Məhkəmə qərarları › İş №2-1(112)-12485/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12485/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12485/2023 17.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, iddiaçı İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X2 cavabdeh Nizami Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə İddiaçı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddiaçının əsl İddiaçı ilə əvəz edilməsini, İddiaçı 3-cü şəxs qismində iştirakçılığına xitam verilməsini,X1 3-cü şəxs qismində cəlb edilməsinin, cavabdehin əsl cavabdeh DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi ilə əvəz edilməsin, İddiaçı Kürçaylı küçəsi, ev 7, mənzil 92 ünvanda qeydiyyatda olması nəzərə alınlmaqla iddia tələbinin “iddiaçının ünvan 1 ünvanı barəsində aparılmış yaşayış yeri üzrə qeydinin silinməsinin cavabdehə həvalə edilməsi” formasında qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs iddiaçının xüsusi mülkiyyətində olan yaşayış sahəsində qeydiyyatdadır. Hazırkı vəziyyətdə qeyd olunan şəxsin qeydiyyatda qalması onun hüquqlarının pozulmasına səbəb olur ki, müvafiq polis orqanı müraciəti əsassız olaraq qəbul etməmiş və həmin şəxsin qeydiyyatdan çıxarılmasını həyata keçirməmişdir. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə yazılı münasibət təqdim edərək bildirmişdir ki, İddiaçı Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinə müraciəti əsasında ona məxsus şəxsiyyət vəsiqəsində yaranmış uyğunsuzluqlarla bağlı əlavə araşdırmaya zərurət yarandığından Nizami rayon Polis İdarəsinə xx.xx.2023-cü il tarixdə 18/2-S-31433 nömrəli məktub göndərilmiş, araşdırmanın nəticəsindən asılı olaraq yaranmış texniki uyğunsuzluğun aradan qaldırılması məsələsinə baxılacaqdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixdə “ASAN 6” tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında yerləşən yaşayış sahəsində qeydiyyatdadır. AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki (qeyri-aktiv statusunda olan), xx.xx.1996-cı il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. AA2448279 seriya nömrəli şəxsiyyət vəsiqəsindən (verilmə tarixi: xx.xx.2020-ci il) görünür ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi 7,92 ünvanında qeydiyyatdadır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun:

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür

3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi.

5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinin 1-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. 3-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAOnun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir: bu maddənin birinci hissəsində göstərilən məlumatlar; vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı; vətəndaşın yaşadığı yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, əl-barmaq izləri, hərbi vəzifəsi; vətəndaşın valideynlərinin soyadı, adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları (poçt ünvanı, telefon nömrələri); vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir); vətəndaşın uşaqlarının soyadı və adı; vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır); şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi; “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar. Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə və ya vəsiqənin elektron daşıyıcısına daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdehdir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” Əsasnamənin: 3.1.10. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada Nazirlik daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin — Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. 4.1.8. Nazirlik öz vəzifələrini və funksiyalarını həyata keçirmək yaşayış yeri və olduğu yer üzrə qeydiyyat qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsini təmin etmək hüququna malikdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2015-ci il 21 sentyabr tarixli Q35-001-15 nömrəli qərarı ilə “Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış”ın forması təsdiq edilmişdir. Şərh olunan qanunvericiliyin müddəalarından görünür ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması ona verilmiş şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur. Nəzərə alınmalıdır ki, şəxsin “yaşayış yeri” dedikdə şəxsin qeydiyyatda olduğu yer başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun müddəalarına nəzər yetirdikdə məlum olur ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. (1-ci maddə). Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin orqan isə öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Göründüyü kimi vətəndaşların yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sisteminin təşkili DİN-in səlahiyyət sferasına aiddir. Hazırki işin hallarında isə görünür ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyatı Kürçaylı küçəsi, ev 7, mənzil 92 ünvanı olsa da, mərkəzləşdirilmiş uçot sistemində onun yaşayış yeri üzrə qeydiyyatı ünvan 1 ünvanı kimi saxlanılmışdır. Belə ki, iddiaçıya məxsus və hazırda qeyri-aktiv statusunda olan AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki xx.xx.1996-cı il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Daha sonra o, həmin ünvandan qeydiyyatdan çıxmış, yaşayış yeri üzrə ünvanını - Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi 7,92 ünvanına dəyişdirmiş və xx.xx.2020-ci il tarixdə AA2448279 seriya nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. İddiaçı yaşayış yeri üzrə ünvanını dəyişdirsə də, mərkəzləşdirilmiş uçot sistemindən əldə olunan məlumat əsasında iddiaçının xx.xx.2023-cü il tarixə ünvan 2 ünvanında qeydiyyatda olması barədə arayış təqdim olunmuşdur. Halbuki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçı arayış verildiyi tarixə, yəni xx.xx.2023-cü il tarixə ünvan 2 ünvanında qeydiyyatda olmamış, daha əvvəlki tarixdə o, yaşayış yeri üzrə qeydiyyatını başqa ünvana dəyişdirmişdir. Göründüyü kimi mərkəzləşdirilmiş uçot sistemində iddiaçının hazırki qeydiyyatı ilə bağlı məlumatlar səhv göstərilmiş, hazırki qeydiyyatda olduğu ünvan isə qeyd olunmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, hazırda aktiv olan şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1996-cı il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi 7,92 ünvanında qeydiyyatda olması təsdiq olduğundan, həmçinin mərkəzləşdirilmiş uçot məlumatlarından iddiaçının əvvəlki yaşayış yeri üzrə qeydin silinməsi cavabdeh inzibati orqanın səlahiyyətində olduğundan, hazırki iddia tələbinin təmin edilməsi məqsədəmüvafiq hesab olunur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı Kürçaylı küçəsi, ev 7, mənzil 92 ünvanda qeydiyyatda olması nəzərə alınlmaqla onun ünvan 1 ünvanı barəsində aparılmış yaşayış yeri üzrə qeydinin silinməsi öhdəliyi cavabdeh Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar