Məhkəmə qərarları › İş №2-1(112)-12489/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12489/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12489/2024 05.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsinə qarşı "nikah akt qeydində dəyişikliyin edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qaradağ rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli ona ünvanladığı məktubda bildirilən, yəni akt qeydində dəyişiklik etməkdən imtinasını əsassız sayaraq iddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona məxsus olan Salyan rayonu, Xıdırlı icra nümayəndəliyi tərəfindən 04 oktyabr 1975-ci il tarixdə tərtib edilmiş 57 saylı nikah akt qeydinə dəyişiklik edilərək onun və mərhum həyat yoldaşı X1 dəyişiklik edilərək İsrafilova və İsrafilov kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vəfat etmiş həyat yoldaşına düşən pensiyanı almaq məqsədi ilə sənədlər toplayarkən iddiaçıya məlum olmuşdur ki, digər sənədlərlə yanaşı həm də nikahda olmaqları və hazırda subay olmağı haqda arayış təqdim olunmalıdır. Bununla əlaqədar cavabdehə müraciət etdikdə, ona rəsmi bildirmişlər ki, vəfat etmiş əri X5 ilə Salyan rayonu, Xıdırlı icra nümayəndəliyi tərəfindən xx.xx.1975-ci il tarixdə tərtib edilmiş 57 saylı nikah haqqında akt qeydində kişi haqqında məlumat qrafasında soyadı "İsrəfilov", qadın haqqında məlumat qrafasında soyadı evlənəndən sonra "İsrəfilova" yazıldığı halda, ərinin Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci ildə tərtib edilmiş 609 saylı ölüm haqqında akı qeydində soyadının "İsrafilov", iddiaçının Qaradağ RPİ tərəfindən xx.xx.2010-cu ildə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində soyadının "İsrafilova" göstərildiyi müəyyən edilmişdir. Həmçinin, ərinin Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1952-ci ildə tərtib edilmiş 542 nömrəli doğum haqqında akt qeydində soyadı "Mahmudov" qeyd edilmişdir. Doğum haqqında şəhadətnaməsi ilə yanaşı həyat yoldaşının adına olan bütün sənədlərdə o cümlədən AZE seriyalı, 03604943 nömrəli şəxsiyyət vəsiqəsində, AZE seriyalı, 569361 nömrəli ölüm haqqında şəhadətnaməsində və sair əmək fəaliyyətinə dair sənədlərdə onun soyadı "İsrafilov" kimi göstərilmişdir. İddiaçının özünün də AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsində soyadı "İsrafilova" kimi göstərilmişdir, o başqa heç kəslə nikahda olmamış, hal-hazırda subaydır. Nikahın bağlanması haqqında şəhadətnamədə soyadlarının "İsrəfilov" və "İsrəfilova" kimi göstərilməsi yəqin ki, həmin sənədi təqdim etmiş vəzifəli şəxsin yazı alfavitlərinə subyektiv münasibəti ilə izah oluna bilər. İddiaçı müvafiq nikah akt qeydində özünün və vəfat etmiş ərinin soyadlarına düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina edərək məhkəmə orqanlarına müraciət edilməsini tövsiyyə etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı münasibətdə qeyd edilmişdir ki, X4 şöbəyə nikah haqqında akt qeydində soyada dəyişiklik edilməsi barədə müraciət etmişdir. Sənədlər nəzərdən keçirilərkən X6 ilə Salyan rayonu Xıdırlı icra nümayəndəliyi tərəfindən xx.xx.1975-ci il tarixdə tərtib edilmiş 57 saylı nikah haqqında akt qeydinin kişi haqqında məlumat bəndində soyadı “İsrəfilov”, qadın haqqında məlumat bəndində evlənəndən sonrakı soyadı “İsrəfilova” yazıldığı halda, kişinin Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci ildə tərtib edilmiş 609 saylı ölüm haqqında akt qeydində ölən şəxsin soyadı “İsrafilov”, qadına məxsus Qaradağ RPİ tərəfindən xx.xx.2010-cu ildə verilmiş AZE №08791847 nömrəli şəxsiyyət vəsiqəsində soyadı “İsrafilova” yazılmışdır. Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1952-ci ildə tərtib edilmiş 542 nömrəli doğum haqqında akt qeydinin uşaq bəndində soyadı “Mahmudov” qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Qeyd edilən ziddiyyətləri nəzərə alaraq, akt qeydinə düzəliş edilməsi mümkün olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktubla müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda iddia ərizəsinə dair yazılı münasibətdə qeyd edilən əsaslar göstərilmişdir. İddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının adı, soyadı və ata adı “İddiaçı” kimi yazılmışdır. ИЖ seriyalı, 038960 nömrəli Doğum haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.1952-ci il tarixdə doğulmuşdur. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1952-ci il tarixli, 542 nömrəli Doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında iddiaçının ərinin soyadı “Maxmudov” kimi göstərilmişdir. Ata qrafasında “İsrafilov Qeybət-quli Ali-Murad oğlu”, ana grafasında “X8” qeyd edilmişdir. İddiaçının ərinə məxsus AZE seriyalı 03604943 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının ərinin adı, soyadı və ata adı “X5” kimi yazılmışdır. AZ-İ № 569361 saylı Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 16 noyabr 2012-ci ildə ölmüşdür. xx.xx.2012-ci il tarixli, 609 saylı ölüm haqqında akt qeydində iddiaçının ərinin adı X2 göstərilmişdir. İ-ЖГ № 352555 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1952-ci il təvəllüdlü X6 və xx.xx.1957-ci il təvəllüdlü X7 04 oktyabr 1975-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1975-ci il tarixli 57 №-li qeyd aparılmışdır. Nikah bağlanandan sonra ərin soyadı İsrəfilov, arvadın soyadı İsrəfilova qeyd edilmişdir. xx.xx.1975-ci il tarixli 57 nömrəli Nikahın bağlanması haqqında akt qeydində iddiaçının ərinin soyadı “İsrəfilov”, iddiaçının nikaha daxil olduqdan sonra soyadı “İsrəfilova” kimi qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində nikah haqqında akt qeydinə düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Ailə Məcəlləsində (bundan sonra – Ailə Məcəlləsi) göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir (158.1.). Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir (158.2.). Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (160.1.). Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (160.2.). Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir (161.1.). Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər (161.2.). Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır (161.3.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasında göstərilmişdir ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (1.4.). Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır (10.2.). İşdən görünür ki, iddiaçı nikah akt qeydində ərinin və özünün soyadlarının “İsrafilov” və “İsrafilova” kimi yazılmasını istəyir. Bu ona ərinin vəfatı ilə bağlı pensiya məsələlərinin həlli üçün lazımdır. Lakin, cavabdeh iddiaçının müraciətinə imtina cavabı vermişdir. Göründüyü kimi iddiaçıya və ərinə məxsus olan bir çox vətəndaşlıq vəziyyəti ilə bağlı sənədlərdə iddiaçının soyadı “İsrafilova” ərinin soyadı isə “İsrafilov” kimi qeyd edilmişdir. Nikah akt qeydində isə onların soyadları müvafiq olaraq “İsrəfilova” və “İsrəfilov” göstərilmişdir. Məhkəmə hesab edir ki, bu hal qeydiyyat orqanlarının texniki səhvi kimi qiymətləndirilməlidir. Çünki iddiaçının və ərinin soyadlarının “İsrafilova” və “İsrafilov” olması iş üzrə digər sübutlarla təsdiq edilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, Salyan rayonu, Xıdırlı icra nümayəndəliyi tərəfindən 04 oktyabr 1975-ci il tarixdə tərtib edilmiş 57 saylı nikah akt qeydinə dəyişiklik edilərək İddiaçı və mərhum həyat yoldaşı X1 dəyişiklik edilərək İsrafilova və İsrafilov kimi yazılması öhdəliyi cavabdeh Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Salyan rayonu, Xıdırlı icra nümayəndəliyi tərəfindən 04 oktyabr 1975-ci il tarixdə tərtib edilmiş 57 saylı nikah akt qeydinə dəyişiklik edilərək İddiaçı və mərhum həyat yoldaşı X1 dəyişiklik edilərək “İsrafilova” və “İsrafilov” kimi yazılması öhdəliyi cavabdeh Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar