Məhkəmə qərarları › İş №2-1(112)-12487/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12487/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12487/2022 16.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işlədiyi müddəti ümumi iş stajına daxil etməklə təyin edilmiş yaşa görə əmək pensiyasını yenidən hesablamaq və bu yeni hesablamaya görə ödəniş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası təyin edilmişdir. Ona əmək pensiyası təyin edilməsinə dair inzibati aktda yaşa görə təyin edilən pensiya düzgün hesablanmamışdır. Belə ki, onun xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla xx.xx.2006-cı ilədək 26 il 4 ay sığorta stajı və xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək fərdi hesabının sığorta hissəsində 14.580,97 manat pensiya kapitalı mövcud olmuşdur. Lakin bütün bunlar nəzərə alınmaqla ona cavabdeh tərəfindən təyin olunmuş pensiya məbləği düzgün hesablanmamışdır. O, cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək inzibati iş üzrə cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş ərizə təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə əsl olmayan cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuş və Qanunun 7-ci maddəsində tələb olunan yaş həddinə xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 26 il 4 ay sığorta stajı və xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14.580,97 manat pensiya kapitalı olduğundan ona 241,65 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun tələblərinə uyğun olaraq iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il sosial sığorta stajı olduğuna, 2018-ci il iyulun 1-dək pensiya kapitalı qeydə alındığına və xx.xx.2022-ci il tarixdə 65 yaşına çatdığına görə ona proaktiv qaydada təyin edilmiş yaşa görə əmək pensiyasının məbləğindən razı qalmadığından iddiaçı cavabdeh orqana müraciət edərək onun yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sosial sığorta stajı 25 ildən çox olarsa, onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sosial sığorta stajı nəzərə alınır. Belə ki, bu normanın tələblərinə uyğun olaraq cavabdeh orqan iddiaçının 26 il 4 ay sosial sığorta stajının və 14.580,97 manat pensiya kapitalının olmasını nəzərə alaraq yaşa görə əmək pensiyasını yenidən hesablamış və alınan nəticəyə uyğun olaraq hər ay üçün 250,31 manat pensiya təyin edilmişdir. Əlavə olaraq cavabdeh orqan məktubda qeyd etmişdir ki, ötən dövr üzrə (xx.xx.2022-ci il tarixdən) hesablanmış fərq məbləği də növbəti aylarda iddiaçının cari pensiyasının üzərinə əlavə edilməklə ona ödəniləcəkdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 25 avqust 2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən, xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 26 il 4 ay sığorta sığorta stajı və xx.xx.2009-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14.580.97 manat pensiya kapitalı əsasında pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 250.31 manat müəyyən edilmişdir. Ötən dövr üzrə (xx.xx.2022-ci il tarixindən) hesablanmış fərq məbləği növbəti aylarda cari pensiyasının üzərinə əlavə edilməklə iddiaçıya ödəniləcəkdir. İşin faktiki hallarından görünür ki, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr, xx.xx.2006-cı il tarixədək 26 il 4 ay sığorta stajı və xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14.580,97 manat pensiya kapitalı nəzərə alınmaqla ona 241,65 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının 26 il 4 ay sosial sığorta stajı və 14.580,97 manat pensiya kapitalının olması nəzərə alınaraq yaşa görə əmək pensiyası yenidən hesablanmış və alınan nəticəyə uyğun olaraq hər ay üçün 250,31 manat pensiya təyin edilmişdir. İddiaçı ümumi əmək stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.12-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; ... 22-1.3-cü maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddiaçının 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajının 26 il 4 ay 22 gün olması işin mübahisəsiz halıdır. İddiaçının mübahisələndirdiyi məsələ sığorta stajından əlavə 2006-cı il yanvarın 1dən sonra fərdi hesabının sığorta hissəsində 14580,97 manat pensiya kapitalı qeydə alınsa da, ona minimum pensiya məbləğinə yaxın məbləğdə pensiya hesablanmasıdır. İddiaçının tələbi ilə bağlı qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiya məbləği onun sığorta stajına, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən düzgün hesablanmışdır və bu məbləğin ölkə üzrə minimum pensiya məbləğinə yaxın olması onun qanunsuz olmasına anlamına gəlmir. Belə ki, iddiaçının 2006-cı il yanvarın 1-dək 26 il 4 ay 22 gün faktiki sığorta stajına əsasən pensiya kapitalı 8076,70 manat ((26 il x 306 manat)+(306/12 manat x 4 ay) + (306/12/30 manat x 22 gün)) xx.xx.2022-ci il tarixə indeksləşdirilmə ilə 21461,91 manat hesablanmış, 2006-cı il yanvarın 1-dən sonra fərdi hesabının sığorta hissəsində 14580,97 manat pensiya kapitalı ilə birlikdə ümumi məbləğin (36.042,88 manat) gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına (144) nisbəti ilə isə pensiya məbləği (250,31 manat) düzgün olaraq müəyyən edilmişdir. Məhkəmə izah edir ki, yuxarıda qeyd edilən hesablama ilə iddiaçının əmək pensiyasının məbləği 240 manatdan az olduğu halda, həmin məbləğə çatdırılmalı idi. Başqa sözlə, 2006-cı il yanvarın 1-dən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığı halda belə, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-1-ci maddəsinin tələbinə uyğun olaraq 240 manat əmək pensiyası təyin edilməli idi. Lakin bu o demək deyildir ki, iddiaçının 2006-cı il yanvarın 1dən sonra fərdi hesabının sığorta hissəsində olan pensiya kapitalı minimum pensiya məbləği olan 240 manata əlavə olaraq hesablanmalıdır. İddiaçının tələbinin hüquqi əsası yoxdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiyanın yenidən hesablanması” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar