliklərinə təminat verilmədiyi etiraf olunur. Ona görə də həyati təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan dövlətinə sığınmışlar. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti vəsatətini təmin etməmiş və bu barədə 03 aprel 2024-cü il tarixli İQ-19/2 nömrəli qərar qəbul etmişdir. Qərar belə əsaslandırılmışdır ki, radikal islamçılar tərəfindən təqibə məruz qalmasını sübut edən hallar mövcud deyil. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya etirazında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, iddianın heç bir hüquqi əsası yoxdur. İddiaçı əri Meher Johnson ilə birlikdə onlara qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024cü il tarixli İQ-19/2 nömrəli qərar qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Azərbaycan Respublikasına gələnədək dövlət hər hansı təqibə və təhdidə məruz qalmamış; 2. Müsahibəsində məlum şəxs tərəfindən yalnız bacanağının təqibə məruz qaldığını bildirmişdir. Şəxsin DMX-yə təqdim etdiyi vəsatətindən görünür ki, onun Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Onun ölkə ərazisinə gəlişi iqtisadi vəziyyətlə əlaqəli olmuşdur. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı ilə cavabdeh arasındakı hazırkı mübahisə inzibati mübahisədir. İddiaçı onun barəsində belə bir əlverişli inzibati akt qəbul edilməsi üçün düzgün cavabdehə qarşı iddia qaldırmışdır və onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana hazırkı tələblə müraciət etmiş, imtina barədə qərar qəbul edildikdən sonra, həmin xx.xx.2024-cü il tarixli qərarı aldığı tarixdən (cavabdeh daha tez almasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir) qanunvericiliklə nəzərdə tutulmuş müddətdə, xx.xx.2024-cü il tarixdə iddianı qaldırmışdır (İPM, maddə 38.2). İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2024-cü il tarixli, MŞ-04-2024 nömrəli arayış-müvəqqəti şəhadətnamədən görünür ki, Johnson Meher ailə üzvü (arvadı xx.xx.1978-ci il təvəllüdlü İddiaçı) həqiqətən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmiş, 10 yanvar 2024-cü il tarixdə adına 04-2024 saylı şəxsi iş açılmışdır. Bu sənəd Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən xx.xx.2024-cü il tarixədək etibarlıdır və həmin Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64.0.15-ci maddəsinə əsasən arayışın sahibi və arvadı vəsatətlərinə baxıldığı dövr ərzində Azərbaycan Respublikasının ərazisində iş icazəsi tələb olunmadan müvəqqəti olaraq əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. xx.xx.2023-cü il tarixdə verilmiş CP8104192 nömrəli X1 pasport məlumatlarından görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Quetta, Pak rayonunda anadan olmuşdur, milliyyəti pakistanlıdır. Pasport xx.xx.2033-cü il tarixədək etibarlıdır. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında vəsatətdən görünür ki, iddiaçı və onun əri X7 xx.xx.2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Anket məlumatlarına əsasən iddiaçının etnik mənşəyi pəncabidir. Heç bir siyasi, dini, ictimai partiyanın partiyanəın üzvü olmamışdır. Ölkəni tərk etməsinin səbəbi kimi göstərmişdir ki, bacısının əri Shahid Kəraçidə hospitalda işləyirdi və 3 il əvvəl oraya Məhəmməd Axtar adlı bir inzibatçı təyin edilmiş və o, qadağan etmişdir ki, orada səhər işə başlamazdan əvvəl xristianları dəhlizə yığıb dua-falan qılmasın. İddiaçının əri Johnson da oraya hərdən bir Shahidin dəvəti ilə gedib xəstələrə baxmış və bunun müqabilində pul almışdır. Ancaq bu həmişə olmamış, ərinın öz ərzaq dükanı olmuş, onu işlətmişdir. X5 Shahiddən bərk narazı olmuşdur ki, onun dediyinə əməl etmirdi. O, elə bilmişdir ki, Shahid hospitalda müsəlmanlara da xristianlığı təbliğ edir. Amma əslində belə olmamış, Shahid hətta 1 oktyabr 2023-cü il tarixdən işində növbəsini də dəyişmişdir ki, Məhəmməd Axtrarın gözünə dəyməsin, onu bir daha narazı etməsin. X3 deyirmişdir ki, özünü yığışdırmasa, arvadlarını da oğurlayacaqdır. Bu təhdidlərdən sonra iddiaçı ailəsi ilə xx.xx.2023-cü il tarixdə Driq Roaddakı evi tərk edib ərinin qohumunun elə Kəraçinin özündə Maripur adlı məhəllədə yerləşən evinə getmiş və xx.xx.2023-cü il tarixədək orada qalmışlar. Oradan da xx.xx.2023-cü il tarixdə Bakıya gəlmişlər. Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli, İQ-19/2 saylı qərarından görünür ki, iddiaçının vəsatətinə baxılmış, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanun 9-cu və 13-cü maddələrini, habelə “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 13-cü bəndini rəhbər tutaraq Pakistan İslam Respublikasının vətəndaşı Johnson Meherə və ailə üzvü İddiaçı qaçqın statusu verilməsindən imtina edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikasının vətəndaşı xx.xx.2024-cü il tarixdə vəfat edənədək ünvan 1 ünvanında müvəqqəti yaşamış, 21 fevral 1970-ci il təvəllüdlü Johnson Meher (Pasport: № BC0123022) və ailə üzvü (arvadı xx.xx.1978-ci il təvəllüdlü İddiaçı) 10 yanvar 2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 04-2024 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və ailə üzvü ilə müsahibə keçirilmişdir. Johnson Meher qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Sind vilayətinin Kəraçi şəhərində anadan olduğunu, dini etiqadına görə xristian (katolik) olduğunu, Kəraçi şəhərində "Methodist Secondary high school adlı orta məktəbdə 10-cu sinfi 1989-cu il tarixdə bitirdiyini, 1991-ci il tarixdə 2 illik özəl kollecdə humanitar elmlər üzrə təhsil aldığını, 1992-1993-cü illərdə Kəraçi şəhərində “AG” elektrik şirkətində texniki işçi, 1993-2000-ci illərdə “Security-2000" təhlükəsizlik şirkətində gözətçi, 2003-2023-cü illərdə ərzaq dükanında satıcı işlədiyini və eyni zamanda “Liaqat Hospital"da dəvət əsasında tibb qardaşı işlədiyini söyləmişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi evli olduğunu, arvadı İddiaçı ilə birlikdə Azərbaycan Respublikasına gəldiklərini, valideynlərinin və 1 qardaşının vəfat etdiyini, 1 bacı və 2 qardaşının Kəraçi şəhərində yaşayıb işlədiklərini bildirmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən ərizəçi Kəraçi şəhərində "Liaqat” hospitalında işləyən bacanağı X6 dəvəti ilə oraya gedib tibb qardaşı kimi işlədiyini və 3 il bundan əvvəl hospitala təyin edilmiş Muhammad Axtar adlı yeni inzibatçı ilə bacanağının dini zəmində problemlərinin başladığını, həmin şəxsin ona səhər işə başlamazdan əvvəl hospitalın dəhlizində düzülüb xristian əməkdaşlarla birlikdə dua etməyi qadağan etdiyini, onun inzibatçının bu tələbinə məhəl qoymaması səbəbindən inzibatçı və onun adamları tərəfindən təhdid edildiyini, özünün isə həmin hospitalda xristian xəstələrə İncil payladığına görə bacanağı vasitəsilə inzibatçının ona irad tutduğunu, bacanağına qarşı polisdə islamı təhqir etdiyinə görə saxta əsaslarla cinayət işinin açıldığını, həmin ilk məlumat raportunda (first information report) onun adının da qeyd edildiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və arvadınin pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduqları yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Bununla belə ərizəçinin verdiyi məlumatlarda bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, ərizəçi ərizə-anketinin qeydiyyatı zamanı bacanağının oğlunun təhdid olunması faktı ilə bağlı bildirmişdir ki, onları təhdid edənlər əvvəlcə bacanağının evinə getmiş, onları evdə tapmayıb uşağın məktəbinə gedib, onu orada təhdid etmişlər. Müsahibəsi zamanı isə həmin şəxslərin birbaşa məktəbin həyətində uşağı saxlayıb təhdid etdiklərini bildimişdir. Bundan əlavə, ərizəçi ərizə-anket qeydiyyatı zamanı onun hospitalın inzibatçısı ilə heç bir münaqişəsinin olmadığını bildirsə də, müsahibəsi zamanı isə bacanağı vasitəsilə onun da təhdid edildiyini qeyd etmişdir. Bundan əlavə, bacanağına təqdim edilmiş fətva və ilk məlumat raportunda (“first information report") qeyd edildiyi vaxt onun Pakistanda olduğu və Azərbaycan Respublikasına xx.xx.2023-cü il tarixdə gəldiyini bildirmiş və bu dövrdə fətvada və FİR-da (ilkin məlumat raportu) onun da adının qeyd edilməsinə baxmayaraq nə polis, nə də fətva verən radikal islamçılar tərəfindən axtarılmadığı faktı müəyyən şübhələr doğurmuşdur. Bütün yuxarıda qeyd edilən faktların inandırıcılıq baxımından ərizəçinin xeyrinə qəbul edilə bilmədiyini qeyd etmək olar. Həmçinin, ərizəçi və arvadı ölkə daxilində alternativ yerdəyişmə imkanından istifadə etmiş və Azərbaycan Respublikasına gəlməzdən əvvəl daimi yaşadığı Kəraçi şəhəri yaxınlığındakı Maripur kəndində qaldığı dövrdə heç bir təhdidlə üzləşməmişdir. Johnson Meherin və arvadının müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar Pakistanda heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, siyasi əqidələrinə görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin özü və ailə üzvləri Pakistanda dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Ərizəçinin dini zəmində təqib olunması məsələsi ilə bağlı qeyd edilməlidir ki, ərizəçinin və arvadının da müsahibələr zamanı bildirdiklərindən məlum olur ki, onlar əvvəllər heç vaxt dini zəmində təqibə məruz qalmamış və əksinə yaşadıqları məhəllədə və iş yerində müsəlmanlarla yaxşı münasibətdə olmuş, hospitalın inzibatçısı ilə onun birbaşa heç bir münaqişəsi olmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra Johnson Meherin şəxsi işi “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun və ailə üzvünün gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə və ailə üzvünə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 3 aprel 2024-cü il tarixli, 08 saylı protokolu). İddiaçı hazırda bu qərarı mübahisələndirərək ləğv edilməsini və ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 1. Qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. - Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. - Maddə 13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən: - Bənd 1. Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. - "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. - bənd 3. "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Vəsatətin baxılması haqqında qərarın qəbul edilməsi - şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti qanuni qalması üçün əsasdır. - 7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. - Bənd 8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. - Bənd 13. Şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərir. İşdən görünür ki, iddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə yuxarıda qeyd olunan normaların tələblərinə uyğun baxaraq iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığını, siyasi fəaliyyətlə məşğul olmadığını və irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmadığını nəzərə alaraq bu müraciəti təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu imtinası əsaslı olmuşdur. Belə ki, qaçqın statusunun verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağına dair iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Mübahisəyə dair işin müəyyən edilmiş hallarına görə, iddiaçının müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın yekununda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir. İddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın tələblərinə uyğun olaraq baxılmışdır. Həmin Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyasına, həmin konvensiyaya dair 1967-ci il tarixli Protokola, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması prosedurlarını müəyyən edir. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə keçirilmiş müsahibələrdən sonra cavabdeh tərəfindən aparılmış qiymətləndirmənin və müvafiq araşdırmaların nəticələrinə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdiyi izahatından aydın olur ki, onun ölkəsinə dönmək istəməməsinin səbəbi hazırda orada hakimiyyətdə olan qüvvələr və ölkədəki ümumi gərgin vəziyyət və iqtisadi səbəblərlə bağlı olmuşdur. İddiaçı hər hansı bir təhdid və ya təqibə məruz qalmamış, müsahibə zamanı onun deyil, digər şəxsin təhdid olunduğunu bildirmiş, həmin təhdidlərdən sonra bir müddətə ölkədə yaşamış, bu müddətdə də heç bir real təhlükəyə məruz qalmamışdır. Qeyd edilməlidir ki, irqi və ya milli mənsubiyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib qurbanı olmaq təhlükəsi və bununla bağlı əsaslı təqib qorxusu sübut olunmadığı hallarda, şəxs başqa əsaslara istinadən qaçqın statusu tələb etməkdə haqlı sayıla bilməz. Hazırkı işin halları baxımından iddiaçının belə təqib qurbanı olması, əsaslı təqib qorxusunun mövcud olması sübut olunmur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi imtina barədə qərar qanuni olmuşdur və ləğv edilməsi üçün əsas yoxdur. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar